Zəfər şairi
Naxçıvan ədəbi mühitində öz şeirlərilə
tanınan istedadlı
şairlərdən biri Alməmməd Eldaroğludur.
İstedadlı qələm
sahibinin kitabları, əsərləri sevilərək oxunur.
Çünki onun yaradıcılıq nümunələrində
həm şirinlik, həm mənalılıq, həm də
yüksək poetik əhval-ruhiyyə vardır. Şair Alməmməd
Eldaroğlunun əsərlərində mövzu müxtəlifliyi,
janr rəngarəngliyi olduğu kimi, ifadəlilik və
obrazlılıq zənginliyi və məharəti vardır. Səmimiyyət
və qəlbdən gələn sözlərin ifadəsi onun
yaradıcılığı üçün səciyyəvi
və xarakterikdir. Onun "Vətən əmanətdir"
(2011), "Mənim gördüyüm dünya" (2013),
"Niyə belədir dünya?" (2021), "Dağlar
qartalı" (2022), "Vətən harayı" (2022),
"Könlümün yurdu Vətən" (2023), "Zəfər
Günəşi" (2024) kitablarında oxunaqlı şeir və
poemaları toplanmış, Azərbaycanın şanlı zəfəri
tərənnüm olunmuşdur.
Şair
Alməmməd Eldaroğlu
vətən şairidir.
Yaradıcılığında həmişə sevə-sevə
təsvir və tərənnüm etdiyi bir Azərbaycan
vardır: hər qarışı, daşı, kolu-kosu,
ağacı, gülü-çiçəyi, hətta
tikanı, qanqalı ilə bağrına basdığı,
sevdiyi bir Azərbaycan yer alır onun
yaradıcılığında. Kitabda yer alan "Vətən
oğlusan", "Torpağına qurban, Vətən",
"Vətən Azərbaycandır",
"Könlümün yurdu Vətən", "Azərbaycan
- məmləkətim, diyarım" kimi şeirləri vətən
mövzusuna həsr olunmuş, vətənə məhəbbət
və bağlılıq duyğuları poetik əksini
tapmışdır.
Şairin
ilk sözü də,
son sözü də Azərbaycandan - vətəndən
başlayır. Şair çox böyük istedadla vətənin
mənəvi tərifini, dəyərini ustalıqla ifadə
etmiş, Azərbaycan adlı vətənin vətən mahiyyətini
bütün tərəflərilə sözdən xəritəsini
yaratmışdır. Bu mövzuda çox qiymətli, ustad sənətkarların
da əsərləri var. Amma sənətkar məharəti,
söz ustalığı ordadır ki, şeir tamamilə
orijinaldır, ifadə də, məna da tamamilə özünəməxsus
və yenidir. Şair çox haqlı olaraq ifadə etmək
istəyib ki, Vətən sadəcə quru torpaq deyil, Vətən
- səndən, məndən, ondan ibarət olan vətəndaşdır,
gözümüzü ilk açıb
gördüyümüz Sarıdaş kimi ilk obamız,
yuvamızdır. Vətən həm sevgi, həm kədərdir.
Vətən sevgimizin müqəddəs ocağı
Qarabağ, Şuşadır, ana dilimdir, Turan elimdir, qazimdir,
şəhidimdir, cahan pasportu, milli kimlik, ləyaqətim,
namusum, ona mövcudluq, inkişaf, milli birlik və zəfər
bəxş edən ulu düha Heydər Əliyev, Müzəffər
Ali Baş Komandan İlham Əliyevdir.
Şairin
hər bir əsərinin öz yeri, öz maraqlı ideya-estetik
keyfiyyəti, dərin mənəvi və əxlaqi mənası
vardır. "Vətən Azərbaycandır" şeirindən
başlayaraq şair "Könlümün yurdu vətən",
"Şənüzlü Şuşam", "Salam
olsun", "Azərbaycan" şeirlərində vətənə
məhəbbət və bağlılığın
etnopsixologiyası və fərdi vətəndaşlıq
duyğularını əks etdirib. Alməmməd Eldaroğlu
Naxçıvan ədəbi mühitinin o sənətkarlarındandır
ki, bu kimi əsərlərilə Azərbaycan vətəndaşlıq
lirikasını zənginləşdirməyə xidmət
etmişdir.
Şairin
yaradıcılığında vətənpərvərlik ruhu
qüvvətlidir, əsərin başlıca mövzusunu təşkil
edib. A.Eldaroğlunun yaradıcılığında mənəvi
olaraq böyük və bütöv olan bir Azərbaycan
vardır. Cənubi Azərbaycan, Naxçıvan, Qarabağ, Qərbi
Azərbaycan və Anadolu ruhunda yaşayan azərbaycanlılıq
duyğu və düşüncələri A.Eldaroğlu
şeiriyyətində türkçülük və Turan elləri
kontekstində özünü təcəssüm etdirir. Həm
də bu cəhətdən onun şeirləri Azərbaycan ədəbiyyatında
vətəndaşlıq lirikasını zənginləşdirən
qiymətli nümunələr olaraq diqqəti cəlb edir.
Şair
Alməmməd Eldaroğlunun
yaradıcılığı zəfər
duyğularının tərənnümü ilə zəngin
və özünəməxsusdur. 2020-ci ilin noyabrında
müzəffər və uzaqgörən, müdrik Ali Baş
Komandan İlham Əliyevin və qəhrəman, şanlı
döyüş qüdrətinə malik olan Azərbaycan
Ordusunun 44 günlük Vətən müharibəsində
qazandığı misilsiz qələbə hamının qəlbində,
ruhunda coşqu və fərəh hissləri doğurduğu
kimi, şair Alməmməd Eldaroğlunun da fəxarət mənbəyinə
çevrilmişdir. Bu baxımdan onun növbəti
kitabındakı şeirlərinin çoxunda məhz Qələbə
sevinci, Zəfər duyğuları yer almışdır.
Şair, əlbəttə ki, Vətənin bir, amma müqəddəs
parçaları olan Qarabağa, Şuşaya həsr etdiyi
şeirlərində, Ali Baş Komandana, rəşadətli
ordumuza, qazilərimizə və şəhidlərimizə həsr
etdiyi şeirlərində bütün sevinc və fəxarət
duyğularını yaşatmış, bu sevinci yaşadanlara
ümumxalq razılığını da poetik ustalıqla dilə
gətirmişdir. "Baş komandan, Milli Ordu" şeirində
şair 44 günlük Vətən müharibəsinin əsl
qəhrəmanı, əzəmətli, müdrik şəxsiyyəti,
ümumən yeni əsrdə Azərbaycanın işğal
edilmiş torpaqlarının birdəfəlik həlli məsəsləsini
köklü surətdə həll etməyə qadir olmuş
Müzəffər Ali Baş Komandan İlham Əliyevə və
şücaət və qəhrəmanlığı ilə hərb
tarixinə qızıl hərflərlə adını
yazdırmış Azərbaycan Milli Ordusuna minnətdarlıq
hissləri, əbədi minnətdarlığı ifadə
edilmişdir.
Azərbaycan 2020-ci ilin noyabr
ayında işğalçı və faşist Ermənistanın
üzərində cəmi 44 günə qazandığı
böyük Qələbə sevincindən yaranan vətəndaşlıq
duyğularının coşqulu örnəkləri ilə
süslənib. "Azərbaycan", "Baş Komandan, Milli
Ordu", "Günəşdən bir zərrə",
"Haqq yolu", "Vətən oğlu" kimi şeirlərdə
Azərbaycan xalqının qələbə sevinci, zəfər
məğrurluğu, milli qeyrət və qürur
duyğuları yüksək poetik pafosla əksini
tapmışdır:
Bayraq uca,
uğur zəfər,
Qələbədi yürüş, səfər.
O, müzəffər, bu, müzəffər,
Baş Komandan, Milli Ordu.
Alməmməd
Eldaroğlunun yaradıcılığında Qarabağ
mövzusu və Azərbaycanın şanlı zəfər
tarixi başlıca mövzu edilmiş, bir sıra şeirləri
daxil edilmişdir. Bu əsərlərin nüvəsində
xalqın milli birliyi və həmrəyliyi məsələsi
də başlıca yer tutmuşdur. "Birik, həmrəyik",
"Qarabağa gedən yol", "Şənüzlü
Şuşam", "Azərbaycan əsgəri",
"Xocalının harayına", "Tələs Zəngəzura,
Çilə tez qayıt!" kimi şeir nümunələrində
birlik və həmrəylik mövzusu, Qarabağa və Qərbi
Azərbaycana qayıdış məsələsi poetik şəkildə
yer almışdır. Şair "Azərbaycan əsgəri",
"Anda sadiq əsgərəm", "Dağlar aşıb
səndə olan məhəbbət", "Qazilər",
"Gah solur, açır gözlərim", "Şəhidim
qəhrəman leytenant Əli", "Dağlar
qartalı", "Öpəndə torpağı bayraq
kölgəsi" kimi əsərlərində Azərbaycan
övladlarının vətən sevgisi və qəhrəmanlıq,
cəsarət, fədakarlıq davranışlarını
qürurla təqdim yerinə çevirmişdir. Bu şeirlərdə
Azərbaycan əsgərlərinin vətənə, xalqa olan məhəbbəti
və onun bütövlüyü uğrunda göstərdiyi fədakarlıq
və qəhrəmanlıqları tərənnüm edilmiş
və nümunəyə çevrilmişdir. Bu əsərlərin
bir qismi konkret bir ünvana - bir şəhidə, qaziyə həsr
edilmişdir: "Dağlar aşıb səndə olan məhəbbət"
şeiri şəhid Gözəlov Rüfət Əzim
oğluna, "Gah solur, açır gözlərim"
şeiri şəhid yoldaşı Gülay xanımın
dilindən şəhid Novruzlu Ümid Bahadır oğluna,
"Şəhidim qəhrəman leytenant Əli" əsəri
şəhid leytenant Yusifov Əli Süləddin oğluna,
"Dağlar qartalı" şeiri və eyniadlı
poeması şəhid Məhəmmədhəsən
Sadıqlıya, "Qayıt gəl" şeiri Rəna
ananın dilindən övladı, şəhid Raqib Hüseynova,
"Öpəndə torpağı bayraq kölgəsi"
şeiri şəhid Novruzlu Ümid Bahadır oğluna həsr
olunmuşdur.
Müəllif Azərbaycana uğurla
rəhbərlik edən, hər sahədə
böyük qələbələr qazanan, 44 günlük Vətən
müharibəsində özləri haqda mif yaratmış Ermənistana
qarşı Böyük Zəfər əldə edən
Müzəffər Ali Baş Komandan İlham Əliyevə və
hünəri, döyüş məharəti və
bacarığı ilə tarixdə böyük ad
qazanmış Müzəffər Milli Ordumuza zəfər nəğmələri
qoşur, qürurlu vətəndaş minnətdarlığını
ifadə edir. Şairin mənsub olduğu xalqının milli
xarakter duyğularından irəli gələrək
qabartdığı, nəğmə qoşduğu sülhə
çağırış nidaları "Günəşdən
bir zərrə" şeirində çox aydın əksini
tapmışdır. Şair öz el-obasını, Müzəffər
Ölkəsini, böyük qələbəyə hər
cür töhfələr vermiş doğma torpağı
Naxçıvanı sülhün beşiyi, vətəni hesab
edərək hər ölkəyə sülh payı verməsinin
arzusu ilə yaşayır:
Qarabağ
dünyaya çağırış meydanı,
Xarıbülbül sülhün simvolu olsun.
Dünyanın sülhsevər xalqları
kimi,
Bütün yer kürəsi
sülhə qoşulsun.
Şair
bütün hallarda vətənpərvərlik hisslərini tam
səmimiyyətlə ifadə edir. İfadələrin
özünəməxsusluğu həm də onun sadəliyindədir.
Şair vətənə olan məhəbbətini səmimi
şəkildə ifadə etməklə ən duyğulu vətənpərvərlik
misraları ortaya qoymağa müvəffəq olmuşdur.
Şair Azərbaycanın şanlı 44 günlük Vətən
müharibəsindəki qəhrəmanlıq günlərinə
qayıdır, bu şanlı günlərdə Azərbaycan
övladlarının - şücaətli əsgərlərimizin
döyüş əzminə, fədakarlığına
şeirlər qoşur, onlara olan ümumxalq minnətdarlığını
ifadə edir. Şair "Zəfərin göyləri məxməri
səhər" adlı şeirində bu qələbənin
bayram sevincini ifadə edir:
Bayramdır,
bəzəyin ev-eşiyi,
Noyabr yurdumda cümlə-cahandı.
Ərzdən səmayadək sülhün
beşiyi
Mənim
Vətənimdir, Azərbaycandır!
Şair
çox yerdə və düzgün şəkildə Azərbaycanın
qazanılan zəfərini ata - ulu öndər Heydər
Əliyevin müdrik yolunun və uzaqgörən fəaliyyətinin,
ləyaqətli övlad, xalqın ümid
çırağı Prezident İlham Əliyev
üçün qoyduğu vəsiyyətin nəticəsi
hesab edir.
Şair
sevinc notlarını
"Şənüzlü
Şuşam", "Qazilər" və başqa şeirlərində
davam etdirərək Azərbaycan xalqının ümumi sevinc,
qəhrəmanlıq və vətən məhəbbətini
ifadə etmişdir. Şair, həmçinin Vətən
müharibəsinin şəhidlərinə hörmət, qazilərinə
ehtiram örnəkləri olan şeirlər də ərsəyə
gətirmişdir. Həmin əsərlərdə şəhid
və qazilərimizə böyük ehtiramla, minnətdarlıqla
bərabər, şəhid valideynlərinə də təskinlik
verən, minnətdarlıq edən gözəl əsərlər
ortaya qoymuşdur. "Şəhidim, qəhrəman leytenant
Əli", "Dağlar aşıb səndə olan məhəbbət",
"Haqq payı", "Qazilər", "Baharı
payız olan ana" və başqa nümunələr məhz
bu kimi duyğu və düşüncələrlə zəngin
olan əsərlərdirlər. Bu şeirlərin
arasındakı "Qayıt, gəl" şeiri daha təsirli
və ürəkgöynədəndir. "Qayıt gəl"
şeiri şəhid analarına rəğbət və onların
dililə təqdim edilmişdir. Şeirdə övlad itkisindən
doğan dərin bir yanğı özünü hiss etdirsə
də, vətənin birliyi, torpaqların
bütövlüyü, xalqın şərəfi, ləyaqəti,
namusu, dövlətimizin ucalığı naminə
özünü fəda edən övladların qəhrəmanlığından
doğan bir qürur, mənlik, fəxarət hissləri də
qabarıq özünü ifadə etmişdir:
Mən
üzümü ucalara tutmuşam,
Bir ümid ver, buralara qayıt, gəl.
Qara torpaq kül sovurur gözümə,
Kəmənd atıb buludlara
qayıt, gəl,
Bir ümid ver, buralara qayıt, gəl.
Ürəyimdə oğul dərdi
qubardı,
Ha boylandım, yollar səni apardı.
Mən Vətənəm, Vətən
səsim haraydı,
Rəhmin
gəlsin analara, qayıt, gəl,
Bir ümid ver, buralara qayıt, gəl.
Şair vətən
məhəbbətli duyğularının bədii əksini
"Qonaq gəldim", "Zəfər günəşim",
"Salam, Zəfər qalam, Yumruq qalam!", "Cismimi sədd
edin vətən üstünə", "Azərbaycan əsgəri"
kimi şeirlərində də davam və inkişaf
etdirmişdir. Şair bu şeirlərində vətənin
işğal altında olan ərazilərinin azad edilməsi qələbəsi
və sevinci fonunda özünün vətənə olan məhəbbət
duyğularını ifadə etmişdir. Şair "Qonaq gəldim"
şeirində azad edilən Füzuli, Cəbrayıl,
Şuşa, Zəngilan, Qubadlı və b. kimi vətən
torpaqlarına səfər etməsini vətəndaşlığın
milli iftixar və fərəh emblemi kimi təqdim etmişdir. Məhz
bu zəfər, qələbə Azərbaycan xalqına təkcə
vətən bütövlüyü deyil, həm də milli
birlik, el diriliyi bəxş etmişdir. "Salam, Zəfər
qalam, Yumruq qalam" şeirində də duyğularını
belə dilə gətirmişdir şair:
Salam, əziz
Şuşam!
Biz qayıtmışıq!
Salam, elim, obam,
Oylağım, salam!
Salam,
"Cıdır düzü",
Ey "Şuşa qalam",
Qarşıla Turanı,
Biz qayıtmışıq!
Ramiz
QASIMOV
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.30.