"Koroğlu"
eposunun mənşəyi,
tarixi-milli səciyyəsi və coğrafi arealı
Dünya xalqlarının dastanları sırasında və ümumtürk dastançılığı tarixində "Gilqameş", "Odisseya", "İliada", "Alp Ər Tonqa", "Şu", "Oğuz xaqan", "Kitabi-Dədə Qorqud", "Alpamış", "Manas" dastanları kimi, "Koroğlu" eposu da çox mükəmməl ədəbi-mədəni, bədii-fəlsəfi əsərlərdən biridir. Keçmiş sovet rejiminin qanlı repressiya illəri və bundan sonrakı ideoloji yasaqları şəraitində "Koroğlu" eposunun da nəşri, tədqiqi sahəsində müəyyən uğurlar qazanılsa da, xalq romanı ilə bağlı bir çox məsələlərin lazımi səviyyədə öyrənilib ortaya çıxarılması mümkün olmamışdır. Buna görə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra belə məsələlərin dərindən öyrənilməsi dövrümüzün aktual məsələlərindən biri olaraq qalmaqdadır. Bunlardan biri də eposun mənşəyi, tarixi-milli səciyyəsi və coğrafi arealıdır.
"Koroğlu" dastanının mənşəyinin çox qədim olduğunu ilk baxışda göstərən faktlardan biri "Alı kişi" qoludur. Adıçəkilən mifoloji qolda "iki dərya ayğırının sudan çıxıb ilxıda iki madyana yanaşıb, dəryaya qayıtması", Qırat və Düratın "40 gün gecə-gündüz qaranlıq tövlədə bəslənməsi", Qıratın qaranlıqda saxlanarkən "oddan iki qanadının olması", Misri qılıncın "göydən düşmüş ildırım parçası olması", dağda qoca bir ağacın altında çıxan "Qoşabulağın yeddi ildən bir iki ulduzun toqquşması nəticəsində köpüklənən suyundan içən Rövşənin qeyri-adi keyfiyyətlər qazanması" kimi motiv və epizodlar qədim türk inam və etiqadları ilə sıx bağlıdır. Vaxtilə prof. M.Təhmasib bu barədə "Azərbaycan xalq dastanları" monoqrafiyasında yazırdı: "Qədim türk eposunun bütün ünsürləri, yəni dağ kultu da, su kultu da, ağac kultu da, nəhayət və ən əsaslısı nur, işıq kultu da Qoşabulaqda birləşdirilir, adi kəndli balası olan Rövşən də məhz bu ünsürlərin sayəsində qəhrəman Koroğlu dərəcəsinə yüksəlir". Görkəmli eposşünas "Koroğlu" dastanının qədimliyinə diqqət çəkərək yenə göstərilən əsərində yazır. Araşdırıcılardan İ.Şopen dastanı Qaraqoyunlu, Ağqoyunlu aləmi ilə bağlamağa çalışmış, prof. İ.P.Petruşevskinin fikrinə görə, Cəlairi hərəkatı başçılarından biri daha qədim əfsanələrdə şöhrətlənmiş Koroğlu adını öz üstünə götürmüş, prof. P.Əfəndiyev dastanın son qolundakı "tüfəng məsələsinə" görə, onu odlu silahdan daha əvvəlki əsrlərlə bağlamış, eposu X əsrlə əlaqələndirib, Koroğlunu Sultan Mahmud Qəznəviyə, Eyvazı isə Ayaza oxşadanlar da olmuşdur. Prof. M.Təhmasibin diqqətə çatdırdığı bu mülahizələr eposun qədimliyini göstərən tutarlı faktlardır.
Bunlarla yanaşı, qeyd etmək olar ki, eposun mənşəyinin daha qədim dövrlərlə bağlı olduğunu göstərən dəlillərdən biri də dastan süjetinin "övladsızlıq" və "yenilməzlik" motivləri üzərində qurulmasıdır. Bu mənada, bəzi araşdırıcıların dediyi kimi, "Koroğlunun Dərbənd səfəri" qolunun dastanın süjet xətti ilə heç bir əlaqəsi yoxdur. Bizim də fikrimizcə, bu qolu aşıqlar sonralar uydurublar. Bunu da sübut edən dəlillər var. Belə ki, dastanda övlad həsrəti ilə yaşayan Nigar xanım Koroğludan soruşur:
Çənlibeli güllər bəzər,
Güllər saralsa, kim üzər?
Hər quş balasınan gəzər,
Niyə
sənin balan yoxdu?
Dastanın
Anadolu variantında da Koroğlu bu məsələ ilə
bağlı ömür-gün yoldaşı Səlma
xanıma deyir:
Koroğludur
Çamlıbelin aslanı,
Şəkər ilə, qaymaqla bəslər səni,
Səndən istər bir pəhləvan oğlanı,
Aman Səlma, insaf eylə, de mənə.
Səlma
xanım cavab verir:
Türk
qızıyam, soyum, sopum bəllidi,
Gözüm ala, saçım siyah
tellidi.
Türk
qızının dili
Tuti dilidi,
Bunu sən bil, mənə
inan, Koroğlu!
Bizim eldə
əhdə vəfa edilir,
Kəm söylənməz, doğru
yolla gedilir.
Fəzilətdə namus yolu güdülür,
Maraq etmə, mənə inan, Koroğlu!
Bu
şeirləşmə də aydın göstərir ki,
eposdakı "övladsızlıq" Səlma xanımla
deyil, Koroğlunun özü ilə bağlıdır. Buna
görə, Koroğlu Eyvazı Təkə-Türkməndən
Çənlibelə gətirdir, Nigar xanımın köynəyindən
keçirdərək övladı kimi qəbul edir.
Akad. A.N.Samolyoviç vaxtı ilə nəşr
etdirdiyi "Dədə Qorqud və Koroğlu" haqqında əfsanə"
adlı məqaləsində çox maraqlı bir fikir irəli
sürüb. Alim göstərir ki, "Koroğlu" ad-titulu
eposun Şərq variantındakı "Goroğlu" - (qəbiroğlu)
adından daha qədimdir. Bu fikir o vaxt prof. P.Əfəndiyevin
də diqqətini cəlb etmişdi. Ümumiyyətlə, məqalənin
imkanları daxilində eposun qədimliyini, tarixi-milli səciyyəsini,
yaranma və keçdiyi inkişaf yollarını əsaslandıran
faktlara istinadlar olunaraq yeni elmi fikirlərin söylənməsinə
çalışılacaqdır.
Dastan araşdırıcılığı sahəsində səmərəli
fəaliyyət göstərmiş akad. H.Araslı
dastanların üç yolla yaradıldığını
göstərmişdir. Bunlardan birinciyə görə, bəzi
dastanlar tarixdə yaşamış şəxsiyyətlərin
adı ilə bağlı müasirlərinin
yaratdığı şeirlər əsasında
yaradılmışdır. O, buna misal olaraq
"Koroğlu" eposunu göstərir. Aydın olur ki, bəzi
mütəxəssislərin araşdırmalarına görə,
bu dastanın əsası Koroğlu adlı bir şəxsiyyətin
özü tərəfindən qoyulmuşdu. Şübhəsiz
ki, eposun formalaşma dövründə Koroğluxan
aşıqların və aşıq məktəblərinin
rolu az olmamışdır. Amma bu da məlumdur ki, Koroğlunun
özü də şair-aşıq olmuşdur. Xalq şairi S.Vurğun da Koroğlunun Şərq
xalqları arasında təkcə böyük bir qəhrəman
kimi deyil, həm də bir xalq şairi kimi şöhrət
qazandığını söyləmişdir. Prof. İ.Abbaslı və akad. N.Cəfərov
da dastanın Şərq-Qərb versiya və variantları, bu
sahədə araşdırma aparmış türk, Azərbaycan,
özbək, rus alimləri haqqında məlumat verərkən
Koroğludan həm qəhrəman, həm də
şair-aşıq kimi bəhs edildiyini diqqətə
çatdırmışlar. Hər iki alim bu qənaətə
də gəlmişlər ki, "Koroğlu" eposu əvvəl
Azərbaycan və Kiçik Asiyada meydana gəlmiş, Orta
Asiyada yaranmış dastan silsiləsindən asılı
olmayaraq müstəqil dastan kimi yaranıb
formalaşmışdır. O da göstərilmişdir ki, Qərb
versiyasının əsasını təşkil edən Azərbaycan
"Koroğlu"sunun formalaşma və
yayılıb-yaşamasının ərazisi baxımından əsasən,
üç qaynar nöqtəsi olmuşdur: Güney Azərbaycanda
formalaşıb yaranan variant eposun Paris və Tiflis əlyazmaları
vasitəsilə qorunmuşdur.
İ.Abbaslı və N.Cəfərov nəşr
etdirdikləri "Koroğlu" eposu" adlı elmi
oşerkdə belə qənaətə gəlmişlər ki,
etnik-mədəni cəhətdən "Kitabi-Dədə
Qorqud" eposu Azərbaycan oğuz türklərinin bir xalq,
"Koroğlu" isə Azərbaycan millətinin
formalaşdığı dövrlərin məhsuludur.
Xalqın ictimai-siyasi problemlərini əksetdirmə
imkanına, estetik-poetik səviyyəsinə görə nə
Anadolu "Koroğlu"su, nə gürcü, kürd və
s. "Koroğlu"su Azərbaycan "Koroğlu"su ilə
müqayisə oluna bilməz. Çünki, belə demək
olar ki, Qafqazda yaşayan bəzi qeyri-türk xalqlarının
"Koroğlu"su əsasən, Azərbaycan
"Koroğlu"sunun ayrı-ayrı süjetlərinin
versiyası, bir çox hallarda isə bilavasitə tərcüməsidir.
Vaxtilə bəzi qeyri-türk xalqların ifaçı
aşıqları məclislərdə "Koroğlu"nun
süjetini Azərbaycan türkcəsindən çevirərək
öz dillərində (ermənicə, gürcücə)
danışmış, dastandakı qoşmaları isə məhz
Azərbaycan türkcəsində oxumuşlar. XVII-XIX əsrlərə
aid bir sıra əlyazmalar da bunu aydın şəkildə
göstərir. Bu son fikrə onu da əlavə etmək
lazımdır ki, göstərilən əsrlərdə
türk-müsəlman aşıqları bu sənətə
maraq göstərmiş erməni və gürcü
aşıqlarına da saz-söz sənətini öyrətmişlər.
Erməni aşıqlar öz şənliklərində bəzi
dastanlarımızın nəsr hissəsini ermənicəyə
çevirib danışmış, şeir hissələrini isə
çevirə bilmədiklərinə görə, Azərbaycan
dilində oxumuşlar. "Koroğlu" eposunun erməni
variantı da olmayıb. Azərbaycan "Koroğlu"sunun
coğrafi məkanının qərbində Anadolu
"Koroğlu"su, şərqində isə Türkistan
"Goroğlu"su yaranmışdır.
Anadolu
"Koroğlu"sunda dastanın
24 qolu məlumdur. Azərbaycan "Koroğlu"sunda
qolların sayı 25-dən artıqdır. Mükəmməl
çap isə prof. M.Təhmasibin nəşridir.
Türkiyə dastanında Koroğlunun adı Rövşən
Əlidir. Rövşən Əlinin atası Yusif Bolu bəyin
mehtəridi. Onun seçdiyi dayçanı Bolu bəy bəyənmir.
Ona görə də ilxıçının gözlərinə
mil çəkdirir. Rövşən Əlinin atası
dayçanı da, oğlunu da götürüb Boludan gedir.
Rövşən Əli atasının vəsiyyətilə
dayçanı qaranlıq tövlədə bəsləyir.
Dayça sonradan qanad gətirir, böyüyərək
tayı-bərabəri olmayan bir cins at olur.
Ata və oğul Anadolu
dağlarından başlayan Araz çayının kənarına
gəlirlər. Rövşən Əli Bingöldən enib gələn
suyun üç köpüyünü içib əbədi həyat,
igidlik qazanır. Rövşən Əli atası
öldükdən sonra Qıratla dağlara çəkilir.
Bolu bəydən atasının intiqamını alır və
bundan sonra Koroğlu adı ilə şöhrəti hər yerə
yayılır. Qeyd edək ki, Türkiyə folklorunda bir də
aşıq Koroğlu var.
Prof. A.Abıyevin ali məktəblər
üçün Bakıda nəşr etdirdiyi "Türkiyə
ədəbiyyatı tarixi" dərsliyində
yazdığına görə, Anadolu "Koroğlu"sunu bəzi
folklorşünaslar, o sıradan prof. F.Timurtaş və
Əli Öztürk islam dini yaranmamışdan əvvəlki
dövrə aid edirlər. Bunu da ümumtürk dastanları
"Ərgənəkon", "Şu", "Oğuz
xaqan", "Alp Ər Tonqa",
"Yaradılış", "Bozqurd" və
başqalarının sırasında sayırlar.
Folklorşünas E.İsmayılova
dastanın Azərbaycan
və Anadolu variantları əsasında nəşr etdirdiyi məqalədə
Koroğlunun məkanı - Çənlibelin yerləşdiyi ərazi
ilə bağlı özündən əvvəl söylənmiş
bəzi fikirlər üzərində dayanır və toponimin
yerini müəyyənləşdirməyə
çalışır. Şair-folklorşünas İ.Sadığın, M.Təhmasibin, o
sıradan Ə.Qaracadaği, V.Xuluflu, Z.Həsənov,
H.Zeynallı, M.Seyidov, Q.Paşayev, Dəniz Karakurd, A.Xozdko,
Metin Ekici, H.İsmayılov, S.Cəfərov, E.Müşeq,
A.Bakıxanov, P.N.Boratav, F.Sumer, P.Əfəndiyev,
Ü.Kaftançıoğlu, C.Anadol, Ə.Tanrıverdi və
digərlərinin fikirlərindən nümunələr verir. E.İsmayılovanın fikrinə görə,
tədqiqatçıların bir qismi Koroğlunun Çənlibel
qalasını özlərinin mənsub olduqları bölgələrlə
bağlamağa çalışırlar. O, Koroğlunun məskəni
haqqında tarixi qaynaqlara, tədqiqatlara əsaslanmayan
mülahizələr irəli sürənlərin də
olduğunu göstərir. Tədqiqatçı xanım
Çənlibelin real toponim deyil, rəmzi bir ad olduğunu
söyləyir.
(Davamı olacaq)
Yusif SƏFƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.28.