Gedir
Süzülür nəğmələr, qulaqda qalmır,
Gah saza qoşulur, gah tarda gedir...
Ağacdan ayrılan budaqda qalmır,
Almada, heyvada, ya narda
gedir...
Səssiz
yazılanlar səsli
ürəkdi.
Sözlərin əlası, əsli
ürəkdi.
İnsan
vəfalı fəsli
ürəkdi,
Payız
da ötüşür, bahar
da gedir...
Ağrıdır ağlımı bir
dəli sancı,
Tanımır Allahı, yoxdu inancı.
Görən, kim uydurub xərci, qazancı?
Bazarın gəliri bazarda
gedir...
Tapıldım indicə, itdim
indicə,
Ah, nələr, ah, nələr
etdim indicə.
Başlamaz deyirdin, bitdim
indicə,
Bu gəlməz dediyin, gör, harda gedir...
Çiynimin yükündən damır
qollarım,
Sirrini heç kimə demir
qollarım.
Dəmir
yollarımdı dəmir
qollarım,
Düşüncəm söz adlı qatarda gedir...
Damarda qaynayan qan ilıq
ola,
Göz yaşı tökəsən,
göz balıq ola.
Qovuşmaq varmı ki, ayrılıq
ola?!
Kim yardan ayrılır, o, yarda
gedir...
***
Səninləyəm, ay dil altda
zəhər
gəzdirən adam,
Özündən özünü
bezdirən adam...
Dil altında zəhər-zəqqum
gəzdirənlər
İlan
olur axırda.
Ağıl başda olmayanda,
Başda
ağıl olmayanda
həqiqət də yalan olur axırda.
Dil altında zəhər özü,
dil üstündə zəhər
sözü
Görünsə də,
Düşüncəmin
aydan-arı sudan-duru
fikirləri
yalın
gözlə görünmür.
Quşqanadlı xəyallarım
arzuların səmasında qanad
çalır,
İlan
kimi sürünmür.
Düşüncəmin
gicgahına bir fikir sıx,
Can üstədi, qoy,
ölməsin mənalı söz...
İşıq düşür mənim
günəş ürəyimdən
düşüncəmə,
Düşüncəmin ağ vərəqli
kölgəsində şeir bitir.
Bax beləcə yaşayıram
Misra-misra,
sətir-sətir...
Gördüyündən soruş desin,
görünməyən
düşüncəmdə nələr var:
Düşüncəmdə doğulmaq var,
Yaşatmaq var,
yaşamaq var
ölüm yoxdu.
Ocağımda
Odum da
var,
Közüm də var,
külüm yoxdu.
Allah verən düşüncəylə
düşünürəm:
Eşq sevginin, eşq sevincin,
Bu kədər də boz ahındı,
al ahındı...
Nəyim
varsa, Allahındı;
Dil-dil ötən ağrılarım
lal ahındı.
Düşünürəm:
Bəs özümün nəyim
var?
Cavabını bilmədiyim
bu sual da
Allahındı.
Hər şey, hər şey
Allahındı,
O Allah da
elə mənim Allahımdı...
Taleh MANSUR
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, ¹7.- S.22.