Üzümün göz yaşları
Hekayə
Anası
iri tiyanı, içərisində kal üzüm olan dəmir vedrəni və adına "duz daşı" dedikləri girdə daşı eyvandakı masanın üstünə
düzüb stulda öz yerini rahatlayan kimi 7-8 yaşlı oğlu qaça-qaça gəlib
masanın sol tərəfində
dayandı, əvvəlcə
qollarını masanın
qırağına, sonra
da çənəsini qollarının
üstünə qoyub
gözlərini zillədi
anasının əllərinə.
Anası
vedrədən iki salxım üzüm çıxardıb tiyanın
içinə qoydu, sonra duz daşını
götürüb kal üzüm dənələrini
yüngülcə əzməyə
başlayanda, elə bil uşağın içində nə isə titrədi, ardınca başını
azca dala itələyib içini çəkdi...
Anası
hənirtiyə başını
qaldırıb oğlunun
üzünə baxanda
baxışları toqquşdu
- uşağın maraq,
təəccüb və
heyrət saçan baxışları sanki qadının gözlərindən
girib duz daşından yapışmış
barmaqlarına qədər
bütün vücuduna
yayıldı...
- Nə olub, a bala, niyə belə baxırsan?
- Üzümlər dəyməmiş
niyə onları əzirsən, ana? - uşaq
handan-hana dilləndi.
- Ona görə ki, abqora - yəni dəyməmiş,
kal üzüm suyu düzəldəcəm...
- Bəs, bu üzümlər
yazıq deyil? Sən onları daşla əzib öldürürsən axı!
Anası
əl saxladı, amma dərhal cavab vermədi, görünür, hər şeylə maraqlanan bu sadəlövh uşağın bir-birinə
calayacağı sualları
onun başa düşəcəyi şəkildə
cavablandırmaq üçün
beynində hazırlıq
görürdü...
- Bilirsən, bala, məgər üzüm dəyəndə biz onu dərib dişlərimizlə
əzib yemirik?
Anasının gətirdiyi ilk arqumentin
məntiqi uşağı
çaşdırmadı:
- Dəymiş üzüm özü istəyir ki,
biz onu dərib yeyək, o da bundan sevinsin. Amma sən indi kal üzümləri
əzib vaxtından əvvəl öldürürsən.
Görmürsən, necə
ağlayırlar? - uşaq
barmağı ilə tiyanın içindəki
əzilmiş üzüm
dənələrini göstərdi.
Qadın
karıxdı...
Əvvəl istədi acıqlanıb
uşağı qovsun,
desin ki, get, hər yerə burnunu soxma. Amma bu fikirdən vaz keçdi: uşağı
narahat edən məsələlərə anlaşıqlı
bir nizam, izah vermək lazım idi.
- Oğul bala, Allah dünyanı belə yaradıb. Yəni nə yaradıbsa, dünyanın əşrəfi
olan insan üçün, ona fayda vermək üçün yaradıb.
Əgər sən deyən kimi fikirləşsək, onda gərək heç yumurtanı da yeməyək
ki, hələ doğulmamış
cücəni öldürürük,
ya da dana kəsməyək
ki, böyüyüb inək
olacaq. Elə bilirsən ki, bu kal üzümləri ona görə dərmişəm ku, əzib ağladam? Yox, qadası. Onların azca əzilmiş gilələrindən
abqora alınır. O
da dərman kimi bir şeydir, qan təzyiqini aşağı salır, qanı duruldur, əriştəyə, kəllə-paçaya
dad verir...
Uşaq
susdu. Deyəsən, anasının dediklərini
beynində götür-qoy
edirdi. Qəfildən ağlına gələn fikirdən elə bil diksinən kimi oldu:
- Onda belə çıxır ki, cavan adamları, uşaqları
öldürənlər də
pis iş tutmurlar? Televizorda kinoda görmüşəm
- uşaqları bir evə yığıb diri-diri yandırırdılar....
- Yox, oğlum, uşaq, cavan, qoca - fərqi yoxdur, adam öldürmək
günahdır və qadağandır. Buna qol qoyanlar Allahın üzünə ağ olan, şeytana xidmət edən vəhşilərdir....
Qadın
sözünü bitirən
kimi qalxıb içəri - mətbəxə
keçdi. Geri qayıdanda
əlində hündürlüyü
azından yarım metr olan üçlitirlik
butulka vardı.
- Bax, mən indi
azca əzilmiş bu dənələri bu qaba doldurub
ağzını bağlayacam,
sonra da gün tutan bir yerə
qoyacam. Qoranın suyu yavaş-yavaş şüşəyə yığıldlqca
Günəşin şüaları
onu qıcqırdacaq və alınacaq abqora, yəni kal üzümün suyu...
Sonra tiyanın içindəki
kal üzüm dənələrini butulkanın
dar boğazından içəri ötürməyə
başladı.
Uşaq
başa düşdü
ki, artıq vaxtdır,
əl-ayağa dolaşmaqdansa,
burdan uzaqlaşsa, yaxşıdır. Çevrilib
ləng addımlarla həyətə enən pilləkənə tərəf
getdi. Qəfildən nə fikirləşdisə,
dayandı, anasına tərəf dönüb ucadan dedi:
- Ana, mənim xörəyimə
heç vaxt abqora tökməzsən. Yaxşı?
Anası
gülümsəyib - Ay vələdüzna,
yaxşı - dedi. -
Amma mənim də sənə bir tapşırığım var. Bax, bu şüşəni
görürsən? - masanın
üstündəki butulkanı
göstərdi, - nə
qədər ki, sağam,
onu qoruyub saxlayacam. Mən olmayanda isə bu işi sən
görərsən. Hər
deyəndə belə
qablar buraxmırlar. Qoymazsan it-bata düşsün, sınsın.
Yaxşı?
...O vaxt ürəklə "Yaxşı" deyib söz vermişdim, ana.
Amma 27 il əvvəl sən
vəfat eləyəndən
sonra bu şüşəni axtarmaq
heç ağlıma
gəlmədi. Ruhun qarşısında günahkaram.
Amma xoşbəxtlikdən bu şüşə qab itməyibmiş və bu günlərdə sappasağlam özü qarşıma çıxıb
məni tapdı - ruhumu əzən xəcalət yükünü
heç olmasa, bir az yüngülləşdirmək
üçün...
Əlisəfdər HÜSEYNOV
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.25.