Şüşə
ilbiz
Miladqabağı
hekayə
Oxucu ilk
iki fəslin hansından istəsə, oxumağa başlaya bilər,
eyni qaydada axırıncı iki fəsli də. Hekayənin necə
alınması və necə qurtarması oxucunun hansı fəsilləri
seçməsindən asılıdır. Ümumiyyətlə,
hekayəni müxtəlif üsullarla ürəyiniz istəyən
qədər oxuya bilərsiniz. Qalanı
yazıçının işidir.
Mademuazel
Hatşepsut
Qadın
alt paltarı mağazasında satıcı işləyən
mademuazel Hatşepsut yenə yuxudan gec və əzgin oyandı.
O, özünü olduqca tənha hiss edirdi. Yuxuda iki lüləyi
olan dolça görmüşdü. Dolçadakı şərab
eyni vaxtda iki bokala axırdı.
O başa
düşdü ki, həmişə özünü tənha
hiss edəndə elədiyi şeyi eləməlidir. Əvvəlcə
çayın haçalandığı yerə baxdı. Həmin
gün buludlar heç cür çayın üstündə
yığışa bilmirdi. Onlar Dunayın sağ sahili boyunca
axının əksinə süzüb düz Savanın mənsəbinə
gedirdilər.
Axşam
mademuazel Hatşepsut işə yollandı. O, ikinci növbə
işləyirdi və evə gecənin bir aləmi
qayıdırdı. Həmin gün o, tindəki qəzet
köşkünün qabağında qara lak rəngli palto
geyinmiş yaraşıqlı cənab gördü. Qız ona
yaxınlaşdı, sağ əliylə satıcıya qəzetin
pulunu verdi, sol əliyləsə cənabın sağ cibindən
əlinə keçən ilk əşyanı çəkib
çıxartdı. Satıcı qəzeti ona uzatdı, o da
alıb cinayət yerini tərk etdi. Cənab paltosu rəngdə
maşına oturub getdi.
Mademuazel
Hatşepsutun indi eləməli olduğu şey isə qətiyyən
çətin deyildi. Terazie meydanında çantasından
balaca güzgünü çıxarıb əksinə
baxdı. Güzgüdə gördüyündən razı
qaldı.
Heyif ki,
onun əksi güzgüdə qala bilməz. "Amma bilmək
olmaz, birdən qaldı? Hər ehtimala qarşı
güzgüyə imzamı qoyum", - deyə fikirləşdi.
Və o, güzgünü öpüb üstünə dodaq
boyası ilə iz qoydu. Yeraltı keçidin eskalatoruna minəndə
güzgünü yanından keçən qadının
çantasına atdı.
Beləliklə,
işini tamamladı. Mademuazel Hatşesput dərindən nəfəs
aldı. İşlədiyi alt paltarı mağazasına ruh
yüksəkliyi ilə girdi, elə bil, bir neçə
saatlıq sauna və masajdan və ya idman zalındakı məşqdən
gəlirdi. Həmişə belə hallarda olduğu kimi, tənhalıq
hissi yoxa çıxmışdı. Həmişə belə
olurdu. Kimdənsə nəsə oğurlayıb, kiməsə
nəsə verirdi, özü də mütləq
başqa-başqa adamlara. Nə oğurlamaq, nə
bağışlamaq barədə isə qətiyyən fikirləşmirdi.
Hərdən vəziyyət elə gətirirdi ki, o, tərsinə
iş görməli olurdu: əvvəlcə verirdi, sonra
oğurlayırdı. Bu dəfə hər şey qaydasında
getmişdi.
Qız
bir müddət sonra mağazada tək qaldığı bir
neçə dəqiqədən istifadə edib cənabın
cibindən oğurladığı əşyaya baxa bildi. Bu,
alışqan idi. Bahalı və qəttəzə.
Alışqanın dəri kisəsinin içində qarantiya
kağızı görünürdü. Sarı dəvə dərisinin
üstünə "III Moisey" yazılmışdı. Yəqin,
sahibinin adı idi. Alışqanın qapağında isə
bu sözlər həkk edilmişdi: "Üç dəfə
yandır və sənin ən ülvi arzun yerinə yetəcək".
Amma
mademuazel Hatşesput öz qənimətinə
yaxşı-yaxşı baxa bilmədi, çünki
mağazaya müştəri girdi. Qız arxasında sağ
biləyini sol əliylə tutub gələn adama baxmağa
başladı.
Bu, cins
şalvar, mavi köynək, qəhvəyi pencək geyinmiş
cavan oğlan idi. Ayağında içi tüklü çəkmə,
qolunun üstündə plaş var idi, ovcunda qızılı
kağıza bükülüb lentlə bağlanmış
balaca qutu var idi. Mademuazel Hatşesput ən əvvəl onun
ciblərinə baxdı. Əsl o istəyən vəziyyətdə
idilər: ağızları bir az aralı idi. Cavan olsa da,
saçları ağarmağa başlamışdı, amma səliqəylə
daranmışdı. Gözlərində qəribə ifadə
olan səliqəli geyimli cənab.
"Onun,
yəqin, yuxuda da gözləri zəif görür", -
satıcı ağlından keçirib müştəridən
necə kömək edə biləcəyini soruşdu.
Oğlan
plaşı ilə bağlamanı qızın kreslosunun
yanındakı balaca stolun üstünə qoyub isti və
utancaq səslə dedi:
- Gecə
köynəyi almaq istəyirdim. Arvadıma milad hədiyyəsi.
O, dördölçülü geyinir.
"Belə
isti səsi, hətta gecə hansısa hündürlükdə
də tanımaq olar, lap elə küçənin kimsəsizliyində
əks-səda verən tənha qadın addımlarının
aralığında da", - mademuazel Hatşesput fikirləşdi
və dedi:
- O
ölçülər yuxarı rəfdədir.
Açılıb-yığılan
nərdivanı söykədib yuxarı çıxdı,
çıxa-çıxa oğlanın
baxışlarını üstündə hiss etdi.
Baxışlar hardasa baldırlarında dayanmışdı.
Aşağı düşəndən sonra isə nərdivanı
qatlayıb, stoldan kresloya sürüşüb
düşmüş qızılı bağlamanın
üstünə qoydu. İndi plaşla bağlama bir-birindən
ayrılmışdı. Satıcı ümid edirdi ki, cavan
oğlan bağlamanın yoxa çıxdığını
hiss etməyəcək və onu mağazada unudacaq.
Amma bu
vaxt elə gözlənilməz şey eşitdi ki, nərdivanı
qoyub cavan oğlanın düz gözünün içinə
zilləndi. Oğlan da bir neçə minilliyin ardından ona
baxırdı. Baxdığı zamanın
uzaqlığından oğlanın göz bəbəkləri
göyərmişdi.
- Yəqin,
xahişim sizə hədsizlik kimi görünəcək, -
dedi, - amma mən indiyə qədər qadın
üçün gecə köynəyi almamışam. Siz onu
yoxlaya bilərsiniz? Görüm, bu mənə lazım olan
şeydir, ya yox. Arvadımın fiqurası da sizdəki
kimidir...
Əgər
bağlama kreslonun üstündə olmasaydı, mademuazel
Hatşesput bu təklifdən qətiyyətlə imtina edərdi.
Amma belə cavab verdi:
- Tez-tez məndən
belə şey xahiş edirlər. Yaxşı. Gedim kabinədə
geyinim, baxın. Amma əvvəlcə nərdivanı
götürüm.
Qadın
nəzərlərinin kişi nəzərlərinə nisbətən
daha sürətli olduğuna şübhə etməyən
mademuazel Hatşesput nərdivanı yüngülcə
oğlana vurdu və bu vaxt alışqanı gizlincə onun
cibinə atdı.
Qız
dördölçülü gecə köynəyi ilə
oğlanın qabağına çıxanda onun nəfəsi
tutuldu. Onun gözlərindən təxminən, bu sözlər
oxunurdu: "Bu gecə aydın səhərlə bitəcək
və o, çox gözəl olacaq".
Amma o, kədərli
səslə başqa şey dedi:
-
Bağışlayın, çox istəsəm də, bu
köynəyi ala bilmərəm. O sizə çox
yaraşır. Arvadım yatmamışdan qabaq bunu geyinən
kimi sizi fikirləşməyə başlayacağam... Belə
olmaz. Çox sağ olun. Gecəniz xeyrə qalsın...
Bu
sözləri deyib plaşını geyinə-geyinə
mağazadan çıxdı. Mademuazel Hatşesput həyəcanla
onun dalınca baxdı. Sonra, heç paltarını dəyişməmiş
ehtiyatla qızılı bağlamanı açdı, hər
ehtimala qarşı kağızla lenti də saxladı.
Bağlamada
qutu var idi, qutunun içindənsə nə olduğunu hələ-hələ
kəsdirə bilmədiyi sehrli bir şey çıxdı.
Bu, şüşə ilbiz idi, içinə
gümüşü rəngdə toz doldurmuşdular,
ağzında isə fitil vardı. Dekorativ şam kimi bir
şey. Mademuazel Hatşesput onu yandırmaq istədi, amma
yadına düşdü ki, o, gecə köynəyindədir,
mağazada təkdir və artıq onun alışqanı
yoxdur.
Cənab
memar David Senmut
Elə həmin
gün gənc memar David Senmutun boşanmış arvadı
özünü xüsusilə tənha hiss etdi. O başa
düşdü ki, həmişə özünü tənha
hiss edəndə elədiyi şeyi eləməlidir. Əvvəlcə
çayın haçalandığı yerə baxdı. Həmin
gün buludlar heç cür çayın üstündə
yığışa bilmirdi. Onlar Dunayın sağ sahili boyunca
axının əksinə süzüb düz Savanın mənsəbinə
gedirdilər.
Keçmiş
madam Senmut titrək barmaqları ilə qızılı
kağıza bükülmüş kiçik qutunu tələsik
açdı. Qutunun içində əşyanı
aldığı büllur mağazasında görəndə
nə olduğunu hələ-hələ kəsdirə bilmədiyi
sehrli bir şey vardı. Bu, şüşə ilbiz idi,
içinə çəhrayı rəngdə toz
doldurmuşdular, ağzındakı çəhrayı mumun
üstündə isə fitil vardı. Dekorativ şam kimi bir
şey. Keçmiş ərə gözəl bir hədiyyə.
Əvvəlcə şüşənin üstündə nəsə
ithaf sözləri cızmaq istədi, lakin sonra fikrini dəyişdi.
O, dilə etibar etmirdi.
O, bilirdi
ki, dil yalnız insan düşüncələrinin, hisslərinin
və xatirələrinin xəritəsidir. Və bütün
xəritələr kimi, dil ötürməyə
çalışdığı şeyin yüz min dəfə
kiçildilmiş təsviridir. İnsan hisslərinin,
düşüncələrinin və xatirələrinin
yüz min dəfə daraldılmış təsviri. Bu xəritədə
dənizlər duzlu deyil, çaylar axmır. Dağlar
düzdür, üzərindəki qar isə heç də
soyuq deyil. Fırtınalar və boranlar əvəzinə isə
- çəkilmiş, kiçik külək gülü…
Beləliklə,
yazı yazmaq yerinə, keçmiş madam Senmut diqqətlə
mum tıxacı çıxartdı, şüşə
ilbizin içindəki çəhrayı tozu tualetə
boşaltdı və onun yerinə üstündə
"Güclü partlayıcı maddə. Tez
alışır!" yazısı olan şüşədən
gümüşü rəngli ölümcül tozu doldurdu.
Sonra təzədən şüşə ilbizin ağzını
mum tıxacıyla möhürlədi. İlbizi qutunun
içinə yerləşdirdikdən sonra, keçmiş
madam Senmut hədiyyəsini qızılı kağıza
büküb, lentlə bağladı.
-
Şübhəsiz, Davidin xoşuna gələcək, - qutunu
yaxın vaxtlara qədər ərinə məxsus olan
çertyoj masasına qoyanda pıçıldadı. Sonra isə
evdən çıxdı.
Hörmətli
cənab David Senmut artıq bu mənzildə
yaşamırdı. Boşandıqdan sonra özünə
başqa bir sığınacaq tapmağa məcbur olmuşdu,
lakin keçmiş arvadının yaşadığı bu
evin açarlarından biri hələ də onda
qalmışdı. O, keçmiş madam Senmut evdə olmayanda
istədiyi vaxt bura gələ bilərdi. Ona televizora
baxmağa, bir qədəh içki içməyə icazə
verilmişdi, lakin evdən nəsə götürməyə
ixtiyarı yox idi. Belə razılaşmışdılar.
Əks halda - və memarın keçmiş həyat
yoldaşı bunu niyə etdiyini çox yaxşı bilirdi -
o, dərhal kilidi dəyişdirib polisə oğurluq barədə
xəbər verəcəkdi.
Həmin
gün cənab Senmut keçmiş arvadının bu vaxtlar
evdə olmadığını bildiyi üçün mənzilə
daxil oldu. Köhnə diş fırçası ilə
dişlərini təmizlədi, soda ilə viski içdi və
yerini rahatladı. Amma çox oturmadı. Otaq alaqaranlıq
olsa da, çertyoj masasında qızılı kağıza
bükülüb lentlə bağlanmış qutunu
gördü. O, tab gətirə bilmədi. Oğru kimi qutunu
götürüb - və həqiqətən, oğurlayıb
- küçəyə çıxdı.
O,
başqa nəsə çırpışdıra və
arvadından oğurladığı qutunun içində nə
olduğuna baxa biləcəyi məkan axtara-axtara bir qədər
şəhərdə gəzdi. Qadın alt paltarı
mağazasının vitrini arxasından piştaxtada səliqə
ilə düzülmüş gecə köynəklərini
gördü və tərəddüd etmədən içəri
girdi.
Mağazada
gənc bir satıcı qız var idi. O, Senmuta
düşündüyü iş üçün tam uyğun
namizəd kimi göründü. Təcrübədən
bilirdi ki, əgər nəsə oğurlamısansa,
qabağına çıxan birinci adamı salamlaşmağa
macal vermədən aldatmalısan. Yoxsa, sonra gec olar.
Mağazaya
daxil olan kimi piştaxtada qutuların içində səliqə
ilə düzülmüş gecə köynəklərinə
baxdı. Aralarında dörd ölçülüsü yox
idi. O, salam verdi, əlindəkiləri stolun üstünə
qoydu və satıcıdan gecə köynəklərini
göstərməsini xahiş etdi.
-
Dördölçülüsü. Bu mənim arvadımın
ölçüsüdür, - dedi.
-
Piştaxtadakılar ancaq
üçölçülüdür.
Dördölçülü yuxarıdakı rəfdədir,
- qız dedi. O, nərdivanı söykədib yuxarı
çıxdı, cənab Senmut isə
üçölçülü köynəklərdən
birini çırpışdırmağa
çalışdı. Amma qız artıq qutunu
götürüb aşağı düşmüşdü.
Qız nərdivanı yerinə qoyanda ona yüngülcə
toxundurdu və xarici ətri ilə oğlanın
ağlını başından aldı. Bu, köynəyi
oğurlamağına mane oldu. Oğlan utana-utana qıza dedi:
-
Bilirsiniz, mənim belə şeylərdən başım
çıxmır. Siz bu gecə köynəyini geyinə bilərsiniz?
Arvadımın fiqurası da sizinkinə oxşayır... Mənə
kömək etsəniz, sevinərəm.
Qız
onu ağır baxışlarla süzdü, təxminən,
kilo yarımlıq baxışlarla. Amma təəccüblü
də olsa, razılaşdı və kabinədə gözdən
itdi. Hörmətli cənab memar Senmut ikinci dəfə cəhd
etdi və bu cəhdi uğurlu alındı. O,
üçölçülü gecə köynəklərindən
birini səliqəylə götürüb cibinə qoydu və
boş qutunun ağzını bağladı.
Qız
gecə köynəyində kabinədən çıxanda
oğlan yerində donub qaldı və özlüyündə
fikirləşdi: "Mən axı onu birinci dəfədir
görürəm. Amma belə hallarda adama elə gəlir ki,
elə bil, bu qadını keçmiş həyatında
görmüsən. Belə gözəl qadın
üçün şəhərlər salmağa, ona heyran
olmağa, dostu, hamisi, nəyi olursa-olsun, olmağa dəyərdi.
Lap elə uşaqlarının tərbiyəçisi..."
Belə
fikirləşdi. Amma bunu dedi:
- Üzr
istəyirəm, amma bu köynəyi ala bilmərəm. O mənim
üçün çox bahadır. - Və qənimətiylə
bir yerdə mağazadan çıxdı. Az qalsın,
plaşı yadından çıxacaqdı.
Vaxt
öldürmək üçün bir neçə kafedə
veyillənib bir neçə qutu siqaret oğurlayandan sonra kirayələdiyi
mənzilə gəldi, amma telefonunun qapının
ağzına qoyulduğunu gördü. Kirayə pulunu vermədiyi
üçün onu evdən qovmuşdular. Dərin təəssüflə
qonşuluqdakı kafeyə gedib, ismarıclara qulaq asmaq
üçün avtosekretarı qoşa bildi. Bircə
ismarıc var idi. Keçmiş arvadı zəng eləmişdi.
Onun səsi yumşaq idi:
- Bilirəm,
gəlmişdin. Nə elədiyini də bilirəm. Yenə bir
əşyanı çırpışdırmısan.
Qızılı kağıza bükülmüş balaca
qutu. Qorxma, polisə xəbər verməmişəm. Hələlik,
xəbər verməmişəm. Bu dəfə sənin
üçün aldığım milad hədiyyəsini
götürmüsən...
O,
avtosekretarı söndürüb ciblərini eşələməyə
başladı. Qızılı kağıza
bükülmüş qutu yox idi. Onu harada qoya biləcəyi
haqqında xeyli fikirləşdi, amma yadına sala bilmədi.
Yenə ciblərini eşələməyə başladı və
bu dəfə toxunanda formasını bilə bilmədiyi bir
şey tapdı. Pencəyinin cibində dəri qabın
içində bahalı alışqan var idi, amma David Senmud onu
harada və kimdən oğurladığını heç
cür yadına sala bilmədi... Alışqanın
üstündə yazı var idi: "Üç dəfə
yandır və sənin ən ülvi arzun yerinə yetəcək".
Adı
Nefertiti ola bilərdi
O, gecəni
yaxınlıqdakı mehmanxanada keçirtdi, səhər
kreditə təzə ev kirayələdi və
axşamüstü dünən getdiyi kafelərə baş
çəkməyə getdi. Heç yerdə
qızılı kağıza bükülmüş hədiyyəni
tapa bilmədi. Bu vaxt qadın alt paltarı mağazasındakı
qız yadına düşdü. Dəftərxana ləvazimatları
mağazasına girib üstündə ulduzlar olan tünd
göy rəngli paket aldı və dünən
oğurladığı gecə köynəyini paketə qoydu.
Sonra qadın alt paltarı mağazasına getdi və paketi
satıcıya uzadıb dedi:
-
Mademuazel, mən sizdən üzr istəməliyəm. Dünən
özümü çox da yaxşı aparmadım. Sizi
aldatdım. Mənim arvadım yoxdur və mən köynək
almaq istəmirdim. Sadəcə, o köynəyi sizin əyninizdə
görmək istədim. Elə gözəl idiniz ki,
bütün gecəni gözümü qırpmamışam.
Mağazalar açılan kimi gedib sizə eyni o cür
köynək aldım.
- Bu eyni
cür deyil axı, - qız gülümsəyib dedi, - bunun
ölçüsü üçdür.
Oğlan
kresloya çökdü. Onu məğlub etmişdilər. Nəhayət,
qıza müraciət etmək qərarına gəldi. Səsində
kədər var idi:
- Bir də
bir şey soruşacaqdım... Dünən qızılı
kağıza bükülmüş qutu yadımdan
çıxıb burda qalmayıb?
-
Qızılı kağıza bükülmüş qutu?
Lentli?
- Hə,
hə!
- Yox, siz
onu burda qoymamısınız. - Qız qətiyyətlə
dedi. - Yoxsa, mən onu tapıb sizə qaytarardım.
Müştərilərimizin yadından nəsə
çıxanda həmişə qaytarırıq... Mən də
sizdən bir şey soruşmaq istəyirəm. Milad
bayramında özünü tənha hiss edirsinizsə, onda
neyləyirsiniz? Bir də ki, bu dünyadan sakitcə yoxa
çıxmaq mümkündür?
Oğlan
gözlərini ondan çəkə bilmirdi. Qızın
kirpikləri qaşlarına dəyirdi. Gözləri deyirdi ki,
əbədiyyət asimmetrikdir. Oğan soruşdu:
- Sizin
haçansa qızınız olub? Çoxdan. Uzun illər əvvəl.
- Dörd
min il qabaq demək istəyirsiniz? Ola bilər. Amma indi yoxdur.
Buna görə bayramları tək keçirirəm. Milad
bayramında bizə gəlib onunla vaxt keçirmək istəyirsiniz?
- Kiminlə?
- Olmayan
qızımla. Buyurun, mənim ünvanımdır.
- Məmnuniyyətlə
gələrəm, - oğlan dedi. O, satıcının
qulağından öpüb qapıya tərəf getdi, kandarda
dayanıb dedi. - Mən bilirəm onun adı nə idi.
- Kimin?
- Olmayan qızınız
da. Onun adı Nefertiti idi.
Dekorativ
şam
Mademuazel
Hatşepsutun heyvanlardan, xüsusən, pişiklərdən,
xarici ətirlərdən və güllərdən xoşu gəlirdi.
Amma onun gəliri bunlara çatmırdı. Onun heç lap
balaca itlərdən də saxlamağa imkanı yox idi. Miladdan
qabaq birtəhər pul yığa bilmişdi ki, qara gavalı
ilə bişirməyə balıq və əriştə ala
bilsin. Hədiyyədən danışmağa da dəyməzdi.
Şam yeməyi hazırlığını qurtarandan sonra
paltarını dəyişdi, gözlərinə sürmə
çəkdi. Alnına lent bağladı. Dodaqlarını
boyadı. Xarici görünüşündən razı
qaldığı üçün kefi kökəldi, hərbi
səfərə çıxan fateh kimi. Pəncərəyə
yaxınlaşıb çayın haçasına baxdı.
- Buludlar
çayın üstündə toplaşa bildilər, - dedi.
Sonra
qızılı kağızı ehtiyatla açıb
şüşə ilbizi çıxartdı. İlbizin
şüşə bədənini dolduran gümüşü
toz onun xoşuna gəlmədi. Ehtiyatla mumu çıxarıb
şüşənin içindəki tozu unitaza
boşaltdı. Şüşəni yudu, qurutdu və
içini mavi vanna duzu ilə doldurdu. Sonra mumu yerinə bərkitdi.
İlbiz yenə dekorativ şama çevrildi. İlbizdən
sehrli mavi işıq süzülürdü. Onun rəngi
mademuazel Hatşepsutun gözlədiyi cavan oğlanın
gözlərinin rəngini xatırladırdı.
- Mavi
Atlantidanın rəngidir, - dedi və öz sözlərinə
özü təəccübləndi. - Çərənləmə.
Hardan bilirsən ki, Atlantidanın rəngi məhz mavidir?
Bir
neçə dəqiqə sonra ilbiz yenə öz qutusunda idi,
qızılı kağıza bükülüb lentlə
bağlanmışdı. Hədiyyə edilməyə
hazır vəziyyətdə.
Bu vaxt
qapı döyüldü. Qonaq bir şüşə şərabla
içəri girdi. Və öz isti səsiylə. Hatşepsut
ona yer göstərdi, özü də yanında oturdu.
Dörd dənə yunan qozu götürüb hərəsini
otağın bir tərəfinə atdı, beləliklə,
otağı xaçla şərəfləndirdi. Sonra siyirtmədən
bağlamanı götürüb oğlana verdi.
- Bu da mənim
sənə milad hədiyyəm, - dedi və oğlanı
öpdü. Onun gözləri parıldadı. Həyəcanla
qızılı kağızı açıb qutunu
çıxartdı və şüşə ilbizi əlinə
götürdü. Məyus olduğu üzündən
görünürdü.
- Sən
guya qutuda nə olduğunu bilmirdin? - mademuazel Hatşepsut
soruşdu.
-
Bilmirdim.
- Məyus
oldun?
- Hə.
- Hə?
- Yox. Bu
çox gözəldir. Çox sağ ol! - Oğlan
qızı qucaqladı. - Mənim də sənə hədiyyəm
var. - O, vəziyyəti yumşaltmağa
çalışırdı. Oğlan üstü güzgü
qırıntıları ilə bəzədilmiş
ağ-qırmızı kağızlı balaca paketi stolun
üstünə qoydu. Mademuazel Hatşepsut paketi açdı
və içindən artıq tanıdığı,
üstünə arzuların çin olması barədə
yazı həkk edilmiş alışqanı
çıxartdı. Hadisələrin gedişatı mademuazel
Hatşepsutu bir az çaşdırmışdı. İndi
o, özünü məyus hiss edirdi. Öz növbəsində
vəziyyəti yumşaltmaq üçün dedi:
- Mən
sənin soyadını bilirəm.
- Hardan
bilirsən?
- Bilmirəm
hardan, amma bilirəm. Özü də çoxdan. Bəlkə
də, qoxundan bilirəm. Sənin soyadın Senmutdur.
- Birinci dəfədir
eşidirəm. Bunu hardan çıxartdın? - O,
şüşə ilbizi gümüş nimçənin
içinə qoydu. Şamı yandırıb
işığında şam yeməyi yemək qərarına
gəlmişdi.
- Gözəl!
- mademuazel Hatşepsut alışqanı ona uzatdı. - Hə,
hə, sən bu ilbizi yandır, mən də gedim yeməyi gətirim.
Memar
Senmut alışqanı götürüb üstündəki
yazını bərkdən oxudu: "Üç dəfə
yandır və sənin ən ülvi arzun yerinə yetəcək".
- Yetəcək,
yetəcək, yəqin bil! Özü də elə bu gecə,
- qız gülümsəyib dedi.
Oğlan
alışqanı yandırdı. Hatşepsut əl
çaldı. Senmut alışqanı şamın fitilinə
yaxınlaşdırıb onu yandırdı. Şüşə
ilbiz qəşəng dekorativ şama dönüb bərq
vurdu. Otaq elə bil ki, döşəmədən
ayrıldı və yumşaq işıq şarında üzməyə
başladı.
- Nə
edirsən? - Qız təəccüblə dedi. - Sən
axı üç dəfə yandırmalısan.
- Şam
birinci dəfədən yandı da. Alışqanı nə
üçün üç dəfə yandırım?
- Axı
üstündə elə yazılıb! Bəyəm bilmirsən?
Əgər istəsən ki, səni bir dəfə eşitsinlər,
onda sözünü üç dəfə təkrarlamalısan.
Oğlan
alışqanı ikinci dəfə yandırdı.
Alışqanın ağzından yaşılımtıl alov
dili püskürdü.
- Bravo! -
qız bərkdən qışqırdı.
Alışqan
üçüncü dəfə yananda güclü
partlayış dalğası bütün mənzili
dağıtdı və Hatşepsutla Senmutu özüylə
apardı. Təkcə adlar qaldı. O adları istənilən
qədim Misir tarixində tapmaq olar (fironların XVIII
dinastiyası).
Alışqan
Milad
günü memar David Senmut yenə keçmiş
arvadının mənzilinə getdi, arvadı səfərdə
idi. Vanna qəbul etdi, dişlərini fırçaladı,
yaş saçlarını arxaya daradı və oturub dizlərini
qucaqladı. Bir neçə dəqiqə kubik formasında
oturub dincini aldı. Bir anlıq istədi ki, kaş əlində
balaca bir canlı olaydı, körpə uşaq, qız
uşağı da ola bilər, o da uşağı
qoruyardı, müdafiə edərdi... Sonra cibindən
alışqanı çıxarıb üstü güzgü
qırıntıları ilə bəzədilmiş
ağ-qırmızı paketə qoydu. Viski içdi və
keçmiş arvadının barından bir şüşə
italyan şərabı götürdü. Fikirləşdi ki,
"Blyu" şampanı yarayar, qadınlar üçün
yaxşıdır, şirindir, Muskat markasındandır, Bryut
markalı şərablar kimi tünd deyil. Şüşəni
ağ kağıza bükəndə fikirləşdi ki, şərablar
da qadınlar kimi heç vaxt özlərini yaxşı hiss
etmirlər, amma öləndə kişi kimi ölürlər
və çox az şərab insandan çox yaşaya bilir....
Qadın
alt paltarları mağazasının satıcısının
verdiyi kağızdan evinin ünvanını oxudu və
şampan əlində onlara yollandı. Qız döşəməyə
səpilmiş samanın üstüylə gəlib onu
qarşıladı. Öpdü, sonra da qızılı
kağıza bükülmüş qutunu ona verdi.
- Ola bilməz!
- oğlan qışqırdı.
- Bu mənim
sənə milad hədiyyəmdir.
O,
heyranlıqla qıza baxdı və fikirləşdi ki, gecənin
zülməti səhərəcən dincəlmək
üçün göylərdən onun gözlərinə
düşüb. Elə ucuz qolbaqların
zınqırovlarının səsi ən bahalı itin səsindən
də yuxarı idi.
O,
qızılı kağızı açdı və paketdən
hansısa balıqqulağına oxşayan, içinə mavi
toz tökülmüş birdəfəlik şam
çıxdı.
"Hə,
mənim keçmiş arvadım doğrudan da, kişilərin
qüruruna toxunmağı bacarır. Bu nə hədiyyədir
belə?" - fikirləşdi.
- Məyus
oldun? - Qadın alt paltarları satan qız soruşdu.
- Yox, yox,
əksinə, - o, cibindən üstü güzgü
qırıntıları ilə bəzəilmiş
ağ-qırmızı paketi çıxarıb dedi, - mən
də sənin üçün hədiyyə gətirmişəm.
Qız
bir neçə gün qabaq qara lak rəngli palto geyinmiş cənabdan
oğurladığı alışqanı paketdən
çıxartdı.
- Əla!
Mənə elə alışqan lazım idi! - Qız memar
David Senmutu qucaqlayıb öpdü, sonra dedi. - Sən bu
şüşə ilbizi yandır, mən gedim yeməkləri
gətirim. Onun üstündə nə yazılıb?
- Nəyin
üstündə?
-
Alışqanın.
-
İnstruksiya kağızını deyirsən? Bilmirəm. Onu
tullamışam. Alışqana instruksiya kağızı
lazım deyil axı.
- Yox e,
soruşuram, alışqanın üstündə nə
yazılıb?
-
Yadımda deyil. Dayan, baxım.
Qız
onu qabaqlayıb yazını əzbərdən dedi:
-
"Üç dəfə yandır və sənin ən
ülvi arzun yerinə yetəcək". Belə
yazılıb da, hə?
Memar David
Senmut bu gecə ərzində ikinci dəfə təəccübləndi.
Heç cür yadına sala bilmirdi ki, qadın alt paltarı
satan qızdan alışqanı haçan oğurlayıb?
Əgər alışqan onun deyildisə, üstündə nə
yazıldığını haradan bilirdi?
Üçölçülü gecə köynəyi
yadında idi, amma alışqanla bağlı məsələ
heç cür ağlına batmırdı. Hədiyyələrlə
bağlı məsələ gözgörəsi başqa
cür cərəyan edirdi. Gecəni korlamamaq üçün
nəsə fikirləşmək lazım idi. Və o,
ağlına gələn birinci şeyi dedi:
- Mən
bilirəm, sənin adın nədir.
-
Doğrudan? - qadın alt paltarı satıcısı təəccübləndi:
- Hardan bilirsən?
- Bilmirəm
hardan, amma bilirəm. Sənin adın Hatşepsutdur.
-
İndiyə qədər məni heç kim belə
çağırmayıb, - qız şüşə ilbizi
stolun üstündəki gümüş nimçəyə
qoyanda dedi.
Və
memar David Senmut alışqanı yandırdı. Birinci dəfədən
alışqanın ağzından göyümtül alov
fışqırdı və cənab Senmut şamı
yandırdı. İşıq stolun üstünə
yayılıb otağı aydınlatdı. Hər şeyin
üstünə qızılı rəng
düşmüşdü, hətta onların
dodaqlarının da. Onlar danışmağa başlayanda
bilinirdi.
- Bir də
yandır, - qız dedi, - orda yazılıb axı, üç
dəfə!
Alışqan
ikinci dəfə də yandı. Amma üçüncü dəfə
yanmadı.
- Demək,
qismət deyilmiş, - memar Senmut mademuazel Hatşepsuta dedi. - Mənim
ən ülvi arzum yerinə yetməyəcək.
- Yetəcək.
Özü də necə yetəcək!
Mademuazel
Hatşepsut bunu deyib memar David Senmutu elə öpdü ki,
heç kim onu indiyə qədər belə öpməmişdi.
Bu,
çox uzun öpüş oldu. Alışqanın instruksiya
kağızı isə bu vaxt yerdə, stolun kölgəsində
düşüb qalmışdı: "Diqqət! Həyat
üçün təhlükəlidir! Oddan uzaq tutun. Bu
alışqan deyil, xüsusi təyinatlı silahdır. Dinamit
tərkib alışqan üçüncü dəfə
yananda işə düşür!"
Milorad
PAVİÇ
Tərcümə
etdi:
Həmid
Piriyev
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.30-31.