Sevdiyim romanın
teatral gedişi
Bazar günü Kamal Abdullanın
"Sehrbazlar dərəsi"
romanı əsasında
hazırlanmış eyniadlı
tamaşasının premyerasında
oldum.
Lap əvvəldən, ən əvvəldən onu deyim ki, Kamal Abdulla sevdiyim yazıçıdır, "Sehrbazlar
dərəsi" də,
mənə görə
ədəbiyyatımızın ən gözəl romanlarından biridir.
"Cin dərəsi"
hekayəmi də bu romandan təsirlənib
yazmışam.
Əsərin özünü sevdiyimə
görə tamaşaya
həm həvəs, həm də böyük tərəddüdlə
getmişdim. Çünki
xeyli əsərin uğursuz səhnələşdirilməsini
dəfələrlə öz
gözlərimlə görmüşəm,
məyus olmuşam. Bu
tamaşanı da içimdə
səksəkə ilə
izlədim.
"Az qala, bir balaca
dartınıb əlini
atsaydı, toxunacaqdı.
Karvanbaşı başının
düz üstündə
dən-dən, duz-duz olmuş bu şıltaq
və yorğun ulduzları yenə də heyran-heyran seyr eləməyində idi" - Kamal Abdullanın
romanı bu cümlələrlə başlayır.
Nə gözəl ki, rejissor Bəhram Osmanovun tamaşası da belə başladı. Xacə İbrahimlə Karvanbaşı
həmin Sehrbazlar dərəsinə çatırlar.
Elə nə olursa, nə olmuşsa və nə olacaqsa buradan başlayır.
"Sehrbazlar dərəsi"
romanı müasir Azərbaycan ədəbiyyatında
ən maraqlı mistik-fəlsəfi mətnlərdən
biridir. Bəli, məhz mistik-fəlsəfi! Hər mistikada fəlsəfə axtarmağın adı yoxdur. İçində fəlsəfə olmayan mistika çevrilib olur alt qatı olmayan fantaziyaya, yazıçı təxəyyülünə.
Bu romanda müəllif
təxəyyülünün dərin alt qatları var.
Nədir
o alt qatlar?
Atalar və oğullar
münasibəti...
Atalar və oğullar mövzusu bəşəriyyətin
ən köklü mövzularından biridir və qədimdən müasir dövrə qədər bir çox ədəbiyyat nümunələrində
işlənmişdir: "Gilqameş
dastanı"ndan tutmuş,
Homerin "İlliada"
və "Odisseya"sına
kimi, "Mahabharata" dastanından
Firdovsinin "Şahnamə"sinə
kimi. Turgenevin "Atalar və oğullar"ı, Dostoyevskinin
"Karamazov qardaşları", elə Kafkanın "Atama məktub"u... Dini mətnlərdə də bu mövzuyla dəfələrlə rastlaşırıq.
Uzandıqca uzana biləcək bu siyahıya əlavə edilməli əsərlərdən
biri də "Sehrbazlar dərəsi"dir.
Karma
Atalar və oğullar münasibəti fonunda müəllif karmaya da işarə edir. Cəllad Məmmədqulunun
oğlu Karvanbaşının
iztirabları, Şah və oğlunun taleyi və elə Səyyah ilə Ağ Dərvişin münasibətlərinin
karması. Bütün
bu münasibətlər
fonunda müəllif karmaya, insanın bütün əməllərinin
özünün, ya
da doğmalarının üstünə
bumeranq kimi qayıtdığına işarə
edir.
Axtarış
Roman Sehrbazlar dərəsinin axtarışı ilə başlayır, sonra bu axtarış lay-lay,
qat-qat digər axtarışlara
bölünür, haçalanır.
Təkcə Karvanbaşının
atasının ruhunu axtarışı yox, həm də Ağ Dərvişin həqiqət axtarışı,
elə cəllad Məmmədqulunun sevgi axtarışları da bir
dərənin sirri içində yox olur.
Müəllif heç bir suala tam cavab vermir, cavablar əvəzinə qapıları,
pəncərələri taybatay
açıb oxucuya görmək fürsəti
yaradır. Həqiqət
və mistika arasında incə xətti sezmək də olmur. Bəlkə, heç bu incə xətt
əzəldən bəri
olmayıb?! Axı həqiqətlə mistikanı
ayıra bildiyimizi bizə kim deyib?
Həqiqətin həqiqət,
mistikanın isə uydurma olduğunu bizə kim öyrədib?
"Gecə vaxtı göy üzünə nəzər salın. Yaxşı baxın. Allaha gedən yol ulduz adlandırdığımız
deşiklərdən işığın
görükən yoludur.
Bu yol əvvəl-əvvəl
qaranlıqdan keçir".
Ağ Dərvişlə Seyid Sarının mübahisələri
zamanı baş verən dialoqlar həm romanın özündə, həm də tamaşa zamanı adamı düşünməyə vadar
edir. Bu dialoqlar mənə Tomasso Kampanellanın "Günəş
şəhəri" əsərini
də xatırlatdı.
"Günəş şəhəri"
utopik ədəbiyyatın
ən parlaq nümunələrindən sayılır.
Kampanella bu utopik traktatında fəlsəfi-didaktik dialoqlar
ilə ideal cəmiyyətin
axtarışına çıxır.
Müəllif ideal, ədalətli
və harmonik bir cəmiyyətin necə qurula biləcəyi haqqında mülahizələrini oxucuya
təqdim edir. Düzdür, o əsərdə
bərabərlik, sosial
ədalət və kollektiv mülkiyyət ideyalarından da bəhs olunur, amma Kamal Abdullanın romanında müəllif daha çox göylə əlləşir, nəinki
yerlə. Məzmun baxımından "Sehrbazlar
dərəsi"nin bir
başqa qardaşlığı
da Tomas Morun "Utopiya"sıdır.
Əfvinizə sığınıb bu hissədə bir şeyi qeyd
etməyi özümə
borc bilirəm.
Bu izahatımın səbəbi
də var: "Sehrbazlar
dərəsi"nin "Günəş
şəhəri" və
"Utopiya" ilə
qardaşlığı haradan
yaranır?
Bu suala cavab vermək
üçün, əvvəla,
utopiyanın nə olduğunu aydınlaşdırmalıyıq.
Utopiya nədir?
"Utopiya" sözü qədim yunan dilində "ou" -
"yox" və
"topos" - "yer"
sözlərindən ibarətdir
və tərcümədə
"heç bir yer" və ya "mövcud olmayan yer" mənasını verir.
"Mövcud olmayan bir yer" - Kamal Abdullanın əsərində
bu yer "Sehrbazlar dərəsi"
adlanır.
Kampanella
və Tomas Mordan əvvəl isə bu yeri bizə
Nizami Gəncəvi
"İsgəndərnamə"sində
göstərir. "Xoşbəxtlər
ölkəsi"ni deyirəm.
Yəni sosial bərabərlik, sülh, rifah, hər kəsin xoşbəxt olduğu cəmiyyət anlayışları bizim əsərlərimizə elə
Nizami ilə ayaq açır.
Bu əsərləri xatırlatmağım,
təbii ki, boşuna deyil. "Sehrbazlar dərəsi" haqqında
danışanlar çox
vaxt bu əsərin
magik-realizm janrında
yazılmağına vurğu
edirlər. Amma bu əsər təkcə magik-realizm yox, həm də utopiya janrında yazılmış romandır.
Hazırda Azərbaycan
ədəbiyyatında utopiya
ilə magik-realizmi özündə cəmləşdirən
başqa əsər yadıma düşmür.
Əgər varsa,
mənə xatırladarsınız.
Hər halda,
"Sehrbazlar dərəsi"
mənim üçün
yeni klassikadır. Klassika isə həmişə dəbdə
olur, köhnəlmir.
Romanı oxuyanlara
tamaşanın süjeti
haqqında danışmağa
gərək görmürəm,
çünki rejissor tamaşa boyu əsərə sadiq qalır, amma romanı oxumayanlara tövsiyə edirəm ki, tamaşanı izləməzdən əvvəl
mütləq və mütləq əsəri oxusunlar, həmin o Sehrbazlar dərəsini də, Səyyahı da, Karvanbaşının atası Məmmədqulunun
ruhuyla dialoqunu da öz təxəyyüllərində
canlandırsınlar.
Tamaşada keçmiş
və indiki zaman arasındakı paralellər, keçidlər
çox incəliklə
işlənilmişdi, adamı
incitmirdi, heç bir izahata ehtiyac
duyulmurdu. Çox vacib məqamdır bu. Əsərin süjetinə, ruhuna xələl gətirmədən
onu vizuallaşdırmaq
ciddi məsələdir.
Məsələn, Markesin məşhur "Tənhalığın yüz
ili" romanına serial çəkildi təzəlikcə. O serialı
da qorxa-qorxa izlədim, çünki magik-realizm janrında yazılmış o əsərin
də vizual həllini tapmaq, filmləşdirmək müşkül
görünürdü mənə.
"Sehrbazlar dərəsi" də bu janrda yazılmış
romandır və bu əsərin məhdud imkanlar daxilində (söhbət teatrın filmə nisbətdə daha məhdud imkanlara sahib olmasından gedir) həllini vermək çətin olmalıydı. Bəhram Osmanov bu çətinliyin
öhdəsindən gəlib.
Dialoqlar çox
diri idi. Uzun dialoqlar məni yormadı, fikrim yayınmadı, çünki o dialoqlarda mətnin cövhərini saxlaya bilmişdilər. Məsələn, Ağ Dərvişlə Seyid Sarının dialoqundan hansı cümləni kəsib-atmaq olar? Ki, həmin dialoqda müəllifin fəlsəfi axtarışları
bizə təqdim olunur.
Rejissor işini
dedim, aktyor işini də mütləq vurğulamalıyam.
Aktyorların pafosdan, bəlağətdən
arınmış nitqləri
çox xoşuma gəldi. Məncə, teatrlarımıza, tamaşalarımıza
ən lazım olan da budur.
Hər nə qədər bu şikayətimiz birmənalı
qarşılanmasa da, teatrlar, rejissorlar, aktyorlar bunu qəbullanmalıdır: artıq
tamaşaçılar pafosa
doyub, müasir insan bəlağətli nitqə gərək duymur və aldanmır. Dünya teatrları bu həqiqəti rahatca qəbullanıb, biz də bunu etməliyik.
Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), Xalq artisti Əli Nur (Seyid Sarı),
Elnur Qədirov (Karvanbaşı), Elçin
Əfəndi (Səyyah
Sehrbaz), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş)...
Hər bir aktyorun oyunu xoşuma gəldi.
Bircə Səyyah
obrazında (aktyorda yox, obrazda!) bir-iki məqam məni narahat etdi.
Nə idi
o məqamlar?
Tamaşaya, bir
çimdik də olsa, yumor qatmaq
xətrinə Səyyahın
bəzi hərəkətlərinə
və sözlərinə
komiklik əlavə olunmuşdu. Ki, əsərdən tanıdığım
Səyyah obrazına bu komikliyi yad
bildim. Səyyah obrazı mənə görə xeyli ciddi obrazdır. Həmçinin bu əsərə yumor qatmağa ehtiyacın olduğunu da düşünmürəm.
Səyyahın bəzi cümlələrdən
sonra üzünü tamaşaçıya tutub
danışmağı da
məni narahat etdi. Bu sonuncu
dediyimi, - aktyorun auditoriyaya tərəf çevrilib danışmağı
(bunun teatrda adı nədir, bilmirəm) təkcə Səyyah obrazında yox, Pərnisə obrazında da oldu. Bu gedişləri
yersiz bildim. Auditoriyanın diqqətini
tamaşaya cəmləmək
üçün (əgər
bunun üçün
edilirsə) nəsə
etməyə ehtiyac yox idi. Onsuz
da hamı nəfəsini tutub, diqqətlə tamaşanı
izləyirdi.
Hə, qeyd
etməliyəm ki, Pərnisə obrazını
canlandıran aktrisa İlahə Həsənova,
Qarı obrazını
oynayan Əməkdar artist Mətanət Atakişiyevanın oyunları
çox da ürəyimi açmadı.
Aktrisalarımızın oyununda
pafos daha çox idi. Deyəsən, aktyorlarımız
pafosdan daha tez xilas olacaqlar,
nəinki aktrisalarımız.
Yenə deyirəm, mən teatrşünas deyiləm, bunlar mənim tamaşaçı
kimi fikirlərimdir, bilmirəm, bəlkə də, pafosa hələ də gərək var...
Tamaşanın sonunda rejissor əsərə yüngülvari
improvizələr etmişdi.
Cəllad Məmmədqulunun
ruhu ilə Pərnisənin ruhu yenidən qovuşurlar, dialoqa girirlər. Romanda bunun olmadığını
xatırlayıram, amma
bu improvizədə qüsur görmədim, teatral gediş idi və yersiz
görünmürdü.
Ən nəhayətində,
belə ciddi bir əsərin teatra ayaq açmasına,
belə uğurla səhnələşdirilməsinə sevindim. Bütün yaradıcı heyəti təbrik edirəm.
Ulucay AKİF
Ədəbiyyat
qəzeti.- 2025.- 21 fevral, №7.- S.6.