Tarixin səsi kimi

 

Azər Turanın "Ulusu sevmək fənni" kitabı üzərinə

 

Filologiya üzrə fəlsəfə doktoru Azər Turanın bu günlərdə "Elm təhsil" nəşriyyatında nəfis tərtibatla nəşr edilən "Ulusu sevmək fənni" kitabı Bəxtiyar Vahabzadənin heyranlıqla "böyük müəllim" adlandırdığı Kitabın mübarək üzü kimi açılır oxucu gözləri qarşısında.

Əfqanıstanda əfqan, Türkiyədə türk, İranda azərbaycanlı, Misirdə ərəb olaraq bilinən, XIX yüzildə meydana çıxmış ittihadi-islam ideyasının müəllifi, panislamizmin qurucusu, türk milliyyətçi şeirinin mürşidi, Renanın İbn Rəşidlə qiyaslandırdığı Azərbaycan kökənli Şeyx Cəmaləddin Əfqaninin gerçək kimliyinin izləyicisinə çevirir oxucunu "Ulusu sevmək fənni".

Oxuduqca türkçülüyümüzün banilərindən olan İsmayıl bəy Qaspıralının böyük fikir adamı Çələbi Cahanın təbirincə, "məfkurələr fabriki" ünvanıyla tanınmasının fərqinə yetdikcə yetirsən.

Tokio məscidinin ilk imamı Əbdürrəşid İbrahimin ömürnaməsi kimi oxunur "Ulusu sevmək fənni".

Jan Jak Russo Axund Əbu Turab fikirdaşlığının oxşar məqamları ilk dəfə "Ulusu sevmək fənni"ndən keçir.

Əli bəy Hüseynzadənin şairanə turançılığından yaranmış Ziya Gökalpın "Qızıl alma Bakıdadır" qənaəti, "Turanın istiqlal beşiyi Bakıdır", "Turanın üç fışqıran qaynaqlarından birincisi Azərbaycandır" ismarlaması ilk dəfə "Ulusu sevmək fənni"də paraqraflanır.

Türk ədəbiyyatının iki böyük fikir zəlzələsi Tevfiq Fikrət Mehmet Akif "Ulusu sevmək fənni"ndə eyni müstəvidə, eyni səhifədə bir aradadırlar.

Bəktaşi dərvişi, şair, filosof, professor, pəhləvan, nazir, millət vəkili Rıza Tevfikin poetik dünyamıza "şair bütün varlığın ahəng mənasını sezən ruh olmalıdır" səslənişi "Ulusu sevmək fənni"ndə əks-sədalanır.

Oxuduqca Yusuf Akçura haqqında yeni düşüncələrə dalırıq. Əhməd Ağaoğlundan vətənçilik dərsi alırıq. Tatar xalqının mənəvi simvolu - 26 yaşlı Abdullah Tukayın talesizlik təəssüfünü yaşayırıq. Türkiyə Cümhuriyyətini siyasi hərbi tənhalıqdan qurtaran ədəbiyyat professoru Fuad Körpülünün milli tədqiqlərin çağdaş modelini yaratmasının qürurunu duyuruq. Görür anlayırıq ki, Fuad Körpülü , Zəki Vəlidi Toğan da, Məhəmməd Hadi , Cavid Əfəndi , Abdurrauf Fitrət , Bəkir Çobanzadə , İsmayıl Hikmət bütün milli hünərvərlikləri acıları ilə bir arada burda, bu kitabda - "Ulusu sevmək fənni"ndə yeni ömürlərini yaşayır, missiyalarını sürdürürlər.

Kitabın "Uzun, incə bir yolda" adlı maraqlı Ön söz müəllifi, Milli Məclisin deputatı, ədəbiyyatşünas alim Elnarə Akimova Azər Turanın yuxarıda adı keçən şəxsiyyətlərə olan mənəvi sevgisinin borc hissinin dəyərini müxtəlif yönlərdən işıqlandırır. Haqlıdır ki: "Azər Turanın ömür fəlsəfəsini iki əsas söz müəyyənləşdirir: Məfkurə Sənət! Onun bütün tale mətnləri bu iki düşüncənin tilsimində doğulub. Türkçülük turançılıq yolunda fikir zəlzələsi yaratmış nəhəng şəxsiyyətlər, mənəviyyatı irfan işığı, kamillik zirvəsi ilə yoğrulmuş mürşidi-ərənlər, həyatları yarıda qırılmış qərib nakam ruhlar... Onun yazılarında tarixin səsini eşitmək olur... Azər Turanın türkçü kimi obrazı nəhəngdir, onun istənilən yazısını oxumaq bəs edər ki, təfəkkür əqidə vüsətinin hüdudlarını təsəvvürə gətirib, öyrənə bilək".

"Ulusu sevmək fənni"nə daxil edilən esse araşdırmaların hər biri bu deyilənlərin isbatı, şahidləri kimi nüfuz edir oxucu yaddaşına. Bu yazılanlar E.Akimovanın danılmaz qənaətləri ilə bir arada isbatlanır ki, Azər Turanın mətnləri türklüyün yaddaş intihabıdır: "Təbii ki, bütün bunlar ideal əməllərin timsalında min illik mənəvi dəyər intellekt potensialımızla qürur duymağımıza vəsilə olan qiymətli arsenaldır. Bu yazılanlar türk turan ənənələrinin fəlsəfəsini, onun zəngin mədəniyyətinin leksik-semantik-bədii mənasını özünə qaytarır... Onları bütün türk dünyası ilə bağlı mədəni-mənəvi təmizlik nöqtəsi adlandırmaq olar. Tarix mədəniyyətin bütün qatlarını tapmaq olar bu yazılarda..."

"Divan-ü Lüğat-it Türk"ün Azərbaycanda dünyada ilk tərcüməçisi Xalid Səid Xocayev bu qənaətlər ucalığından təqdim olunur "Ulusu sevmək fənni"ndə.

"Metafizik sürreal işıq, yaxud Bəhicə xanımın son yuxusu" bu fikir ucalığıyla qələmə alınıb.

Ulu öndər Heydər Əliyev barədə yazılmış ilk poetik mətn - Səhəndin "Elimin dayağı, yurdumun fəxri" şeiri bu fikir ucalığından incələnir.

Avropada Heydər Əliyev uğrunda mücadilənin lideri, alman alimi Ahmet Şmidenin haqqı bu yöndən uca tutulub "Ulusu sevmək fənni"ndə...

Sözügedən kitabda, əsasən, türkçülüyün türk tarixinin aparıcı hadisələri, türk düşüncəsinin müxtəlif mərhələləri araşdırılır, türkoloji problemlərə toxunulur. Türkçülük, turançılıq məfkurəsinin abidə şəxsiyyətləri barədə portret yazılar təqdim edilir.

Ən başlıcası, bu yazılanlar öz işinə tədqiq etdiyi sahəyə əsl vətəndaşlıq düşüncəsiylə böyük əmək sərf etmiş, sevgiylə yanaşan bir söz adamının yazılarıdı. Səmimi duyğuludur. Düşündürən mətnlərdir. Üslubu, yazı tərzi, məfkurəsi gözəl olandı.

AMEA- müxbir üzvü, professor Tehran Əlişanoğlu kitabda yer alan Son söz əvəzi yazısında qeyd etdiyi kimi: "Azər Turanın yeni əsaslı "milli modernizm" konsepsiyası vardır".

Xalq yazıçısı Anar kitabı yaxın dost, məsləhətçi, həmsöhbət olaraq dəyərləndirir.

Eyni fikrin, düşüncənin yolçusu olan kitablardandı "Ulusu sevmək fənni"... Dost, həmsöhbət olur, isidir, həyəcanlandırır, qürurlandırır, özümüzü özümüzə qaytara bilir.

 

Sərvaz HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.- 2025.- 21 fevral, №7.- S.15.