"Bizim Cəbiş
müəllim"in xanımı...
"Şəfiqə Məmmədova
planeti"ni kəşf
etməyə yüngülvari
cəhd
Bu günlərdə "Kino İttifaq"da
gözəl aktrisamız
Şəfiqə xanım
Məmmədova ilə
2 saat ərzində o qədər maraqlı söhbətlərimiz olub.
Ümumiyyətlə bir
müddətdir Şəfiqə
Məmmədovanı özüm
üçün yenidən
kəşf etmişəm.
Onun böyük aktrisa olması bir yana, inanılmaz
sadə və səmimi tərəfləri
var. Və ən əsası, özünə
hörmət edən aktrisadır. Mənim üçün çox xoş oldu Şəfiqə
xanım "Şəxsi
Əşyalar" verilişimin
Cahangir Novruzova aid olan son buraxılışı
haqqında fikirləri.
Dedi: "Vasif, çox diqqətlə izlədim. O veriliş 2 deyil, 3 saat da olsaydı, yenə də baxacaqdım. Cahangir bütün verilişi o qədər doldurub, o qədər zənginləşdirib öz
dünyagörüşü, öz savadı, düşüncəsi ilə.
Nə yaxşı ki,
televiziyalar üçün
belə bir alternativ veriliş hazırlamısan və Cahangir Novruzov bütün tabuları dağıtdı. Yəni
belə söhbətlərlə
belə baxış qazanmaq olar." Ümumiyyətlə Şəfiqə
xanım mənə elə mətləbləri
danışdı… İlahi,
o, Həsən Seyidbəylidən,
Nəsibə Zeynalovadan
Kalyaqinə qədər...
o qədər maraqlı
söhbətlər etdi
ki, mən sadəcə,
təəccüb və
heyrət içində
idim. Tamam başqa bir aləmə düşmüşdüm.
Bir müddət öncə
görkəmli aktrisa Ətayə Əliyeva haqqında "Film Fond"da
keçirdiyimiz kitab təqdimatında
Şəfiqə Məmmədova
özünəməxsus və
olduqca duyğusal çıxış etmişdi.
Ramiz Həsənoğlu ilə
bərabər zalda hamımızın gözü
doldu. Çox gözəl çıxış
idi. Bu çıxış
haqqında o gün istedadlı aktrisa Gülzar Qurbanova ilə də xeyli danışdıq. Şəfiqə xanım mənə dedi ki: "Vasif, sən Ətayə xanım haqqında kitabı mənə verdiyin zaman, mən elə otağa keçib dərhal onu səhifələdim. Kitabın
son səhifələrində sənət dostlarım Amaliya Pənahovanın,
Fuad Poladovun, Həsən
Turabovun xatirələrini
oxudum və onlardan sonra öz müsahibəmi gördüm. Doğrusu, mən unutmuşdum bu müsahibəm haqqında. Onu yenidən oxudum. Və başa düşdüm ki, mən
mütləq bu tədbirdə iştirak etməliyəm. Çünki
artıq mənim sənət dostlarım - Həsən, Fuad, Amaliya həyatda yoxdurlar. Mən həyatdayamsa, deməli, həm də onların da yerindən çıxış
etməliyəm!" Şəfiqə
xanım Fuad Poladovun Ətayə xanım haqqında bir cümləsini tez-tez xatırlayır. Deyir:
"Ətayə xanım
elə bir aktrisa idi ki, heç bir rol üçün minnət etməzdi." Şəfiqə Məmmədovada
da bu xarakterlər özünü büruzə
verir. Deyir: "Vasif, istəsəydim masamın üstündə
uzun bir kağızda yazılan filmoqrafiyamda 70-80 film olardı.
Mən bunu istəməmişəm. O qədər
obrazları sənət
dostlarıma vermişəm
ki. Demişəm, filankəslərə
verin".
Bir də Şəfiqə Məmmədovada nəyi kəşf etmişəm:
o bütün danışdığı
xatirələri o qədər
canlı, o qədər
maraqlı danışır
ki, elə bil səhnədə səmimi
bir səhnəcik izləyirsən. Yazımın
əvvəlində də
qeyd etdim axı, adam heyrətlə, böyük
diqqət və acgözlüklə onu dinləyir. Şəfiqə
Məmmədova bilirsiniz
ki, müsahibə verməyi,
danışmağı, efirə
çıxmağı sevmir.
Ancaq könül ortağı, ruh yaxınlığı olan
adamlarla hər sözünü paylaşa
bilir. Onunla söhbətləri bacardığım
qədər yaddaşımın
dərin qatına yazmağa çalışdım.
Şəfiqə Məmmədova
ilə "Bizim Cəbiş müəllim",
"İstintaq", "Xoşbəxtlik
qayğıları" filmindən
də danışdıq.
Nəsibə Zeynalova haqqında Pasaj bazarında maraqlı görüşünü o qədər
obrazlı şəkildə
danışırdı ki, gülməkdən
uğunurdum. Görkəmli
kinorejissor Həsən
Seyidbəylini də xatırladıq. Şəfiqə
xanım deyir: "Rasim Balayev, mən, Nəsibə Zeynalova onun sevimli aktyorları olmuşuq. Bizə xüsusi bir sevgisi vardı Həsən müəllimin.
Təsəvvür et, "Xoşbəxtlik
qayğıları" filmində
də Nəsibə xanımın obrazı yox idi, onu
xüsusi olaraq filmə Həsən müəllim əlavə
edirdi. Hətta Maqsud İbrahimbəyovun ssenarisində də Nəsibə Zeynalovanın
obrazı olmayıb, onu da Həsən müəllim ssenariyə əlavə edib. Onun çox böyük hörməti
vardı Nəsibə
xanıma, istəyirdi
filmlərində Nəsibə
xanım iştirak etsin." Şəfiqə
Məmmədova Əli
Zeynalov, Tofiq Kazımov, Mehdi Məmmədov,
Fazil Salayev haqqında da danışdı.
Hətta "Dəli yığıncağı" tamaşasında Səməndər
Rzayevlə, Həsən
Turabovla olan səhnələrini də
xatırladı; o qədər
maraqlı həyat və səhnə epizodlarından danışdı
ki, Şəfiqə xanım
mən onları çinədanıma yığıb-yığışdıra
bilmədim. Bu məqamda
haşiyə çıxaraq
bir məqamı da qeyd edim: 13 yanvar,
Teatr Xadimləri İttifaqından qocaman sənətkar Rafiq Əzimovla
birgə çıxıb,
birbaşa Rasim Balayevlə görüşə
getdik. Bu haqda bir müddət öncə yazı yazmışdım. "Kino İttifaq"ın
dəhlizində Rafiq Əzimovla
asta-asta gedirik, qəfil Şəfiqə Məmmədova qarşımıza
çıxdı. Rafiq müəllimlə
qucaqlaşanda Rafiq Əzimov
deyir: "Şəfiqə,
elə bir az əvvəl bizim Vasiflə sənin haqqında danışırdım. Səni
1964-cü ildə ilk dəfə
səhnədə görəndə,
Çingiz Aytmatovun
"Ana tarla" tamaşasında..."
Şəfiqə Məmmədova
dərhal müdaxilə
edir. Bu tamaşada sadəcə mossovkada olduğunu, əsas rolu olmadığını
bildirir və bu məqamda çox tarixi bir an yaşayıram; Rasim Balayev də
dəhlizdə bizə
qoşulur. Təsəvvür
edin, dəhlizdə sağ tərəfimdə
Rasim Balayev, Rafiq Əzimov dayanıb, solumda Şəfiqə Məmmədova həmin tamaşada Hökümə
Qurbanova ilə tərəf-müqabili olduğu
səhnəciyi danışır.
Şəfiqə xanım
sanki obrazı təkrar yaşayır. Deyir: "Rafiq, mizan belədir. Səhnədə
bu hissədən gəlirəm. Hökümə
xanım burda əyləşib" - Şəfiqə
Məmmədova əlindəki
çantanı döşəməyə
qoyur, əli ilə yerləri təyin edir. Rasim Balayev hansı
tamaşadan söhbət
getdiyini soruşur. Hamılıqla "Aytmatovun
Ana Tarla"sı deyirik.
Rasim müəllim başı ilə təsdiqləyir. Şəfiqə
xanım obrazdadır.
Elə bil həmin ildə, həmin zalda, həmin səhnədədir.
Üçümüz də
diqqətlə onu dinləyirik. Şəfiqə
xanım obrazın alt
qatlarına enib. İlahi, ürəyimdə dillənirəm
ki, "Kaş ki, kənardan
bir kamera olaydı, bu məqamı lentə alaydı". Mən indi tarixi
məqamın düz ortasındayam. Yəqin ki,
uzun müddət bu ovqat, bu
səhnə məni tərk etməyəcək.
Mən və bəlkə də əksəriyyətimiz Şəfiqə
Məmmədovanı "Azdrama"nın
səhnəsində görməmişik.
Ancaq Şəfiqə
Məmmədova səhnəciyi
o qədər dəqiqliklə
ifadə edirdi ki, elə bildim, 1964-cü ildə, elə zaldayam, həmin o səhnəciyi canlı izləyirəm. Bir cümlə
sözü vardı həmin məqamda. O cümləni o vaxt necə demişdisə, indi də eyni
ilə o cür ifadə etdi. Asta, həzin və pafossuz... Rasim Balayev və
Rafiq Əzimov Şəfiqə
Məmmədovanı böyük
bir maraqla izləyirdilər. Mən isə onların hər üçünün
reaksiyasını yadımda
saxlayırdım. Çox
dəhşətli görüntü
idi. Həmin gün səhərə qədər bu ovqat məni tərk etmədi. Bundan öncə Cahangir Novruzovla 3 saatlıq çəkiliş
etdiyim gün də eləydi. Eyforiyadan səhər 5-ə
kimi gözümə yuxu getməmişdi...
"Kino İttifaq"dan çıxanda,
gördüm Şəfiqə
xanım da arxamca gəlir. Deyir: Vasif, çıxırsan sən də?" Deyirəm: "Bəli, Şəfiqə xanım.
Gəlin birlikdə gedək." Dedi: "Konservatoriyaya gedirəm. Yol yoldaşı olaq". İnanırsınız,
yolboyu bizim söhbətlərimiz bitib-tükənmədi.
Şəfiqə xanımda
bir alicənablığı
qeyd etmək istəyirəm. "Şəxsi
Əşyalar" layihəsini
hamınız bilirsiniz
ki, iki-üç dəyərli
insanın, dostun dəstəyi nəticəsində
çəkirəm. Şəfiqə
xanım da bunu biləndə, dedi:
"Allah o insanlardan razı
olsun. Nə gözəl iş görürlər. Mən
onlara təşəkkür
edirəm." Bu çox
böyüklükdür, e." Şəfiqə Məmmədova
verilişə sponsorluq
edən tanımadığı
adamlara minnətdarlıq
edir ki, onlar mənim layihəmə dəstək olurlar. Çünki bu dövrdə mədəniyyət
layihəsinə dəstək
olan adamlar barmaq sayısı qədərdir. Bu, Şəfiqə
Məmmədovanın həm
də bir insan kimi böyüklüyünün
sübutudur.
Yolboyu Şəfiqə xanımla
birgə gedirik. Nizami Kinoteatrının arxasına keçəndə
bir nəfər uzaq məsafədən"Vasif,
Vasif", - deyərək
məni səslədi.
Papağı qulaqlarına
kimi keçirdiyi üçün uzaqdan tanımadım. Ancaq bir cümləsi qulağımda ilişib qaldı: "Vasif, o xanım Cəbiş müəllimin arvadıdır?
Hə?" Bilmədim
Şəfiqə xanım
bu sözü eşitdi, ya yox, ancaq mən
ehmalca başımla təsdiq etdim. Bu məqamda həyat yoldaşımın mənə
ilişməsi də yadıma düşdü.
Bütün günü
əlimdə çanta
olduğu üçün
evə çantalı
gələndə mənə
ironiya ilə "Cəbiş müəllim"
deyə müraciət
edir. Axşam evdə deyirəm, "həmişə Cəbiş
müəllim deyirsən.
Bu gün həqiqətən
də, "Cəbiş
müəllimin həyat
yoldaşı ilə bərabər yol yoldaşı olmuşam. Özümü onun yanıda əsl Cəbiş müəllim
kimi hiss etdim." Gülür...
Konservatoriyanın önündə Şəfiqə
Məmmədova əli
ilə ovcumu sıxıb deyir: "Vasif, burda sağollaşmalı
olacağıq, ancaq mütləq, nə zaman istəsən gəl, söhbətlərimizi edək."
Gülümsünür. Sağollaşırıq. Ancaq
onun çox qəribə bir yeriş tərzi var. Mən bu
yerişi "Ad günü",
"Bizim Cəbiş
müəllim" filmlərində
də müşahidə
etmişəm. O yerişin
bənzəri yoxdur. O
yerişi izah edə bilmirəm. O yeriş təkcə Şəfiqə Məmmədovaya
məxsusdur. "Yeriş"
demişkən, Şəfiqə
xanım "Ad günü"
filmində küçə
ilə yeriş səhnəsindən danışdı.
Deyir: "Rasim müəllimə dedim ki, nə edirsiniz-edin,
mən bir dəfə o cür yeriyəcəm və siz onu gərək
bir dubla da çəkəsiniz. O ikinci dəfə alınmayacaq. Bir dəfə..." Elə də oldu, Rasim
Ocaqov o səhnəni bir dubla çəkmişdi.
Eləcə də
"İstintaq" filminin
finalı. Mətbəxdə
Şəfiqə Məmmədova
və Kalyaqinin səhnəsi. Təsəvvür
edirsiniz, bu səhnə improvizə idi. Belə bir səhnə ssenaridə yox idi. İmrpovizə! Bir dubla çəkilib.
Şəfiqə Məmmədova
və Aleksandr Kalyaqin o mimikaları cəmi bir dəfə
ediblər. Bildiniz də, Kalyaqin dişləri ilə Şəfiqə xanımın
əlində olan qovluğu dartışdırır,
Şəfiqə xanım
da ona sığal
çəkən formada
şillə vurur. Möhtəşəm səhnə
idi və bu möhtəşəm epizod improvizə imiş. Heyrət...
Beləcə bu özünəməxsus
yerişi olan gözəl aktrisa dahi Üzeyir Hacıbəyovun heykəlinə
sarı yol aldı. Yəni ki, Konservatoriyaya. Ancaq söhbətlərinin
dadı hələ də damağımda ilişib qalıb...
Çox istəyirəm
ki, Şəfiqə Məmmədova üçün,
ya kitab, ya veriliş edim. Ötən il onunla şəhərin
mərkəzində, "Kino
İttifaq"a yaxın
ərazidə təsadüfən
rastlaşdıq. Ayaqüstü,
bəlkə də bir 20 dəqiqə söhbət elədik. Kitab məsələsini şiddətlə tövsiyə
etdim. Çünki onda qatı açılmamış xatirələr
var. Şəfiqə Məmmədova uzun paltoda idi. Yenə
də obrazvari hərəkətlərlə mənə
bir əhvalat danışdı. Dedi:
"Vasif, o kitab səncə, lazımdır?"
Dedim: "Bəli, mütləq lazımdır,
Şəfiqə xanım.
İnanın, siz hamı üçün həmişə maraqlı
aktrisasınız". Dedi:
"Sənə bir hadisə danışacam və bu məni
sarsıdıb." Dedim:
"Buyurun". Deyir:
"Bir tanınmış
aktrisamız haqqında
kitab çıxmışdı.
Özü bu kitabın çıxmasına
çox maraqlı idi. Kitaba maraqlı
bir ad da
qoymuşdu. Bir dəfə küçə
ilə gəlirəm.
Gözümə zibil
yeşikləri önünə
düzülən xeyli
kitab sataşdı. Soyuq və küləkli
hava idi. Yavaşca zibil yeşiklərinə sarı
gəldim, yerə səpələnən kitablara
baxdım. Təsəvvür
elə, bir topa kitabların üstündə həmin
o aktrisaya həsr edilən kitab da vardı və
külək onun səhifələrini açıb-bağlayırdı.
Mənə o qədər
pis təsir etdi ki, bu
səhnə. Mən çox pis sarsıldım. Özümə
gələ bilmədim.
Əgər mən özümü dəyərli
aktrisa hesab edirəmsə və mənə də həsr edilən kitablar bir gün
zibil yeşiklərinə
atılacaqsa, ondansa bu kitab heç
çıxmasa yaxşıdır.
Düz deyirəm, Vasif?" Şəfiqə
Məmmədova bu həyat epizodunu mənə danışanda
yerimdə quruyub qalmışdım, doluxsunub
onu diqqətlə dinləyirdim. Sakitcə dedim: "Şəfiqə
xanım, əslində
çox haqlısınız.
Siz elə bir şey danışdınız
ki, adam dəhşətə gəlir
və görüntü
təsadüfən sizin
rastınıza çıxıb.
Təəssüf ki, ölkədə zibilliyə
kitab atan adamlar da var.
Mən başa düşürəm, bu situasiyadan sonra əlbəttə, adam heç nə etmək istəməz. Ancaq siz yenə
də bu haqda düşünün.
İnanın, bu lazımdır." Gülümsədi
dedi ki: "Gəl, zamana buraxaq..."
Sonda istəyirəm,
bir vacib məqamı da əlavə edim. Otaqda söhbət etdiyimiz zaman deyirəm: "Şəfiqə
xanım, sizdə boy, gözəl səs və qəribə şarm var". Şəfiqə Məmmədova dərhal müdaxilə edir: "Boy, səs o başqa, amma şarm deyil bu. Bu başqa
bir şeydir. Səhnədə mən başqa cür oluram. Mən mütləq şəkildə
həmin tamaşada tərəf-müqabillərimə vurulmalıyam. Mən bunu səhnədə yaşamalıyam ki, inandırıcı olsun. Bu olmasa, alınmayacaq.
Sən bunu yaşamalısan. Bir də qeyd edim,
dediyin şarm deyil, bunun adı
nəsə sirdir, sehrdir. Bu nəsə
başqa bir şeydir. Mən bunu izah edə
bilmirəm..." Şəfiqə
Məmmədova uzun müddətdir filmlərdə,
tamaşalarda olmasa da, ancaq günlərin
bir günü yaxşı bir ssenariyə çəkilmək
arzusundadır. Deyirəm:
"Şəfiqə xanım,
fikir verirsiniz, Eldar Ryazanov son filmlərində qocaman sənətkarları
bir yerə toplamışdı. Axecakovanı,
Qaftı, Qurçenkonu
və s. Elə yaxşı olardı ki, sizi, Şükufə
xanımı, Gülzar
xanımı, Rasim Balayevi, Cahangir Novruzovu bir arada
görmək". Şəfiqə
Məmmədova bu məqamda da dərhal müdaxilə edir: "Ay sağ ol, bax,
mən də razıyam belə bir şeyə. Rasimi, məni, Cahangiri nə bilim, bütün həyatda olan sənətkarları yığsınlar
bir araya. Niyə də çəkilməyək?! Yaxşı
ssenari lazımdır,
vəssalam, Ssenariii!"
Bəli, otaq söhbətlərimizin sonu
özümüz də
fikirləşmədən Alfred
Hiçkokun: ..."Yaxşı
film yaratmaq üçün bizə üç şey gərəkdir - ssenari, ssenari və bir də ssenari..."
fikirləri ilə bitir.
Vasif AYAN
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.16-17.