"Çağdaş
Danimarka poeziyası"
antologiyası üçün ön söz
"Çağdaş
Danimarka Poeziyası" antologiyası
işıq üzü gördü
"Yeni
DƏB" seriyasından daha
bir neçə kitab bizi gözləyir
Knud Sörensen, Benni Andersen, Uffe
Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna
Larsen, Piya Tafdrup, Tomas
Böberq kimi XX əsrin günümüzədək
tanınmış və
yazıb-yaradan 12 Danimarka
şairinin şeirlərinin
toplandığı kiçik
antologiya - "Çağdaş
Danimarka Poeziyası"
"Yeni DƏB" seriyasından "Zərdabi Nəşr"də
nəfis şəkildə
işıq üzü
görüb. 2005-ci ildən
indiyəqədər Səlim
Babullaoğlunun Azərbaycan
Yazıçılar Birliyinin
nəzdində, "Dünya
ədəbiyyatı" dərgisinin
əlavəsi kimi təsis etdiyi "Yeni
DƏB" seriyasında 25-dən artıq kitab-dünya ədəbiyyatı nümunələri
nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin bazasında
təkrar bərpa olunub.
Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı,
şair-tərcüməçi Hüseyn Duyğu, Səlim Babullaoğlu (tərtibçi, redaktor, ön sözün müəllifi), nəşrin
məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur.
"Yeni DƏB" seriyanın redaksiya heyətinə Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.
Kitab üzərində Emil Camalov
və Məlahət Qənbərova çalışıblar.
AYB katibi Səlim Babullaoğlu bildirib ki, yaxın vaxtlarda, daha 4 kitab işıq üzü görəcək.
Seriyanın informasiya dəstəkçiləri
sırasında "Dünya
ədəbiyyatı" dərgisi,
"Ədəbiyyat qəzeti",
"Ulduz" jurnalı,
www.mustaqil.az saytı da var.
"Ədəbiyyat qəzeti"nin
oxucularına Səlim
Babullaoğlunun antologiya
üçün yazdığı
ön söz yazısını, eləcə
də Danimarka şairi Nils Havın şeirlərini təqdim edirik.
Kiçik "Çağdaş Danimarka poeziyası" antologiyasını hazırlamaq,
şeirləri Azərbaycan
dilinə çevirmək
təklifini Bakıdaykən
türk əsilli Danimarka vətəndaşı,
şair-tərcüməçi Hüseyn Duyğu verib, 2024-cü ilin yayında, mən də məmnuniyyətlə
qəbul eləmişəm.
Onunla isə şeirləri bu topluda yer almış,
görkəmli Danimarka
şairi Nils Havın vasitəsilə tanış
olmuşam. Bir gün məktub aldım. Nils türk dostu Hüseynin Bakıya gələcəyini bildirir,
mənim ona vaxt ayırmağımı
xahiş edirdi. Nilslə isə Rumıniyada, Yaş şəhərində keçirilən
beynəlxalq poeziya festivalında tanış
olmuşduq. Hüseyn Duyğu gəldi, səfər yoldaşları
ilə birlikdə Azərbaycan Yazıçılar
Birliyini ziyarət elədi, dostlaşdıq,
Bakıdaykən bir neçə dəfə, sonradan bir dəfə
də İstanbulda görüşdük. Xüsusən
onun hazırladığı
siyahı və təklif etdiyi şeirləri əsas götürsəm də bir xeyli başqa
adları və mətnləri də araşdırdım, fərqli
seçmələr elədim.
Çünki daha əvvəl, 2020-ci ildə,
pandemiyanın tüğyan
elədiyi vaxtlarda XX əsr Danimarka şeirindən bir xeyli mətn oxumuşdum və "Ədəbiyyat qəzeti"nin
2020-ci ilin sentyabr sayında (44 günlük
Zəfər savaşımızdan
10 gün öncə idi) çağdaş Danimarka şeirinin metrlərindən sayılan,
bu yaxınlarda dünyasını dəyişmiş
Peter Poulsendən bir silsilə tərcümələrim
də dərc edilmişdi. Beləcə Hüseyn Duyğunun orijinalları ilə birlikdə təqdim etdiyi türkçə tərcümələri, mənim
isə əsasən rus və qismən
də ingiliscədən
oxuduqlarım, tutuşdurduqlarım
əsasında hazırkı
müəllif və mətn siyahısını
ərsəyə gətirdik.
O tərcümələrin çoxu bir ay boyunca "Şeirli günlər" layihəsi
çərçivəsində
www.mustaqil.az saytında dərc
edildi, sonra isə 12 şairin hərəsindən 1 şeir
olmaqla "Ulduz" jurnalında, "Dərgidə
kitab" rubrukasında (2025-ci il yanvar-fevral sayı) işıq üzü gördü. Yeri gəlmişkən, Nils türklərə
və azərbaycanlılara
sevgi və hörmətlə yanaşan
ədibdi, bu baxımdan da şəxsən
mənim üçün
qiymətlidi. Onu 3 il əvvəl gerçəkləşdirdiyim
onlayn "Şuşaya
salam" beynəlxalq
poeziya layihəsinə
dəvət etmişdim,
sözümü yerə
salmamışdı, sağ
olsun.
İstər klassik dövr olsun, istər yeni dövr, Danimarka ədəbiyyatının dilimizə
tərcüməsi və
tədqiqi ilə bağlı əsaslı mənbələrin olmasından
şübhəliyəm. Çox
güman böyük əksəriyyət Danimarka
ədəbiyyatı deyəndə
elə mənim kimi o dəqiqə ya Hans Xristian Anderseni (1805-1875), ya da Sören Kyerkeqoru (1813-1855)
xatırlayacaq. Bəlkə
də yanılıram.
Hər necəsə Danimarka ədəbiyyatı,
danca (bu deyişi türkiyəlilərdən
götürdüm və
düşünürəm, istifadə eləmək olar) yazılı ədəbiyyatın tarixi
elə də qədim deyil. XII əsrə aid Sven Aqqesenin
yazdığı "Danimarka
salnaməsi", yaxud
Sakson Qrammatikin daha çox qədim dan, norveç qəhrəmanlıq dastan və
rəvayətlərinin toplusu
olan "Danimarkanın
tarixi" əsəri
latıncadır, latın-dan
orta əsrlər ədəbiyyatının böyük
abidələridi. Sonuncunun
itmiş nüsxəsi
yalnız 600 il sonra tapılacaq, 1514-ci ildə
Kristyern Pedersen (1480-1554) tərəfindən
nəşr ediləcək,
60 il sonra isə dancaya çevrilmiş nüsxəsi çap olunacaqdı. Təxminən
eyni dövrdə hekzametrlə və latın dilində arxiyepiskop Anders Sensenin yaradılış barədə
didaktik poeması da ərsəyə gələcəkdi.
Dan/Danimarka ədəbi
dilinin banisi az əvvəl adını çəkdiyim,
Parisdə təhsil almış,"İncil"in
danca ən uğurlu ilk tərcüməsinin
müəllifi Pedersendir.
Əlbəttə, dancanın,
Danimarka ədəbiyyatının
ən böyük poetik abidəsi 500 epik və lirik
poetik mətndən ibarət, müəllifləri
naməlum, yaxud anonim, "meşə-xalq
nəğmələri"dir. Əksər süjetlər
qədim skandinav əsatirlərini, xristian apokriflərini/ hədislərini,
bir qismi isə Qərbi və Cənubi Avropa xalqlarının folklorunu nişan verir. Tədqiqatçılar
hesab edir ki, məhz bu "meşə-xalq nəğmələri"ni
Danimarka poeziyasının
başlanğıcı hesab
etmək olar. Və şəksiz, bir çox Avropa xalqlarının ədəbiyyat tarixində
olduğu kimi sonrakı beş əsr boyunca Danimarka ədəbiyyatı
skandinav özünəməxsusluğunu
saxlasa da, mistisizmə,
melanxoliyaya, ədəbi
qotikaya, sonradan dekadansa meyllənib, ümumAvropa təmayüllərindən
yayına bilməyib. Sonrakı əsrlərdə
Danimarka ədəbiyyatı
və poeziyası
Tomas Kinqo (1634-1703), Nikolay Qruntviq
(1783-1855) və bayaq adlarını çəkdiyim
Andersen və Kyerkeqor,
XX əsrdə isə
Vilyam Haynesen, Pit Hayn, Tove Ditlevesen,
Yohannes Madsen, Mikael Strunqe, İnqer
Kristensen və bir çox başqaları kimi böyük ədiblər yetişdirib.
Və tədricən də, aşağı-yuxarı
bizimlə eyni vaxtda, intizamlı, heca şeirlərini sərbəst və ağ şeir əvəzləməyə başlayıb.
Yuxarıdakı sadalamada
son ad, şairə Kristensen "qafiyə özünüifadəni
məhdudlaşdırır, səni söyləmək
istəmədiklərinin səmtinə
aparır" bəyanatı
indi Danimarka şeirində normadır.
Bu gün "Danimarka
şeirinin baş qəhərmanı fanilik,
ekzistensial heçlik,
daha çox zülmətin qara dəliyini yamamaq cəhdidir".
Bütün zərifliyin, incə,
lirik çalarların,
peyzaj və əqlinəticələrin üzərinə
məhz ekzistensiyanın,
indiki postmodern və
post-postmodern dövrün bəzən
ustalıqla gizlənmiş
xəfif ironiyasının
örtüyü atılıb.
Belədirmi? Belə deyilmi? Qərarı bizim təqdimatımızda
və Azərbaycan poetik auditoriyası üçün ilk və
bu kiçik "Çağdaş Danimarka
poeziyası" antologiyası
əsasında əlbəttə,
hörmətli oxucular
verəcək.
Səlim BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.24.