Qasım bəy Zakirin şair nəvələri
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirdən (1784-1857) bizə zəngin ədəbi irs miras qaldığı kimi, onun yolunu davam etdirən şair nəvələri də yadigar qalmışdır ki, bu yazıda onlardan bəhs olunacaqdır.
İbrahim bəy Azər - Qasım bəy Zakirin qızından olan nəvəsidir. İbrahim bəyin
atası Əli bəy Fuladov əvvəlcə həllac
- pambıq ticarəti
ilə məşğul
olan adam olmuşdur. Mehdiqulu xan 1827-ci ildə İrandan Qarabağa qayıtdıqdan sonra Əli bəyin halal, dürüst, sədaqətli
bir adam olduğunu nəzərə
alaraq onu saraya gətirmiş, bacısı nəvəsi,
Q.Zakirin böyük qızı Nənəş xanımla
evləndirmişdir. Bu izdivacdan
onların İbrahim, Abdulla və Xudadat adlı oğlanları dünyaya gəlmişdir.
Oğul övladı olmayan Mehdiqulu xan İbrahimi oğulluğa götürərək
ona öz atasının adını
vermiş, təlim-tərbiyəsini
sarayın alim və müəllimlərinə tapşırmışdır.
Mehdiqulu xanın ölümündən (15 may 1845) bir müddət sonra Əli bəy Fuladov vəfat etmiş və uşaqlar babaları Q.Zakirin
himayəsi altında yaşamağa başlamışlar.
F.Köçərli İbrahim bəy
Azər haqqında yazır: "İbrahim bəy
Əli bəy oğlu Fuladov "Azər" təxəllüs
çox zərif, bakəmal və xoşxülq bir adam idi. Sinnidə
qardaşı Abdulla bəydən
böyük idi. Rusca dəxi yaxşı savadı var idi, vəkillik edərdi. Təbi-şeiriyyəsi
dəxi var idi, amma bu o qədər
rəvan deyildi, necə ki, Abdulla bəyin təbi səri idi. Vəfatı ittifaq düşübdür
tarixi-hicriyyənin indiki
on dördüncü əsrinin
ibtidalarında - min üç
yüz birdə və ya ikidə.
Yaxşı və mövzun qəzəlləri
var, türk və fars dilində" (Firidun bəy Köçərli. Azərbaycan
ədəbiyyatı. İkinci
cild. Bakı:
"Elm" nəşriyyatı, 1981,
s.124). F.Köçərlinin
göstərdiyi tarixdən
məlum olur ki,
İbrahim bəy Azər
Hicri-qəməri tarixi
ilə 1301-02-ci ildə,
Miladi tarixi ilə 1883-84-cü illərdə
vəfat etmişdir. F.Köçərli yuxarıdakı məlumatlardan
sonra İ.Azərin hər biri beş
beytdən ibarət iki qəzəlini də kitabına daxil etmişdir. Qəzəllərdən birincisi
rədifli ("Gözlərin"),
ikincisi isə rədifsizdir. Hər ikisinin məqtə beytində müəllifin
təxəllüsü "Azər" kimi göstərilmişdir (F.Köçərli. Göstərilən
kitabı, s.124).
İbrahim
bəy Azərin fars dilində yazdığı iki qəzəlini və üç rübaisini
"Riyazü-aşiqin" təzkirəsinə salıb,
haqqında qısa məlumat verən Məhəmməd ağa Müctəhidzadə onun təvəllüd və ölüm tarixi barədə yazır:
"Min iki yüz əlli birdə ketmi-ədəmdən vücuda
gəlib və sənəyi min üç
yüz ikidə aləmi-fanidən dari-bəqayə
rehlət edib" (M.Müctəhidzadə. Riyazül-aşiqin. Bakı:
"Azərbaycan" nəşriyyatı,
1996, s.159-160).
M.Müctəhidzadənin göstərdiyi
Hicri-qəməri tarixlərini
Miladiyə çevirəndə
1835-1884-cü illər alınır.
Mir Möhsün Nəvvab
"Təzkireyi-Nəvvad"da İ.Azər haqqında aşağıdakı
məlumatları verir:
"İbrahim bəy Azər
(cəmadiyəl-əvvəl, 1309-cu il - yanvar, 1992) Həllac Əli bəyin oğludur. Qarabağın
Şuşa əhalisindəndir.
Abdulla bəy Asinin böyük qardaşıdır.
Qasım bəy Zakirin nəvəsidir. Yuxarıdakı tarixdən
altı il əvvəl
vəfat edib" (Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı:
"Elm", 2018, s.144). M.Nəvvab yuxarıdakı tarix deyəndə, 1892-ci ili nəzərdə tutur. Bu tarix F.Köçərlinin
göstərdiyi tarixlə
üst-üstə düşmür.
M.Nəvvabın göstərdiyi
tarixə inansaq, onda İbrahim bəy Azər 1885-1886-cı illərdə
vəfat etmiş olmalıdır.
Fikrinə davam edən müəllif yazır ki,
"əlli beş yaşı var idi. Xoşəhval bir kişi idi. Rus dilini yaxşı bilirdi və rus məhkəmələrində
vəkillik edirdi. Uşaqlığının ilk çağlarında Mehdiqulu
xan Cavanşir tərəfindən tərbiyə
olunub. Təxəllüsü
Azərdir" (M.Nəvvab. Göstərilən
əsəri, s.144). Bu məlumatdan
sonra müəllif təzkirəsinə İ.Azərin fars dilində səkkiz beytlik bir qəzəlini
və Azərbaycan dilində yazdığı
beş beytlik "Gözlərin" qəzəlini
daxil etmişdir (Yenə orda, s.144-145).
Burada maraqlı məqam
İbrahim bəy Azərin
yaşı ilə bağlı "Əlli beş yaşı var idi" cümləsidir. Əgər İbrahim bəy
Azərin ölüm tarixini 1884-85-ci illər kimi qəbul etsək, onda onun təxminən, 1830-cu ildə anadan olması qənaətinə
gəlmək olar.
İbrahim
bəy Azərin "Gözlərin" rədifli
qəzəlini burada verməyi münasib bilirik:
Ahu kimi baxanda o məstanə gözlərin,
Baxdıqca eyləyir məni
divanə gözlərin.
Fərhad
kimi mən kimiyə dağ çapdırır,
Şirin
baxışlı xosrovi-xubanə
gözlərin.
Hər dəm ki, istəsə baxa bir kəc
nigah ilə,
Yüz
min könül yıxar
yenə cananə gözlərin.
Zənciri-eşqini salıban boynuma
mənim,
Bak etməyib çəkər
məni hər yanə gözlərin.
Eşqin
edibdir Azəri-dilxəstəni
cünun,
Məcnun
sifət salıbdı
biyabanə gözlərin.
(F.Köçərli. Göstərilən kitabı,
s.124)
Abdulla bəy Asi - Qasım bəy Zakirin nəvəsidir. Anası Nənəş xanım X.Natəvanın
qohumudur. 1841-ci ildə
Şuşa şəhərində
anadan olmuş, mükəmməl mədrəsə
təhsili almış,
doğma dilindən başqa fars, ərəb, rus və cığatay dillərini də bilmiş, həm təhsildə, həm də şair kimi yetişməsində
ana babası Qasım bəy Zakirin xüsusi rolu olmuşdur.
Abdulla bəy Asinin həyatı haqqında müxtəlif mənbələrdə
verilən məlumatlar,
demək olar ki, üst-üstə düşür.
"Şairin anadan olma tarixi Mir Möhsün Nəvvabın
"Təzkireyi-Nəvvab" əsərində, Firidun bəy Köçərlinin
"Azərbaycan ədəbiyyatı"
kitabında, Salman Mümtazın
verdiyi qısa məlumatda 1256-cı il (1841) kimi,
vəfatı isə M.Müctəhidzadənin
"Riyazül-aşiqin" təzkirəsi də daxil olmaqla, əksər qaynaqlarda
1291-ci ilin şəban
ayı (13 sentyabr 1874)
kimi qeyd olunmuş, Salman Mümtaz isə şairin ölüm tarixini
1290-cı il kimi (1873) göstərmişdir"
(AMEA-nın M.Füzuli
adına Əlyazmalar İnstitutu, S.Mümtazın
arxivi).
Digər
müəlliflərdən fərqli
olaraq, Salman Mümtaz A.Asinin naçalnik
dəftərxanasında qeydiyyatçı
və tərcüməçi
işlədiyini də
qeyd etmişdir (Yenə orada). A.Asi haqqında
məlumat verən bütün müəlliflər
istisnasız olaraq onun şəxsiyyətinə
ehtiramla yanaşmış,
yüksək şairlik
istedadına malik olduğunu
qeyd etmişlər.
Abdulla bəyin "Asi" təxəllüsü seçməsi
tədqiqatçılar arasında
müxtəlif mənalarda
yozulsa da, ən doğru olanı F.Köçərlinin söylədikləridir. Doğrudur,
A.Asinin şəraba
meyil etməsi, meyə, şəraba aid şeirlər yazması bir fakt olaraq qalır.
F.Köçərli bunları da qeyd edir və yazır:
"Asi əleyhirrəhmə
özü dəxi öz əməlindən razı deyildi. O, həmişə əhibbalar
arasında özünün
günahkar, xar və zəlil olmağını kəmali-nədamət
və peşimançılıq
ilə bəyan edirdi və tövbə, inabə yoluna üz çöndərməyə amadə
idi və məsiyət dəryasına
qərq olmağından
naşi "Asi" təxəllüsünü hali-şəninə
ən münasib bilib, onu intixab
etmişdi" (F.Köçərli. Göstərilən
kitabı, s.109).
M.M.Nəvvabın "şux
və incə zövqlü bir cavan" (M.M.Nəvvab. Göstərilən əsəri,
s.100), M.Müctəhidzadənin
"Mərifət dəryasının
qəvvası, Şuşa
şəhərinin əhli-zövq
və ərbabi-şövqündən
əvvəlincisi"(M.Müctəhidzadə.
Göstərilən əsəri.
s.161) adlandırdığı A.Asi çox
az yaşamış, yaradıcılığının çiçəkləndiyi bir
vaxtda dünyadan köçmüşdür. F.Köçərli yazır:
"1291-ci tarixdə şəbanın
qürrəsində (13 sentyabr
1874-cü il) Abdulla bəy ömrünün
hənuz cavan sinnində Şuşa şəhərində Allah rəhmətinə
vasil olubdur və müasiri olan şüəravü üdəbavü zürəfaları
böyük bir yasa mübtəla edibdir" (F.Köçərli.
Göstərilən kitabı,
s.120).
A.Asinin vəfatı münasibəti ilə bacısı oğlu Məşədi Səməd
bəy fars dilində beş beytlik maddeyi-tarix yazmış və həmin şeiri bu misralarla tamamlamışdır:
Qeybdən vəfat tarixi üçün nida gəldi,
Ruhu behişt (1291) qəsrlərini
cayqah etdi.
(M.Nəvvab. Göstərilən
əsəri, s.100)
Abdulla bəy Asi Şuşa
şəhərində, babası
Q.Zakirin dəfn olunduğu Mirzə Həsən qəbiristanlığında torpağa
tapşırılmışdır.
A.Asi əsərlərini
Azərbaycan və fars dillərində qələmə almış,
Əlişir Nəvaini
dönə-dönə oxuyub
cığatay dilini də mükəmməl şəkildə öyrəndiyindən
bu dildə də bir neçə
qəzəl yazmışdır.
"Məclisi-fəramuşan"ın ən fəal üzvlərindən biri olan, X.Natəvanın
"Xudahafiz" və
"Ey dust" rədifli
qəzəllərinə:
Əla ey şuxi-şirin kari-bihəmta, xudahafiz,
Qəmi-eşqində bəsdir olduğum rüsva, xudahafiz!
Və:
Edibdir qəmzən oxu sinəmi fikar, ey dust,
Vurarmı bir bu qədər yara yara yar, ey dust!
- mətləli qəzəllərini
nəzirə yazan, onunla çox yaxın münasibətdə
olan A.Asi
sonralar hansı səbəbdənsə X.Natəvanı
həcv etmişdir.
Abdulla bəy Asinin Azərbaycan və cığatay dillərində
yazdığı qəzəllərdən
iki nümunə verməklə kifayətlənirik:
Zahida, guşeyi-məsciddə nəyim
var mənim,
Bərbətü cəngü dəfü
nayü neyim var mənim.
Kövsəri vədə edirsən
mənə gərçi
nisyə,
Nəqd
dəstimdə bu gün cami-meyim var mənim.
Hurü
qılmanını çox
vəsf eləmə minbərdə,
Gör necə saqiyi-fərxundəpeyim
var mənim.
Nə üçün Kəbə
üçün kuhü
biyabanı gəzim?
Meykədə mənzili-Leyladı, heyim var mənim.
Yığılıb müğbeçələr
piri-muğan dövrünə,
Duxtəri-nəş arasında Cüdeyim var mənim.
Asiya, meykədə küncün
özünə məskən
edib,
Nüsrəti-mülki-Kəyavusi-Keyim var mənim.
(Poetik məclislər. Bakı:
"Yazıçı", 1987, s.249-250)
***
Səbağə itsam əhvalimni
şərh imdad qılğaymu?
Pəyamım giltürüb biçarə
dilni şad qılğaymu?
Sifariş eyləsəm çahimğə
viran mülk dil şərhin,
Sipahi-dərdü qəmni göndərib
abad qılğaymu?
Məni
içgan rəqibi-rusiyəh
birlə il şol bimehr,
Fərağından bənüm qan yutmağımnı qılğaymu?
Fərağiğə belə xygər edibdir xəstə könlümni,
Vüsaliğə genə bilməm
oni mötad qılğaymu?
İki şeşmin neçin seyd eyləğay avarə könlümni,
Zəif
olğay keyik qəsdin iki səyyad qılğaymu?
Oşol
kafirğə köp yalparma, ey dil,
mürğini səyyad,
Tuzağdin nalə qılmağlıq
bilə azad qılğaymu?
Quyaş
rüxsarlardın zərrəcə
mehr ummağay Asi,
Ədalət görmağan kəs
şahlarğə dad qılğaymu?
(F.Köçərli. Göstərilən əsəri,
s.115)
Xudadat bəy Əli bəy oğlu - İbrahim
bəy Azər və Abdulla bəy Asinin qardaşıdır.
M.M.Nəvvab onun haqqında yazır: "Xudadat bəy Əli bəy oğlu Asinin qardaşıdır.
28 yaşında rəhmətə
gedib. Söyləyirdilər
ki, şeir deyir, amma bu iki
beytdən başqa mənim nəzərimə
bir şey çatmadı:
Xoş
o könülə ki, səndən
ötrü rüsvay
ola,
Xoş
o başa ki, söhbətindən
məst ola.
Əgər mənə Müştəri
desələr Misirdə,
Çox
Yusiflər sənin Züleyxan olar.
(M.Nəvvab. Göstərilən əsəri,
s.178)
M.Müctəhidzadə onun İbrahim bəy Azərin vaxtsız vəfat edən qardaşı olduğunu bildirərək
yazır: "Dəhrin
bimürüvvət bağbanı
otuz sinninə yetməmiş gülşəni-ömrünü
söndürdü... Qarabağın
qəzəlxan olan bülbülləri hər
birisi bir dil ilə müəzzəməleyhi
növhə edərmişlər"
(M.Müctəhidzadə.
Göstərilən əsəri,
s.178).
Xudadat bəyin anadan olma və vəfatı
barədə tarix göstərilməsə də,
M.Nəvvabın
"28 yaşında rəhmətə
gedib" cümləsindən
və Seyid Əzim Şirvaninin
"Abdulla bəy Asi və Xudadat bəyin vəfatı münasibəti ilə"
şeirindən təxmin
etmək olar ki, Xudadat bəy 1846-cı ildə anadan olmuş, A.Asi ilə eyni ildə
və ondan bir qədər əvvəl, 1874-cü ildə
vəfat etmişdir. S.Ə.Şirvaninin şeirindən gətirdiyimiz
aşağıdakı misralar
dediklərimizi sübut
üçün yetərlidir:
Gah atıb tiri-bəla oxladın Abdullahı,
Gah çəkib tiği-cəfa
qəsdi-Xudadad etdin.
...Bəs deyildiymi bizə daği-Xudadad, ey çərx,
Eylədin sən yenə amadə bir özgə matəm.
...Saldı torpağa fələk zülm ilə mehrü mahı,
Ya həlak etdi Xudadad ilə Abdullahı.
(S.Ə.Şirvani. Əsərləri. II cild.
Bakı: Azərbaycan
SSR Elmlər Akademiyası
Nəşriyyatı, 1969, s.75-77)
***
Qasım
bəy Zakirin şair nəvələri
haqqında qeydlərimiz
deməyə əsas verir ki, babalarından irsən, qan yaddaşı ilə keçən şairlik istedadı onlara söz, düşüncə
adamı olaraq XIX əsr Qarabağ ədəbi mühitində
yetərincə tanınmağa
imkan vermiş və qardaşlardan biri, yəni Abdulla bəy Asi babası
və yaxın qohumu Xurşidbanu Natəvan kimi Azərbaycan ədəbiyyatının
həmişəyaşar, unudulmaz
sənətkarları sırasına
daxil ola bilmişdir.
İslam
QƏRİBLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.22-23.