"Arşın
mal alan" Türkiyədə
(1923-1948-ci illər)
Azərbaycan tarixində əsərləri
özündən məşhur şəxsiyyətlər arasında bu il 140 illik
yubileyini qeyd edəcəyimiz Üzeyir bəy Hacıbəyli də var. Xüsusən də,
"Arşın mal alan"
musiqili komediyası bəstəkarın öz
şöhrətinin fövqündə
dayanıb, hələ
sağlığında ikən
Türkiyədən Fransaya,
Fransadan Amerikaya qədər geniş bir nüfuz qazanıb. Qardaş Türkiyədə bu əsər dəfələrlə
səhnəyə qoyulub,
həm azərbaycanlı,
həm də yerli aktyorlar müxtəlif teatrlarda səhnələşdiriblər. Fərqli nəşriyyatlarda
əsərin notları
çap olunub, haqqında məlumatlar verilib.
Hacıbəyli bu əsərini
1913-cü ildə yazıb,
ilk tamaşası da həmin
ilin oktyabrın 25-də
Hacı Zeynalabdin Tağıyevin teatrında
göstərilib. Əsgər
rolunu Hüseynqulu Sarabski, Gülçöhrə
rolunu Əhməd Ağdamski oynayıblar.
1917-ci ildə rejissor
Boris Svetlov "Filma"
səhmdar cəmiyyətində
əsərin ilk ekran işini yaradıb. Dövrün texnoloji imkanlarına görə olduqca zəif olduğu üçün
bu film uğur qazana bilməyib. Sonrakı dövrlərdə
də filmlə bağlı çəkilişlərə
cəhdlər edilib. Nəhayət, 1945-ci ildə
rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən
film peşəkar şəkildə
ərsəyə gətirilib.
Rəşid Behbudov və Leyla Bədirbəylinin
baş rollarda oynadıqları bu film 16 milyondan çox insanın sevgisini qazanıb. 1965-ci ildə rejissor Tofiq Tağızadə əsərə
yenidən müraciət
edib, bu dəfə baş rolları Həsən Məmmədov və Leyla Şıxlinskaya ifa ediblər.
Onu da
yada salaq ki, 1925-ci il iyulun
4-də Parisin "Femina"
teatrının səhnəsində
"Arşın mal alan"
komediyası bəstəkarın
qardaşı Ceyhun bəyin tərcüməsində
ilk dəfə fransız
dilində oynanılıb.
Rolları fransız artistlər Derval (Sultan bəy),
Monte (Əsgər), Passani
(Gülçöhrə), Maqalı
(Asiyə) və başqaları ifa ediblər.
"Arşın mal alan"
İstanbul
teatrlarında
Bu yaxınlarda şəxsi arxivimizə udçu Şamlı İskəndərin
1923-cü ildə çap
etdiyi "Arşın
mal alan" əsərinin
notları daxil oldu. Əski əlifbada qeydlərin verildiyi bu nəşr
onu göstərir ki,
1923-cü ilə qədər
də bu əsər Türkiyədə
məşhur idi. Çünki hələ
1919-cu ildə Tiflis Azərbaycan
Teatrının Türkiyəyə
qastrol səfəri zamanı İstanbulda
"Leyli və Məcnun", "Əsli
və Kərəm"
operaları, "Ər
və arvad", "Arşın mal alan",
"O olmasın, bu olsun" operettaları nümayiş etdirilib. Tamaşalar 17 mart və 7
may 1919-cu il tarixlərində İstanbulda Şahzadebaşındakı
"Millet" teatrında göstərilib.
Qastrol "Millet" teatrında
"Arşın mal alan"
ilə açılıb,
əsas rollarda Möhsün Sənani,
Mustafa Mərdanov, İbrahim İsfahanlı, M.Kirmanşahlı
və b. oynayıblar.
"Millet" teatrı ilə
yanaşı, əsər
İstanbulda Kadıköydə
"Kuşdili", Beyoğlunda
"Tepebaşı" teatrlarında
da oynanılıb. Məşhur
tarzən Hüseynbala
Qasımovla yanaşı,
"Ertuğrul" orkestri
də tamaşalarda ifa edib. Ümumilikdə
"Arşın mal alan"
Türkiyədə 50 dəfədən
çox oynanılıb.
Yəni
bu baxımdan "Arşın mal alan"ın
Türkiyədəki nüfuzu
olduqca böyük idi.
Türkiyənin "Akşam", "Vakit", "Ulus", "Kurun",
"Tanin", "Hakimiyeti-milliye",
"Cumhuriyet" kimi qəzetlərinin
arxivlərindən "Arşın
mal alan"ın Türkiyədəki
səhnə həyatı
ilə bağlı olduqca maraqlı faktlar əldə etmişik.
"Akşam" qəzetinin
21 aprel 1929-cu il tarixli
nüsxəsində İstanbulda
"Pangaltı" kino-teatrında
20 aprel tarixində komik aktyor Şevki
bəyin "Arşın
mal alan"ı səhnələşdirdiyi
xəbəri verilib.
"Vakit" qəzetinin
1 may 1929-cu il tarixli sayında
Şahzadəbaşı "Millet" teatrında Naşit bəyin rəhbərliyində
Hafiz Burhan bəy və
yoldaşlarının müşayiəti
ilə musiqi ziyafətinin verildiyi, dördpərdəli
"Arşın mal alan"
adlı Qafqaz operettasının oynanıldığı
qeyd edilib. Yenə "Vakit" qəzeti 18 avqust 1929-cu il tarixli sayında "İnkilap" teatrının
və Ankara operetta heyətinin
Şahzadebaşındakı
"Millet" teatrında "Arşın mal alanı"
oynayacaqları bildirilib.
"Akşam" qəzeti
19 avqust 1929-cu il tarixli
sayında bu bilgini daha da dəqiqləşdirib, əsərin
tarzən Hüseyn Qasımovun idarəçiliyində
səhnəyə qoyulacağını
yazıb. "Vakit"
eyni heyətin 20 avqustda "Arşın
mal alan"ı Üsküdarda
Beyleroğlu bağçasında
oynayacağını qeyd
edib.
"Hakimiyeti-milliye" qəzeti
29 oktyabr 1929-cu il tarixli
sayında "Cumhuriyet" teatrının "Asri" səhnəsində
komik aktyor Sezai bəy ilə sənətkarlar Rıfkı və Edib bəylərin "Arşın mal alan"ı
səhnələşdirəcəyini yazıb. "Vakit" 10 noyabr 1929-cu il tarixli sayında həmin gün İstanbulun Kadıköy bölgəsindəki
"Kuşdili" teatrında
Cövdət bəyin
təmsil heyətinin
"Arşın mal alan"ı
səhnəyə qoyacağını
bildirib.
"Akşam" 28 mart 1930-cu il tarixli
sayında 29 martda İstanbulda Beyoğludakı
"Mulen Ruj" salonunda sənətkar Naşit bəyin "Arşın mal alan"ı
səhnələşdirəcəyini qeyd edib. "Vakit" 5 aprel 1930-cu il tarixli sayında komik Şevki bəyin "Pangaltı"
teatrında "Arşın
mal alan"ı oynayacağını
yazıb. Yenə
"Vakit"in xəbərinə
görə, 29 avqust
1930-cu ildə Mısırlıoğlu
bağçasında tarzən
Hüseyn Qasımovun rəhbərliyində operetta yenidən
oynanılıb.
"Cumhuriyet"
qəzetindəki elandan
məlum olur ki, 1930-cu
il iyulun 7-də İstanbulda
Beşiktaşda "Park" teatrında "Arşın
mal alan" Qafqaz operettası kimi oynanılıb. Yenə bu qəzetin 12 mart 1931-ci
il tarixli sayında İstanbulda "Ferah"
səhnəsində "Arşın
mal alan"ın oynanılacağı,
tamaşanın türk
dilində, Qafqaz şivəsində olacağı
bildirilib. Vəli rolunu məşhur komediya aktyoru Naşit bəyin oynayacağı qeyd edilib. Qəzetin 29 oktyabr 1931-ci il sayında
"Ferah" səhnəsində
yenidən "Arşın
mal alan"ın oynanılacağı
bildirilib.
18 fevral 1932-ci ildə "Mulen Ruj" teatrında tarzən Hüseyn Qasımovun orkestrinin müşayiətində
Muhlis Səbahəddin
bəyin heyəti tərəfindən "Arşın
mal alan" səhnələşdirilib.
Burada məşhur muğam ustadı Məşədi Məhəmməd
Fərzəliyev də
iştirak edib. "İstiqlal" qəzeti bu barədə yazıb: "Milli Azərbaycan
musiqisini tanıtmaq yolunda çox dəyərli xidmət göstərən tarzən
Hüseyn Qasım bəylə xanəndə
Məhəmməd Fərzəli
bəyin idarə etdikləri "Azərbaycan
Musiqi Heyəti" Üzeyir bəyin ölməz əsəri olan "Arşın mal alan" operettasını
ifa ediblər. Baş rol olan
Əsgəri heyətin
güclü üzvlərindən
Məhəmməd Hüseyn
bəy müvəffəqiyyətlə
ifa etdi. Gülçöhrə rolunda
Bakının zəngin
bir ailəsinə mənsub, mühacirətdə
isə həyatını
milli havalarımızı oxumaq
və milli rəqslərimizi
oynamaqla qazanan Quluzadə Sara xanım ona bəslənən ümidlərin fövqündə
bir uğur göstərdi. Vəli rolunda Sadıq bəy çox orijinal bir tip yaratmağa müvəffəq
oldu. İstanbulda Darülbədayi tamaşalarında,
"Axın" və
"Yalova türküsü"
kimi əsərlərdə
də iştirak edən bu gənc
artistimizə daha çox uğurlar arzulayırıq. Süleyman
rolunda M.İbrahim,
Sultan bəy rolunda Həsən Rza bəy yaxşı idilər. Asya rolunu Lüsü, Xala rolunu Qaraqaş
xanımlar ifa etdilər. Hər ikisi yerli olduqlarından
əsərin ümumi
ahənginə bir başqalıq əlavə
etməklə yanaşı,
rollarını ifa edə bildilər. "Azərbaycan Musiqi Heyəti"nin gənc artisti Asya xanım
Telli rolunu ifa edirdi. Milli Azərbaycan rəqslərinin
canlı timsalı olan bu utancaq
qızcığaz çox
təbii hərəkətləri
ilə "utancaq bir Telli" yaradırdı və çox da müvəffəq
oldu. Musiqi hissəsini isə Hüseyn bəy idarə edirdi".
"Vakit" qəzeti 10 mart
1932-ci il tarixli sayındakı
mədəniyyət xəbərləri
bölümündə "Azərbaycan operettası"
başlıqlı xəbər
dərc edib. 1907-ci ildən etibarən Azərbaycanda milli operanın
yaradıldığını qeyd edən qəzet türk oxucu üçün bəzi bilgilər verib: "Azərbaycanın
böyük sənətkarı
Üzeyir bəy böyük və ölməz şair Füzulinin şah əsəri olan "Leyli və Məcnun"u
bəstələyərək opera şəklində səhnəyə
çıxarmış, XIX əsrin ortalarında Mirzə Fətəli ilə təsis olunan teatrçılıq
həyatına musiqimizi
də əlavə etmişdi. 25 il əvvəl
başlayan Üzeyir bəyin bu ilk təcrübəsi çox
böyük uğurlara
səbəb olmuş,
xalq və mətbuat təqdir və təşviq etmişdir. Bu müvəffəqiyyətlərdən
ruhlanan və ümidlənən Üzeyir
bəy ilk əsərindən
sonra "O olmasın,
bu olsun", "Arşın mal alan",
"Əsli və Kərəm" və s. mühüm qiymətli əsərlərini yaratmışdır.
Üzeyir bəyi təqlid edən digər bəstəkarlar
da xalq motivləri üzərinə qiymətli
və dəyərli əsərlər meydana gətirmişlər".
"Arşın mal alan"ın
İstanbulda mütəmadi
olaraq səhnəyə
qoyulması jurnalistlərin
də diqqətini çəkib. "Akşam"
qəzetinin əməkdaşlarından
Hikmət Feridun 4 oktyabr 1932-ci ildə yazdığı bir məqaləsində bələdiyyənin
İstanbul satıcılarının bağırtılarından narahat
olduğuna ironik şəkildə belə cavab verib: "Bütün İstanbul satıcılarını
konservatoriyaya salıb
necə bağıracaqlarını
operetta üsulu ilə
öyrətməli və
satıcılar "Arşın
mal alan" operettasındakı
əsnaf kimi not ilə bağırmalıdırlar".
"Vakit" qəzeti 23 avqust 1934-cü il tarixli sayında "Azərbaycanda
hazırlanan yeni operalar"
başlıqlı məqalə
dərc edib. Yazıda yenə Üzeyir bəyin yaratdığı əsərlər
barədə məlumat
verilib, hazırda
"Koroğlu" operası
üzərində çalışdığı
bildirilib.
"Akşam"ın yazdığına
görə, 14 may 1936-cı ildə "Arşın
mal alan" Şahzadebaşındakı
"Turan" teatrında
oynanılıb. Baş
rolları Naşit və Xalidə oynayıb, yerli musiqiçilər müşayiət
ediblər.
"Ulus"
qəzetinin xəbərinə
görə, 22 may 1937-ci ildə
sənətkar Naşit
əsəri yenidən
səhnələşdirib, özü Vəli rolu ilə çıxış
edib.
23 noyabr 1937-ci ildə Naşit bəy "Turan" teatrında əsəri növbəti
dəfə ifa edib. "Akşam"ın
16 aprel 1938-ci il tarixli
sayındakı elanda
"Sümer" kino-teatrında
"Arşın mal alan"
filminin tezliklə göstəriləcəyi bildirilib.
Elanda "Hacıbəyzadə
Üzeyir bəyin məşhur Şərq operettası" kimi təqdim olunan filmin rejissorunun Setrak Vartyan olduğunu görürük.
Filmin "Marmara" studiyasında
türk dilinə çevrildiyi də qeyd olunub. Görünür,
bu, ermənilərin çəkdiyi film olub.
Film 23 aprel tarixində
göstərilib, sonrakı
günlərdə də
davam etdirilib. 4 may
1938-ci ildə film Gedikpaşa
bölgəsindəki "Azak"
kino-teatrında, 16 iyun
1938-də isə Karagümrükdəki
"Aysu" kino-teatrında
təqdim olunub.
"Akşam"ın xəbərinə
görə, 19 aprel
1938-ci ildə İstanbulun
Pangaltı bölgəsindəki
"Kurtuluş" kino-teatrında
"Arşın mal alan"
İsmayıl Dümbüllü,
Şevki və Karakaş qrupu ilə birlikdə səhnəyə qoyulub. Yenə bu qəzetdəki
məlumata görə,
4 avqust 1943-cü ildə
Üsküdardakı "Ay Park"da "Arşın
mal alan" ifa edilib.
"Akşam" qəzeti 27 yanvar 1944-cü il tarixli sayında çox önəmli bir məlumat təqdim edib: "1925-ci ildə İstanbulun hər tərəfində dillərdə
dastan olan və böyük müvəffəqiyyət
qazanan Azərbaycan operettası gəlir. Tarzən Hüseyn Qasımov və yoldaşları, primadonna Jerfin, tenor Aram Baltazar, böyük
Lüsi tərəfindən
"Arşın mal alan"dan
bir pərdə göstərilib".
"Tanin" qəzetinin xəbərinə görə,
17 may 1945-ci ildə şəhər
teatrında azərbaycanlı
sənətkarlar "Arşın
mal alan"ı oynayıblar.
31 iyul 1945-ci ildə isə Kadıköydə
Süreyya bağçasında
"Halide Pişkin və
İhsan Balkır" teatrında
"Arşın mal alan"
ifa edilib.
16 oktyabr 1946-cı ildə
"Akşam" qəzetində
verilən elan olduqca maraqlıdır. Bir gün
sonra "Saray"
kino-teatrında göstəriləcək
"Arşın mal alan"
filmi haqqındakı elanda
"bütün dünya
kino-teatrlarında oynanılmış
nəşəli və
qəhqəhəli məşhur
operetta", "bu günə
qədər vücuda
gətirilən Şərq
filmlərinin ən böyüyü və ən möhtəşəmi"
ifadələrindən istifadə
olunub. Təqdimatda, həmçinin "böyük
filmin ilk göstərişi"
cümləsinə verilib.
Ola bilsin ki, "Saray"da
1945-ci ildə Bakıda
çəkilən film göstərilib.
Çünki "Akşam"ın
27 noyabr 1946-cı il tarixli
sayında "Turan"
kino-teatrında yeni "Arşın
mal alan" filminin göstəriləcəyi bildirilib
və belə bir qeyd verilib:
"Əski "Arşın
mal alan" filmi bu filmlə müqayisə edilə bilməz. Milyonların sərfi və olduqca lüks dekorlarla çevrilən, şərqiləri,
oyunları ilə bu günə qədər vücuda gətirilən Şərq
filmlərinin ən gözəli". Bu film "Park" və "Sus" kino-teatrlarında
da göstərilib.
"Ulus"
qəzetinin 14 mart 1949-cu il tarixli
sayında 14-15 martda Ankarada "Arşın
mal alan", 16 martda isə "Məşədi
İbad" əsərinin
oynanılacağı qeyd
edilib. 18 avqust 1949-cu ildə Ankarada Cebeci Doğan bağçasında "Arşın
mal alan" səhnəyə
qoyulub.
Şübhəsiz ki, "Arşın mal alan"ın Türkiyə
həyatı sonrakı
dövrlərdə də
davam edib. Biz sadəcə, Üzeyir bəyin sağlığında
olan səhnə həyatını təqdim
etməyə çalışdıq.
Dilqəm ƏHMƏD
Ədəbiyyat qəzeti.- 2025.- 14 fevral, №6.- S.30-31.