Nəriman Həsənzadə və Klark qanunu
"Sevdiyim şairlər" silsiləsindən
Mən Xalq şairi Nəriman Həsənzadənin poeziyasının daimi oxucusuyam, hər dəfə oxuyanda yadıma məşhur Klark qanunu (adı ilə adlanır bu nəzəriyyə) düşür: İnsan, o cümlədən, söz adamları yaşa dolduqca onlarda enerji azalır, bilik, informasiya zənginləşir. - Fikrin birinci tərəfi ilə razılaşmaq istəməzdim, apardığım müşahidələrə və qənaətlərə görə heç də belə deyil. Bunun da bir sıra səbəbləri vardır: İstedaddan qidalanan İlham, seksual enerji - "libido", sublimasiya - yaradıcılığın yüksəlişi. Şairə gəldikdə, coşğun həvəs, vəcdəgəlmə, poetik ehtiras mövzu "tapılanda" onun fiziki görümü və maddi təsirlərlə yanaşı şeir hasilə gəlir. İsveç psixoloqu Z.Freydə görə, sənətkar psixoloji əhvalında - xəyalpərvərliklə nevrotik ilğım arasında qalır, onu - şairi yaradıcılığa sövq təşkil edir, həyati müşahidələrdən gələn nəticələr şeiri yazdırır. Nəriman Həsənzadənin poeziyası bu baxımdan daima maraq doğurmuşdur. O, dəfələrlə bir, yaxud iki-üç şeir yazmışsa, on-on beş silsilə şeirlərini toplu halında çap etdirmişdir. Düzü, mən bu poetik nümunələr haqqında yazmaq istəmişəmsə... Onun "Ədəbiyyat qəzeti"ndə "Qarabağ tarıdı, O Vətən tarı, bu Ağdam deyəndə, o Şuşa deyir" silsilə şeirləri Son (2024) yaradıcılığının məhsuludur. "Ulu Öndərə ilk görüşdə oxuduğum şeir" (1969) N.Həsənzadənin poetik kredosu kimi səslənir.
Bu eşqim, vüqarım, səndin, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qucağımı mehri-ülfətlə
Bağrıma basıram səni hörmətlə.
Şair sonralar da Ulu Öndər Heydər Əliyevə şeirlər həsr etmişdir. Bu onun poeziyasından qırmızı xətt kimi səslənmişdir...
Şair yuxarıda söylədiyim fikirləri sanki təsdiqləyir və "Şair, yenə yazır-sanmı?" sualını cavablandırır. Şeir yazanda dünyanın sirri ona agah olur: bəli, poe-ziya belə bir möcüzənin daşıyıcısıdır, "yazan zaman agah olur bu dünyanın sirri mənə" pıçıldayır! Üzünü ulu Tanrıya tutur, axı, şeir payını şairə bəxş edən də O deyilmi?
Soyumasın od nəfəsin,
Əvəzi yoxdur heç kəsin.
Ulu Tanrım çox görməsin
Öz sevdiyi şeiri mənə.
Unutmayaq ki, şeir möcüzədir, kəşfdir, qafiyələnmiş qrammatik sözlər deyil. Ədəbiyyatşünas T.Eliot poeziya haqqında demişdir: "Şairin şüuru saysız-hesabsız hissləri, cümlələri, obrazları toplayan və mühafizə edən özümlü qabdır. Yeni bütö-vün formalaşması üçün zəruri olan bütün hissləri toplaşana qədər onlar bu qabda qərar tuturlar".
Nəriman Həsənzadə üçün poeziya ilk misradan son sətrə qədər ruhdur, ruhun təzahürüdür, nəzəriyyələşdirmədən uzaqdır. Şairin poetik şüuru bütün təxəyyül qüvvəsilə onu zamanla üz-üzə qoyur və sosial-mənəvi münasibətlərə aydınlıq gə-tirir. Bu poetik sənət gerçəkliyə varan, olmuşları xatırladan metoddur, bu hissi şair şeir vasitəsilə həyata keçirir. Nəriman Həsənzadə xeyirxahı olmuş ədib Mir Cəlal Paşayevə və onun oğlu, akademik Arif Paşayevə iki şeir həsr etmişdir. "Mir Cəlal müəllimin xatirəsinə"də oxuyuruq:
Şair,
Mir Cəlalın isti nəfəsi,
Mənə Haqdan gələn
bir ilham idi.
Mən ata görmədim, atam əvəzi
Həyatda yeganə bir arxam idi.
Mir Cəlal
görkəmli yazıçı olmaqla yanaşı, xeyirxah
insan, pedaqoq idi. Pedaqoji Universitetdə mənə dərs
demişdi, kurs rəhbərim olmuşdu. Mən bu böyük
alimin, yazıçının nəsr
yaradıcılığı haqqında bir neçə il əvvəl
"Mir Cəlalın poetikası" adlı
üçcildlik "trilogiya"mı (1080 səh.) çap
etdirdim və ədəbi ictimaiyyət yaxşı
qarşıladı. Demək istəyirəm, şair Nəriman
Həsənzadə Mir Cəlal müəllimi yaddan
çıxarmır, eləcə də böyük oğlu
Arif Paşayevi. "Bizim qızlar" şeirini akademikin ad
gününə həsr etmişdir. Şeirin sonunda şair
deyir, olmuşları xatırladır və:
Bizə
bu uçuş xəyalı
Töhfə verən oğul
da var, -
Bir ölkənin Ağsaqqalı,
O getdiyi haqq yol
da var, -
O yol Tanrının düz yolu,
Arifdi,
Mir Cəlal oğlu!
Nəriman
Həsənzadə təsvir etdiyi hadisələrdə:
predmetlərdə, ithaf etdiyi şəxslərdə poetik
obrazlarını görür, duyur və idrak edir. Şair
"Həyatın bir anı"nı ya-şayır: hava
püsələyir, otaq isti olsa da, şair
üşüyür, bu "üşümə" fiziki
soyuqluq deyil, şairin şeirə köklənməsidir. Bu
soyuqluğu böyük müğənnimiz Arif Babayevin məlahətli
səsi isidir.
Əvəzi
yox, səsindəki məlahətin,
Haqdan gələn sərvətidir
bu millətin.
Sevinc xanım sevincindən aşıb-daşır,
Yerdə
sular, göydə quşlar pıçıldaşır.
Şair həyatın
bir anını beləcə yaşayır, bu həyatın
içində musiqi də səslənir, necə ki, xalq
artisti Mənsum İbrahimov "havalanıb oxuyur, səsi bənövşə
qoxuyur". "Elçin, yerə qoyma, əlindən
tarı, Elnurun kamanı göynədən tarı" -
Qarabağ
tarıdı, o Vətən tarı,
Bu Ağdam deyəndə, o,
Şuşa deyir.
Şeir kədərin,
qüssənin yaratdığı hisslərə biganə
qalmır, şairin canlı təsvirilə müşahidə
olunur. Nəriman Həsənzadə belə bir hissləri yaşamışdır:
"Abidə", "İllər, talelər" şeirlərində:
Kürdəmirdə
bir igid
şəhid oldu davada.
Kürdəmirdə bir qızın
Göyə qalxdı naləsi.
Möcüzələr yaratmış
Sən demə, bu dünyada,
-
misalmı?
Yadigarın
Yadigar Abidəsi!
Şairin
"İllər, talelər" şeiri məni çox uzaqlara
apardı: ötən əsrin 80-90-cı illərində
"Azərbaycan müəllimi" qəzetində
çalışırdım, redaksiyaya filologiya elm-ləri
doktoru, professor Sadıq Şükürov Gəncə Pedaqoji
İnstitutundan tez-tez baş çəkir, analitik məqalələr
verirdi, xüsusilə, Mirzə Cəlil və Səməd
Vurğunun yaradıcılığı haqqında çap
olunanın səhərisi Gəncədən şöbəyə
zəng atır, təşəkkürünü
çatdırırdı. Son dərəcə səmimi
insandı, şöbənin telefonu ilə Nəriman Həsənzadə
ilə danışır və görüşürdülər.
Sadıq Şükürov məhsuldar alim olmaqla bərabər,
təvazökardı. Nəriman Həsənzadə ilə Gəncədən
tanış idilər və şair barədə kitab da
yazmışdı. Onun ölümü ağır itkiydi, gərəkli
insan həyatdan köçəndən sonra qədrini bilirik:
Niyə
sağlığında yad olur bizə,
Görmürük o boyda bir istedadı?
Elə
ki getdilər -
Çıxırlar üzə,
Yüksək kürsülərdən çəkilir adı.
Niyə
yuxudadı, şöhrət
tanrısı,
Niyə
qarışdırır ağı
sarıya?
Niyə
o kəslərin oğlu,
ya qızı
Xəlvətdə fəxr edir -
Atalarıyla?!
Şair
dostunu unutmur, xatırlayır. Hər bir söz, fikir
adamının yaşadığı həyatda özündən
sonra iz qoymaq istəyi əbədidir. Hər bir söz, fikir
adamının həyata, dünyaya baxışı fərqlidir,
seçimlidir. Eləcə də yaşayan insanın
dünyasını dəyişəni xatırlaması.
Sadıq
Şükürovu xatırlayıram,
Təmiz
insan idi, alim
adıyla.
Onun sinəsində qaynar bir ilham,
Daim məşğuluydu tədqiqatıyla.
Nəriman
Həsənzadə ötən illəri, taleləri həsədlə
xatırlayır:
İllər
var, səsləyir bizi arxadan,
İllər təzələnir arada,
ancaq -
Alim var, hörmətlə keçdim
yanından.
Mən qibtə elədim, bu ada ancaq.
Poeziya bədii
fikrin subyekti olan insana münasibətində əxlaqi
meyarı əsas götürür - baxmayaraq bu, mütləq
deyil, varlığın gerçəkliyini poetikləşdirir,
insanların obrazlarını yaradır, bu, şair
duyğusunun həssaslığıdır, azadlığıdır.
Nəriman Həsənzadə şeirlərinin bir qismini
tanıdığı, şəxsiyyətlərinə
hörmət bəslədiyi
şəxslərə ithaf etmişdir. Bu sırada Amil
müəllimə, Elşad müəllimə, Rahilə Soltan
qızına, Arif Paşayevə və oğlu Nazimə!
Bu insanlar şairlə ünsiyyətdə olmuşlar, fikir mübadiləsi
aparmışlar, yaşadığı həyatın ona təsir
qüvvəsindən asılı olaraq həqiqətləri təhrif
etməmiş, təsvirində naturallıqdan
çıxarmışdır, insan davranışının
bütövlüyünü təmin etmişdi, onların
obrazını yaratmaqla şair duyğusunun həssaslığını
bir daha əyaniləşdirmişdir. "Ziyarət yolu"
şeirini əczaçı Elşad Hacıyevə həsr
etmiş, onun peşəsini, şəxsiyyətini, ailəsini
şeirə gətirmişdir:
Bakıda
bir yol var, Ziyarət yolu,
orda da bir evin bir darvazası.
Dərmanlar düzəldir bir
vətən oğlu -
dilində daim xeyir-duası.
"Deyin,
əl saxlasın tarixi yazan" şeirini şair "Zəfər
dastanı" əsərinin müəllifi Rəhilə
xanıma ithaf etmişdir.
Nəriman Həsənzadə yeganə
alim oğlu Nazimə unikal şeir həsr etmişdir. Şeirdə
ata - şairin Almaniyada infarktdan xəstə yatarkən
keçirdiyi - yaşadığı hisslərin
oyatdığı təəssürat oxucuda oğul məhəbbətini
əyaniləşdirir. Hər bir oxucunu ata və oğul
sevgisi, tənhalıq xiffəti düşündürür.
Bax, bu məqamlarda atanın oğul üçün
yaşantısı necə də səmimidir, ibrətlidir:
Arada
görürdüm, sən birtəhərsən,
Ürəyim gəlmirdi, düzü,
soruşam.
Mən səndən qorxurdum,
Xəstələnərsən,
Sən məndən qorxurdun, dözəmməz atan.
Bax, belə
ağır anlarda da dostlar dadına yetişir: Şair Simax
Şeyda, Qaraxan, Gəncə yazıçılarından birisi.
Bu adamların yoluxması xəstə üçün ən
böyük təsəlli olur! Və ata nəsihəti:
Yaxşı
insanlara yaxın ol, müdam,
Ünvanı çaşdırma ünvan
içində.
Bəzən mən özüm
də səndən danmıram,
İnsan
axtarmışam insan içində.
Şair Nəriman
Həsənzadənin poeziyası son dərəcə
polifonikdir, çoxqatlıdır. Çün, poeziya həqiqətlərin
və yalanların emosional - intellektual
yaranışıdır, şairin fərdi - özəl
üslubunun təzahürüdür. Poeziya duyğuların
qeyri-qrammatik qanunlarla bədii ifadəsidir. Hər bir şeir
daxili çırpıntıların
çuğlaşmasından qopduğu üçün oxucu əhvalına
baş vurur. Nəriman Həsənzadənin poeziyası təsviri
ilə, ahəngiylə, dinamikliyilə oxucu şüuruna təsir
göstərir, cəmiyyətə nüfuz etməklə
ictimai rəyi sürətləndirir, duyğuların simvolik tərənnümünü
canlandırır.
P.S. Nəriman
Həsənzadə şeirinin yaş həddi yoxdur, ona görə
ki, ilhamla daxili potensial enerji sönməzdir, güclü təkana
malikdir, zəngin müşahidədən qidalanır. Bu
prosesdə Klark qanunu öz gücünü itirir.
Allahverdi EMİNOV
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.23.