Mövlud Süleymanlının
"Köç"ündəki
qərib və doğma
yolçu: şaman
Qədim dövr və orta əsrlərdə
türk xalqlarında tanrıçılıq ilə bərabər şamançılıq da mövcud olub və
bu iki inanc
sistemi nə
bir-birini inkar edib, nə də bir-biri ilə
qovuşub,
hər biri
öz unikallığını qorumaqla yanaşı mövcud olublar. Şaman kimdir? Şamanizmlə bağlı
Sibirin türk xalqlarında maraqlı, fərqli izahlı əfsanələr mövcuddur.
Məsələn, qədim
yakut inancına görə, insanın bir deyil, üç
ruhu olur: iyə qut (ana qut) ənsədə, bor qut (dünyəvi
qut) bütün bədəndə, salqın
qut isə beldə yerləşir. Alnına gələcəkdə
şaman olmaq yazılan uşaq anadan olanda ruhlar
onun bu qutlarını
oğurlayıb aparır.
Qutları oğurlanan
uşaq ölmür, sadəcə xəstələnir.
Hər bir oğurlanmış ruh ayrı bir yerdə
bir müddət "təlim" keçdikdən
sonra sahibinə qaytarılır və həmin şəxs şamana çevrilir.
Ədəbiyyatda şaman obrazının
təzahüründən söz
açdıqda bu məqamın ilk növbədə
Sibir xalqlarının
ədəbiyyatında geniş
işləndiyini qeyd etməliyik. A.Nemtuşkinin
"Röyamdakı səma
maralları" (Alitet
Nemtuşkin "Mne snətsə
nebesnıe oleni"
(1987)), Y.Aypinin "Sönmüş
ocağın ətrafında"
(Eremey Aypin "U qasnuheqo oçaqa"
(1998)), Q.Keptukenin "Kiçik
Amerika" (Qalina Kgptukg
"Malenğkaə Amerika" (1991)) əsərlərində şaman
ayinləri, inancları
ilə bağlı maraqlı məqamlar bədii mətnin gücü ilə yeni nəslin yaddaşına hopdurulur.
Azərbaycan ədəbiyyatının mühüm ədəbi mətnlərindən olan Mövlud Süleymanlının
"Köç" əsərində
də şamanizmin izləri aydın görünür. Əsərdə
Qoşqar evinin ağbirçəyinin icra
etdiyi ayinlər, falabaxma üsulu şamanlıqla əlaqədardır.
"Qarı qarşısına
bir tas qoydu,
aftafadan içinə
su tökdü, üstünə qara kəlağay çəkib
başını içinə
saldı. Kəlağayın
özümü qalxdı,
qarımı qaldırdı,
bilən olmadı, uçub-uçub qarıdan
bir az aralı,
göylüyə düşdü.
Qarı tasın içinə bir-iki dənə yumru çay daşı atdı, sonra barmağından bir üzük çıxarıb
suya saldı". Daha sonra qarı
bildirir ki, onun demək istədiklərini
bir nəfər yuxusunda görüb açıqlayacaq. "Köç"
əsərində təsvir
olunan "od oyunu"
da şamanizmdən gələn
bir ünsürdür.
Qoşqar evinin yerinə yetirdiyi bu ayin həm də mövləvilikdəki
səma oyununu xatırladır. "Tarikatlar
ansiklopedisi" (Milliyet
Yayınları, İstanbul, 1991) "səma" sözü bu şəkildə şərh olunur: "musiqi dinləmək, dinlərkən vəcdə
gəlib hərəkət
etmək, özündən
keçmək, oynayıb
dönməkdir. Səma,
mütləq gözəlliyə
aşiq olaraq yaradılmış insanın
səs, söz və ahənglə təcəssüm edən
gözəllik vasitəsi
ilə özündən
keçməsi, vəcd
halında ilahi aləmə yüksəlməsidir".
Araşdırmalarda qeyd olunur ki,
şamanlar müəyyən
günlərdə tonqal
qalayıb atəşin
dilinə baxırdılar.
İnama görə yaşıl alov dilimi qıtlığa, qırmızı müharibəyə,
sarı epidemiyaya, qara dilim isə
xanın ölümünə
əlamət idi. Atəşə qurban verilir, dualar oxunurdu. Mövlud Süleymanlının "Köç"
əsərindən bir
parça: "Qoşqar
evi iri bir
tonqal çatdı. Qızlar, gəlinlər əl-ələ, kişilər
qol-qola yallıya durdular. Qoca kişilər, yaşlı
arvadlar, ağbirçəklər
yallının ortasına
keçdilər... Oyun
getdikcə qızışdı,
sonra oynayanların hamısı gözlərini
yumdular, indi hərə özüyçün,
daha doğrusu, özünü oynayırdı....
Oynayanların içində
təkcə bir arvad və bir
qız yavaş-yavaş
özlərini unutdular.
Arvadın qotazlı yalın topuqları odda yanmaz oldu,
əllərini oda salıb tonqaldan kösöv çıxardı,
başına köz səpələdi. Ocağın
üstündə qaynayan
qazandan su götürüb qaynar-qaynar
içdi. Amma ruhu soyumadı, balaca, arıq arvad yayılıb elə bil göy
üzü boyda oldu. Bu bircə an çəksə
də, min-min ömrə
tay bir şey
idi. Arvad artıq nəfəs almırdı, içini çəkib sinəsinə
döyürdü, elə-belə
də gözləri yumulu tonqala sarı gəldi, odlu, iri kösövlərin
üstünə çıxıb
oynadı.... Sonra hıçqıra-hıçqıra
tonqalın içindən
çıxdı, yavaş-yavaş
çöküb otluğa
uzandı". Əsərdə
təsvir olunan bu qadın və
qız obrazı cəzb halına düşür, vəcdə
gəlirlər.
Bu səhnədə şamanizmin
bariz elementləri bir daha diqqəti
cəlb edir. Çünki "Gün keçəndən sonra tonqal çatıb kənarına yığılaraq
qam qamlamaq bütün şaman rituallarının əsas
elementidir. Məsələn,
tuva şamanları da
bəzi ayinlərdə
odlu közün üstündə ayaqyalın
oynayıb onu söndürürdülər ki, bu rituallar, adətən
gecələr keçirilirdi"
(Kenin - Lopsan M.V.Obrədovaə praktika i folklor tuvinskoqo
şamanstva. Novosibirsk, Nauka,
1987).
Şamanlar, məqsədlərindən asılı olmayaraq, keçirdikləri bütün
qam qamlama mərasimlərində fal
açırdılar. Əsərdə
də od oyunundan sonra Qoşqar evinin qarısı da fala baxır. Müəllif şamanlar tərəfindən
keçirilən ritualı
iki yerə bölür; bunun bir hissəsini oyuna girən arvad və qız
yerinə yetirirsə,
o biri hissəsini də qarı həyata keçirir. Başına köz səpələyən, qaynar
suyu içən qadın şaman rolunda çıxış
edir. Müəllifin bədii ədəbiyyata gətirdiyi bu obraz təsadüfi xarakter daşımır. Tədqiqatlardan da bəlli
olur ki, şamanlar, adətən qadın paltarlarında qam qamlayarlar ki, bu da əsasən, şamanın
Ulu Ana, Yer Ana kompleksi ilə bağlılığından
xəbər verir.
"Bir sıra türk
soyları arasında şaman funksiyalarını
qadınlar yerinə yetirirlər. Tuva xalq inanışlarına görə,
tuva şamanlarının
ulu əcdadı
da bir qadın şamandır" (Türk
mifoloji sözlüyü
(C.Bəydili). Bakı,
Elm, 2003).
Türk
mifoloji sistemindəki qarı obrazı da Ulu Ana,
Yer Ana kompleksinə bağlı verilir. Bu baxımdan "Köç"
əsərindəki şaman
ayinində iştirak edən qadın və Qoşqar evinin qarısı vahid bir funksiyanın
daşıyıcıları kimi çıxış edirlər. Şamanın digər bir funksiyasını, yəni
əcdad ruhları ilə əlaqə yaratmasını əsərdə
Çiçək yerinə
yetirir. Məhz Çiçək Qoşqar
və Qarakəllə
tayfasını birləşdirir.
Qarakəllələrə yad olan adət-ənənəni
onların içinə
Çiçək gətirir.
Qarakəllə nəslinin
yeni mərhələsi də
Çiçəkdən doğulan
Alayla başlanır. Çiçək əlaqələndirici xarakter daşıyır.
Real, var olan dünya ilə ruhlar dünyası arasında
mediator rolu isə qarıya aiddir. O, bu funksiyasını Çiçəyin və
Bəkil oğlu Alayın vasitəsilə gələcək Qarakəllələrə
verir. Qarı Alaya otun-çiçəyin
sirrini öyrətmişdi.
Bu element də yenə
şamanizmlə əlaqəlidir.
"Şamanın türklərdəki
adlarından olan "qam", eləcə də "baxşı"
sözlərinin bir anlamı da lüğətlərdə
"təbib, həkim"
olaraq göstərilir"
(Türk mifoloji sözlüyü (C.Bəydili).
Bakı, Elm, 2003).
Fikrimizcə, şamanizm, atəşpərəstlik,
mif, mistika kimi məqamların bundan sonra da ədəbiyyatımızda əksi
yazıçılarımıza geniş meydan yaradar. Çünki bu məqamlar ədibə yalnız maraqlı, fərqli süjetlərlə yeni əsər
təqdim etmək imkanı yaratmaqla məhdudlaşmır, həm
də təhtəlşüurda
qalan, bu gün də müəyyən inanclarda,
ifadələrdə yaşayan
əski türk yaddaşının bədii
formatda canlanmasına və süni intellektin standartlaşmaya,
qəlibləşməyə apardığı milli təfəkkürü
oyatmağa, qorumağa
kömək edir.
Elnarə
QARAGÖZOVA
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.11.