Ədəbiyyat Pərvanəsinin
əbədiyyəti
Pərvanə Bəkirqızına vida
Dost vida eylər mənimlə, ağlaram mən zar-zar,
Gözlərimdən hər zaman gör bəhri-ümman ayrılır.
Xətai
Filologiya
elmləri doktoru Pərvanə Bəkir qızı İsayeva
Azərbaycan ədəbiyyatşünaslığının
tanınmış nümayəndələrindən biri idi. O,
Bakı Slavyan Universitetində pedaqoji fəaliyyətlə məşğul
olmuş, həmçinin AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi
şöbəsində çalışmışdır.
Bununla yanaşı, Pərvanə Bəkirqızı uzun illər
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Humanitar şöbəsində və
Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində
fəaliyyət göstərmişdir.
Görkəmli
alim "Azərbaycan ədəbiyyatşünaslığında
faciə janrının tədqiqi problemləri"
mövzusunda namizədlik, "XX əsr Azərbaycan ədəbiyyatının
bədii strukturu və mifopoetik təfəkkürü (nəsr
və dramaturgiya əsasında)" mövzusunda isə
doktorluq dissertasiyasını müdafiə etmişdir. O,
"XX əsr Azərbaycan dramaturgiyasında İblis
obrazının dini-mifoloji qaynaqları", "Dastan
poetikası və nəsr", "Mifopoetika və filoloji
fikirdə mif konsepsiyaları", "Mifopoetika və XX əsr
Azərbaycan ədəbiyyatının poetik strukturu" və
s. kimi elmi əsərlərin müəllifidir.
Pərvanə
xanımın elmi fəaliyyəti, əsasən, XX əsr Azərbaycan
ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünün
tədqiqinə həsr olunmuşdur. Onun "Mifopoetika və
XX əsr Azərbaycan ədəbiyyatının poetik
strukturu" adlı monoqrafiyası bu sahədə mühüm
elmi əhəmiyyət kəsb edir. Elmi məqalə və tədqiqatları
Azərbaycan ədəbiyyatının müxtəlif aspektlərini
əhatə edərək ədəbiyyatşünaslıq sahəsinə
dəyərli töhfələr vermişdir.
Pərvanə
xanımın mifopoetika ilə bağlı kitabı onun elmi
araşdırmalarının zirvəsi hesab oluna bilər. O, XX
əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və
mifopoetik təfəkkürünü dərindən
araşdıraraq, mifoloji motivlərin, obrazların və
simvolların ədəbiyyatda necə
formalaşdığını geniş şəkildə təhlil
etmişdir.
Bu kitabda
mif və poeziyanın qarşılıqlı əlaqəsi,
Azərbaycan yazıçılarının əsərlərində
mifopoetik ünsürlərin rolu və miflərin bədii
düşüncədə təcəssümü ətraflı
şəkildə izah edilir. Onun tədqiqatı göstərir
ki, mif təkcə keçmişin izlərini daşıyan
bir fenomen deyil, həm də müasir ədəbiyyatda bədii-estetik
düşüncənin əsas qaynaqlarından biridir.
Pərvanə
xanım mifopoetika ilə bağlı "Mito-Poetik ve Filolojik
Düşüncede Mit Konseptleri" sərlövhəli kitab
hazırlamış və Türkiyədə nəşr
olunması üçün mənə göndərmişdi.
Bu gün Pərvanə xanım kitabın nəşri ilə
bağlı müqavilə imzalamalı idi, amma ömür vəfa
etmədi... Hazırladığı kitab ona layiq şəkildə
nəşr ediləcək. Bu onun zəhmətinə və
elmi irsinə olan ehtiramımızın kiçik bir göstəricisi
olacaq.
Təsəvvüfdə
"pərvanə", İlahi eşqin və bu eşq
uğrunda edilən fədakarlığın simvoludur. O,
işığa doğru yönələn, bu yolda
varlığından keçən, işığa
çatmaq uğrunda hər şeyini fəda edən bir
aşiq kimi təsvir olunur. Pərvanənin işığa
olan bu cazibəsi, dünyəvi mənlikdən və eqodan
uzaqlaşaraq yalnız İlahi sevgiyə yönəlməyi simvollaşdırır.
Təsəvvüfdə bu yol "fənafillah"
anlayışını ifadə edir. Pərvanə
işığa doğru getdikcə varlığını
itirir və özünü Allahın həqiqətində yox
edir. Bu isə onun İlahi eşqə olan sonsuz
bağlılığını təcəssüm etdirir.
Pərvanə
xanım yalnız elmi araşdırmaları ilə deyil, həm
də ədalətə, doğruluğa və vicdanlı
mövqeyə olan sadiqliyi ilə seçilirdi. Onun mənəvi
və elmi duruşu, təsəvvüfdə pərvanənin
işığa doğru gedərkən özünü fəda
etməsi və İlahi eşqə doğru sonsuz bir yol
alması ilə səsləşirdi. O da yüksək bir amal
uğrunda - elmə, həqiqətə və insanlığa
xidmət etməyə yönəlmiş bir məqsəd
yolunda həyat sürdü.
Pərvanə
xanımla tanışlığımızın çox
maraqlı və yaddaqalan bir tarixçəsi var. 2013-cü ildə
AMEA Rəyasət Heyətində "Azərbaycan təzkirəçilik
tarixi" adlı monoqrafiyam mükafatlandırılarkən, Pərvanə
xanım ilk dəfə adımı eşitmişdi. Bu hadisədən
sonra mənə zəng edərək, Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Ekspert Şurasında elmi katib vəzifəsinə
namizəd olaraq irəli sürüldüyümü bildirdi. Məhz
bu məqam tanışlığımızın
başlanğıcı oldu və eyni zamanda Pərvanə
xanımın obyektivliyini bir daha təsdiqləyən
mühüm bir an kimi yadda qaldı.
Zaman
keçdikcə onun dərin zəkaya, geniş
dünyagörüşünə və müdrikliyə sahib
olduğunu daha yaxından anladım. Pərvanə xanım
yalnız bilik və elmi araşdırmaları ilə deyil, həm
də obyektivliyi, ədalət prinsiplərinə sadiqliyi və
vicdanlı mövqeyi ilə seçilirdi.
Filologiya
elmləri doktoru Pərvanə Bəkirqızının vəfatı
Azərbaycan ədəbiyyatşünaslığı
üçün böyük bir itki olmuşdur. Onun elmi irsi,
Azərbaycan ədəbiyyatşünaslığının
inkişafına verdiyi töhfələr əsərləri və
tələbələri vasitəsilə yaşayacaqdır. Ailəsinə,
yaxınlarına və elmi ictimaiyyətə dərin hüznlə
başsağlığı veririk.
Gözün
arxada qalmasın, əziz dostum...
Əlvida,
əziz rəfiqəm.
Vüsalə
MUSALI
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.26.