Nəmər
Hekayə
Mən
onu görəndə elə oldum, sanki gecənin
sükunatında qəflətən qənşərimdə
tüfəng atdılar.
Bu təşbehi
gözəl bir beytdə oxumuşam. Orada misraya çevrilən
fikir öncəki misraya həmqafiyə olaraq belə davam
olunurdu: Gözlərin yolumu elə qatdılar...
Amma
canıma od salan o xanımın gözləri yolumu
qatmadılar, istəsələr də, qata bilməzdilər,
çünki mən doğulub həddi-buluğuma
çatdığım doğma qəsəbəmizin hər
küçəsinə, hər tininə, lap belə hər
dalanına ovcumun içi kimi bələd idim.
Qəsəbəmizin
yaxınlığında, sıx yaşıllıq içində
yeddi fərdi kotecdən və ikimərtəbəli inzibati
binadan ibarət insanları məmləkətin hər bir
yanından, ələlxüsus da, paytaxtdan özünə
çəkən gözəl bir sanatoriya yerləşirdi.
O qız
da həmin sanatoriyanın müvəqqəti sakinlərindən
idi.
Qız qəsəbə
bazarının ətəyində mənim rastıma
çıxanda yanında bir nəfər ortayaşlı
xanım da var idi. Güman ki, anası idi. Əllərindəki
içidolu zənbildən belə başa düşdüm
ki, bazarlıq edib sanatoriyaya qayıdırdılar.
Mən əlimdə
gitara musiqi dərsindən gəlirdim.
Onun
qeyri-adi gözəlliyi, ani olaraq gözümə zillənib
üzümdə sürüşən baxışı mənə
elə təsir elədi ki, iki dünya bir olsa da, hansı
kotecdə qaldığını bilməli idim.
Bu qərarı
qəbul edən kimi sezilmədən ana-balanın izinə
düşdüm. Az qala, "gözələ məftun olan
aşıq kimi dalına düşdüm" demişdim, demədim,
çünki belə məqamda aşığın əlində
saz olur, mənim isə əlimdə gitara var idi.
Xülasə,
izinə düşdüm, qız getdi, mən getdim, qız
getdi, mən getdim... diqqətli oxucu haqlı irad tutaraq deyə
bilər, qız yox, ana-bala getdi, sən getdin... Bilirəm,
orası elədir, amma qızın gözəlliyi dünya-aləmi
elə tutmuşdu ki, gözümə ana-mana
görünmürdü. Belə ki, ifadəmi situasiyaya
uyğun dəqiqləşdirib "qız getdi, mən
getdim" deyirəm.
Qız
qabaqda, mən arxada, beləcə gəlib yeddikotecli cənnətməkana
çatdıq.
Burada iri
gövdəli bir ağacın dalında daldalanıb
qızın arxasınca baxdım. Belə bəlli oldu ki, o, qəsəbə
tərəfdə birinci kotecdə qalır.
Sevgilimin
yerini bələdlədikdən sonra şikarın yerini yəqinləyən
ovçu kimi evə qayıtdım.
Xeyli
gecikmiş nahardan sonra duş qəbul elədim, saxlama
paltarımı geyinib saçım tam qurumamış,
yaxşı-yaxşı darayıb müxtəlif
mahnıları məşq edə-edə axşamı gözlədim.
Qaş qaralan kimi simli alətimi də götürüb üz
tutdum sanatoriyaya.
Qızın
qaldığı kotecin açıq pəncərəsinin
yaxınlığında, xudmani bir yerdə məskən
saldım. Üzü pəncərəyə oturub, gitaranı
sinəmə basıb düz səhər saat dördə qədər
çalıb-oxudum. Oxuduğum, əlbəttə, sevgi-məhəbbət
mahnıları idi. Pəncərəyə elə yaxın
oturmuşdum ki, əmin idim, qız mənim səsimi də,
gitaramın iniltili cingiltisini də apaydın eşidir,
eşidirsə, demək, ürəyimdəkini bilir, bilirsə,
bir azdan pəncərənin pərdəsini ehmalca çəkib
səs gələn tərəfə boylanacaq, gözəl
gözləri ilə məni axtaracaq...
Amma həmin
gün, daha doğrusu, həmin gecə cüzi bir işarə
ilə belə könlümdəkini bildiyini mənə bildirmədi,
pəncərənin gecə pərdəsi azacıq da olsa tərpənmədi.
Səhər
saat dördə yaxın düşündüm ki, ismətli
qızdır, aramızda pərdə saxlayır. Bunu
düşünüb yorğun-arğın durub evə
qayıtdım.
Mən evə
çatanda artıq dan yeri sökülürdü.
Gecə
yuxusuz qaldığımdan bütün günü yatdım.
Axşama
yaxın oyandım. Şər qarışanda gitaramı
götürüb həmin kotecin yanına, pəncərənin
altına qayıtdım.
Soruşa
bilərsiniz, şam eləmədən qayıtdın? Bilmirəm,
birtərəfli sevgidən idi, bilmirəm, yuxusuzluqdan,
iştaham tam ölmüşdü. Canana can atan canım
ayrı bir qidanın həsrətində idi.
Bu gecə
də səhərə qədər çalıb-oxudum.
Gözümü bir an belə açıq pəncərədən
çəkmədim.
Saat
üç olardı, pərdə azca tərpəndi, həmin
an sanki hənirti də hiss etdim, elə bil, pərdə
arxasında kimsə var idi.
Bu,
ümidverici tərpəniş məni elə
ruhlandırdı ki, bu dəfə səhər beşə qədər
bülbül kimi cəh-cəh vurdum.
Növbəti
axşam yenə ətrafa alatoran çökən kimi pəncərənin
qabağında peyda oldum. Yenə səhərə qədər
çalıb-oxudum.
Bu dəfə
pərdə bir-iki dəfə tərpəndi, sanki o bir az
çəkiləndə, oradan kiminsə
baxdığını da gördüm.
Sonrakı
gecələrdə gah tam hərəkətsizlik olurdu, gah da pərdə
yenə də azca seziləcək qədər tərpənirdi.
Amma
qız bircə dəfə də olsun, nə gecələr pəncərənin
qabağında, nə də gündüzlər
sanatoriyanın ərazisində, qəsəbədə
görünmürdü.
Nə qədər
boşuna çalıb-oxumaq olar?
Get-gedə
bu faydasız cəhdlərdən bezdim, həvəsdən
düşdüm. Düşündüm,
qarşılıqlı bir addım, bir cavab yoxdursa, demək,
qız mənim ülvi hisslərimi rədd edir.
Belə
ki, özümü yandıran, lakin qarşı tərəfi
isindirməyən atəşin üstünə soyuq su
töküb bir daha o tərəfə getmədim, nəğməli
gecələrə son qoydum.
Aradan
üç gün keçdi. Musiqi dərsindən
qayıdırdım. Amma uğursuz məhəbbətdən
sonra kefim elə təlx idi ki, evə getmək istəmirdim.
Odur ki, əlimdə gitara qəsəbənin küçələrində
veyillənirdim.
Bu əsnada
o yandan gələn orta yaşlı bir kişi yanımda ayaq
saxlayıb üzümə zilləndi:
- Gecələr
sanatoriyanın həyətində gitara çalıb mahnı
oxuyan oğlan sənsən?
Sualı
verən kişinin üzünə baxıb düşündüm,
yəqin qızın atasıdır, indi yuxusuz gecələrin
hayıfını məndən çıxacaq. Keçirdiyim
həyəcanı gizlətməyə cəhd edərək
dedim:
- Bəli,
mənəm... elə-belə oxuyuram.
Kişi
üzümə baxıb gülümsədi. O
gülümsünəndə ürəyimdə ümid
işığı yandı. Gülümsədi və dedi:
-
Yaxşı oxuyursan... - ani pauzadan sonra əlavə etdi, - amma
daha niyə gəlmirsən?
Bilmədim
nə deyim, az qala demişdim, oxuduğum mahnılar
qızınızın da ürəyincədirmi? Demədim,
dilimi basdım. Kişi isə bu ara köynəyimin cibinə
on manat basıb sözünə davam etdi:
-
Xahiş edirəm gəl, əvvəlki kimi oxu. 90 yaşlı
anamı sanatoriyaya müalicəyə gətirmişəm. O,
gecələr sənin mahnılarını dinləyib feyziyyab
olur. Deyir, bu nəğmələr mənim gəncliyimi
xatırladır, rəhmətlik kişi də beləcə gəlib
pəncərəmin altında durub mənim üçün
mahnı oxuyardı. Bir söz, - kişi bu yerdə
başıma sığal çəkdi, - sənin
mahnıların həkimin dərmanlarından təsirlidir.
Anam əməllicə sağalırdı... Lakin üç
gündür, sən gəlmirsən, arvadın gözü
yolda, qulağı səsdədir.
Udqundum,
bunun cavabında nə deyəcəyimi bilmədim, odur ki, dilim
topuq vura-vura soruşdum:
- Bəs,
orda, o kotecdə qız qalırdı, anasıyla birlikdə...
- Onlar
çoxdan getdilər. Elə onlar çıxandan sonra biz o
kotecə girdik.
Bir istədim,
kişinin pulunu qaytarım, ancaq o qəflətən
dönüb getdi, gedə-gedə arxaya qanrılıb:
- Ərinmə,
gəl oxu, nəmərin məndə! - dedi.
İmir
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.9.