İnsanlıq mesajı hekayətlər biçimində
İnsan yer üzünün tək vətəndaşıdır - irqindən, genindən, qanından, milli mənşəyindən, dilindən və dinindən asılı olmayaraq. Dünyamız insandan çox insanlığın
hesabına formalaşıb,
yaşayıb və yaşamaqdadır. Ədəbiyyat
bu insanlığı
sözün ruhuna çəkərək bəşəriyyətə
təqdim edib. İstər poeziyada, istərsə də prozada, dramaturgiyada insana insani münasibət
ədəbi düşüncənin,
bədii təfəkkürün
leytmotivi kimi yer alıb.
Qloballaşan dünya düşüncəsindəki
mültikultural dəyərlər
əslində ayrı-ayrı
xalqların zaman-zaman söz
sənətində ifadə
olunmuş milli-mental şüurundan
qaynaqlanır. Azərbaycan
xalqının yaratdığı
çoxəsrlik ədəbiyyat
bu baxımdan dünya ədəbiyyatının
ayrılmaz bir hissəsidir.
Hekayələrini dövri mətbuatda
ara-sıra oxuduğum
Nəriman Fərman da
öz yaradıcılığını
əsasən bayaq dediyim humanizm ritminə "kökləyib".
Yazıçının "Qonaq otağı",
"Vicdanla üz-üzə",
"İrsi kövrəklik",
"İtmiş çamadan",
"Qəmər arvad",
"Qulaqlı papaq",
"Ürək adamı"
kimi hekayələrində
bəzən həsrətində
olduğumuz, bizə yuxu kimi gələn
insanlığın şahidi
oluruq. Və öz-özünə düşünürsən
ki, mümkün olanları
niyə mümkün etməyəsən? Nədir
qarşımızı kəsən?
Lovğalıqmı, xudpəsəndlikmi,
laqeydlikmi, yoxsa içimizdəki eqo?!
Ya zəlzələdən. Ya
da vəlvələdən beləyik...
Nəriman Fərmanın obrazları
əsasən, ətrafındakı
dost-tanışı, qohum-əqrəbası,
həmkəndliləri və
həmşəhərliləridir. Heç uzağa getməyən yazıçı
onların şəxsində
insan ünsiyyətinin
həssas tərəfinə
sözün sehri ilə
bir işıq salır, bu münasibətlərə bir
aydınlıq gətirir.
"Tənhalığın utanc
yeri" hekayəsində
Gülsüm nənə
tay-tuşlarını itirdiyinə
görə yaşamağından
utanır. Oğlunun dostu bu qadına
baş çəkəndə
o, hər şeyin yaxşı olduğunu söyləsə də, bir nigarançılığını
da gizlətmir:
- Tay-tuşlarım ölüb,
tək qalmışam,
ona görə utanıram...
Baxın,
insani münasibətlərin,
doğmalığın, abır-həyanın
bundan canlı tablosunu yaratmaq olarmı?
"İrsi kövrəklik"
hekayəsindəki Vaqifdən
öz dostu soruşanda ki, niyə bu qədər kövrəksən? O, deyir
ki, "neyləyim, bu
bizdə irsidir. Atam rəhmətlik də belə idi. Süfrə arxasında yemək yeyəndə bir də baxırdım ki, dayandı, gözlərindən
yaş gəlir. Deyirdim, ay ata, nə oldu, niyə
ağlayırsan? Cavab
verirdi ki, görəsən
Nurəddinin qızlarını
alan olacaqmı?"
Əslində Nurəddin bu kişinin yaxın qohumu, filan deyil,
dostudur. Ancaq, illərlə çörək
kəsdiyi, dost deyib ürəyini, ruhunu verdiyi, hər ovqatını bölüşdüyü
Nurəddinə bu canıyananlıq insanlıq
atributu deyilmi? (Baxmayaraq ki, onun qızları hələ uşaqdırlar...)
Hekayə
belə bitir:
"Allah qismət elədi,
atam o qızların üçünün də
toylarını gördü.
Həmin günlər
kişi yenə də kövrəlmişdi.
Ancaq onun bu dəfə titrəyən xəfif dodaqlarında təbəssüm,
gözlərində sevinc
vardı. Çöhrəsindən
nur tökülürdü".
Yazıçının "Qonaq otağı" hekayəsi
Azərbaycan insanına
dədə-babadan yaxşı
bəlli olan bir ənənəyə güzgü tutur. İkiotaqlı bir mənzildə yaşayan böyük ailə otağın birini "qonaq otağı" kimi toxunulmaz saxlayaraq qapısına qıfıl vurur. Azyaşlı uşaqlar bir otaqda yatıb-durmağa, yeməyə,
dərs hazırlamağa
məhkum olurlar. Valideynlər isə bu otağın toxunulmazlıq statusunu pozmaq istəmirlər. Aylar, illər beləcə keçir, qapısı qıfıllı
otağa baxa-baxa böyüyən uşaqlar
ayrı-ayrı ev-eşik
sahibləri olurlar, lakin qonağı gəlməyən "qonaq
otağı" onların
uşaq yaddaşından
silinmir.
Müəllifin qənaətinə görə
elə adətlər,
ənənələr var ki, onlara çağdaş prizmadan, müasirlik mövqeyindən baxmaq lazımdır. Hər kəlmə kəlam olmadığı kimi, hər adət də qanun deyil...
Nəriman Fərmanın hekayələrində
cəmiyyətə ötürülən
insanlıq mesajının
ideya-məzmun xüsusiyyətləri
oxşar olsa da, baş verən olaylar və olacaqlar fərqli biçimdədir. Sadə
insanların, sıravi
zəhmət adamlarının
vəzifə və mənsəb sahiblərinə
münasibəti, yaxud
əksinə, belə
nüfuzlu kəslərin
qapı-bacasında çalışan
adamlara verdiyi dəyər (yaxud, dəyərsizlik!) bədii
sözün süzgəcindən
keçirilir. "Xozeyin"
hekayəsi belə münasibətlərdən birinə
aydınlıq gətirir.
İyirmi
ildən artıq bir imkanlı adamın bağ evində bağban kimi çalışan, yeri gələndə hər işə əl atan Sahib öz "xozeynindən"
niyə və nə zaman inciyir? Əslində bu inciklik maddiyyat sarıdan deyil, xozeyin onun pul-parasını
həmişə artıqlaması
ilə verib. Amma Sahibin başqa bir "dərdi" var. İllər boyu ailəsi ilə ailəsinin də qaynayıb-qarışdığı, bir yerdə yeyib-içib, çörək
kəsdikləri "Xozeyin"
onun anasının yasına gəlmir. Qırxına qədər
gözü yolda qalır. Ancaq "xozeyin" gəlmir. Üstəlik, "xozeyinin"
bağa qonaq gəlmiş dostu Təvəkküllə ucqar
bir bölgəyə kiminsə qaynanasının
yasına getməyi planlaşdırması Sahibin
təpəsindən tüstü
çıxarır. Müəllifin
təhkiyəsi hər
şeyə aydınlıq
gətirir: "Görünür,
Sahibin xozeyininin düşüncəsində hardasa
bir boşluq var. Yoxsa 900 kilometr yolu qət edib,
dostunun dostu komxoz müdirinin qaynanasının yasına
gedir, amma 22 il ailəsinin, özünün
qulluğunda canla-başla
xidmət etdiyi işçisinin anasının
yas yerinə getmir. Halbuki Bakıdan Sahibgilin kəndinə saat yarımlıq yoldur".
N.Fərmanın bəzi
hekayələrində xalqdan,
el-obadan gələn xəfif bir yumor var ki, bu da onun yazılarına məxsusi şirinlik qatır. "Kepkalı balıq", "Qılınmamış
namaz borcu", "Adamı tanımağın
sirri", "Sərt
döngələrin sərgüzəşti",
"Qara qoçun nağılı", "Əmioğlular"
kimi hekayələrin qəhrəmanları sənin,
mənim, daha geniş mənada - elin, obanın yaxşı tanıdığı
insanlardır. Bu personajların populyarlığına
ona görə şübhə etmirik ki, məmləkətimizin hər
yerində onlara rast gəlmək mümkündür.
At arabasını yedəkli motosikletlə əvəz edən və tez-tez qəza törədən solaxay Əbdül kişi, qara qoçu kəsəcəyini hər
gələndə xalası
oğlu Vəzirxana reklam edən və birində də məcbur olub kəsən Zalış, gecələr
həyətinə çıxıb
ucadan öskürməklə
itə-qurda, qara-qorxuya
sərvaxtlığını nümayiş etdirən Şərif əmi əslində tanış
simalardır...
N.Fərmanın publisistik
yazıları da, hekayələrindən
məna, məzmun, mündəricə baxımından
heç də geri qalmayan qələm
məhsullarıdır. "Yol ayrıcında",
"Tək övladlar",
"Seçilmişlər", "Mələklərin fəryadı"
və s. məqalələrində
yazıçı hər
kəsi, bütövlükdə
cəmiyyətimizi düşündürən
problemlərin həlli
yollarını axtarır
və bunu yenə də insani münasibətlərdə
tapır.
Adil
CƏMİL
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.27.