"Bilməz
idim..."
Təranə Musayevanın "Bir qış günü və ya "qu quşu"lu saat" hekayəsi haqqında
Bu qışın sonlarına
yaxın torpağın
üstünü bəyaz
yorğan kimi örtən qar daha çox yadımızda qalacaq. Soyuq olsa da, təmizlik simvolu olan qar, sanki
neçə ildir bu qışın sonlarına yaxın yağdığı kimi yorulmadan yağmaq üçün darıxmışdı.
Torpağa bol ruzi, bərəkət bəxş etməkdə israrlı olan bu soyuq gözəlliyə
bahara qədəm qoymadan öncə bir az da ədəbi
rakursdan nəzər yetirək...
Adi günlərdən biri ilə başlayan hekayədə qış lövhələrinin təsvirinə
geniş yer verilir. Müəllif qarın yağmasını
sanki rəssam nəzərlərilə seyr
edir. Hekayənin qəhrəmanı pəncərədən
içəri süzülən
işıq selinə günlərdir, dayanmadan yağan qarın bəyazlığının, şəfəqlərinin
birini yer üzünə göndərən
Günəşin sarımtıl
rənginin qarışdığını
deyir. Pəncərə
şüşələrinə əsrarəngiz naxışlar
cızan şaxta o qədər təmiz olur ki, insan ağzını geniş açıb onu udmaq istəyir. O, bu mənzərəni təsvir edərkən insanın onu həm də elə udmaq istədiyindən söz açır ki, həmin vaxt onun içindəki
bütün üzvlər
bu təmizlikdən nəsibini ala bilsin. Qar dənələri bir-biri ilə oynaşaraq göydən yerə ələnir.
Səssizlik hökm sürən
şəhərdə ara-sıra
küçələrdən keçən maşınların,
evlərin bacalarından
yüksələn, gözlə
görünən tüstü
ilğım təəssüratı
yaradır. Sakitliyi pozan təkcə şəhərdə yalnız
qalan, qışda da doğma şəhərini
tərk etməyən
etibarlı sərçələrin
səsi olur. Mənzərə gözəl
olduğundan onun nəzərləri dəqiqələrlə
bir nöqtəyə dikilib qalır. Fikri bəzən gözləri ilə gördükləri ilə
deyil, beyni ilə "gördükləri"
ilə məşğul
olur, Daldığı
xəyallardan onu aşağı düşüb
qar basan yolu süpürməsini istəyən anasının
səsi ayırır.
Kiçik qardaşı
əlində papaqla geri qayıdıb anasına onun da süpürəcəyini, papağı
geyindiyini də deyir.
O, dönüb atasına baxır. Anasının verdiyi qərarlara atası da qol qoymasaydı, həyata keçməzdi. Buna qışın
tən ortasında həyətə düşmək
də daxil idi. Müəllif, burada ailənin həmfikir olmasını göstərir.
Atası
baxışlarını oxuduğu
kitabdan ayırıb əvvəlcə oturduğu
yerdən pəncərədən
görünən bir hissəyə, daha sonra qardaşı ilə ona baxaraq
sərt səslə qalın geyinmələrini
istədiyini deyir. Ata
kitab oxuya-oxuya siqaret çəkməyi də sevdiyi üçün stollarının üstündən
alüminium külqabı
əskik olmur. Oxuduğu kitabdan ayrılmadan çəkdiyi
siqaretin külünü
külqabına tökmək
istərkən köz
qarışıq kül
bəzən kənara
düşür, stolun
üstündəki müşəmbə
örtükdəki mavi,
sarı rəngli çiçəkləri yandırır.
Anasının verdiyi qərarı
yerinə yetirmək üçün əlindəki
çay fincanını
və beynindəki xəyalları - hərəsini
öz yerinə qoyduqdan sonra oturduğu yerdən qalxıb əynini qalın geyinir, başına nənəsinin
şalını bağlayır.
Nənəsinin qoxusunu
özündə yaşadan
bu geyimlərin qoxusu burunlarına necə hopursa, onları qoxulayanda eyni ətri alırlar. O qoxunun yayda onları istidən, qışda soyuqdan qoruması fikrinə o qədər inanırlar ki, şaxtalı
günlərdə kim
bayıra çıxsa,
nənəsinin Dərbənddən
alıb gətirdiyi qəhvəyi şala bürünüb çıxır.
Təbəssüm yuvası gözlərin sevinci
O, İlqarın təbəssüm
yuvası gözlərinin
sevinclə parladığını
bildirir. Əyninə geyindiyi atasının köhnə paltosunun qolları əllərindən
xeyli aşağı sallanan İlqar həyətdə paltonun qollarını çətinliklə
çırmayıb təzə
süpürgəyə əlini
atanda o, tez onu alıb kötüyü
qalmış köhnə
süpürgəni ona
verir. Ağzını
açıb etiraz etmək istəyəndə
isə süpürgəni
götürüb başını
qatmasını istədiyini
bildirir. Və əgər belə etməsə, evə deyəcəyini və onu evə çağıracaqlarını
da deyir.
İlqarın sözəbaxan, üzüyola
uşaq olduğunu, mübahisə etmədiyini,
deyilən sözə
sakitcə əməl
etdiyini və qarşısındakını incitmək
istəmədiyindən danışan
hekayənin qəhrəmanı
bunun, kim olur-olsun, fərq etmədiyini deyir. O özü isə incidiyi insanı nəinki incitmək, onu darmadağın belə etmək istəyərmiş.
Onlar dərsdən, ataları işdən gələndən
sonra evlərinin qapısından həyət
qapısına qədər
kimsə ayaq basmadığından qar yolu tamam bağlanır.
Gündə neçə
dəfə anaları
ilə söhbətə
gələn qonşuları
"Ulduz xala" dediyi qadın kənddə yaşayan qardaşıgilə getdiyindən
yollarına bir iz düşmür.
Anasının aldığı təzə
həyət süpürgəsini
hardan qara batıracağını bilmir.
Evin qarşısındakı
damaltında dayanıb
ətrafa göz gəzdirir. Üç addımlıqda evin divarına söykədilmiş
beli görəndə
əlindəki süpürgəni
kənara qoyub ayaqları qara bata-bata gedib onu götürür və necə gəldi ətrafındakı
qarları təmizləməyə
başlayır. Hündürlüyü
dizlərindən yuxarı
olan qar dənələri bir-birinin
üzərinə elə
səliqə ilə yığılır ki, bu
səliqəni pozmağa
heyfi gəlir.
Ananın
göstərişi yerinə
yetirilir, evin qapısından həyət
qapısına qədər
olan yol əvvəl bellə təmizlənib açılır,
sonra İlqarın təzə rezin uzunboğaz çəkmələri
ilə tapdanır.
Yumşaq
olduğu qədər
də sürüşkən
olan qarın üzərində istədikləri
qədər sürüşür,
bu müddət ərzində pəncərədən
arada-sırada onlara baxan analarının gözündən yayınaraq
həyət qapısından
küçəyə çıxıb
ana eşitməsin deyə
səssiz filmlərdəki
kimi sakitcə qartopu da oynayırlar. Gülüşləri içlərində
qəhqəhə çəkərək
oynadıqları zaman ikisinə
də eyni anda dəyən zərbədən özlərinə
gəlməmiş eşitdikləri
gülüş səsi
yeri, göyü titrədir.
Pərvanə kimi...
Evə gəlib isti otağa girəndə İlqarın yanaqları
"qızıləhmədi" almasına bənzəyir.
Sobanın yanında otururlar. Onun əlindəki dərs kitabı bir kənara, özü də "Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm
var" deyən Rübabə
Muradovanın səsinin
sehrinə düşür.
O illərdə havanın təmizliyindənmiydi, insanların
sağlamlığından və ya içlərinin
saflığındanmıydı, bilmirdi, şaxta, soyuq, əsən külək insanlarda əlacsız xəstəliklərə
səbəb olmurmuş.
Atası
onu qucağına götürüb qonşu
otaqdakı yatağına
aparıb qoyanda dodaqlarında "Bilməz
idim, ayrılıq
var, itkinlik var, ölüm
var" pıçıltısının
gözlərinin qarşısında
İlqarın "qızıləhmədi"
almasına bənzər
yanaqlarının, qulaqlarında
tut ağacındakı sərçələrin
cikkiltisininin olduğunu
hiss edir.
Uzaqlardan
qulağına anasının
ən əziz üç qardaşından
biri, həm də qonşuları olan ortancıl dayısının səsi
gəlir. O, əslində,
ən əziz ifadəsini dayılarının
üçü üçün
də deyə biləcəyini bildirir. Eşitdiyinə görə,
dayısı birdən-birə
anasıgilin evlərinin
divarındakı qu quşu təsviri olan saatı çox sevdiyini xatırlamış, gecə
ilə bunu bacısının çox
istədiyini, bu saatı niyə ona vermədiklərini düşünərək onu
qoltuğuna, arvadını
isə yanına alıb gecənin bəyaz qaranlığında
yola düzəlib onlara gəlir. Dayısı evlərindən
onlara qədər olan yolu hirsindən
ağzını açmayan
arvadına "Paxıllıq
edir, saatı bacım üçün gətirdiyimə görə
əsəbindən zəncir
gəmirir", - deyərək
ona sataşır. Kefi kök olan
dayısına anası
minnətdarlıq edərək
çay tədarükü
görəndə o, çayın
lazım olmadığını,
əvəzində saatı
divara vurmaq üçün bir mismar gətirməsini istəyən zaman İlqarla
qəhrəman yataqlarından
qalxıb qapının
kənarından qonaq otağına baxmağa başlayırlar. O, qızdırmadan
ayaq üstə güclə dayanır.
Amma nə vaxtsa babasının aldığı,
dayısıgildəki divardan
hər saatbaşı
boylanan "qu quşu"lu divar saatı o qədər maraqlı olur ki, bu möcüzənin indi onların divarına "qonacağını"
gözləri ilə görmək istəyir.
Atası
divardakı mənzərə
şəklini çıxarıb
saatı ora asır. Kəfkiri yellədir, saat işləmir. Dayısı
atasını kənara
çəkib onu tanımadığını, bacısı
gəlib yellətsə,
işləyəcəyini deyəndə
anası irəli gəlib kəfkiri ehmalca yellədir, saat işləmir. Dayısı, arvadına üz tutub saatın
niyə işləmədiyini
soruşanda arvadı
o saatın bir də cəhənnəmdə
işləyəcəyini deyir
və onun dəfələrlə qoltuğundan
yerə düşdüyünü
bildirir. Yuxulu-yuxulu bacısı üçün
saatı gətirən
dayısının ayağı
qarın üzərində
hər dəfə sürüşəndə "qu quşu" da qoltuğundan sürüşüb
neçə addım
irəli gedir və yuvasından bayıra çıxaraq oxuyur. Bu, dəfələrlə
təkrar olunanda artıq "qu quşu" aldandığını
anlayır, küsür,
bir daha yuvasından bayıra çıxmır və oxumur.
Evlərinin pəncərəsindən dördü də aşağıdakı ağappaq
yolla kor-peşman gedən iki qaraltıya baxırlar. Bəmbəyaz qış gecəsi onları udana qədər baxırlar. Anasının
könlündə bir
daha taxt quran və onun
ömür-gün yoldaşının
ardınca... Sonralar anası o "qu quşu"nun - saatın başına pərvanə
kimi dolansa da, aldanmış "qu quşu" bir daha oxumur.
Gizli məsumluq
O gecə o da səhərə
qədər qızdırma
içində qovrularaq
"Ayrılıq var, itkinlik
var, ölüm var" deyib
qəhərlənir və
İlqarın yanaqlarının
"qızıləhmədi"yə oxşamasından, pərdədəki
kuklaların ona gülməsindən danışıb
qəhqəhə çəkir,
"qu quşu" oxusaydı, sərçələrin
də tək qalmayacağını da deyib
səhərə qədər
sayıqlayır.
Bunu isə çox sonralar "qu quşu" yuvasına çəkilərək bir
daha bayıra çıxmayıb susandan,
həyətlərindəki tut ağacı kəsiləndən
sonra sərçələr
pərən-pərən düşəndən,
Rübabə Muradova cismən yer üzündən ayrılandan
və İlqarın yanaqlarındakı "qızıləhmədi"
almasının rəngi
torpağın rənginə
qarışandan sonra anası deyir: "Bilməz idim, ayrılıq var, itkinlik
var, ölüm var"...
Bədii
təsir dairəsi geniş olan hekayədə obrazların
hiss və həyəcanlarının,
yaşantılarının da fərqli olmasına baxmayaraq, onları eyni mövzu haqda düşünməyə
vadar edən bir məqam var: Zamanın dayanmasını
göstərən, susan
"qu quşu"lu saat! Müəllif, haqqında söz açdığı hadisələri,
təsvir etdiyi obrazların xasiyyətini,
hərəkət və
rəftarını bir-birlərinə
uyğunlaşdırır. Realist üslubda yazılan hekayənin aparıcı istiqaməti "qu quşu"lu saatın susmasına yönəlir
- "qu quşu"nun
yuvasına çəkilərək
bir daha bayıra çıxmayıb
susmasında, həyətlərindəki
tut ağacı kəsiləndən
sonra sərçələrin
pərən-pərən düşməsində,
yer üzündən cismən ayrılan Rübabə Muradovanın
"Bilməz idim ayrılıq var, itkinlik
var, ölüm var" deməsində,
İlqarın yanaqlarındakı
"qızıləhmədi" almasının rənginin
torpağın rənginə
qarışmasında bir
gizli məsumluq yaşayır. Bu, vətənimizin
işğal olunmasından,
soydaşlarımızın ev-eşiyindən didərgin
düşməsindən, şəhid
olan oğulların torpağa tapşırılmasından
sonra yaşadığımız
ağrı-acıların məsumluğudur.
Təranə Musayevanın
qardaşı Musayev İlqar Novruzbəy oğlu da vətən yolunda canından keçib. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində
şəhid olan İlqar Musayev
02.02.1994-cü ildə Quba
Şəhidlər xiyabanında
dəfn olunub.
"Belə təmizlikdən
isinmək olar"
Bədii
idrakda təbiət mövzusunun poetik, prozaik formada gerçəkləşməsinə aid çox misallar göstərə bilərik.
Orhan Pamukun "Qar"
romanı 12 il Almaniyada
sürgün həyatı
yaşayan şair Kanın Türkiyəyə
qayıdandan dörd gün sonra bir reportaj üçün
Qars şəhərinə
getməsindən və
həzin-həzin yağan
qar altında tarix boyu dəfələrlə
baş vermiş rus-türk müharibəsində
əldən-ələ keçən
Qars şəhərinin
sakinləri ilə yaxından tanış olmasından bəhs edir.
Mübariz Örənin "Kim aparacaq məni ora" hekayəsinin epiqrafı qarla başlayır: "Burda pul qar kimidir,
nənə, adamın
əlində qalmır".
Onun "Qar tanrısı" hekayəsində
isə çoban Kilar Elbrusun Şərq zirvəsini fəth edir. Yesaranın Yexiyaya bütün günahların
qara daşlara çökməsini, onun
da üstünü qarın
örtməsini və
ona qar gətirdiyini
deməsi müəllifin
qar haqqında prozaik düşüncəsinin
əhatə dairəsinin
genişliyindən xəbər
verir.
Qış fəsli haqqında
da çox poetik nümunələr yazılıb
və yazılacaq. Xalq şairi Musa Yaqub qar haqqında
düşündüklərini poetik ovqatla ifadə edir:
Ulduztək üstümə səpələn,
ey qar,
Geydirdin
əynimə ağappaq
donu.
Sənin
ki bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu.
"Qar eskizi" şeirində rənglərin
harmoniyasından söz
açan Adil Mirseyid onun estetik dəyərindən
də danışır:
Qar yağır,
Qar yağır,
Qar yağır,
Qar yağır,
...Qara çörək,
Bəyaz
pendir,
Qırmızı çaxır...
O, qarın yağmasının
poetik rəsmini çəkir. Qar yavaş-yavaş yağır,
Adil Mirseyid də bu gözəlliyin eskizini cızır.
Təbiətin bu soyuq fəslinə uşaqlar da
həmişə isti münasibət göstərir.
Qış haqqında
bədii nümunələr,
təsvirlər, obrazlar
bu fəsli onlara çox sevdirir.
Təranə Musayevanın "Bir qış günü və ya "qu quşu"lu saat" hekayəsində təbiətin gözəlliklərinin
bədii təsviri ilə yanaşı, insan taleyi, yaşadığımız
həyatın enişli-yoxuşlu
yolları da əks olunur...
Xuraman HÜSEYN
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.28.