Lap ölüb qalmalı
yer idi könlüm...
Dedim, çiçəkləndi, gülləndi bəlkə,
Baxma, könüllərdən biridi könlüm.
Bir gün dilə gəlib dilləndi bəlkə,
Bəlkə, ayaq açıb, yeridi könlüm...
Dönməsin heykələ, büstə, demişdim,
Başımda tac olsun istə, demişdim.
Bu sevgi ayağı üstdə demişdim,
dayanıb, durduqca diridi könlüm...
Mən indi bildim ki, olur gor necə,
Adamın
içinə dolur qor necə...
Getmisən, xaraba qalıb gör necə,
Lap ölüb qalmalı yer idi könlüm...
Xatirələr örtür məni
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış yolu döydü.
Yağış çırpdı, dolu
döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim, yazanmadın.
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim,
ən yaxın yerin,
Çəkdiyin hər dağın
yeri.
Qalmayıb qalmağın yeri,
Dur, qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm, yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
xatirələr örtür məni...
İstəyir
Bu bağın-bağçanın bağbanısanmı,
Hardandı bu bağça, bu
bağ istəyi?
İçində yamyaşıl ağac
sevgisi,
Üstündə titrəyən yarpaq
istəyi...
Dil tapıb, yol gedər baxma, həyatla,
Döyənək etsə də dizini qatlar.
Bir gün bilmirsənmi başında çatlar
qorxaq adamların qorxaq istəyi?!.
Kimin ki,
çəkirsə qanı
qanını,
Qurbanlıq istəyir canım,
canını.
Millət
öndə sevir qəhrəmanını,
Fərqi
yox, ya ölü,
ya sağ istəyir...
Batdığı günaha, qüsula
baxmaz,
Ədəbə, ərkana, üsula
baxmaz.
Allaha üz tutmaz, Rəsula baxmaz,
Bitməz
adamların yasaq istəyi...
Görünər atdığı qədəmnən
belə,
Suçludu Həvvadan, Adəmnən
belə.
Adamı
ən doğma adamnan belə
ən çox torpaq sevir, torpaq istəyir...
Çatanda əlim özümə...
Mən özümdən yıxılanam,
Qoy
durum, gəlim özümə.
Elə,
düşdüyüm kimi
də
qalxım,
dikəlim özümə.
Elin-günün halı halım,
Zəhri
zəhrim, balı balım.
Ən qiymətlim, ən bahalım,
gövhərim, ləlim özüməm.
Həyan
özüm, qənim özüm,
Suyum özüm, dənim özüm.
Özüməm düşmənim, özüm,
vurğunum, dəlim özüməm.
Açam,
gülümü görəsən,
Yanam, külümü görəsən.
Gəlib
günümü görəsən
çatanda əlim özümə...
Düşməz
Dar gündə əlindən
tutar, adam var,
Tutmasan əlindən, batar - adam var.
İşığı bir elə çatar, adam var,
Adam var, evinə işığı
düşməz.
Bəlkə də tapılar
dərmana, vallah,
İstərlər çevrilər qurbana,
vallah.
Bu çölə, bu düzə, ormana vallah,
Mən boyda dəlisi, aşiqi düşməz.
A dünya, uymaram felinə bir də,
Gətirmə adımı dilinə,
bir də.
Gedirəm, mənimtək əlinə
bir də,
Dünyanın ən məsum uşağı düşməz.
Ha yanım, ha çıxsın
külüm yeddi qat,
Gözəlmiş yaşamdan ölüm
yeddi qat.
Qalxar göy üzünə zülüm yeddi qat,
Tanrım
nədən bir qat aşağı düşməz?..
Gedəcəm
Gülüm, bir az da səbr et,
gözlə, durub gedəcəm...
Günəş doğanda gəldim,
etsin qürub, gedəcəm...
Bu matəmdən, bu yasdan
çıxacam asta-asta.
Ürəyimə bir az da
qan uddurub, gedəcəm...
Bir gün, hər şey görəcəm
buracanmış, buracan...
Bir nağıl uyduracam,
oyun qurub, gedəcəm...
Nə ön var, nə də geri,
nə də ölməyin yeri...
Özümü diri-diri
unutdurub,
gedəcəm...
Günün biri
Günüm, günlər içində
mənimdi günün biri.
Səmtimdi, tərəfimdi,
yönümdü günün biri...
Biri hurim, pərimdi,
Biri
"Allah kərimdi..."
Dərdimdi, kədərimdi,
qəmimdi günün biri...
Birisi də əlacdı,
Üz tutdum, könül açdım...
Biri başıma tacdı,
qənimdi günün biri...
Ahımdı, amanımdı,
Sonuncu gümanımdı.
Lap elə imanımdı,
dinimdi günün biri...
Birisi quş qanadlı,
Birisi də ağ atlı.
Gəlmir
Qiyamət adlı
min ildi günün biri...
Mən bu viran ölkədə,
Öldüm səfdə, cərgədə.
Gözləyirəm, bəlkə də
dirildim günün biri...
Düşürsən, bir az
asta
düş...
Dünya
gidi, ömür fani,
vaxt qısa, yol uzun, gözəl.
Cavablaya
bilmədik heç
tək bircə sorusun, gözəl.
Üstəydin, gözüm üstdə,
düş,
Qalım
beləcə yasda, düş.
Düşürsən, bir az asta düş,
düş, Allah qorusun, gözəl...
Son verirəm, son, ağıma,
Dözəcəm sinə dağıma.
Göz yaşımı yanağıma
sərirəm, qurusun, gözəl...
Nədən yetişməz ki,
duam
Tanrıya...
Nə boş-boş xəyallar qurram içimdə,
Nə qızıl balıqlar toruma düşməz.
Yuxular görərəm eh, nə
biçimdə,
Biri də yozuma, yoruma düşməz.
Yaşadım od üstdə, köz
üstdə, bəlli,
Şükr ki, gəlmədim diz
üstdə, bəlli.
Qalxıb
öldürsələr söz
üstdə, bəlli
Peşəmə cangüdən, qoruma
düşməz.
Götürüb aparmaz küləyi
bir gün
Yalanı,
yanlışı, kələyi
bir gün.
Çevrilib mən olmaz mələyi bir gün,
Bir gün də mən düşən duruma düşməz.
Bu necə gülzarmış,
necə çəmənlik,
Olmadı
bir gün də bir quşa
dənlik.
Nə yeri mənlikdi, nə goru mənlik,
Evimə
düşməyən goruma
düşməz.
Bir şey ki, köləyəm,
qulam Tanrıya,
Ən qısa, ən kəsə yolam Tanrıya.
Nədən yetişməz ki, duam
Tanrıya,
Ərizəm gərəkən quruma
düşməz?..
Kəmaləddin Qədim
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.24.