Poeziya və tənhalıq
üçün
doğulmuş Məmməd İsmayıl
Mən Mədəniyyət Nazirliyinin "Şur" nəşriyyatında direktor işləyəndə tez-tez bəstəkarlar qonağımız olurdu. Bir gün də xalq artisti Aqşin Əlizadə gəlmişdi: "Bəstəkarlar İttifaqının sədriydim, - əyləşən kimi sözə başladı, - bir gün Fikrət Əmirov otağıma girdi. Bu, təxminən, ölümündən bir il əvvəl olardı, nə özü bilirdi, öləcək, nə də biz bilirdik.
- Axır ki, rahat oldum! -
Dedi.
- Nə
olub, Fikrət müəllim?!
- Borcumun axırıncı hissəsini bu gün verdim!
Görün, dünya şöhrətli
bəstəkar da bizim kimi ehtiyac içində
çabalayırdı...
Hər bu söhbət yadıma düşəndə ustad şairimiz
Məmməd İsmayıl gözümün qabağına gəlir.
Cavanlıq çağlarından on illərlə birgə
işləyib, görüşüb, tanıdığım Məmməd
İsmayılı heç qədərincə pula məhəbbətli
görmədim. İndinin özündə belə pul ondan
ötrü ehtiyac deyil. Fikri-zikri sənət olan, poeziya olan Məmməd
İsmayıl, hətta pulu olanda belə, az qala,
"başını itirir".
Onun bir həyat həqiqəti var, o da düzlükdü,
doğruluqdu. Gənclik illərində də belə
görmüşəm onu, yaşlaşdığı
dövrdə də, ahıl çağlarında da...
***
Kəndimizdə
Qabil bibioğlunun mağazasının qabağı
"Birlik" adlanardı. Bura kənd kişilərinin
yığınaq yeriydi. Bir qayda olaraq yaşlı adamlara
yaxın oturmağa çalışardım. Onların
söhbəti mənə daha xoş gəlirdi. Odur ki, kənd
uşaqları, məncə, Həsənağa adımı
"qoca" qoymuşdu. Sözə-söhbətə
aşiqlik məni həm də məktəb kitabxanasına
aparıb çıxartmışdı. Atam ibtidai məktəbin
direktoru idi deyə, kitabxananın açarı məndə
olardı. Kitabların arasında eşələnəndə,
təzə gələn kitab bağlamalarını
açıb, mətbəə iyi verən vərəqlərə
toxunanda ürəyim atlanardı. O da yadımdadır ki, əksər
şeir kitablarının redaktoru bir nəfəri görərdim
- İsmayıl Soltan. Onda İ.Soltandan və onun redaktorluq vəzifəsindən
böyük titul tanımazdım. Bəlkə də məni
sonralar nəşriyyata çəkib gətirən bu maraq
oldu.
Bakıda
ali məktəbə imtahan verib, konkursa düşüb kəndə
qayıtdığım il idi - 1966. Bir gün kitabxanaya girəndə
bir bağlama gördüm. Açanda 16 ədəd əl
boyda, sarı rəngdə kitabça dağıldı
ortalığa. Acgözlüklə vərəqləyib
oxumağa başladım. Gördüm bu kitabçalardakı
şeirlər indiyəcən oxuduqlarımdan fərqlənir.
Bir kitabçanın üz qabığında "Məmməd
İsmayıl" yazılmışdı, birində "Musa
Yaqub", o birində "Ağasəfa", başqa birində
"Abbasağa"...
Onda bu qaraqaş, qarasaç, sifətlərindən həyat
eşqi yağan gənclərin xırda tərcümeyi-hallarını
gözümə təpmişdim.
1967-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə
qəbul olundum. Hardansa 4 nəfər doğmalaşıb
yataqxanada bir otağı özümüzə ev elədik.
Salyandan Nadir idi, Tovuzdan Nizamiydi, Şamaxıdan Telman idi, bir də
mən - Kürdəmirdən. Firidun adlı bir oğlan da
Nizamiylə gəlmişdi yanımıza.
- Hardansan? - Soruşdum.
- Tovuzdan.
- Hansı kənddən?
- Əsrik-Cırdaxandan.
Sevincək oldum:
- Doğrudan?
- Vallah!
- Məmməd İsmayılı
tanıyırsan?
- Necə tanımıram ki,
əmimdi?!
- Nə danışırsan?!
- Ağlıma sığışdıra bilmədim ki,
şair Məmməd İsmayıl bu adi qiyabiçi tələbənin
əmisi ola bilər.
- İstəyirsən, səni
tanış eləyim Məhəmməd
(düz oxudunuz, "Məhəmməd əmi" - Q.İ.) əmiylə?!
- "İstəyirsən" nədi?!
Firidun mənə lap Məmməd
İsmayıl kimi doğmalaşmışdı. Bir gün də
məni apardı Qoca əmisigilə - şair Məmməd
İsmayılla tanış eləməyə. Əlimdə təzə
aldığım kiçik bir kitab da vardı...
Rus şairi Sergey Yesenin yazırdı:
"şair Klyuyevi görəndə, məni tər basdı.
İlk dəfəydi canlı şair görürdüm".
Mənim
də ilk gördüyüm
canlı şair Məmməd İsmayıl idi. Məni tər
basmasa da, sadəcə, onun Məmməd İsmayıl
olmağına şübhə elədim. Fikirləşdim ki,
görən kimdisə, heç bəlkə də düz-əməlli
də...
Məmməd İsmayıl mənimlə
mehriban söhbət eləsə də,
qara qaşlarının altında acığa, hirsə
oxşayan kölgə görürdüm. Sonralar Firidun dedi ki,
bəs Məhəmməd əminin mədəsində problemi
var... Qoca müəllimin açdığı süfrədə
kolbasa, müxtəlif nemətlər olsa da, Məmməd müəllim
yalnız qatıqla kifayətləndi. Sonra da mənə
şeirin qayda-qanunlarından danışdı, çoxlu
mütaliə etməyi tapşırdı, sərbəst
şeir ustası Rəsul Rzanı da oxumağı məsləhət
bildi. Düzü, R.Rza yaradıcılığına
marağım yox idi.
Məmməd İsmayıl əlimdəki
kitabçanı alıb, şeirləri təhlil
etməyə başladı və hərəsinin də bir
yığın nöqsanını çıxartdı.
"Bu nədir, bu boyda kitabda bir şeiri də bəyənmədi"
narazılığı keçdi ürəyimdən.
Çünki elə bilirdim, nəşr edilən hər kitab
bir sənət əsəridi. Amma Məmməd müəllim
ürəyimə şübhə toxumu əkmişdi. O
görüşdən sonra oxuduğum hər şeydən
şübhələnməyə başladım. Asta-asta
"yaxşı nədir, pis nədir"i öyrənməyə
vərdiş yaranırdı məndə.
Bəli,
şair Məmməd İsmayılla görüşüm xarakterimə
belə təsir etmişdi - əsl mənada, xəsis
olmuşdum - sözün az qala sıxıb cecəyini
çıxardırdım. Hər hansı fikri ifadə etmək
üçün ən az sözdən istifadə etməyə
çalışırdım. Düzdü, bu, bədii
quruluğa aparıb çıxarırdı, amma inadımdan
dönmürdüm.
Təzə şeirlər yazır,
tez də qaçırdım Məmməd
İsmayılın yanına. Onda ustad Azərbaycan Radio və
Televiziya Verilişləri Komitəsində işləyirdi. Beləcə,
şeirin-sözün sirlərinə vaqif olmağa
başlamışdım. Hətta Məmməd müəllimin
təşəbbüsü və redaktorluğuyla fəaliyyətə
başlayan "İlham" adlı tele-verilişin ilkinə
çıxartdıqlarından biri də mən oldum. Mərhum
şair Məmməd Araz idi, alim Xudu Məmmədov idi, Zəlimxan
Yaqub idi, bir də mən.
Beləcə, ünsiyyətimiz davam
edirdi. Bir gün də
"Torağaylar" adlı şeirimi yazdım. Bu, 1967-ci il
idi. Məmməd müəllim şair Fikrət Qocaya zəng
etdi ki, bəs bir cavan var...
Dostum, gənc şair Tariyel Ümidlə getdim "Azərbaycan gəncləri"
qəzeti redaksiyasına. Fikrət müəllim şeiri
çox bəyəndi. "Yerdə daşdı, göydə
quşdu torağaylar" tapıntıdı, dedi... Şeir
gec də olsa, qəzetdə çap edildi və hətta
Zaqataladan bir qızdan məktub da aldım...
***
İllər
yel kimi ötürdü. Ali məktəbi bitirib 3 il öz
rayonumuzda müəllim işlədim. Onu da deyim ki, kəndimizə
qayıtdığım ilk günlərdə işim o oldu ki,
illərlə yazıb doldurduğum cızma-qaralarımla
haqq-hesab çəkim. Bir gün "uf!" demədən
içi "şeirlə" dolu dəftərlərimi təndirə
töküb, od vurdum. Anam dedi, ay bala, neyləyirsən, bəlkə
lazım olacaq?! Baxmadım sözünə. İkinci dəfə
isə evimizdə olan 20-30 illik istiqrazları yandırdım
ki, bəs vaxtı keçib. Bir müddətdən sonra
şeirlərimin bəxti açılmasa da, istiqrazların bəxti
açıldı. Bizdə isə təndirin külü altda
itkin düşən beş-on istiqraz qalmışdı...
Axır
ki, şeirin dalıyca
yenidən Bakıya üz tutdum. İş yox, özüm də
Bakı qeydiyyatından kənar. Qeydiyyatsız adam da onda
Bakıda iş tapa bilməzdi. Dərdimi Məmməd müəllimə
dedim. O da, mənəvi tellərdən başqa heç bir
bağlılığı olmayan məni götürüb
apardı qayınatası mərhum Hacı kişigilə. Beləcə
Buzovna qəsəbəsinə - Hacı əminin evinə
qeydiyyata düşdüm...
Bir müddət sonra isə Məmməd müəllim Moskvaya -
Qorki adına Ali Ədəbiyyat kurslarına getdi. Necə deyərlər,
Bakıda tək qaldım.
Bir də iki ildən
sonra geri qayıtdı. Moskvadan rus dilində nəşr
olunmuş kitablarla, jurnallarda yer almış şeilərlə
qayıdan Məmməd İsmayıl nədənsə
gözümə pərişan dəyirdi. Məftunxanım adlı
bir şeir həvəskarının sözüylə desəm,
sanki "fikirlər onu dara çəkirdi".
Bir gün dənizə -
çimərliyə getmişdik. Göz işlədikcə
Günəşin altında balıq pulu kimi işıldayan ləpələrə
baxıb köks ötürdü: "Bizi torpaq tarakan kimi
altına alacaq, heyf bu gözəlliyi əbədi görməyəcəyik!"
Uzun müddət bu fikir xəyalımdan getmədi. Gənc idim deyə,
ustadın bu pessimizmi əhval-ruhiyyəmə elə də
sirayət eləmədi.
Moskvadan
sonra bir müddət işsiz qalan Məmməd müəllimi,
böyük ziyalımız, C.Cabbarlı
adına kinostudiyanın direktoru, yazıçı Cəmil
Əlibəyov şair Fikrət Sadığın yerinə
"Xronika və sənədli filmlər birliyi"nə
baş redaktor təyin etdi. Mən də ora can atmağa
başladım. Cəmil Əlibəyova məktub yazdım. Bu
məktubumdan sonra məni də həmin Birliyə
inzibatçı işinə götürdü.
1976-cı
ildən 1982-ci ilə
qədər Məmməd müəllimlə birgə işlədim.
Burda isə ustaddan çox şey öyrəndim. Belə ki,
inzibatçı olmağıma baxmayaraq hərdən xırda
süjetlər də verirdi mənə ki, qonorar alım. Bir
qayda olaraq süjetlərin təsviri materialı qısa
olduğundan, söz ağızdan çıxan kimi gözdən
itirdi. Tədricən qısa mətn yazmaqda püxtələşim.
Beləliklə, Məmməd müəllim mənim bir redaktor
kimi yetişməyimdə fəal rol oynadı. Bir gün də
Birliyimizin redaktoru Allahverdi adlı şəxs işdən
çıxıb getdi rayonlarına, redaktorluq yeri
boşaldı. Mən də gözümü dikmişdim o yerə.
Bilirdim ki, Birliyin direktoru Fərəməz müəllimlə
Məmməd müəllimin arası sərindi. Mən də
Məmməd müəllimin adamı. Qorxurdum ki, mənim
redaktor getməyimə Fərəməz müəllim razı
olmaz. Bir dəfə dedim, Fərəməz müəllim, bəlkə
mən çıxım gedim burdan. Məşhur andı
vardı rəhmətliyin, qayıtdı ki, balamın canı
üçün redaktorluğu verəcəm sənə. Beləcə,
mənim namizədliyimi Cəmil müəllimin
qarşısına qoydu. Burda bir sirri açmalı olacam. Kəndə,
mərhum qardaşım Abdulbağıya zəng etdim və
gedib balaca bir quzu cəmdəyi gətirdim Fərəməz
müəllimə. Elə səhəri günü koridorda
rastlaşanda Fərəməz müəllim məni məzəmmət
elədi:
- Ay Qəşəm, bu qədər
əti kim yeyəcək?!
- Fərəməz müəllim,
pay gətirmişəm...
Birliyimizdə Vaqif Hümbətoğlu
şöbə müdiriydi, Dinara Gərəkməzli
rus redaktoru, mən də Azərbaycan dili üzrə redaktor.
İki otağımız vardı. Dinarayla mən bir otaqda
otururduq, V.Hümbətoğlu isə iç otaqda
çalışırdı. Bəzən görürdük
ki, hansısa ssenari Məmməd müəllimin xoşuna gəlməyib.
Deyərdi, filnkəs bunu sol ayağıyla yazıb... Necə
oldusa, Vaqif Hümbətoğlu da kiminsə yazısını
oxuyub, bu ibarəni təkrar etmək istəyəndə
ağzından ayrı hava gəldi: "...vallah, filankəs bu
yazını dal ayağıyla yazıb..."
Gülüşdük.
***
Məmməd
müəllimin acıqlı zamanını da
görmüşəm, çətinə
düşdüyünü də, incikliyini də. Amma bir dəfə
də kiminləsə də olmuş olsa, ucadan,
dalaşmağa yaxın səslə öcəşdiyini
görməmişəm. Hirsini də
qarşısındakına təmkinlə bildirib. Bəzi bədxahlar,
sözə inanan biri kimi onu hərdən yoldan
çıxardıb, çoxlarından incik salıblar. Kimdənsə
intiqam aldığı da olmayıb. O da var ki, Məmməd
İsmayıl hələ bir adama borclu da qalmayıb. Kim
sözünü danışıbsa, cavabını verib, kim
balaca bir şeirinə yan baxıbsa, cavabını lap yekə
alıb. Bir igidin ömrü qədər, düz 54 ildi Məmməd
müəllimlə münasibətim var, heç vədə
görməmişəm ki, eşidə-bilə biri onun xətrinə
dəyən söz deyib, "it hürər, karvan keçər"
desin. O, insani münasibətlərdə ikiüzlü siyasətdən
uzaqdı. "Daşın cavabı daş olar" prinsipi də
ona yad deyil - haqqına ədalı, sözübütöv,
qorxmaz, çəkinməz...
Bir dəfə dedim:
- Məmməd müəllim,
keçmişdə
doğulsaydınız, Koroğlu olardınız!
Qara qaşları altdan gülümsəyib mənə baxdı...
O da var
ki, Məmməd İsmayıl tərifə də biganə
deyil. Elə bu damarını tutan neçə-neçə
özmənafeçilər tanıyıram ki, "ay qağa,
səndən yoxdu"yla ondan verilişlər alıb, vəzifə
alıb... Axırda da ona dönük çıxıblar.
Sonra da Məmməd müəllimin gərgin günləri
başlayıb:
- Çörəyimin duzu yoxdu!..
***
Kiçik
bir tanışlıq, xırda bir yaxşılıq da Məmməd
müəllimin yadından çıxan deyil. Bu yaxınlarda səhhətimlə
bağlı Məmməd müəllimin məsləhətiylə
İzmir şəhərində oldum. Orda onun dostları, Azərbaycan
türkləri - Afiq doktorla və Aydın müəllimlə
ünsiyyət bağladım. Afiq doktor demişkən, dərdim
çözüldü və üst-üstə 20 günə
yaxın Türkiyə havasıyla yaşadım. Aydın
müəllimlə tez-tez görüşürdük. O, Məmməd
müəllimdən, hətta gileyləndi də:
- Heç özünü gözləmir. Bir tanışı rəhmətə
getsə, özü də indiki zamanda, mütləq durub yollar
basacaq, gedib başsağlığı verib qayıdacaq. Uzaq
ölkələrdə belə bir tədbirə dəvət
alsa, mütləq gedəcək. İnsanları intizarda qoymaq
Məmməd müəllimin xarakterinə yaddı.
Aydın
müəllimin bu sözləri yadıma cavanlıq
dövrümü saldı. Bu yaxınlarda rəhmətə
getmiş şair Məmməd Namaz oğluna toy eləyirdi, Məmməd
müəllimi də, məni də
çağırmışdı. Necə oldusa gedə bilmədim.
Sonra Məmməd müəllim məni məzəmmət elədi:
"Çağırılan yerə gedərlər!"
Bu gün də Məmməd müəllimə laqeydlik
yaddı. Baxmayaraq ki, hər səfərdən sonra bir yığın
ağrıyla qayıdır: "Soyuqlamışam,
ayaqlarım ağrıyır..."
Baxıram ki, Məmməd müəllim
özünü də gözdən qoymur. Necə deyərlər,
orqanizmində balaca bir, obrazlı desək, "vint"
boşalsa, tez qaçır həkimə, qorxmadan
düşür bıçaq altına.
Yaşının bu çağında
belə ustadı həyat eşqi bir an belə
tərk eləmir. Həyatın sonsuzluğu haqqında
nağıllara inanmayan Məmməd İsmayıl mənimlə
söhbətində 96 il yaşayacağını demişdi.
Mən bu vədə inanıram. O günü
danışırdıq telefonla. Görüb-görəcəyi
işlərdən söhbət salmışdı: "O qədər
qaralamam, yarımçıq yazılarım var, gərək
onları axıra çatdırım. Məndən başqa
kim edəcək onları. Gərək
baş-ayağını bir yerə yığım".
Məmməd müəllim danışdıqca
təxmini hesabladım ki, ustada hələ
bir 15-20 il də lazımdı ki, bu işləri görüb
qurtara bilsin. İnandım ki, Allah bu ömrü ondan əsirgəməyəcək!
***
Məmməd
İsmayıl kinostudiyada işləyəndə qələm
dostları başına fır-fır fırlanırdı.
Bunlar da kino sahəsində təcrübəsiz şair idi,
yazıçı idi, jurnalist idi. Məmməd müəllim
birini də əliboş yola salmazdı. Amma nəticədə
görərdi ki, bu dostların yazdıqlarını təzədən
yazmaq lazımdı. Bunu da kim edəcək? Məmməd
İsmayıl. Onun da işi çox, vaxtı yox, əsəbləri
gərgin. Bir anda üzü dönürdü...
Bir dəfə dedim:
- Məmməd müəllim,
onsuz da sizin bu müəlliflərin
aldıqları pulda gözünüz yoxdu. İkincisi də,
həmin müəllifləri öldürsəniz də,
yazdıqlarından artıq yaza bilməyəcəklər.
Olmaz ki, özünüzə yeni-yeni düşmən
qazanmayasınız?!
- Vallah, düz deyirsən! - Dedi.
Amma növbəti qələm
yoldaşı ssenari gətirəndə
görürdüm Məmməd İsmayıl mənim sözlərimi
elə stolun üstündəcə qoyubmuş...
***
Nəyə
görəsə, Məmməd İsmayılın məndən
növbəti küsmək məqamlarından biriydi, gəlib
bizim otağa girdi. İç otağa keçib, Vaqif Hümbətoğlunun
yerində əyləşdi:
- Dinara, gəl sənə təzə şeirlərimi oxuyum!
Bu sözdə mənə acıq vermək notlarını da hiss elədim.
Məmməd müəllimin bu
jesti, xırda bir təbəssümdən,
mehriban bir sözdən, ürəklə deyilmiş salamdan belə
sevinc tapan Dinara xanıma bərk təsir elədi:
- Oy... -
lap orta məktəb şagirdi kimi yerindən
sıçrayıb, iç otağa keçdi, stulu çəkib
oturdu, əlini çənəsinə dirəyib, dünya-aləmdən
diqqətini kəsib, gözlərini zillədi Məmməd
İsmayılın ağzına...
Məmməd müəllimçün Dinaraya şeir oxumaq
nuş olmasa da, Dinara rus dilliydi, sətiraltı mənaları
tuta bilmirdi, hiss elədim ki, şeiri elə mənə oxuyur.
Son misra Məmməd müəllimin ağzından qopan kimi Dinara
xaşıl kimi yayıldı:
- Oyy... nə gözəl şeirdi! Haçan
yazmısınız, Məmməd müəllim?
Canı
mənim fikrimdə qalan Məmməd İsmayıl hiss elədim
ki, Dinaranın bu həyəcanlarını təbii qəbul
elədi:
- Gəl birini də oxuyum.
Dinaranın əli gənə
də getdi çənəsinə - gənə
də dünya və aləmdən diqqətini kəsdi...
Məmməd müəllim ikinci
şeiri də oxudu, Dinara tərifini
dedi... Məmməd müəllim durub qapıdan
çıxdı. Kəsilə-kəsilə qalmışdım
- o dəqiqə düşdüm Dinaranın üstünə:
- Utanmırsan, ay qız?
- Yoooxxx... niyə utanmalıyam?!
- O nə yaltaqlıq idi eləyirdin?!
Onun da atasının adı
İsa idi, mənim də, incimirdik bir-birimizin sözündən.
- Nə yaltaqlıq, yaxşı şeirlər idi?!
- Yaxşı şeirlər
idi?! Heç olmasa, yaxşı qulaq
asaydın, görmürdün, ürəklə də
oxumurdu?!
- Yaxşı da, Qəşəm,
aranız dəyib, indi də onun şeirindən hayıf
çıxmaq istəyirsən.
- Yaxşı şeirə nə hayıf?!
- Mənə oxuyurdu, mən də fikrimi dedim.
- Bağışlayasan, Məmməd
müəllim yaxşı şeiri sənə
oxumaz. O özü də bildiyinə görə şeiri
alınmayıb, öz şübhəsini dağıtmaq
üçün gəlmişdi sənin fikrini bilməyə.
Sən də... şübhəylə də olsa, qəbul elədi
sənin yalanını...
***
Bir
müddət sonra Məmməd müəllim "vuruldu" -
onunla görüşəndə öpüşməkdən
özlərini saxlaya bilməyən 5-6 rejissor, operator birləşib
yuxarıların sifarişiylə ustaddan yuxarılara
yazmışdılar. Amma nə istedadlı rejissor Cahangir
Zeynalov, nə də Rauf Nağıyev bu dəstəyə
qoşulmamışdı. Bu yaxınlarda Xronika şöbəsində
assisent işləyən Fəxrəddin Hüseynov mənə
dedi ki, Məmməd İsmayıl Cahangirə deyib, axı sən
məndən narazıydın, mübahisə eləyirdin mənimlə,
əslində bu dəstədə sən də
olmalıydın?! Amma Raufla sən mərd
çıxdınız.
Məmməd müəllim kinostudiyadan
getməyə məcbur oldu. Amma bunu
özünə dərd eləmədi: "İki ildən bir
mütləq tale məni sınağa çəkir. Çox
keçməz, haqq öz yerini tapar." Doğrudan da, tale onu
nəzarətsiz qoymadı. Bu dəfə
"Yazıçı" nəşriyyatına şöbə
müdiri getdi. Mən də artıq kinostudiyada işsizlikdən
özümü başqa yoldaşlarım kimi "sənət
xadimi" kimi hiss eləməyə başlamışdım.
Tez-tez Məmməd müəllimin yanına gedirdim. Burda gənc
yazıçılar -Mustafa Çəmənliylə, Adil Cəmillə,
Azər Əbilov və Zərifə Bəşirqızıyla
tanış olmuşdum. Mustafayla bir-birimizə quşumuz
qonmuşdu. Məlum oldu ki, Azər kinostudiyaya getməyə
can atır. Mustafa Azərlə söhbət elədi və Məmməd
müəllim "Yazıçı" nəşriyyatının
baş redaktoru Sabir Rüstəmxanlını da
götürüb getdi Cəmil Əlibəyovun yanına ki,
bizim yerdəyişməmizə razı olsun. Azərlə
yerimi dəyişməli olduq. "Yazıçı" nəşriyyatının
direktoru da mərhum Əjdər Xanbabayev A.Əbilovdan can
qurtarmaq istəyirmiş demə. Yadımdadı, Mustafaydı,
Azər idi, bir də mən, girdik Əjdər müəllimin
yanına. Azər ərizəni qoydu onun qabağına. O da ərizəni
oxuyub dedi, Azər, bura əlavə et ki, öz istəyimlə
yerimi dəyişirəm. Bilmirəm, mən idim gərək
ki, dedim, mən də belə ərizə yazmışdım.
Əjdər müəllim mənalı şəkildə
başını yellədi və göz vurdu, yox, qoy
yazsın... Görünür, Azərə beli bağlı
deyildi deyə, onun geri qayıtmasından ehtiyat eləyirdi...
Yeni kollektivdə - "Yazıçı"
nəşriyyatının "Klassik ədəbiyyat və
folklor" şöbəsində, Məmməd
İsmayılın rəhbərliyi altında ürək
açıqlığıyla işləyirdik. Mən gələndən
iki il sonra Məmməd müəllimi
"İşıq" nəşriyyatına direktor qoydular.
Mənə dedi, day səni aparmacayam dalımca. Dinmədim.
Amma 4-5 ay sonra zəng edib özü məni yanına
çağırdı. Açığı, düz adam kimi
orda Məmməd müəllim, şair demişkən,
"biganələr arasında" idi.
Məni
"Sifariş ədəbiyyatı"
şöbəsinə müdir təyin
etdi. Bu işin alınmasında "Dövlətnəşrkom"un
şöbə müdiri, mərhum İsmayıl Vəliyevin də
böyük köməyi dəydi mənə. Onda artıq
İsmayıl Vəliyev Mərkəzi Komitədə
(İndiki Prezident Aparatı - Q.İ.) işləməyə
başlamışdı, "Dövlətnəşrkom"un
sədri Nazim İbrahimov onun sözünü eşitməyə
bilməzdi.
Az qala qaranlığa batmış "İşıq" nəşriyyatını
Məmməd müəllim öz haqq-ədalətiylə
ayağa qaldırıb, həqiqi mənada işığa
çıxartdı. Bu uğuru bir dəfə özü belə
ifadə elədi: "Sədr Nazim İbrahimov dedi,
qonşuluqda olan hansısa idarədən ona söyləyiblər
ki, indi "İşıq" tamam ayrı bir nəşriyyat
olub!"
***
20 Yanvar
1990-cı il hadisələri bütün Azərbaycanda Moskvaya
qarşı kin-küdurət yaratmışdı. Onlarla
günahsız insan qanına qəltan edilmişdi. Amma yerlərdə
olan Moskvapərəstlər hər vəchlə xalqın
mübarizə əzmini qırmağa
çalışırdı. Bu hadisədən 4-5 gün sonra
tələbə yoldaşım, Salyan stansiyası məktəbinin
direktoru işləyən Nadir yanıma gəldi. Məlum oldu
ki, şagirdlərindən biri Sovet dövlətinə
qarşı öz qəzəbini bildirməkdən
ötrü qırmızı pioner qalstukunu itin boğazına
bağlayıb. Dövlət təhlükəsizliyinin yerli
şöbəsinin rəisi Aydın (soyadını
unutmuşam) Nadir Rüstəmovun məsələsini rayon rəhbərliyi
qarşısında qoyub. Dostumu işdən azad edib, cəza
verəcəklər. Dedim, gedək Məmməd müəllimin
yanına. Nadir dərdini danışdı. Məmməd
müəllim dedi, get, 2 gün sonra gəlirəm. Vədə
vaxtı Məmməd müəllimlə getdik Salyana. Dövlət
təhlükəsizliyinin yerli şöbə müdiri Məmməd
müəllimin tanışıydı. Məsələni
şişirtmədi. Nadir bu gün də Məmməd müəllimin
xeyirxahlığından ağızdolusu danışır.
***
Bir səhər
kompüteri açıb, "Mail.ru"nu tıklayan kimi Məmməd
müəllimin məktubu gözümə dəydi: "Salam,
bəy!"
"Bəy" sözündən
bildim ki, inciyib məndən. Yəqin məktubuna
gec cavab vermişəm.
"Salam,
Məmməd müəllim,
sabahınız xeyir..." və gecikmə
səbəbini izah elədim. Sabahı poçtu açanda sevindim:
"Salam, Qəşəm!"...
Tufan ötdü...
Bir dəfə, onda "İşıq" nəşriyyatında o
direktor, mən redaksiya müdiri işləyirdik. Məni cavan
bir oğlanla tanış elədi:
- Yerlindi, kürdəmirlindi,
şairdi - Əlislam Bilal.
Əlislam istiqanlı oğlan
idi - ünsiyyət bağladıq. Aradan 2
ay keçməmiş Məmməd müəllim hirsli-hikkəli
zəng elədi mənə:
- O eloğlundu - xaloğlundu, nədi, Əlislam
Bilal, ona denən, ağzını təmiz saxlasın!
- Məmməd müəllim,
Əlislamla siz tanış eləmisiniz məni.
- Həəə...
Bayaq dediyim kimi, rəhmətlik
Əlislam istiqanlı oğlan idi, ürəyi də süfrə
kimi açıq. Onunla tanış olub, mənim
otağıma gələn kimi başladı tərcümeyi-halını
danışmağa:
- "Dövlətnəşrkom"da filankəsə pul
vermişəm, o da burdakı baş redaktorla
danışıb, məni "İşığ"a
korrektor götürəcəklər.
- İnanma! - dedim.
- Niyə?
- Məmməd İsmayıl
olan yerdə sən pulla işə girə
bilməzsən.
- Ayə, yox, ey, bunlar həll edəcək!
- İnanma!
- Ayə, yox ey...
Bu söhbətimizdən bir müddət sonra səhər
tezdən hamıdan qabaq işə gələrkən
poçtalyon bir məktub uzatdı mənə. Məmməd
İsmayıla çatacaqdı. Şübhələndim -
konvertin ağzını açıb, məktubu
götürüb, oxudum. Məzmunu beləydi ki, Məmməd
müəllim, siz təmiz adamsınız, böyük
şairsiniz, bu Əlislam sizi gözdən salmaqla məşğuldu...
Barmağımı dişlədim, - bildim
ki, bu anonim məktub baş redaktorun quramasıdı ki,
Əlislamın pulvermə sirri açılmasın. Tərs
kimi də məktubun ağzını bağlayıb qoydum
yerinə. Həmin günü də Məmməd müəllim
mənə zəng etdi...
***
Deyirlər,
insanın taleyi alnına yazılıb. Göz insan orqanizminin
yeganə üzvüdür ki, dəyişmir. Bunu da deyirlər.
Amma insan hissinin, bu, gülməkmidir, ağlamaqmıdır, əsəbiləşməkmidir,
sükut etməkmidir, nədir, yaşanan ömrün
güzgüsü olduğunusa, bəlkə də deyən
olmayıb. Mən isə yaxın münasibət və
müşahidələrimdən bu qənaətə gəlmişəm
ki, taleyi gülüşünə yazılmış yeganə
insanlardan biri də şair Məmməd İsmayıldır.
Bunu deməklə heç də Amerika açmıram, sadəcə,
ağır həyatın ağrı-acılarını
yaşamış, təəssüf ki, bu gün də
yaşayan bir söz adamından danışıram. Siz bir
fikir verin, Məmməd İsmayıl güləndə, əgər
onun qıyılan gözlərini, təbəssüm qonan sifətini
görməsəniz, elə bilərsiniz... ağlayır. Onun
gülüşündə bir hönkürtü var. Atası
müharibəyə gedib, qayıtmayıb, namuslu bir ana
ümidinə qalıb, evdə də tək
böyüyüb... nə qardaş, nə bacı... və
ehtiyac...
Yadımdadı, M.İsmayılın
anası Gülzar
xalanı, yanaqlarına lalə rəngi çökmüş
bu qadını iki dəfə görmüşdüm. Birinci dəfə
Məmməd müəllimin kirayədə qaldığı
evə gələndə. Tovuzdan bir qoyun cəmdəyi gətirmişdi.
Mən də Məmməd müəllimlə görüşməyə
getmişdim. Evdə yox idi. Gülzar xala məni balası kimi
qarşıladı:
- Ay bala, keç otur, harda
olsa, bir azdan Məhəmməd də gələcək.
Məmməd müəllim gərək
ki, İlyas Tapdıqla və Müzəffər
Şükürlə gəldi. Gülzar xala süfrə
açdı, xörək çəkib qoydu ortalığa. Nə
illah elədilər... yemədim. Yazıq arvad kor-peşman
oldu:
- Nə bilim, dedim, qoy Məhəmməd də gəlsin...
Bilsəydim gec gələcəklər, sənə xörək
çəkib verərdim.
- Yox, vallah, xala,
yeyib gəlmişəm.
Əslində isə ac idim,
bir dəfə ki, "yemirəm" demişdim, xasiyyətim
pisdi, yeməzdim.
Məmməd İsmayıl da gözünü
öz boşqabından ayırmadan məzəmmətlə
dilləndi:
- Ortalığa xörək
qoyulubsa, yemək lazımdı.
Bu görüşdən bir az keçməmişdi ki, eşitdim,
Gülzar xala xəstəxanada yatır. İnanmadım -
yanağından qan daman bu qadın necə xəstələnə
bilər?! Məmməd müəllimə qoşulub getdim onu
yoluxmağa.
Çarpayının üstündə
oturmuşdu. Asta-asta danışır, elə
bil Məmməd müəllimə "özündən
muğayat ol" deyirdi. Sözündən o da
anlaşılırdı ki, bir gün yaranan bir gün də
öləcək, fikir eləməyə dəyməz...
- Ana, bilsəm sənə bir
şey olacaq, vallah, başımı divara çırpıb
özümü öldürərəm.
Düzü, Məmməd müəllimin
sözü məni qorxutdu.
Demə,
Gülzar xala da
qorxubmuş:
- Bax, mən onu
istəmirəm də, ay Məhəmməd!
Sonra nə söhbət oldu, olmadı, bilmirəm, bir az oturub, xəstəxananın
həyətinə düşdük. Məmməd
İsmayıl əyilib çarhovuzdan su götürüb
üzünə çırpdı. Bizimlə kim idisə, onun
bir şeirini əzbərdən dedi. Məmməd müəllim
çevrilib təbəssümlə ona baxdı.
Ürəyimdən yel kimi bir ağrı keçdi - nə yaxşı
bu ağır günlərdə Məmməd müəllim
gülümsəyə bilir?!
Onda cavan idim, onda
ölüm mənim üçün pak idi - hələ
yaxın adamlarımın öldüyünü görməmişdim
və ölümün acı nəfəsi üzümə dəyməmişdi.
Tezliklə Cülzar xala dünyasını dəyişdi...
Məmməd müəllimin anasının
ölümünə yazdığı
şeir yadıma düşdü:
"Nə
deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən!
Sən məni dünyaya gətirdin, ana,
Sənisə dünyadan aparıram
mən!"
Bu
şeirin yaranma tarixinə baxsaq, görərik ki, Məmməd
İsmayıl şeiri anası sağlığı yazıb.
Ortalığa sual çıxır, şairi nə idi həyat
həqiqətini pozmağa vadar edən?! Bu suala şairin və
oxucuların nə cavab verəcəyini bilmirəm. Amma
özümün başıma gələn bir hadisə, elə
düşünürəm, ustad Məmməd
İsmayılın da başına gəlib. Bu, ananı itirmək
qorxusudu. Orta məktəbdə oxuyurdum. Təbii ki, ailəvi
bir otaqda yatırdıq. Bir dəfə, yuxudan ayılıb,
anama göz qoymağa başladım. Gördüm ki, elə
bil nəfəsi çıxmır. Elə bildim, anam
ölüb. Tez yaxınlaşıb daha diqqətlə
baxdım ki, görüm sinəsi üstdəki yorğan
enib-qalxırmı. Anamın sağ olduğunu görəndən
sonra yerimə çəkildim və həyəcandan xeyli vaxt
yata bilmədim. Məmməd müəllim də ürəyinin
dayağı olan anasının həyatından,
görünür, hər zaman nigaran imiş. Bu
nigarançılıq da şeir olmaya bilməzdi...
***
Məni ədəbiyyat
yoluna çıxaran, "yaxşı nədi, pis nədi"
öyrədən şair Məmməd İsmayılın bir
dəfə də mənim fikrimə ehtiyacı olub. O,
uşaqlar üçün yazdığı şeirini
qarşıma qoydu:
- Oxu, fikrini de.
Onda mən artıq hər gün uşaq şeiri yazırdım.
Uşaqlar üçün yazılan əsərlərin kitab
kimi tez çap olunduğunu bildiyimdən, illərlə, az
qala çırpınır, uşaq şeiri yazmağa
çalışırdım, alınmırdı. Sonra qəlbimdə
bir uşaq dünyaya gəldi, özü də bu, oğlan
uşağıydı, o başladı mənə şeir diktə
eləməyə.
Bir dəfə, o da yadımdadı, növbəti
şeirimi Məmməd müəllimə göstərəndə,
hətta bir az qibtə hiss elədim səsində:
- Nə yaxşı hər gün yazırsan, əvvəllər
yaza bilmirdin?!
Gülümsədim...
Artıq
uşaqlar üçün
yazdığım şeirlər Məmməd
müəllimin xoşuna gəlirdi, odur ki, öz uşaq
şeiri haqqında mənim rəyim onu təmin eləməyə
başlamışdı:
- Oxu, fikrini de...
***
Məmməd
İsmayılı həmişə öz prinsiplərinin
dalıyca gedən görmüşəm. Bir dəfə də
görməmişəm ki, kiminləsə münasibəti
pozulmaqdan qorxa. Amma onun qorxduğu bir şey həmişə
diqqətimi çəkib. Bu, zarafat eləməkdi. Yadıma gəlmir
onun kiminləsə gülüşə, eyhama çevrilən
zarafat elədiyini. Zarafatında belə Məmməd
İsmayıl ciddidi. Amma bir dəfə rəhmətlik
şair Məmməd Kazıma sataşan gördüm onu:
Məmməd
Kazım,
Demək
nə lazım!
Məmməd
Kazımın:
- Ay Məmməd, indi mən də
ağzımı açacam, inciyəcəksən, -
sözünə Məmməd İsmayıl tez də
peşman oldu:
- Məməd, Məməd,
vallah, mən demirəm, Gülzarın
sözüdü (M.İsmayılın
qızı - Q.İ.)!
***
Bir dəfə
Türkiyədən qayıdıb mənə zəng elədi:
- Bəs filan jurnalist bərk xəstədi, vaxtı ilə
şeirimi verib qəzetdə. Gedib ona dəyək. Bazarlıq
eləyib, getdik. Qapını üzümüzə açanda
xəstənin öskürək səsiylə
qarşılaşdıq. Yataq otağına keçdik. Xəstə,
hər birimizin başına gələcək son vəziyyətdəydi
- çarpayıyla bir olub getmişdi. Ürəyimdə dedim,
"əhsən, belə qadına! Bu, lap anadı ki!" Onu
da deyim ki, xəstə bir anlıq sakit olan kimi yoldaşına
acıqlandı da.
Mən xəstələr görmüşəm,
onların həyat yoldaşlarını
görmüşəm. Xəstənin üstünə
çığıran, onu yaşamaq ümidindən salan
qadın da görmüşəm, ərini dərdiylə
baş-başa qoyub, qonşularla söhbətə qaçan
da. Amma indi ərin qulluğunda qul kimi dayanan qadın idi
gördüyüm. Bu anlarda həm xəstə, bir kişi
kimi, həm də qadın, bir həyat yoldaşı kimi
gözümdə ucaldı.
Xəstə jurnalist sakit olandan sonra Məmməd müəllim əyilib
onu öpdü. Mən, elə bir
yaxınlığımız olmadığından sadəcə,
başımla salamlaşdım. Hiss elədim ki, bizim gəlişimizlə
xəstənin əhvalı dəyişdi. O biri otaqdan
qızını çağırtdırdı. Məmməd
müəllim məni təqdim etdi. Xəstə
yalanmı-gerçəkmi, adımı eşidəndə deyəsən,
bir az təəccüb qaldı:
- Bu, Qəşəm müəllimdi!?
Məşhur şairdi ki, bu! - Xəstə, fəxrlə
başını qızına tərəf çevirdi.
Məmməd müəllim bir
xəstəyə, bir də mənə
baxdı. Xəstəyə baxışıyla deyirdi ki, bu nə
deyir. Mənə baxışından isə: "Bu məşhurluğun
haçandandı!? Bəlkə sənə də xalq şairi
adı veriblər, xəbərim yoxdu?!"
Mən gözümü qırpıb,
bir növ şirvanlı him-cimiylə Məmməd
müəllimə anlatdım ki, çöldə
danışaram.
Xəstənin fikrini əlüstü
anlamışdım. O ailəsinin,
xüsusən də, qızının yanında öz dəyərini
göstərmək istəyirdi - baxın, görün mənə
kimlər dəyməyə gəlib - məşhur şairlər...
***
Məmməd
İsmayılı söhbət zamanı, özünə
qapıldığı vaxtı son dərəcə ciddi və
fikirli gördüyün halda şeir oxuyanda təbəssümsüz
görə bilməzsən. Əslində bu heç təbəssüm
də deyil, sadəcə, sözün şairin üzünə
düşən işığıdır ki, var. Özü də
Məmməd İsmayıl şeir oxuyanda sanki qeybə çəkilir
və sözlərin, misraların daxilinə nüfuz edir - məddi-mənasını
açıb qoyur ortalığa. Ən korafəhim dinləyici
belə şairin fikrini asanlıqla başa düşür. Bu
isə onun yazdığı sözün haqdan gəldiyinə
bir nümunədir:
Bu mənəm,
a kəndim, tanımadınmı?!
Bu, həmin Məmməddi -
Bir az sınıxıb,
Bir az sıxıb onu şəhər havası,
Dərmanı dağların səhər
havası...
Məni
tanımayır təzə
cavanlar,
Özümmü çıxmışam yaddan, adımmı?!
Sənin
qucağında arzuladığım
Günlərdən qayıdıb gəlmişəm
sənə,
Bu, mənəm, a kəndim,
tanımadınmı?!
***
Hər
yazıçı özünün söz ehtiyatı
müqabilində yazır. Yazıçı var, 200-300
sözü ola-olmaya, elə bu sözlərlə də işləyir,
on minlərlə sözlə belə kifayətlənməyən
sənətkarlar da az deyil. Bu qədər sözü qazanmaq
üçün gərək sənin güclü mütaliən
də olsun. Ustad ədibimiz Məmməd İsmayılın
söz ehtiyatı da geniş olduğundan deməzdim ki, fikrini
ifadə eləməkdə əziyyət çəkmir, deyərdim
ki, daha sərrast, daha səhih ifadələr işlətməyə
can atır. Odur ki, onun bir sıra misraları az qala atalar
sözünə çevrilib. "Hələ yaşamağa
dəyər bir az da!", "Kimi aldadırsan, a zalım
oğlu!", "Gözəldən gələcək bəla
- gözəldi.", "Yetimlik yetirsə - şair yetirər...",
"Dost-düşmən seçilər, Vətən
seçilməz.", "Yuxu hayandan gəlirsə,
ölüm o yandan gələcək.", "Haqdan gələn
şairin səsi qürbətdən gələr"...
***
Gərək
ki, kəndimizdə müəllim işlədiyim illərdən
biriydi, Bakıya gəlmişdim və özümlə 1-2 kilo
da göy lobya (bizim Kürdəmir tərəflərdə
"qın" deyirlər) aparmışdım Məmməd
müəllimə. Elə bilirdim ki, mənim sevdiyim bu məcun
ustadın da xoşuna gələcək. İş elə gətirdi
ki, gecə, "Gənclər dostluğu" küçəsindəki
(indiki Atatürk prospekti) evlərində (nəyə görəsə
həyat yoldaşı, indi Allahın rəhmətinə
qovuşmuş Əzizə bacı və uşaqlar evdə
deyildi) onunla qalmalı oldum. Kəmali-ədəblə
qını da suda bişirib, qoydum ortalığa. Məmməd
müəllim bir-iki qın salxımı götürüb,
dadına baxdı:
- Axı bu yağda
bişirilməlidi!
- Biz tərəflərdə suda
bişirilir, duzla yeyilir...
Gecə
orda qaldım və elə bildim dünyanı verdilər mənə.
Amma Məmməd müəllim narahat idi...
Bu hadisədən illər, onillər keçəndən sonra dərk elədim
ki, Məmməd İsmayıl dünyaya, sözün həqiqi
mənasında, poeziya və tənhalıq üçün gəlib.
07.04.2011-13.12.2021
Qəşəm İSABƏYLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.12-14.