Günahsız yerə edam
edilən ana
"Kor
nöqtə: işığın
içində"
Məşhur musiqiçinin baş rolda oynadığı, Lars von Trierin çəkdiyi, "Qızıl ürək" trilogiyasının ("Dalğaları yararkən", "İdiotlar") sonuncusu, 2000-ci ildə Kann kinofestivalının qalibi olmuş "Qaranlıqda rəqs edən" filmi haqqında yazmaq çoxdankı arzum idi.
Biləsiniz ki, sevimli rejissorum Trier heç vaxt Amerikada olmasa da, onun bu filmi Amerikadakı ab-hava, məhkəmə prosesi, makkartizmin kölgəsi, miqrantların problemləri, çoxluğun ekzistensiyası, beton cəngəlliklərdə insan ovu haqqında ən yaxşı filmlərdən biridir.
Səlma
(Byork) tezliklə kor olacaq. Korluq
ona ailəsindən miras qalıb. Daha doğrusu, onların genetik xəstəliyi müəyyən
yaşdan sonra korluqla nəticələnir.
Gözləri tam tutulanacan oğlu
üçün əməliyyat
pulu toplayır.
Polisi öldürür...
Həbs
olunur...
Edam cəzası alır...
Edam edilir...
Rəqs
edir... ölümlə
oynayır... qaranlıqda...
işığın içində...
60-ci illər. Genetik xəstəlik səbəbiylə
gözləri tutulmağa
başlayan çexoslovakiyalı
ana oğlunun da kor olacağından qorxur.
Ümid
Amerikayadır. Ümid
Amerikadadır.
Beləcə, miqrant həyatı
başlayır.
Səlma
yaxşı bilir ki, onun oğlu da bir gün kor
olacaq.
Peşmandır:
"Bir gün kor olacağını
bilə-bilə onu doğmamalı idim..."
- düşünür, vicdan
əzabı çəkir...
Əslində, Səlma əvvəlcədən
bilirdi ki, onun övladı olsa, gözləri tutulacaq, fəqət, o bu həqiqətə gözünü
yumur, daha doğrusu, onun gözləri onsuz da zəif görürdü...
öz qaranlıq dünyasına ötəri
işıq tutmaq qərarına gəlir. Beləcə, növbəti
qurban doğulur.
Səlma,
doğrudan, günahkardırmı?
Axı özünün
də dediyi kimi, doğmaq onun təbiətindəndir,
instinktiv arzudur, analıq stixiyasının
nəticəsidir... Axı
o qadındır...
Düzdür, o günahkar kimi
cəzasını alır,
yaxşı bəs, bu doğuluşun, mövcudluğun əsl günahkarı kimdir? Yoxsa, ilahi ədalət?
Bu sualı cavablandırmağa
cəhd edərik, fəqət, hələlik
Amerika haqqında.
Səlma
artıq Amerikadadır.
Billi adlı polis məmurunun
həyətindəki karavanın
kirayənişinidir. Yemək
dəzgahı düzəldilən
fabrikdə işləyir
və həmin fabrikdə işləyən
Keti adlı qadınla dostlaşıb...
Üstəlik, işçi
Ceffi özünə aşiq də edib. Di gəl, onun sevgi oyunlarına
vaxtı, həvəsi
yoxdur.
O, bir növ, rahibədir...
peşmanlıqdan inzivaya,
günahından təkcənəliyinə
çəkilmiş... korlaşan
gözlərin, korşalan
qadınlığın rahibəsi.
Kobud desək, Amerikada makkartizm ab-havası davam edir: Soyuq
müharibədən sonra
yaranmış, adicə
bir sözə görə kommunist kimi damğalayan "fikri teorem" hökm sürür.
Fəqət, bu qarğaşanın,
qanqaraçılığın və korluğun içində Səlma rəqs edir, oxuyur... Müzikl məşqlərinə,
Hollivud müzikllarını
izləməyə gedir.
Belə demək olar: o rəqs etdikcə, öz ətrafında fırlandıqca,
oxuduqca yaddaşının
fövqünə çıxır,
öz orbitini tərk edir. Səmazənlər kimi düşüncənin çölünə
qaçır.
Ümidlidir... oğlunun gözlərini
sağaltmaqdan ötrü
pul yığır...
İş, tamaşa, qayğı,
ümid... və bir gün polis Billi Səlmanın karavanına
gəlir. İş elə gətirir ki, onlar bir-birlərini tanımağa cəhd edirlər, bir-birlərinə
etiraf edirlər.
Məsələn, Billi deyir ki, arvadı
Lindanın xərclərini
ödəməyə gücü
çatmır, kalan borcu var. Tezliklə pul tapmasa, onun
evini əlindən alacaqlar.
Səlma
da xəstəliyi haqqında
söz açır. Özünün zamanla tamamilə kor olacağını, böyüdükcə
oğlunun da gözlərinin
tutulacağını deyir.
Billi öyrənir ki, Səlma
günahını yumaqdan
ötrü ölkəsini
tərk edib, xatirələrini dünyanın
o başında qoyub Amerikaya gəlib. Və miqrantlığın
əzab-əziyyətini məhz
oğlunu qaranlıqdan
xilas etmək üçün müzikla
çevirib.
Billi Səlmaya, Səlma da Billiyə söz verir ki, bu söhbət
əbədiyyətəcən burada, - karavanda qalacaq.
Fəqət, karavanda təkcə
sözlər yox, həm də Billi özü qalır. Hə, o, Səlmanın hekayəsini, məqsədini
bilə-bilə karavanda
gizlənir və günahkar ananın oğlu üçün yığdığı pulun
yerini öyrənir.
***
Səhərisi dəzgahın biri
xarab olur. Əlbəttə, günahkar
Səlmadır. İşlədiyi
günlər üçün
əməkhaqqı hesablanır...
beləcə, onu işdən çıxarırlar.
Səlma
suyu süzülə-süzülə
karavana qayıdır,
sonuncu əməkhaqqını
da gizlətdiyi pulun üstünə qoymaq istəyir. Və... görür ki, pul yoxdur...
Qaçır Billigilə. Əvvəl
sakitcə pulunu istəsə də, Billi əməlini danır, üstəlik, tabel tapançasını çıxarır.
Əlbəttə, Səlma
qorxmur, əksinə, polisin üstünə gedir və boğuşma
başlayır. Budur: bir əl atəş
açılır, Billi yıxılır...
Səlma
onun ciblərini axtarmağa başlayır,
di gəl, Billi müqavimət
göstərir... qəzəbli
ana təzədən atəş
açır, yenə
alınmır... Bu dəfə
o, dəmir lövhəylə
Billinin başına-başına
vurur... nəhayət,
günahlını cəzalandırır.
"Cəzalandırır" deyəndə
ki... əslində, Billi özü
ondan xahiş edir ki, atəş açsın, onu öldürsün... Yəni,
Billi ölümünü özü
çağırır. Görünür,
o da bu əməliylə,
Səlmanı cinayətə
təhrik etməklə
günahını yumaq,
canını qurtarmaq,
cənnətə düşməyi
arzulayırmış...
Şərə qalib gəlmiş ana xəstəxanaya tələsir. 2056 dollar... Oğlunun gələcəkdəki qaranlıqdan qurtuluşu üçün lazım olan pulu, axır ki, ödəyir...
Özü isə rəfiqəsi Ketiylə teatra gedir. Onu bu dəfə qələbənin şərqisi çağırır.
Artıq xəbər yayılıb. Polislərə tamaşanın rejissoru xəbər verir. Səlmanı teatrdaca həbs edirlər.
Məhkəmənin qərarı isə... Səlmaya edam hökmü oxunur. Cəzanın icrası bir həftə sonraya təyin edilir.
Dostları Səlmanın həkimə verdiyi pulla başqa vəkil tutmaq istəsələr də, o, oğlunun gələcəyini düşünür və imtina edir... yəni, özünü fəda edir.
Məhkəmənin qərarı, sözsüz, ədalətdən iraqdır, həqiqətin əleyhinədir.
Ümumiyyətlə, səbəblər araşdırılmır, ciddi detallar, faktlar ötürülür, əvəzində aylar əvvəl fabrikdə müdirin "Yəqin, Çexoslovakiyada hər şey yaxşıdır, siz kommunistlər əlinizdə olanı bir-birinizlə paylaşırsınız" atmacasına Səlmanın "Bölüşməyin, paylaşmağın nəyi pisdir ki?" cavabını müzakirə edirlər və elə həmin cavaba əsasən, onu radikal solçu elan edirlər.
Üstəlik, məhkəmə qərara gəlir ki, Billi Səlmanın yox, Səlma Billinin pulunu oğurlayıbmış...
Bəs nə?! Miqrant Səlma... solçudur, oğrudur... və edam edilməlidir.
Hamı narahatdır, hakim gərgindir... Bircə Səlma rahatdır.
Pərdə çəkilir... Səlma sonuncu rəqsə hazırlaşır...
Elə bu vaxt Ketti oğlunun eynəyini gətirib onun ovcuna qoyur... Yəni, Səlma günahının bədəlini ödəmiş... Yəni, oğlu həmişə görəcək...
Yəni, pərdə bağlana bilər...
Pərdə bağlanır... Səlmanın sonuncu rəqsi başlayır...
Ömər
XƏYYAM
Ədəbiyyat
qəzeti.- 2025.- 14 fevral, №6.- S.32.