Bəxtəvər
Hekayə
Nikolayev dəmir
yol xətti üzərindəki Boloqoye stansiyasından bir sərnişin
qatarı yola düşür. Alaqaranlığa bürünən
və "Tütün çəkməyənlər
üçün" ayrılan ikinci sinif vaqonların birində
beş sərnişin mürgüləyir. Onlar yeməklərini
təzəcə yeyib-bitiriblər və indi, divanların
arxalığına söykənərək mürgüləməyə
çalışırlar. Səssizlikdir.
Qapı
açılır və başında kürən rəngdə
şlyapa, əynində isə son dəbli palto olan, zahirən
Jül Vernin təsvir elədiyi və operetta qəhrəmanı
qəzetçiləri xatırladan, uca boyuna görə bir dəyənəyi
xatırladan bir qaraltı içəri girir.
Qaraltı
vaqonun tən ortasında durub, fınxırır və baxışlarını
divanların üzərində gəzdirərək
donquldanır:
- Yox, bu
da ora deyil! Bircə Allah bilir, necə işə
düşmüşəm! Bu, sadəcə, dözülməzdir!
Yox, bura da deyilmiş!
Bu
qaraltını zənnlə süzən sərnişinlərdən
biri sevinc dolu səslə çığırır:
- İvan
Alekseyeviç! Nə əcəb belə? Sizsiniz?
Dəyənəyi
xatırladan İvan Alekseyeviç diksinir, küt-küt
qarşısındakını süzür və onu
tanıyınca, əllərini bir-birinə vurub:
- Bax ha!
Pyotr Petroviç! - deyir. - Gör, nə vaxtdır
görüşmürük! Heç ağlıma gəlməzdi
ki, siz də bu qatarda gedərsiniz.
-
Sağ-salamatsınız, barı?
- Babatam
ey, ancaq qardaş, sırf axmaqlığım ucbatından
öz vaqonumu itirmişəm və indi nə illah eləsəm
də, onu tapa bilmirəm. Buna görə məni
yaxşıca əzişdirəcək birisini axtarıram!
Bunu deyərək
o dəyənəyəbənzər İvan Alekseyeviç
yırğalanır və xısın-xısın
gülür. Sonra isə sözünə davam edir:
-
Başıma qəribə oyun gəlib! İkinci zəngdən
sonra konyak içməkdən ötrü vaqonumu tərk elədim.
Söz yox ki, içdim. Sonra düşündüm ki, növbəti
stansiyaya qədər hələ çox varsa, bəlkə ikinci
qədəhi də gillədim, getsin? Qayğılı halda
bunu içərkən, üçüncü zəng də
çalındı... və mən dəli kimi
götürülərək, rastıma çıxan ilk vaqona
minməli oldum. İndi siz deyin: mən axmağam, ya yox?
Ördəyin biriyəm, ya yox?
Pyotr
Petroviç dilləndi:
- Amma hiss
olunur ki, kefiniz yerindədir. Keçin, oturun! Sizi
gördüyümə hədsiz şadam!
- Yox,
yox... mən gedim, öz vaqonumu axtarım! Xudahafiz!
- Bu
cür alaqaranlıqda, Allah qorusun, vaqondan yerə
yıxılarsınız ey. Əyləşin, canım, vaqon
stansiyaya çatanda öz vaqonunuzu axtararsınız da.
Əyləşin!
Köks
ötürən İvan Alekseyeviç yarıkönül də
olsa, Pyotr Petroviçlə üzbəüzdəki yerdə
oturur. Deyəsən, adamın qanı bir az qaradır və
buna görə ehtiyatla
davranır.
Pyotr
Petroviç soruşur:
- Hara
gedirsiniz belə?
- Mənmi?
Əşşi, haraya oldu. Başımda necə
qarmaqarışıqlıq yaranıbsa, heç özüm də
bilmirəm ki, baş götürüb, haraya gedirəm belə.
Bəxtim gətirib, ona görə də gedirəm. Ha-ha...
Əzizim, siz ömrünüzdə heç sarsaq bəxtəvərə
rast gəlmişdiniz? Yox? Elə isə, indi o - tam
qarşınızdadır! Gördüyünüz bu adam fani
bəndələrin ən bəxtəvəridir! Bə-ə-li!
Bəyəm, həmin bəxtəvərlik üz-gözümdən
oxunmur ki?!
-
Əslində oxunur, sanki siz... bir az... o məsələ.
-
Görünür, indi mənim sifətimdə hədsiz axmaq
bir ifadə donub! Heyf ki, burada güzgü-zad yoxdur, yoxsa,
hansı sifətə düşdüyümə özüm də
bir nəzər salardım! Əzizim, necə bir axmağa
çevrildiyimin mən tamamilə fərqindəyəm! Səmimi
sözümdür! Ha-ha... Heç təsəvvürünüzə
də gəlməz, amma hazırda mən ilk toy səyahətimə
çıxmışam. Səmimi deyin: mən əsl ördəyəm,
ya yox?!
- Siz? Bəyəm,
evlənmisiniz ki?
- Hə,
bu gün evlənmişəm, əzizim! Nikaha girən kimi də
qatarla səfərə çıxmışam.
Təbriklərdən
sonra sıra ən bəsit suallara gəlir.
Pyotr
Petroviç gülümsəyir:
- Buna bax,
ha... Mən də deyirəm: qardaşım nə yaxşı
belə bəzənib-düzənib?!
- Bə-ə-li...
Əsl nikah havasına girim deyə, hələ ətirlənmişəm
də. Özümü tamamən bu havaya
qapdırmışam! Nə bir dərd-sərim var, nə də
qayğım, başımda sadəcə... nə olduğunu
deyə, ifadə edə bilmədiyim bir təəssürat
doğub... Yəqin bu, bir könülxoşluğudur!
Dünyaya gələndən bəri özümü hələ
bunca misilsiz hiss eləməmişdim!
Gözlərini
qapayan İvan Alekseyeviç başını
yırğalayır.
Həmsöhbəti
deyir:
-
Ağlasığmaz dərəcədə bəxtəvərəm
ey! Bir özünüz düşünün də. Baxın,
indicə mən durub, öz vaqonuma gedəcəyəm.
Oradakı pəncərənin önündəki divanda bir məxluq
əyləşib və o, bütün varlığıyla mənə
bağlıdır. Zərif burunlu... şirmayı barmaqlı
sarışın xanım... Canımın içidir o! Mələyimdir
mənim! Totuğumdur! Könlümün kəpənəyidir
o! Hələ ayaqlarını görəsən! İlahi!
"Ayaq" deyəndə, bizimkilər kimi qaba ayaqlar yox, nə
isə, belə incə-mincə, ecazkar... alleqorik bir şey gətir
ey, sən xəyalına! Mən o cür ayağı
yavan-yavan basıb-yeyərəm, vallah! Hə də, siz belə
şeylərdən nə anlayarsınız ki?! Materialist biri
olduğunuz üçün ağlınız sırf təhlilə
köklənib sizin! Quru-qaxac subaylarsınız siz... və
başqa da heç nə! Evləndiyiniz vaxt bu sözlərimi
xatırlayacaqsınız, əlbət! Ancaq deyəcəksiniz
ki, hardaydı bizdə elə bəxt, İvan Alekseyeviç?!
Nə isə, mən durub gedim öz vaqonuma. Orada yolumu dərin
intizarla gözləyən birisi var... gəlişim
üçün hədsiz səbirsizlənən biri. Mənə
gülümsəyəcək yarım var orada. Yanına əyləşəcək
və ikicə barmağımla onun zərif çənəsindən...
Bunu deyən
İvan Alekseyeviç başını yana fırladaraq, bəxtəvərcəsinə
bir qəhqəhə çəkir.
- Sonra
öz başımı onun o zərif çiyninə qoyaraq,
incə belini əllərimlə qucacağam.
Ətrafımıza isə səssizlik... həm də
şairanə bir alaqaranlıq çökəcək... Həmin
dəqiqələrdə mən sanki bütün
dünyanı ağuşuma basmağa hazır oluram... Pyotr
Petroviç, izninizlə sizi də bir bağrıma basım!
-
Etirazım yoxdur.
Digər
sərnişinlərin gülüşləri altında bu
köhnə tanışlar qucaqlaşırlar və bəxtəvərlik
saçan təzə bəy sözünə davam eləyir:
- Daha
böyük axmaqlıq etməkdən və ya o romanlarda
deyildiyi kimi, böyük illüziyalara qapılmaqdan
ötrü gərək indicə bufetə gedib,
iki-üç qədəh də gillədim. Belədə
öz ağlında və köksündə baş verən
şeylərə insanoğlu heç nağıllarda da rast gəlməz.
Əslində cılız və əhəmiyyətsiz biri
olsam da, elədə sanıram ki, azman birisiyəm... və
bütün dünyanı öz ağuşuma ala bilərəm...
Bu
içkili və bəxtəvər təzə bəyin
şuxluğu onu süzən sərnişinlərə də
sirayət eləyir və artıq hamının
mürgüsü dağılıb, gedib. Bayaqdan bəri
İvan Alekseyeviçi dinləyən bir nəfər var idisə,
tezliklə onların sayı beşə yüksəlir. O isə
yerində ora-bura dönür, hava ataraq, elə hey əl-qolunu
ölçür və ara vermədən danışır. O
güldüyü zaman hamı qəhqəhə çəkir.
- Cənablar,
ən başlıca məsələ - az düşünməkdir!
Rədd eləyin o hər cür götür-qoyları...
Könlünə içmək düşübsə,
iç, bunun xeyir və ya zərəri barədə
filosofluğa gərək yoxdur. Bütün o fəlsəfələri
və psixologiyaları birdəfəlik başınızdan
qovun, getsin!
Təzə
bəy vaqonun içiylə keçib-gedən konduktora üz
tutur:
- Nəcib
insan, zəhmət olmasa, 209-cu vaqondan keçərkən orada
boz şlyapasında bəyaz quş təsviri olan
xanımı tapıb, ona deyin ki, mən buradayam!
- Baş
üstə. Ancaq bu qatarda 209-cu vaqon yoxdur ha. 219-cu vaqon var!
- Qoy olsun
219! Nə fərqi varmış?! O xanıma elə belə də
deyin: əriniz sağ və salamatdır!
İvan
Alekseyeviç qəfildən başını əlləri
arasına alıb, zarıyır:
-
Ər... Arvad... Bu xəyallar nə vaxt çin oldu axı?
Ha-ha... İndi sənin sümüklərini yaxşıca
islatmaq lazım idi, sən isə artıq ər olubsan! Vay səni,
sarsaq! Bəs o? Dünənə qədər
qızcığaz idi... böcək boyda idi... Adamın buna
heç inanmağı gəlmir!
Sərnişinlərdən
biri dillənir:
- Bizim zəmanədə
bəxtəvər insana rast gəlmək adama nədənsə
qəribə gəlir. Bəyaz fillə rastlaşmaq
ehtimalı bundan qat-qat güclüdür.
Şişburun
çəkmələr taxılan uzun ayaqlarını
qabağa uzadan İvan Alekseyeviç deyir:
- Bəs
görəsən, bunun günahı kimdədir? Əgər
siz bəxtəvər ola bilmirsinizsə, bunun günahı
ancaq özünüzdədir! Bə-ə-li, bəs necə
bilmişdiniz?! İnsanoğlu öz taleyinin də
yaradıcısıdır! İstəsəniz, xoşbəxt
ola bilərsiniz, ancaq siz bunu istəmirsiniz. Sanki qəsdən bəxtəvərliyinizdən
qaçırsınız!
- Bax ha!
Necə olur bu?
- Xeyli bəsit!..
İnsanın bəlli bir yaş dövründə sevib-sevilməsini
təbiət də nəzərdə tutur. Əgər həmin
dövrə gəlib çatdınsa, nəyi var, sevməlisən.
Siz isə təbiətin bu diktəsiylə
hesablaşmırsınız, daima daha nələrsə
umursunuz... Sonra... Qanunlarda da deyilir ki, hər normal insan nikaha
girməlidir... Nikahdan kənarda xoşbəxtlik yoxdur.
Uyğun bir şərait yaranıbsa, evlən, getsin də, axı
niyə öz şadlığına şitlik edirsən?! Siz
isə evlənmir, daha nələrsə umur, nələrisə
gözləyirsiniz! Ona görə Müqəddəs kitabda
deyilir ki, şərab insan qəlbinə fərəh gətirir...
Əgər əhvalın yaxşıdırsa və daha da
şux olmaq istəyirsənsə, onda bufetə gedib, içki
iç. Əsas məsələ - özünü müdrik
göstərməmək, məlum şablonlarla
hesablaşmaqdır! Şablonlar isə çox vacibdir!
-
Sözünüzdən belə çıxdı ki,
insanoğlu öz xoşbəxtliyinin
yaradıcısıdır. Əgər bir ağrıyan
diş və ya deyingən qayınana ucbatından onun
bütün xoşbəxtliyi yerlə-yeksan ola bilirsə, onda
bu yaradıcı güc nəyə yarayar axı?! Həyatda hər
şey sırf təsadüflərdən asılıdır.
Əgər indi başınıza Kukuyevski müsibətinə
bənzər bir iş gəlsəydi, onda siz də fərqli
bir hava çalacaqdınız...
Təzə
bəy etiraz eləyir:
- Boş
danışırsınız! Elə müsibətlər ildə
ancaq bir kərə baş verir. O cür təsadüflər
üçün hər hansı səbəb yoxdursa, mən
niyə onlardan qorxub-çəkinməliyəm ki?! Vecimə də
gəlməzlər! Onlar barədə mən heç
danışmaq istəmərəm! Hə, deyəsən
axı biz artıq stansiyaya yaxınlaşırıq.
Pyotr
Petroviç maraqlandı:
- Bəs
siz hara gedirdiniz belə? Moskvaya, yoxsa, cənub tərəflərə?
- Bu nə
sözdür?! Əgər mən şimala üz tutmuşamsa,
onda cənub tərəflərə necə gedə bilərəm
ki?!
- Amma
Moskva da şimalda deyil axı.
İvan Alekseyeviç
dedi:
- Bilirəm,
ancaq biz indi Peterburqa gedirik!
-
Bağışlayacaqsınız: indi biz üzü Moskvaya
gedirik!
Təzə
bəy hədsiz heyrətlənir:
- Necə
yəni Moskvaya gedirik?!
- Qəribədir...
Bəs bileti haraya almışdınız axı?
-
Peterburqa.
- Elə
isə muştuluğumu verin, çünki yanlış qatara
əyləşibsiniz.
Sonrakı
yarım dəqiqə sükut içində keçir.
Yerindən
qalxan təzə bəy küt baxışlarla
vaqondakıları süzür, Pyotr Petroviç isə ona
bunları izah edir:
- Hə,
hə, görünür, Boloqoyedə siz tələsik
qaçıb, başqa səmtə gedən qatara minibsiniz... Yəqin
konyakın təsirindən siz qarşı tərəfdən
gələn qatarı özünüzünkü
sanıbsınız.
İvan
Alekseyeviçin bənizi ağarır, o, başını əlləri
arasına alıb, vaqonda iti addımlarla var-gələ
başlayır. Öz-özünü məzəmmət edir:
- Ax, mənim
axmaq başım! Mənim kimi əclaflar gərək
şeytanlara yem ola! İndi mən başıma nə çarə
qılacağam?! Axı arvadım o qatarda idi! İndi qadın
orada tək-tənha oturub, yolumu gözləyir! Əcəb təlxək
imişəm, ha!
Sonra təzə
bəy özünü divana yıxır, çibanı
basdalanıbmış kimi bükülüb, yumağa
dönür və zarıyır:
- Əcəb
bəxtəvər biriymişəm mən! İndi neyləyim
bəs? Axı nə?
Sərnişinlər
ona təskinlik verirlər:
-
Yaxşı, yaxşı... Boş şeydir bu...
Xanımınıza teleqram vurun, özünüz isə ləngimədən
kuryer qatarına minin. Bu yolla tezliklə ona
qovuşarsınız.
"Öz
xoşbəxtliyinin yaradıcısı" olan təzə bəy
hönkürtü vurur:
- Kuryer
qatarı! Bəs o kuryer qatarına ödənəcək pulu
mən haradan tapım?! Bütün pullar arvadda qalıb
axı!
Öz
aralarında pıçıldaşaraq hırıldaşan
yol yoldaşları bu "bəxtəvər"ə gərəkli
məbləği öz aralarında atışmaqla
toplamalı olurlar.
Anton
Pavloviç ÇEXOV
Dilimizə
çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.31.