Əziz Alpautun
elmi və publisistik irsi
Həyatına dair yeni faktlar
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalından
sonra qürbətə
üz tutan şəxsiyyətlərimizdən olan Mirəziz Seyidovun (mühacirətdə
Aziz Alpaut) elmi və publisistik irsi, təəssüf ki, mühacirətşünaslıqda yetərincə araşdırılmayıb.
Mühacirətə getdikdən
sonra Almaniyada təhsil alması, mühacir siyasi çevrələrlə yanaşı,
Türkiyə siyasi dairələri ilə əlaqələr qurması
onu Türkiyədə
yaşayan azərbaycanlılar
arasında ön plana
çıxarıb. O, Türkiyədə
yaşadığı müddətdə
ixtisası olan dəriçiliklə bağlı
qiymətli əsərlər
yazıb, həmçinin
mühacir mətbuatda
silsilə məqalələr
qələmə alıb.
Mərhum yazıçı,
tədqiqatçı Zakir Sadatlının
onun ailəsi ilə əlaqələr qurması və xatirələrini nəşr
etməsindən sonra Əziz Alpaut şəxsiyyəti ölkəmizdə
gündəmə gəlib,
haqqında bir neçə məqalə
qələmə alınıb.
Lakin onun qiymətli irsi hələ ki yetəri qədər tədqiqata cəlb olunmayıb. Bu yazımızda
əldə etdiyimiz bəzi yeni məlumatları
təqdim etməyə
çalışacağıq.
***
Mirəziz Seyidov 25 (və
ya 27) iyul 1895-ci ildə İrəvan qəzasının Dilican mahalında Mirseyfəddin Seyid Mürsəl oğlu Seyidovla Şəhrəbanı xanım
Ağahüseyn qızının
ailəsində doğulub.
Əvvəlcə Tiflisdəki
1-ci kişi gimnaziyasında
oxuyub, daha sonra təhsilinə
Stavropol şəhərindəki 1-ci gimnaziyada davam edib, 1 may 1915-ci ildə tamamlayıb. Həmin il
Tartu İmperator Universitetinə daxil olub, əvvəlcə
tibb üzrə təhsil alıb, ilin sonundan etibarən
isə öz istəyi ilə hüquq fakültəsinə
keçirilib. Daha sonra o, Xarkov Universitetinin hüquq fakültəsində təhsilinə
davam edib.
1917-ci il inqilabından sonra Bakıya qayıdan Alpaut burada tələbə
təşkilatlarında aktiv
fəaliyyət göstərib,
Cümhuriyyət dövründə
isə Bakı Dövlət Dəmiryollarında
istintaq hakimi vəzifəsində işləyib.
İşğaldan bir
müddət sonra o da
həbs edilib, Sibirə sürgünə
göndərilib. Xatirələrində
sürgünlük dövrünü
geniş şəkildə
qələmə alıb.
Sürgündən qayıtdıqdan
sonra Ruqiyyə adlı xanımla ailə həyatı qurub, bu evlilikdən
İsmət adlı qızı doğulub.
Lakin Bakıda yaşamaq
təhlükəli olduğu
üçün əvvəlcə
Cənubi Azərbaycana
gedib, 1925-ci ildə isə oradan Türkiyəyə yola düşüb. Trabzona çatan Mirəziz bəy daha sonra
Almaniyaya mühacirət
edib, orada bir müddət dəriçilik sahəsində
işlədikdən sonra
Frayberq Dəriçilik
İnstitutuna qəbul
olub. Burada tanış olduğu
İlse-Mariya adlı xanımla ailə həyatı qurub, bu izdivacdan Gülər
adlı bir qız və Oxyay, Gökçə adlı iki oğlan
övladı dünyaya
gəlib. Türkiyəyə
qayıtdıqdan sonra
bir neçə yerdə çalışıb. "Beykoz Deri ve Kundura Fabrikası",
"Doğu Deri Tekstil
Sanayi Ticaret Limited Şirketi",
"Kapalı Deri Fabrikası",
"Elektrik ve Havagazı Şirketi"ndə
müxtəlif vəzifələrdə
işləyib. İşə
girməsində Əhməd
bəy Ağaoğlunun
rolu olub. Bu dövrdə dəri fabrikini ziyarət edən Mustafa Kamal Atatürklə
söhbətləşmək imkanı qazanıb, ondan Bakıda qalan anasının yanına gəlməsinə
köməklik istəyib.
Lakin ona bildirilib ki,
"oradan bir nəfərə yol açsaq, kimsə qalmayacaq".
Əziz
Alpaut mühacirətdə
bir müddət M.Ə.Rəsulzadə ilə
birgə addımlasa
da, daha sonra ona qarşı olan cəbhədə yer alıb. 1933-cü ildə Rəsulzadənin qərarı ilə o, şübhəli hərəkətləri,
firqənin ana xəttinə
zidd fəaliyyət göstərdiyi ittihamı
ilə partiyadan xaric edilib.
Ə.Alpaut 1948-ci ildə Ankarada
qurulmuş "Azərbaycan
Müdafieyi-Hüquq Cəmiyyəti"nin
qurucuları arasında
yer alıb. 1 fevral 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyinin
ilk qurultayında Ə.Alpaut
ümumi katib seçilib. Həmin iclasda M.Ə.Rəsulzadə
də fəxri sədr məqamına layiq görülüb.
Lakin 1951-ci ildə o, dərnəkdən
istefa verib, yenidən Rəsulzadə ilə yollarını ayırıb, bu təşkilata rəqib olaraq yaradılan Azərbaycan Milliyyətçilər
Dərnəyində təmsil
olunub. Eləcə də mühacirətdə
1950-ci illərdə Rəsulzadədən
fərqli yolda addımlayan Ceyhun bəy Hacıbəyli, Əbdürrəhman Fətəlibəyli
kimi şəxslərlə
birgə fəaliyyət
göstərib.
Əziz
Alpaut 1964-cü ildə
qurulan Türkiyə Milliyyətçilər Birliyinin
də üzvü olub, eləcə də Alparslan Türkeşlə yaxın
münasibətlər qurub.
O, 1988-ci
il iyunun 17-də Ankarada
dünyasını dəyişib.
Əziz
Alpautun elmi irsi
Əziz
Alpautun Türkiyədə
ixtisası ilə bağlı 4 kitabı işıq üzü görüb. Ən genişhəcmli kitabı
1957-ci ildə Ankarada çıxan "Tətbiqi
dəriçilik" adlı
əsəridir. 1945-ci ildə
Ankarada "Dilək çubuğu", 1954-cü ildə
xam qoyun dəriləri ilə bağlı, 1960-cı ildə
isə qaragül qoyunları və kürklük qoyunların
yetişdirilməsi ilə
bağlı əsəri
çap olunub. O, Türkiyədə 1946-1957-ci illərdə
Mixail Saltıkov-Şedrinin
bir neçə əsərini türk dilinə qazandırıb.
1966-cı ildə Dr. Fethi
Tevetoğlu ilə onun tərcüməsində
Gerhard von Mendenin "Kommunist
blokda milliyyət və məfkurə" kitabı Ankarada türk dilində işıq üzü görüb. 1967-ci ildə
isə Fridrix Şillerin "Turandot, Çin
şahzadəsi" əsərini
türk dilində çap etdirib.
Əziz
Alpautun publisistik irsi
Əziz
Alpaut mühacirətdə
"Mücahit" (Ankara), "Türk izi" (Ankara),
"Azərbaycan" (Münxen), "Türk birliyi", "Yeni İstanbul" və s. kimi mətbu orqanlarla əməkdaşlıq edib.
"Alpaut" soyadından
öncə yazdığı
məqalələrində "Mirəziz Seyidli" imzasından istifadə edib. Əhməd Cəfəroğlunun redaktorluğunda
çıxan "Azərbaycan
yurd bilgisi" jurnalının 1933-cü ilin
may ayında işıq
üzü görən
17-ci sayında onun
"Seyitli Mir Aziz" imzasıyla
"28 may istiqlal yolunda
azəri tələbələri"
adlı yazısı dərc olunub. Həmin il avqustun 5-də Əhməd Ağaoğlunun
baş redaktoru olduğu "Akın"
qəzetində "Seidli
Mir-Aziz" imzasıyla "İxracat mallarımız"
adlı iqtisadi mövzuda məqaləsi çıxıb. 1934-cü il soyad
qanunundan sonrakı məqalələri isə
"Aziz Alpaut" imzası
ilə işıq üzü görüb.
"Çınaraltı" jurnalının
1943-cü ilin mart ayında
çıxan 79-cu sayında
onun "Bozqurd bayramı" adlı yazısı dərc edilib. Bu yazıda o, Novruz bayramının tarixindən bəhs edib, Azərbaycandakı bəzi maraqlı adətləri yada salıb.
Münxendə Ceyhun bəy Hacıbəylinin nəşr
etdiyi "Azərbaycan"
jurnalında Əziz Alpautun "Qızıl ahtapot" (1952), "Milliyyətçilik"
(1953), "Ya Rusiya ilə birgə, ya da ona qarşı"
(1953) adlı məqalələri
işıq üzü
görüb. "Milliyyətçilik"
məqaləsində o, bu
anlayışın tərifini
belə təqdim edib: "Milliyyətçilik
müstəqil vətənin
hər sahədə inkişafı və millətin rifaha qovuşması üçün
çalışmaq, məmləkət
və millətin mənfəətini şəxsi
mənfəətdən üstün
tutmaq, Vətən istilaya məruz qalmışsa, hər fədakarlığı göz
önünə alaraq
onu işğalçılardan
qurtarmaq deməkdir".
Azərbaycan Milliyyətçilər Dərnəyinin mətbu orqanı olan "Türk izi" jurnalının 1954-cü ildə
çıxan yanvar-fevral
qoşasayında Dr. Əziz
Alpaut imzasıyla
"Açıq danışaq"
adlı məqaləsi
dərc edilib. O, yazısında Sibirə sürgün edilərkən
11 həbsxanada qaldığını,
Azərbaycanın işğalına,
qətliamlara şahid
olduğunu ifadə edib. "Türk izi"nin sonrakı saylarında onun "Qırmızı ahtapotun
yeni taktikası", "Qırmızı
iblisin yeni hərəkət
planı", "Bugünkü
Rusiyadan nə gözlənilir?", "Əbdürrəhman
Fətəlibəyli", "Dünənki və bugünkü rus siyasəti", "Qaş
düzəldərkən" adlı məqalələri
işıq üzü
görüb.
Alpaut Azərbaycan İrtibat Heyətinin sədri, mayor Əbdürrəhman Fətəlibəylinin
rusların göndərdiyi
casus tərəfindən öldürülməsi
hadisəsi ilə bağlı qələmə
aldığı yazısında
onu bu şəkildə
xarakterizə edib:
"Sanki dünən idi.
Sevgi dolu gözləri, gülər
üzü gözümün
önündədir. Münxen
təyyarə meydanında
məni qarşılayırdı...
Üzərindən iki
il yarım keçdi.
Onu qeyb etdik. Bu qeyb, bəlkə, öz qardaşlarımın itkisindən
də ağır gəldi mənə. Ölən qırmızı
köpəklərin əli
ilə qətlə yetirilən bir vətən aşiqi idi... Bütün qayəsi, bütün düşüncəsi canından
çox sevdiyi Azərbaycanın qurtuluşu
idi".
"Qaş düzəldərkən"
adlı məqaləsində
o, Müsavat firqəsinə
mənsub mühacirlərin
Amerikanın dəstəyi
ilə qurulan "Sovet İttifaqını Öyrənmə İnstitutu"
ilə əməkdaşlıq
etmələrini tənqid
edib, "Sovet İttifaqı" adlı
dövlət tanımadığını
ifadə edib.
Çingiz Göygölün baş
redaktorluğu ilə Ankarada çıxan "Mücahit" dərgisində
Əziz Alpautun "28
may xatirələri" (1959), "Vətən şairi Zəyəmli" (1959-1961), "Xatırlayıram" (1959), "Dəyişən zehniyyət"
(1960), "Milli birlik" (1960), "Xruşşovun növbəsi"
(1960), "Azərbaycanın qara günü münasibətilə" (1960), "Azərbaycan milli qurtuluş
birliyi" (1960), "Yeni kitablar"
(1960), "Sovet strategiyası"
(1961), "Əbdürrəhman Fətəlibəyli" (1961), "Daha bir böyük
itkimiz" (1963) adlı
məqalələri dərc
olunub. Sonuncu məqalə Ceyhun bəy Hacıbəylinin Parisdə vəfatı ilə bağlıdır.
Həmin yazısında
Alpaut Ceyhun bəylə bağlı xatirələrini də bölüşüb:
"Ceyhun bəyi ilk dəfə Bakıda tanımışdım. 1917-ci ilin
havası ixtilal qığılcımları ilə
dolu idi. Rusiyadan ayrılmaq arzusunu güdən millətlər bir cəmiyyət yaratmaq üçün daha çox nəşriyyatdan
faydalanırdılar. O əsnada
Bakıda bu məqsədə xidmət
edən rus dilində çıxan iki qəzet vardı. Onlardan biri olan "Baku" erməni millətçilərinin,
"Kaspiy" isə
türk millətçilərinin
orqanı idi və millətçi zənginlər tərəfindən
dəstəklənirdi. Məzkur
qəzet digər rus qəzetləri kimi çıxardı.
Amma ilk üç səhifəsi
elə görünərdi,
arxa səhifələr
isə çar xəfiyyələrinin nəzərindən
yayınardı, onlar sırf türkləri maraqlandıran yazıları
ehtiva edərdi...
"Kaspiy" qəzetini
oxuyan türk millətçiləri onu
sırf son səhifələrini
oxuya bilmək üçün alırdılar.
Qəzetin bu qismini "C. Dağıstani"
məxləsi ilə mərhum ülküdaşımız
Ceyhun bəy idarə edərdi. Bir gün bir toplantıda
onunla rastlaşdım.
Mənə nə üçün yazmadığımı
soruşdu. Daha heç təşəbbüs
etmədiyimi eşidincə
Ceyhun bəy həyəcanlandı və
dedi: "Bu, səbəb
təşkil etməz.
Hamımız, rusca yaza bilən hər kəs bizə yazı verməlidir. Hələlik
mücadiləmizi rusca
da olsa, millətimizə
çatdırmalıyıq. Bilənlər oxuyar, digərlərinə də
izah edərlər".
Beləcə ara-sıra
yazılar göndərməyə
başladım. 1917-ci il fevral
inqilabından sonra hüquq təhsili aldığım Estoniyanın
Tartu (Dorpat) şəhərindən ayrılıb Bakıya qayıtdığım zaman yenə
Ceyhun bəylə görüşdüm... Bir müddət
o, Parisdə, mən Sibirdə bir-birimizdən uzaq qaldıq. Nəhayət, Ulu Tanrı
bizi Münxendə görüşdürdü. Yenə
Vətən yolunda əl-ələ verdik,
milli məsələlərimizi müzakirə etdik".
Əziz
Alpautun 1970-ci ildə
"Devlet" məcmuəsində
"Yetər", "Əməkli
məmura cəza",
"Doğrumu, yanlışmı?"
adlı üç məqaləsi işıq
üzü görüb.
Yenə həmin il
"Ayşe" dərgisində onun "Seher abla", "Dünya döndükcə", "Goccuktur",
"İskan", "Kanalaksiyon",
"Abdallar" adlı
hekayələri yayımlanıb.
Bu illərdə onun müxtəlif türk qəzetlərində də
məqalələri dərc
olunub.
Azərbaycandakı ailəsi
Türkiyə arxivlərindən əldə
etdiyimiz sənədlərdən
aydın olur ki, Mirəziz Seyidov Türkiyəyə getdikdən
sonra ailəsini yanına gətirməyə
çalışıb. O, 28 avqust 1928-ci ildə Xariciyyə Vəkalətinə
müraciət edərək
Bakıda yaşayan zövcəsi ilə qızının İstanbula
gətirilməsini xahiş
edib. Bu ricanı nəzərə alan hökumət Bakıdakı
konsulluğa müraciət
edib. Türkiyənin Bakıdakı konsulu Fərid bəy 21 oktyabr 1928-ci ildə Xariciyyə Vəkalətinə
göndərdiyi cavabda
Beykoz dəri fabrikinin dabbaq mütəxəssisi Azərbaycan
mültəcilərindən Əbdüləziz Seyidin zövcəsi Ruqiyyə və qızı İsmət xanıma səyahət vizası üçün əmniyyət
müdirliyinə bəyannamə
vermələrinin gərəkli
olduğu bildirilsə
də, ailə üzvlərinin bu addımı atmadıqları
yazılıb. Buna görə
də Türkiyə tərəfi 25 dekabr
1928-ci ildə Mirəziz
Seyidova ailəsinin konsulluğa müraciət
etməsinin vacibliyini bildirib.
Sonrakı sənədlərdən bəlli olur ki, Mirəziz bəy 16 fevral 1929-cu ildə ailəsi ilə bağlı yenidən müraciət edib. Türkiyə arxivində saxlanılan müraciətin
mətni bu şəkildədir:
"Xariciyyə Vəkalətinə.
İstanbulda Yedikule. İmrahor.
Halit Bey sokağında
N 8 evdə yaşayan dabbaq mütəxəssisi
Əbdüləziz Seyid
tərəfindən istida.
29 kanuni-sani 1929 tarixli və N57739 məktubunuzu aldım. Bakı konsulluğundan sizə yazılanlarda yanlışlıq
olmalıdır. Rəfiqəmdən
9-10 ay irəli aldığım
məktubdan belə anlaşılır ki, Bakıdakı
konsul bəyi qızımla bərabər
ziyarət etmişlər
və tələb olunan anketləri və öz rəsmlərini konsulluğa
vermişlər. Ona görə
də yenə rica edirəm ki, məzkur konsulluğumuza bu xüsusda lazım olan əmri edəsiniz, bəy əfəndim".
Qeyd edək ki, bu sənədlərdə Mirəziz
bəyin adı "Abdül Aziz Seydi Bey" kimi verilib.
Təəssüf ki, Mirəziz Seyidov
ailəsini yanına gətirə bilməyib. Məhəmməd Əmin
Rəsulzadədə olduğu
kimi, onun da ailəsinə bolşevik Azərbaycanından çıxmağa
icazə verilməyib.
Türkiyə arxivlərindəki digər
bir sənəd Əziz Alpautun işi ilə bağlıdır. Belə
ki, prezident İsmət
İnönünün və
nazirlər şurasının
qərarı ilə
o, 7 iyun 1940-cı ildə
Ziraət Vəkalətinə
170 lirə maaşla işə götürülüb...
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.18-19.