Nils Hav

 

Görkəmli Danimarka şairi və nasiri. 7 noyabr 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğlub. "Mən kor olanda", "Biz burdayıq", "Kopenhagen qadınları" və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayə kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. "The Literary Review", "Ecotone", "Exile", "The Los Angeles Review", "Absinthe: New European Writing" və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib. Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: "Zəkası, həssasiyəti, incə ironiyası və orijinal düşüncəsi, ictimai vicdanıyla o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır..." Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub. 2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn "Şuşaya salam" beynəlxalq poeziya marafonunun işitrakçısı olub. Hal-hazırda Kopenhagendə yaşayır.

 

Atamın gəlişi

 

Mənə baş çəkməyə gəlmişdi sevimli atam

ondan yadigar kətilə əyləşdi yenə.

- Eh, Nils, - dedi.

Güclüydü, günəş qaraltmışdı dərisini,

işım-işım işıldayırdı, sağlamdı.

Bir zamanlar məzar daşları

daşıyırdı başqalarıyçün

əl arabasında,

uzunsov bir mili vardı əlində.

Kömək edərdim ona.

İndi özününkünü daşıyır

təkbaşına. - İşlər necədir? - soruşdu.

Hər şeyi danışdım.

Planlarımı, uğursuz cəhdlərimi.

Lövhəyə on yeddi qəbz sancaqlanmışdı.

- At bunları, - dedi, - onsuz da yenə gələcək.

Güldü.

- Özümə heç vaxt yazığım gəlmədi, - dedi.

- Yuxusuz gecələr keçirdim,

necə hörmət qazana bilərəm deyə

dərin-dərin düşündüm.

Bu çox vacibdi!

Bir siqaret verdim ona,

atıbmış, sən demə.

Günəş pəncərələri,

bacaları zəbt etməyə başlamışdı.

Zibilçilər səs-küy salmışdılar,

qışqırırdılar bir-birinə.

Atam yerindən qalxdı,

pəncərəyə sarı yönəldi,

baxdı:

- İşləri çoxdu onların, - dedi, - bu yaxşıdı.

Köks ötürdü.

- Bir işin qulpundan yapış, - dedi

 

İsa müsəlmanların

tərəfindədir

 

Adam həm də yediyidi,

donuz əti yeyirsənsə, demək, donuzsan -

bu meyvəsatanın dediyidi.

İsa müsəlmanların tərəfindədir.

Yusif Məryəm ona

            heç vaxt donuz əti vermədilər,

uşaqlığında donuz əti heç yemədi

vərdiş eləmişdi buna.

Yeni il axşamı qızarmış donuz yemək

mədəsini bulandırır.

Adamlar əvvəl kilsəyə gedir,

sonra qızarmış donuz əti yeyirlər,

nəsə düz deyil burda.

 

Yaxşı bəs iqlim fəlakəti?

Bu məsələdə qarışıqlıq çoxdu,

mələklər məmnun deyillər.

İsa insanların veqan olmalarını,

göy-göyərti, mer-meyvə yemələrini

tövsiyyə edərdi,

meyvəsatan belə deyirdi

 

Nils Hav

 

Tərcümə:

H.Duyğu, S.Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.24-25.