"Həmin işıqlı
günlər"in pandora qutusu
Cavid Zeynallının hekayələri
haqqında
Çağdaş hekayə qəhrəmanı
statik deyil, pisi və yaxşısı
ilə canlı və çoxqatlı obrazdır. Mövzusu nə olursa-olsun, istər keçmişdən
bəhs etsin, istər gələcəkdən,
çağın hekayəsi
həmişə müasir
olmalı, aktual səslənməlidir. Müsbət
keyfiyyətləri ilə
yanaşı, bütün
çatışmazlıqları və ziddiyyətləri ilə Cavid Zeynallının qəhrəmanları
real, dinamik və çağdaşdır. Dərdləri
- hekayələri də
günün içindəndir.
Amma bütün bunlara
münasibətin özü
heç də həmişə yenilənən
deyil. Cavidin hekayələrinin ən uğurlu cəhəti, mənə görə, dildən, bədii təsvir texnikalarından ustalıqla istifadə, müşahidəçilik qabiliyyətini
vurğulayan detalların
uğurla tətbiqidir. Di gəl, mətnin atmosferini formalaşdıran bu detallar oxucuya nədənsə daha çox "keçmişdəki
reallıq" hissini ötürür.
Çağdaş hekayələrdəki ən yayğın qüsurlardan biri də əhvalatı gərəksiz uzatmaq, mətni ehtiyacı olduğundan artıq detallaşdırmaqdır. Sürətli
həyat tərzi və informasiya bolluğuna öyrəşmiş
bu günün oxucusunu daha dilin "şəhdi-şirəsi"ni
sonuncu damlayadək sıxmaqla mətndə saxlamaq olmur. Mətn zamanın tempindən geri qalanda dissonans yaranır - iki min iyirminci illərdə yazılan hekayənin dili, ahəngi ötən əsrin
60-70-ci illərini dilləndirməməlidir.
Gənclərin mütaliənin
təsirində qalmasını
müəyyən qədər
anlayışla qarşılamaq
mümkün olsa da, püxtələşmiş yazıçının
axtarışları artıq
maraqlı gəlmir. Cavid Zeynallı uzun sürən axtarışlar dövrünü
arxada qoymaq üzrə olan müəllifdir və deyək ki, "Tarix müəlliminin kədəri",
"Coğrafiya müəlliminin
pencəyi", "Həsən
maşın alacaq",
"Qolsuz qırmızı
don" hekayələrindəki zamandan geri qalan
dil və ahəngin "Sara odu qoruyur", "Həmin işıqlı günlər",
"Zəmanəmizn qəhrəmanı",
"Gülümsəyir, tüpürür"
kimi hekayələrdə
nisbətən dinamikləşdiyini
müşahidə etmək
olur.
Məramı nişan verən
element olaraq sərlövhə
çox vacibdir və məncə, Cavid Zeynallının zaman
amilinin aparıcı olduğu hekayələr kitabı üçün
"Həmin işıqlı
günlər" (2023) adı
ən doğru seçimdir. Bu topludakı
hekayə qəhrəmanları
əsasən, keçmişlə
gələcək arasında
sıxışıb qalan,
indiyə bütövlüklə
adlamağa çətinlik
çəkən, bir
növ, əraf ömrü yaşayan obrazlardır - onların məramı gələcəyə
addım atmaq yox, mümkünsə, keçmişini dəyişməkdir.
Bəlkə də Cavidin hekayələrinin dil və üslubunun müəyyən
qədər keçmişə
yönəlik olması
da küll halında nisgili ifadə etməsindən qaynaqlanır.
Kitabın ilk və mənim
ən xoşuma gələn hekayəsi olan "Həmin işıqlı günlər"
başlanğıcı ilə
oxucunu "Ayın şahidliyi" (Əbdürrəhim
bəy Haqverdiyev),
"Ay işığı" (Kamal
Abdulla) hekayələrinin aurasına
çəkir.
Hekayə adından
ideya və məzmununa qədər ruhu keçmişdə qalmış, bu günə adlaya bilməmiş protaqonistin introspektiv enişlərindən
ibarətdir. Haradasa oralarda nələrəsə
tutunub qalmış qəhrəmanın üstünü
örtdüyü yaraları
ən ağılagəlməz
məqamda qövr edir.
Hekayədə İsmayılın qəfil
"çevrilməsi"nin trigerinin nə olduğu, əslində prinsipial əhəmiyyət
daşımır. Genetik
yaddaş və nəsillərarası əlaqənin
önəmli olduğu
"Həmin işıqlı
günlər" hekayəsində
ata və baba ilə bağlı xatirələr mənəvi
kimliyin, psixoloji böhranların köklərini
"qazır". Ümumiyyətlə,
xarakterlərin mürəkkəb,
hətta ekstremal situasiyalarda sosial mühit kontekstində psixoloji təqdiminə həsr olunduğuna görə Cavidin hekayələrini magik realizmin əlamətlərini
daşıyan sosial-psixoloji
nəsrə aid etmək
olar.
İş gərəyi rəqəmlərə
çox diqqətli olan İsmayıl gündəlik həyatda dağınıq, hətta
pintidir. Bunu həyat yoldaşı Humayın şikayətlərindən
öyrənirik. Hekayə
məişət qayğılarının
başlarını qatdığı
evli, uşaqlı, işli-güclü insanların
birgəlikdəki tənhalığına
və bu fonda insanın kənardan görünən
sakit, statik həyatının arxasındakı
təlatümlərin deformasiya
etdiyi şüura diqqət çəkir. İnsanların çox kiçik şeylərlə
xoşbəxt ola bildiyindən
rahatlıqla danışırıq,
kiçik şeylərin
adamı bədbəxt
edə bildiyini isə nəzərdən qaçırırıq. Fanilik
atmosferinə köklənən
hekayədə həmin
işıqlı günlərin
nostalgiyası yalnız
İsmayılın ailəsinə
şamil edilmir, bütünlüklə ömrə,
həyata aid olunur. "Bakının bu balaca küçəsində
də nə çoxdur pişiklər,
nə çoxdur ağaclar, nə çoxdur ər-arvad qanqaraçılığı. Elə götürək, bu qanqaraçılığı".
Özünün hekayəsi
olan İsmayıl ümumdan bir nümunədir, modeldir.
Arvadı
ilə keçirdiyi gözəl günlərin
xiffətini çəkərkən
əvvəllər onları
xoşbəxt edən
sadədən-sadə şeyləri
yenidən təkrarlamağa
kimsə mane olmur. Amma İsmayılın
şüuraltı yaddaşı
bu günün kiçik sevinclərinə
fokuslana bilmir, onu yalnız keçmiş cəlb edir. Hekayənin adındakı xiffət də bunu deyir.
Humay "İsmayıl,
bir az da dirilərin dərdini çək e. Öz həyatını yaşa,
qayğımıza qal,
diqqət göstər"
- deyə şikayətlənir.
Daim gözü arxada qalan insan üçün
keçmiş çox
boylananda ayağının
altını görməyib,
sürüşüb düşəcəyi
bataqlıq kimidir; sonra ha çalışsa
da, qurtulmaq mümkün
olmur, çabaladıqca
batır. Ümumiyyətlə,
nostalji duyğusu güclü olan, daim keçmişinə bağlı qalan insanları nə gələcək çağırır,
nə bu günündə rahatlıq
tapır. Beləcə,
hər gününü
dünənə çevirə-çevirə
illərin üstünə
bir gün də əlavə edir - daha bir
rəqəm. "Hə,
Humayın yaxşı
yadındadır ki, ərinin
hər şeyi ürəyində saymaq xəstəliyi nə vaxtdan başladı. Onda hələ mehriban
idilər. Bir-biri üçün darıxa
bilirdilər, göz yumub uzun-uzun öpüşə bilirdilər.
Həmin işıqlı
günlərdən birində
ərinin iş yoldaşı Şamaxıdan
çaxır gətirmişdi".
İsmayılın "birdən-birə"
rəqəmlərə yoluxub
bu gündən uzaqlaşmasının səbəbi
şüuraltı travmalarıdır.
Axı hər şey həmin o içib kefləndiyi gündən başlamışdı,
xatirələrin oyandığı
məqamdan.
İsmayılın xatirələrində ana - qadın obrazı yoxdur; ata var, baba, ulu baba
var, az qala, hər gün izlədiyi toyuqlarla "didişən" xoruz
var... Humay onun şüuraltısında yoxa
çıxmışdı - qorxularının yaratdığı
travma kimi. Onun toyuqların dalınca qaçan xoruzu davamlı izləməsi, pişiyin tapılması və itməsi kimi, mətn boyunca təkrarlanan rəqəmlərin
mistikası da personajın
psixoloji açılımına,
bu vasitə ilə mətnin sirrinin çözümünə
xidmət edir.
İsmayıl rəqəmlərlə bağlı danışanda
sələflərinin aqibətini
də xatırladır:
"Babamı Astarxanbazarda
vurub öldürüblər
ki, bizi sayıb-sayıb
axırımıza çıxacaqsan.
Yəni, güllələtdirmək
üçün sayımızı
hökumətə verirsən.
Meyitini də çaya atıblar". Muradla oynayanda bu say oyununu uşaqkən atası ilə də oynadığını deməsi
sansaranı nişan verir. Sonda İsmayıl
huşunu itirib yıxılanda oğlu
"- Ata... Ona qədər sayıram, qalx. Ay ata..." deyə "oyun"u davam etdirir. İsmayıl ona kimi qalxmaqla,
nəhayət, tilsimi qırıb oğlu ilə say oyunlarını
tamamlaya da bilər; heç qalxmayıb bu əzablı oyuna son qoya da.
Bəzən şüuraltı yaddaşda
yer etmiş bircə zədə bütün ömür yolunun istiqamətini müəyyənləşdirir. "Həmin işıqlı günlər"dəki ümid
işığı bu
günə, gələcəyə
yönəlik deyil. İnsan nə qədər yalnız özüdür, keçmişindən
nə dərəcədə
azaddır? Zamanla o doğrudan dəyişir, yoxsa, əslinə, əsl özünə qayıdır? Hekayə qaçışın olmadığını
deyir - gələcək
elə personajları dəyişilmiş keçmiş
deməkdir. Mətndəki
psixoloji kontekstə görə, oğullar atalardan fərqli deyil; bununla barışmasalar belə,
ataların davamı -
bir az fərqli,
bir az dəyişik,
onların qismən transformasiyasıdırlar.
Cavidin hekayələrində ən
dramatik situasiyanın içərsində də
zə(r)if ironiya qatı görünür.
Bu, bəzən hekayənin
ümumi ahənginə
sirayət edən
element olaraq əksini tapırsa, bəzən də yalnız konkret bir obrazla
bağlı olur. Məsələn, "Sara odu
qoruyur"da ana obrazına
ironik yanaşma "Gülümsəyir, tüpürür"
hekayəsində anadan
başlayaraq təhkiyəçinin
özünə, sonra
bütün hekayəyə
sirayət edir.
Başdan-sona kontrastlar üzərində
qurulan "Sara odu qoruyur" hekayəsinin estetikası məzmununu uğurla tamamlayır. Xüsusən, rəng
("Həmin gün Mərdəkan bazarındakı
salxaq piştaxtalardan,
rəngbərəng tərəzilərdən
tutmuş, sarı limonlara, yaşıl-yaşıl
bibərlərəcən hər
şey nar qırmızısı rəngində
yerə-göyə, adamlara-ağaclara
gülümsəyirdi"), fəsil (payız-qış,
sentyabr-fevral) və stixiyaların (külək-od)
kontrastı, hekayənin
əvvəlində doğuş
"proqnozu" verən
narsatan arvadın ölüm xəbəri
("Dedilər, ölüb.
Beşcə gün əvvəl qalıb maşının altında.
Qanı çilənib
qarın üstünə"),
bu "sıçrayış"lar
fonundakı psixoloji keçidlər, vizual effektlər hekayənin emosional təsirini artırır. Sevgisiz ailədə bətnə düşən övladın
(əslində ər-arvad
münasibətlərinin) labüd
sonu əks olunur: "Uşaq ana bətnində şikəstdir".
Bu məqamda hekayə
neçə illərin
uzağında qalan
"yırtıq topu
götürüb çinarın
başına atanda sağsağan qanadından
qopan səs"i də xatırladır. Beləliklə, bu gün keçmişin nəticəsi kimi davam tapır, bu mətndə də indi elə
keçmiş deməkdir.
"Həmin işıqlı
günlər"də olduğu
kimi, "Sara odu qoruyur" hekayəsində
də oxucuda sual yaradan boşluqlar
var. Yəni bir-birlərini
sevdiyi halda, Saranın niyə onları izləyən oğlanla ailə qurması sualı açıq qalır. Nəticə etibarilə, qadının ərinə
xəyanət səbəbi
olduğu üçün
hekayənin bu əhəmiyyətli detalı
nəzərdən qaçırılır.
Cavid Zeynallının hekayələri
qəfil dönüşlərlə
maraqlıdır; sonluq
heç də həmişə gözlənildiyi
kimi reallaşmır.
Bu baxımdan fərqlənən "Zəmanəmizin
qəhrəmanı" hekayəsinin
aparıcı motivi intizardır. İntizar üzü gələcəyədir,
nisgil keçmişə.
Murad həmişə qəhrəman
ola biləcəyi bir situasiya gözləntisindədir;
kimsə batsın, yansın, həbs olunsun, o da xilas edib qəhrəman olsun. O gözləyir, situasiyalar da ayağına
gəlir. Hekayənin bütün kədərinə
rəğmən yenə
Cavidsayağı zərif
ironik qat mətni
"yüngülləşdirir". Dilimizdə geniş yayılmış "zəmanə
adamı" ifadəsi
bütün ironiya çalarları ilə mətndə reallaşır.
Murad qəhrəman olur,
amma necə?
Onun arzusu saxta olduğu
kimi, xilası da gərəksiz, yersizdir. İmkan versəydi, ölümü bunca sevən-seçən Mizrab
kişi ölsəydi,
canı qurtarardı. Muradın gözləntiləri
və özünə
biçdiyi "xilaskarlıq
missiyası" hekayədə
faciələrə absurdluq
gətirir. Lap Əbdürrəhim
bəyin "Bomba"
hekayəsindəki kimi.
Cavidin hekayəsində
onun "xilas etdiyi" adamın ölmək istəyən
Mizrab kişi olması isə gözlənilməz deyil.
Muradın hər gün ölümü tərifləyən kişiyə
cavabsız qalan "Yaxşı, ölüm bu qədər şirindirsə, niyə bu vaxtacan ölməyibsən?"
sualı həllini sanki sonda tapır.
"Zəmanəmizin qəhrəmanı"
özünün ən
böyük arzusu haqqında üzünü
adresata tutub danışır: "Deyəsən,
arzuma çatmışdım.
Çox güman, sabah hamı məndən danışacaqdı.
Çox güman nədi, danışdılar,
dost-tanış zəng
edib alqış elədilər, hətta tanımadığım adamlar
yolda saxlayıb razılıqlarını bildirirdilər.
Çörək oğurlayan
ac uşağın xilaskarı
kimi mənimlə bircə telekanallar maraqlanmadı. İlahi, bir sən bilirsən
xəbərlərdə danışmağı,
verilişlərə qəhrəman
simasında çıxmağı
qəlbimin dərinliyində
nə qədər həsrətlə arzu edirdim". Hekayənin Bartold Brextdən gətirilən epiqrafı
olmasaydı, bu arzunu elə Muradın nisgili kimi görmək də olardı. İndiki halda isə mətndə bütövlükdə cəmiyyətin qəhrəmanlıq
anlayışına incə
ironik yanaşma görürük. Cəmiyyətin
fikrindən asılı
olan insan bir o qədər də özünü-özünə
təsdiq etməyə
çaba göstərir.
Muradın ən səmimi "qəhrəmanlığı",
bəlkə də, Firəngizin dəmir aftafasının qulpunu düzəltdirməkdir.
Cavidin müxtəlif illərdə
yazılan hekayələri
üçün aparıcı
olan zaman amili, bəzi adlar (xüsusən, az qala, bütün hekayələrdə təkrarlanan
Murad), bənzər mövzu
və situasiyalar, bir növ, "ədəbi konstant"a çevrilib mətndən-mətnə
adlayır. Bunun ən
yayğın nümunəsi
Kamal Abdullanın yaradıcılığı
üçün xarakterikdir.
Amma Xalq yazıçısının
nəzmli-nəsrli bütün
əsərlərini "kəpənək
effekti" ilə birləşdirən bu priyom gənc həmkarında, hələ
ki, nisbətən spontan
xarakterlidir. Əsas odur ki, Cavid Zeynallının hər hekayəsinin bir
"Pandora qutusu" var və
açılanda ətrafa
metafora və simvol bolluğuna sığınmış rəngarəng
sirlər saçılır.
Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.10-11.