Milli yaddaşımız -
varlığımızdır
Yaddaş
adamın ağlı kəsəndən onun ayrılmaz hissəsidir: yaşam yolunu kamera təki çəkir... Bu fərdi
"çəkiliş"dən toplumun (ərəbcə
"cəm" sözündən
"şəkillənmiş cəmiyyət"in), ulusun,
ölkənin tarixi yaranır.
Orxan Fikrətoğlu etkiləndiyim
"Yaddaş" yazısında
("Ədəbiyyat qəzeti",
17.01.2025) göstərir ki, "qlobal siyasi düzənin
yaddaşı yoxdur".
Belə çıxır
ki, son dönəmlərdə dünyada təbliğatı
aparılan qloballaşmaya
yön verənlər
Adəm törəmələrinin
yaddaşını silməyə
çalışırlar. Yəni
törəmizin min-min illərdir
yaratdığı və
artıq bitkin hala gəlmiş yaşam tərzini, kültürünü, dədə-babalarının,
millətinin dilini, bilgisini, bir sözlə, nələri
varsa, qloballaşma adını verdikləri öz qazanlarında qaynadıb yox etmək istəyirlər.
Amma onların yön verməyə çalışdıqları
bu qatqılı qloballaşmanın matrisi özlərinin quraması
olacaqdır. Dünyadakı
səbatsız millətlərin,
ulusların, önəmsiz
toplumların, tayfaların
beyinlərini yuyacaq, təmizlədikləri ağ
səhifələrə istədiklərini
yazacaqlar. Beləliklə,
öz keçmişindən,
kimliyindən, dilindən,
milli gələnəyindən qoparılmış insan toplumlarını istədikləri
səmtə asanlıqla
yönəldəcəklər.
Bu sətirləri yazarkən,
ötən əsrin
20-30-cu illərində Rusiya
şovinistlərinin milli dəyərlərimizi
yox edib, kommunizm, bolşevizm olmayan proletar mədəniyyəti ideologiyası
ilə başları doldurmaq cəhdlərini xatırladım. Bu olumsuz ideyaların arxasında çirkin siyasət dururdu. Amma qurbanlar versə də, millətimiz buna getmədi.
Kəndlərimizə də
işləmək adıyla
göndərilmiş rus
qızlarını millətimiz
qəbul etmədi, assimilyasiya siyasətinə
qarşı dirəşdi.
İndisə qloballaşma
şüarı arxasında
gizlənən məlum
güclər öz pazlarını çalmağa
törəsiz, səbatsız,
tarixsiz qurama toplumlar axtarırlar.
Bəs niyə bizlərə çox girişirlər? Birincisi, Qafqaz ölkələrinə, Türküstan
dövlətlərinə yeni səlib yürüşlərində
yol Azərbaycandan keçir. Zira, bu coğrafiya elləri, adamları üçün
Azərbaycan bir örnəkdir. İkincisi,
bizlər gizli-aşkar
gedən bu davanın ön cəbhəsindəyik. Bizi
yenmədən irəliləmək
olumsuzdur. Müstəmləkələrini,
xammal mənbələrini
itirən katolik Avropası son onilliklərdə
Rusiyanın zəifləməsindən
istifadə edərək
Qafqaz və Xəzər regionuna, oradan da Orta Asiyaya çıxmaq üçün yollar arayır. Ancaq ən münasib sandıqları bu marşrutun üstündəki
ölkələrin insan
və maddi resursları güclüdür.
Qədim tarixə, kültürə, dilə
malik Azərbaycanın qan
yaddaşının ayaqda
saxladığı döyüşkən
əhalisi vardır. Onu yenmək üçün ilk öncə
qan yaddaşını
məhv etmək gərəkdir. Bunun üçünsə
ən əlverişli
üsul səmtinin dəyişdirilməsi gərəkən
"Qloballaşma" ideyasıdır.
Zira, öz milli dəyərlərini,
dilini, tarixini, mədəniyyətini unudan
millətin əsgərində
Ana yurd anlayışı
olmur.
Mən qloballaşmanın tam əleyhinə
deyiləm, zira, bu, təbii prosesdir. Ta əski çağlardan Adəm törəmə-törükləri yaşamın bütün
sahələrində qaynayıb
qarışmışlar, seçim
edib yaxşını
götürmüş, bütövləşmişlər.
Amma proseslər doğal
axarla getmişdir.
Dini, siyasi, hərbi güclər ondan bugünkütək qullanmamışlar.
Mətbəxdən tutmuş,
geyim mədəniyyətinə,
tikintidə, texnologiyada
yeniliklər götürüb
özününküləşdirmişlər.
Zəiflər, kökü
olmayan qurama toplumlar güclülərin
içində ərimişlər.
Qloballaşmanın indiki gedişində
ona qarşı çıxmaq ağılsızlıqdır.
Zira, qloballaşma günümüzdə
iqtisadi, siyasi, texnologiya və mədəniyyət sahələrində
gedir. Bizim üçün ən həssas nöqtə mədəniyyət sahəsidir.
Biz millətimizin, ulusumuzun
özəlliklərini, dilimizi,
çox əskilərdən
gələrək formalaşan
kültürümüzü, törəmizi, mənliyimizi
saxlamaqla öz axarımızla getməliyik.
Ulu dədələrimiz Şumerlər
"iti axan çayın əksinə
üzməyi" ağılsızlıq
saymışlar.
İgid
oğullarımızın Vətən
uğrunda tökdüyü
qanlar, sərkərdələrimizin
can qoyduqları müstəqillik
dönəmində mən
dünyada ad qazanmış Bakımızın
küçələrində əcnəbi dillərdə
yazılmış dükan,
idarə adları olan lövhələri görəndə sinirlərim
gərilir. Rusiya işğalı zamanı
hər yerdə qurama rus dilinin
işlənməsi məcburi
idi. Bəs indi? Müstəqil dövlət olandan sonra necə? Öz dükanının,
yeməkxanasının, şirkətinin
adlarını əcnəbi
dillərdə yazıb
divara yapışdıran,
kimsənin məcbur etmədiyi o adamlar kimlərdir? Biz özümüzük,
Azərbaycan yurddaşlarıdır.
Bunun bir nədəni anlamsızlıqdırsa, başqa
səbəbi bir sıralarının özünü
bu millətdən saymamasıdır.
Bizlər
200 ildir Qafqazda yeni səlib davası aparan güclərin qloballaşmadan öz xeyirlərinə istifadə
etmələrini daima izləməliyik, onların
tələlərinə düşməməliyik.
Nədir bu tələlər? Cinsi azlıqların hüquqlarının
tanınması, gender bərabərliyi,
yalançı demokratiya,
uşaq hüquqları
və s. adlar altında yeni nəsillərin
min-min illər formalaşmış
düşüncələrini dəyişdirməkdir. Son 25 ildə
nə qədər gənc oğlan və qızlar cinslərini dəyişdirmişlər,
nə qədər valideynin ürəyinə
sağalmaz yara vurulmuşdur... Çox təəssüf ki, övladlarının
bu hərəkətlərinə
qarşı çıxan,
onların psixoloji durumunu müalicə etdirmək istəyən valideynlər polis idarəsinə
çağırılır, Avropadan maaş alan vəkillərin insan hüququnu pozma iddiaları ilə üzləşirlər.
Polisi də qınamaq olmur. Milli Məclis 2000-ci ilin əvvəllərində
Avropa Şurasının
tələbi ilə cinsi azlıqların hüququnun tanınması
qanununu qəbul etmişdir. O zaman kəsiyində
Azərbaycan buna məcbur
idi. Hay - ermənilər
hər tərəfdən,
həmçinin AŞ tribunasından
dövlətimizə qarşı
iftiralar yağdırırdılar.
Onlardan biri Azərbaycanda Avropa ölçüləri ilə
insan hüquqlarının
pozulması idi. Avropa Şurasına üzv olmaq istəyən Azərbaycanın
qarşısına qoyulan
tələblərdən biri
Qərbin təşviq
edib dəstəklədiyi
cinsi azlıqların hüquqlarının tanınması
idi. Yadımdadır,
90-cı illərdə yarıçılpaq
cinsi azlıqların paytaxtın mərkəzi küçələrində toplaşmalarına
polis mane olurdu. 2001-ci ildə
Azərbaycanın Avropa
Şurasına qəbul
edilməsi iclasını
müşahidə etmək
üçün Strasburqa
yollanan jurnalistlərin
arasında mən də vardım. AŞ-nın məşhur binasında 2-ci qata qalxan qonaqları ilk qarşılayan sevgililər
kimi bir-birinə qurşanmış iki gənc oğlanın böyük şəkli oldu... Avropa parlamentariləri qızğınlıqla
homoseksualistlərin, lezbiyankaların
hüquqlarını müdafiə
edirdilər. Erkəklərini
itirmiş "üçüncü
cins" olan bu adamlarla söhbət
zamanı əllə görüşməkdən iyrənirdim.
Bizim günlərdə başda
Fransa olmaqla, bir sıra Avropa
ölkələrində cinsi
azlıqlara yaşıl
işıq yandırılır.
Bu yaxınlaradək Fransa
hökumətinə Makronun
təyinatı ilə
başçılıq etmiş
homoseksual baş nazir rəsmi izdivacda olduğu kişisini xarici işlər naziri vəzifəsinə gətirmişdi... Katoliklərin
aparıcı dövləti
Fransa bir sıra dünya ölkələrində onu
dəstəkləyəcək, gərəkəndə küçələrə
çıxara biləcəyi
homoseksual və lezbiyankalardan ibarət 5-ci
kolonunu yaratmaq istəyir. Bunun üçünsə
yeniyetmə yaşından
gənclərin beynini
yumaq gərəkdir.
Orxan Fikrətoğlunun "Ədəbiyyat
qəzeti"ndə qaldırdığı
məsələ ilə
- "Ruhsal sərhədlərimiz
bu gün basqı altındadır.
Biz özümüzü bu
saxta beyin axınından qoruya bilirikmi? Bunun üçün
təşkilatlanmışıqmı?"
fikirləri ilə həmrəyəm. Bəli,
biz təşkilatlanmalıyıq. Gecikmirikmi?
Yazımı bir neçə
il öncə Quzey Afrikanın qədim Mərakeş şəhərində
qatıldığım simpoziumda
çıxış etmiş
bilim adamının sözləri ilə bitirmək istəyirəm:
"Bizim dəyərlərimizə
qarşı aparılan
təbliğat artıq
evlərimizə girmişdir".
Bu tanınmış şeyx
öz problemlərindən,
internet vasitəsilə ərəb
ölkələrində gənclər
arasında aparılan
təbliğatdan şikayətlənirdi.
Onun çıxışındakı
düşmənlərin təbliğat
maşını "evlərimizə
girmişdir" ifadəsi
illər keçsə
də, fikrimdən çıxmır. Zira, bu
sözlərdə ibrət
götürüləsi gerçəklik
vardır. Biz ruhsal sərhədlərimizi aşıb
evimizin içinə girmiş viruslarla üz-üzə qalmışıq.
Bu virusları yox etməksə bizim özümüzdən asılıdır.
Uşaqları, gəncləri
milli ruhda yetişdirmək,
özümüzü, dəyərlərimizi
onlara tanıdıb sevdirmək tək qurtuluş yoludur. Bunun üçünsə milli ideologiyamızı
yaratmalı, sıralarımızı
gücləndirib addımlamalıyıq.
Yüz illər boyu başqalarının yazıb-yazdırdığı tariximizi - Şumerlərdən
üzü bəri gerçək tariximizi
yeni, obyektiv redaktə
ilə özümüz
yazmalıyıq.
Fazil GÜNEY
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.26.