Danışan hekayələr, susan mətnlər
Ədəbiyyatın səhnəsi
Nəsrin,
xüsusən, romanın
dünyaya gəlməsinin
fundamental prinsipi var. Bu prinsip
Milan Kunderanın "Roman sənəti"
essesində (traktatmı
deyək?) parlaq ifadəsini tapıb. İnsan nəyisə düşünüb tapmaq
istəyəndə, təbii
olaraq işə ondan uzaqlaşmaqla başlayır... Özünün
və başqalarının
həqiqətindən. Bu mənada,
həqiqət - axtarılan
şey, nəsnə əslində yoxdur. Don Kixot, Sanço Panso da eləcə. Və bütün bunların fonunda onlara baxan Allah gülür, təbəssüm
edir. Roman tanrının
təbəssümüdür, - Kundera belə qənaətə gəlmiş.
Hər bir nəsr mətnində,
deyək ki, hekayədə
Folknerin terminiylə məğlubiyyətin əbədi
çələngini ("the best
splendid") əldə etmək
(həqiqi olandan qaçmaq, ona qarşı nəsə yaratmaq üçün - !) bu mənada
çox çətindir.
Qatmaqarışıq və qorxulu, təhlükəylə
aşıb-daşan bir
dövrdə Şoloxov
buna necə nail olurdu?
Böyük əhvalatlardan necə
yaxa qurtarmaq olar? Böyük, yəni uzandıqca uzanan və anlatmaq istədiyi şeyləri azdırıb
yarıyolda itirən əhvalatları deyirəm.
Belədə bir nasirin cild-cild heç nə anlatmayan külliyyatı meydana çıxır. Məsələ, şübhəsiz
ki, kimin nə qədər əsər yazmasında deyil, əslində nəfəsini
tam olaraq hansı bədii mətnə verməsindən gedir söhbət.
Şahmarın, Azər Abdullanın
hekayələrində nə
qədər məhz nəfəslə "isinmiş"
mətn pasajları
var! Bəzən "bircə
nəfəslik mətni"
yaratmaq üçün
bir ömür bəs eləmir. Ardınca kimsə gəlir öz üslubunda onu davam etdirmək işinə qoşur.
İlham Əzizin "Bahar xəstəliyi" hekayəsində
bu nəfəsi "göstərən" bir
neçə pasaj var
- elə pasajlar ki, bədii mətn adına danışa bilir. Hekayə "Ədəbiyyat qəzeti"ndə
çap edildiyindən
məzmunundan xəbəriniz
var. Personajın dediyi
"Atam Krıma gedəndə dolanışığımız
çətinləşirdi, ümidimiz həyətdəki
heyvalara qalırdı.
Anam heyvaları bazarda satıb atam gələnə kimi bizi birtəhər
keçindirirdi. Satdığı
heyvaların pulunu sayanda əziyyət çəkirdi, çünki
əli pul görməmişdi. Pulları
yanbayan düzüb hesablayırdı." Bu hadisə
bir də Rəşad qardaşına
kəndə getmək
üçün komodun
üstünə pul qoymasıyla üst-üstə
düşür. Bununla
hadisə keçmiş
zamandakı olaya toxunub geri qayıdır.
Bu toxunma zamanın
"rəngi"ni dəyişdirir,
hekayədəki indiki
zaman dəyişir, keçmiş
də əvvəlki fonunu, vizuallığını
itirir. Bu nədir? Nə keçmiş keçmişdir, nə də indiki zaman indiki. Zamanlararası toxunuş olmayan mətnlər maraqsızdır.
Çox maraqsız.
Başqa
bir hekayə: Əli Novruzun "Sonuncu barista" hekayəsi.
Tam fərqli bir nəsnə, fərqli təhkiyə və çox fərqli detallar. Ancaq ikisinin oxşar cəhəti "danışan
və susan bədii mətn" prinsipində əyaniləşir.
Əlinin mətnində
"uydurulmuş gələcək"
var, həm də bütün tərəfləri
və fraqmentləri ilə qorxulu, qorxu saçan, soyuq, usandırıcı gələcək. Resurslar
bitib-tükənir, hər
şeyə limit, hədd
qoyulub, keyfinlə axıb gedən suya tamaşa edə, xəyala dala bilməzsən, xəyalın də bağlı qapıları,
duman çökmüş
aynası var. Qapını
açmaq, aynanın dumanını almaq istəsən, vaxtın çatmaz, oyundankənar vəziyyətə düşərsən.
Gələcək, bu mənada insanların oyundankənar vəziyyətinin
dəhşətini ehtiva
edir. Hekayə fraqmentlər üzərində
qurulub. Bunu nəzərə almaq lazımdır və belə olduğu üçün ondan ənənəvi təsvirləri
tələb etmək mənasızdır. Mətndə
bir balaca (qədərində - !) publisistik fon bədii mətləbin aşıladığı soyuqluğu
(sopsoyuq emosiyanı) səhnədən boyaboy göstərmək üçündür.
Bu hekayədə bu gündən gələcəyə
(həm də keçmişə qayıdışla,
- bunsuz mümkün deyil axı!), ordan bu günə
və həm də insan həyatının
kələ-kötür yollarına
(birdən özün
də bilmədən ekrandan yox olursan!)
yolçuluq var. Ad yaxşı,
təmtəraqlı səslənir:
sonuncu barista. Bu ad, eyni
zamanda real həyatdan
"sıçrayış"ı görüntüləyir. İroniya,
aydın məsələdir
ki, hansı zamandan bəhs edirsən-et, hadisələrin zamanını
indiləşdirir ("Hamı
klip çəkdirir...").
Kliplə bağlı
ironik "təbəssüm"
hekayədə yeganədir.
Daha çox olsaydı nə olardı? Daha çoxuna ehtiyac vardımı? Bilmirik.
İndiki
zaman hekayədə heç
də xəyal olmayan gələcəklə,
artıq bitib-tükənmiş
keçmiş arasında
əriməkdə olan
nəsnədir. Dayanıqlı
deyil. Bəlkə, bu səbəbdən hekayənin sonluğu elə bu əriməkdə
olan, artıq bəlkə də, gözdən itmiş məkana işarə edir.
Bu tipli ikinci pasaj,
yəni hekayənin təhkiyə axarını
"dayandırıb" təbəssüm
edən pasaj indili və əbədi keçmiş
zaman məsələsini ortaya
qoyur (...İndi sürücü
var? Kimə lazımdır
sənin maşın sürməyin? Bəlkə,
ancaq Naxçıvanda.
Orada maşını
adam sürməlidir. Elə eşitmişəm.
Amma onlar da kənardan
adam almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın Naxçıvana olsun).
Dünyada nə baş verib? Yəni proses artıq bitib, dünya başqa bir qatıyla üzdədir, insan orda günün "ehtiyacları"nı qarşılamaq
istəyir ki, özünü
tez tükətsin. Zamanın əvvəlki uğultusu batıb, səs lap aşağılara
enib, insanlar danışsa da, sadəcə,
dodaqlar tərpənir,
vird eləyir, keçmiş vərdişlər
sonuncu dəfə ekranda parıldayır və sönüb gedir.
...Kofebarda çox adam yox idi.
Təkadamlıq yerlərdə
Bakıdakı lüteran
icmasının pastoru
gözümə sataşdı.
Üzümü ona tutub bir az
ucadan salam verdim:
- Guten Abend, Doktor Tetmajer!
Doktor başını tərpətdi,
əlini ürəyinin
üstünə aparıb
"dobrıy veçer",
- dedi. Elşən kinayəsindən qalmadı:
- Bu da səni görən kimi rus dilini
praktika eləyir. Guten Abendin yenə
sənə qaldı.
Hər şey nə olduğu bilinməyən gələcəyə tələsir,
finalda Elşənin yox olması da bu qəbildəndir, zamanın uğultusu niyə yoxa çıxıb? Dünənə
qədər başqalarını
satanlar indi özlərini satırlar.
Ancaq bu, hekayədən çıxan
məsələ deyil.
Keçmişlə gələcəyin
arasında fırlanan
indinin əriməzdən
öncə macalı tapıb dediyi söz ola bilər.
Hər iki hekayə danışır. Fərqli
dillə. Qısa cümlələrin içində,
soyuq lava altında yatan enerjiylə. "Bahar xəstəliyi" ənənəvi hekayəçilikdən
sıyrılıb danışmağa
cəhd edir, tutarlı bədii detalların diliylə.
"Sonuncu barista" "yarımçıq"
fraqmentləriylə ümidsiz
gələcək qorxusunu
boyaboy, tam verməyə
çalışan bədii
mətn olmağa cəhd edir.
Bəzən gələcəkdə yazılan mətnlər artıq xatirəyə dönmüş keçmişin
yazılarını yeni rakursdan
göstərə bilir.
Bizdə bu tipli hekayələr çox yazılmalıdır
ki, yenidən qayıdıb
Mirzə Cəlili tam
yeni mətn kimi oxumağa başlayaq.
"İtmiş zamanın
axtarışında" romanıyla
Balzakın cildlərinin
yeni qatları açılmadımı?
Nəsrdə yeni şey köhnəni
diriltdiyiylə maraq doğurur və hadisəyə çevrilir.
Bu gözlənti bitməz.
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.29.