"Universitet
hekayələri" silsiləsindən
2 hekayə
Hekayələr
Ata ürəyi
Müəllim
dekanın kabinetində ona dedi ki, dördüncü kursda, 422a
qrupunda oxuyan qohumu Cəlilov Qurban marketdə satıcı
işləyir, dərslərə heç cürə gələ
bilmir, nə qədər lazımdı, "hörmətini"
etməyə hazırdı, mümkünsə, müəllimlərə
tapşırardız, bu semestr dərslərdə ona qayıb
yazmasınlar. Dekan "Hansı marketdə işləyir?",
"Sənə necə qohum düşür?"
suallarını verə-verə, arada beynində hesablama
aparıb bunun yeddi yüz manata başa gələcəyini
dedi. "Etiraz eləmirsizsə, elə indi zəng eliyim
qohuma, - müəllim dedi. - "Amma demə ki, burda
yanımdasan, - dekan təşvişlə dilləndi. Müəllim:
"Hə, əlbəttə", - deyib qohumunun nömrəsini
yığdı: "Alo, salam... Hə, mənəm. Qulaq as, mən
bir az qabaq onun yanındaydım, sənin məsələni
danışdım. Yeddi yüzdü qiyməti... Dollar yox,
manat... Aşağı saldırmaq deyəndə, mənə
axı demişdin, nə qədər lazımdı, verməyə
hazırsan... Oldu, amma tez zəng elə, mənə konkret
cavab de. Sənə görə maksimum ikinci dəfə onun
yanına girə bilərəm... Özünə yox, köməkçisinə
verəssən. Oldu", - telefonu qapadıb dekana "İndilərdə
zəng edəcək" - dedi.
Dekanın sifəti soldu, ona elə gəldi, tələbə zəng
edib qiyməti yüz manat endirməkdən dəm vuracaq.
Qabaqdangəlmişlik taktikasına keçdi: "Nəzərə
al ki, dediyim o pul tək mənə çatmır ha", - ad
çəkməsə də, bu prosesdə rektorun da
hesabını verəcəyinə işarə vurdu.
"Başa düşdüm, amma gözləyək, görək
nə deyir. Bəlkə razılaşacaq o qiymətə?!"
- müəllim ümidli baxışlarla dedi. Sonra dekan
iki-üç sual verdi, "Dərslərin necə
gedir?", "Seçmə fənnin proqramını
yazmısan?" Biləndə ki, müəllim hələ
proqramı yazmayıb onu tələsdirdi: "Elə et ki, gələn
ay fakültə elmi şurasına müzakirəyə..."
Bu vaxt müəllimin mobil telefonuna zəng gəldi. "Hə,
eşidirəm... Nə? Beş yüz? Qurban, barmağına
dolamısan məni?" - "Ss, yavaş", - dekan müəllimə
gözünü ağardıb dilləndi, yəni yan otaqda
laborant qızlar eşidə bilər, otağın
qapısı isə bağlıydı. Dekanın sifətindəki
narazılığı görən müəllim anladı
ki, sövdələşmə alınmayacaq, qohumunun qiymət
salmağı onu əsəbiləşdirmişdi: "Ay
Qurban, dəqiq bilirəm, o rəqəmə razı olmayacaq...
İndi də altı yüz deyirsən. Bunu bayaqdan demək
lazımıydı, oyun oynuyursan? Hə, bir şeyi deyim, Allaha
and olsun, bu işdə bir manat belə marağım yoxdu ha...
Birdən elə bilərsən mən arada nəsə
qazanıram, elə şey yoxdu". Dekan yenə ona
gözünü ağartdı. Ürəyində
özünü söyən müəllim ("Qələt
eliyərəm, bir də belə işə baş
qoşaram".) söhbətə yekun vurmaq qərarına gəldi:
"...Yaxşı, bir də yanına gedərəm,
görüm nə deyəcək. Oldu, sən sabah on birin
yarısı gələrsən universitetə,
üçüncü mərtəbədə
görüşüb danışarıq". Dekan
başını bulayıb narazı tonda dedi: "Yox, altı
yüz azdı. Dedim axı, məsələ tək mənlik
deyil". Sonda altı yüz əlli manata
razılaşdı.
Ertəsi
gün səhər saat on birin yarısı müəllim Qurbanla
danışdıqları yerdə görüşdülər.
Müəllimin ağzından "Altı yüz əllidən
aşağı enmədi" cümləsi çıxan
kimi, tələbə sevincək əlini cibinə saldı.
Müəllim tez pıçıltıyla dedi: "Dünən
sənə telefonda dedim, mənə yox, köməkçisinə
aparıb verəcəksən. Yenə deyirəm, Allaha and
olsun, o puldan bir qəpik qazancım yoxdu, məqsədim qohum
kimi sənə kömək etməkdi. Yaxşı, sən
hardan bildin ki, dekan əlli manat aşağı
düşdü? Yoxsa, mənnən xəbərsiz onunla
danışmısan?" - "Yox vallah, o barədə burda
sizdən başqa heç kimlə danışmamışam.
Nəsə ürəyimə damdı ki, əlli düşəcək",
- deyib tələbə güldü.
İki gün sonra axşamüstü dekan müəllimə zəng
edib yanına çağırdı, aldığı puldan əllilik
vermək istəyəndə, qol itələşməsi
başladı. Müəllim pulu götürmədən onun
otağından tələsik çıxdı.
Həmin
gün dekan nahar vaxtı universitetdən çıxıb
yaxınlıqdakı banka dəydi, manatları altı yüz
avroya dəyişdi. Onda manat avrodan, dollardan
güclüydü. Sonra xaricə pulköçürmə
şöbəsində növbə tutmaqçün elektron
cihazdan nömrə götürdü.
Evdə
axşam yeməyindən,
çaydan sonra, dekan skaypla Azad Berlin
Universitetinin hüquq fakültəsinin dördüncü
kursunda oxuyan oğluyla danışırdı: "...Ay bala,
mübahisə eləmə, deyilənə qulaq as. Yenə
deyirəm, magistraturada mülki hüququ seçərsən.
Başa düş, qayıtmağa qərar versən, gəlib
burda beynəlxalq hüquq üzrə iş tapa bilməyəssən.
İndi dövlət orqanlarında güclü ixtisarlar gedir,
həmin o beynəlxalq hüquq diplomu alanların çoxu, ya
çöldə qalıblar, ya da Azərseldə operator
işliyirlər. Amma sən mülki hüquq üzrə
magistr diplomu alsan, dövlət qulluğuna imtahanı
yaxşı verərsən, məhkəmədə iş
taparsan, inşallah. O variant alınmasa, hüquq şirkətlərindən
birində vəkil kimi işləyə bilərsən.
Savadlı vəkillər indi yaxşı pul qazanır, biləsən
bunu. Ən pis halda notariusda sənə bir iş tapılar.
Bura qayıtmıyassan?.. Bəs axı elə bil keçən
dəfə başqa söz deyirdin? Nə isə, bu söhbəti
sonraya saxlıyaq. Səndə indi nə qədər pul var?...
Yeddi yüz avro, lap yaxşı. Sənin bank kartına bu
gün altı yüz avro köçürdüm, elədi min
üç yüz. Bir ayçün mən bilən, bəs
eliyər sənə. Gələn ayın əvvəli yenə
göndərəcəm. Yeməyinə fikir ver, heç
olmasa, iki gündən bir sup iç... Nooldu sənin hüquq
nəzəriyyəsi imtahanın?... İndidən kəsilməkdən
danışırsan. Olmadı ki. Otur, ciddi hazırlaş də...
Otur hazırlaş, mübahisə eləmə..."
Xasiyyətinə bələdiydi, əminiydi
yeganə övladı olan oğlu öz
bildiyini edəcək, magistraturada mülki, yox, beynəlxalq
hüququ seçəcək, magistr diplomunu alandan sonra,
Bakıya qayıtmayacaq, orda iş tapıb başlayacaq Almaniya
vətəndaşlığı üçün lazım
olan sənədləri toplamağa. Alman qızıyla evlənsə,
etiraz etməyəcək. Oğluna heç olmasa, Berlində
bir otaq almaqçün yollar axtarırdı. Mərdəkandakı
bağ evini satmağın, semestrlərdə qayıbları
silməyin, imtahanların hesabına maksimum "gəlir" əldə
etmək. Bir otaqçün pul çatmasa, bankdan kredit
götürmək, bahalı "Mersedes"ini satıb ucuzunu
almaq variantı da ağlına gəlmişdi. Sonra fikirləşdi,
bəlkə, oğlu elə düz edir bura qayıtmır.
4-6 fevral
2017-1 sentyabr 2024,
Bakı
Sifət
Kafedra
müdiri professor Qalib Vəliyev semestrin sonunda
üçüncü kursda oxuyan Əkbərə dedi:
"Qayıbların silinməsinə görə yüz,
seminarlara görə yüz, sərbəst iş yüz,
imtahan yüz manat. Neçə elədi?" - "İki
yüz". - "Yoox". - "İki yüz əlli".
- "Telefonunda hesabla, mənə inanmırsansa," - deyib
kafedra müdiri güldü. "Elə bilir gülməklə
öz bildiyini eliyəcək" fikirləşən tələbə
dedi: "Yaxşı, üç yüz və söhbət
bağlandı". - "Üç yüz əlli və sən
demişkən, söhbəti birdəfəlik
bağlıyırıq," - öncə gülən Qalib
müəllim qəfil ciddi sifət aldı, yəni uzatma,
deyilənlə razılaş.
Əkbər mobil telefonlar satılan dükanda işləyirdi deyə,
vaxt edib tək Qalibin yox, əksər müəllimlərin də
dərslərinə girməmişdi. Biri iki yüzə, o biri
iki yüz əlliyə razılaşmışdı, ən
çox (üç yüz) fəlsəfə müəllimi
istəmişdi, Əkbər hamısının pulunu
vermişdi. Qalibin "oxuduğu" son qiymət, -
üç yüz əlli manat həyasızlıq nümunəsi
kimi gəlmişdi ona.
Qalibin yanından çıxan kimi Əkbər köhnə qonşuları, tədris
işləri üzrə prorektor Hikmət müəllimin
yanına getdi. Bir vaxtlar eyni binada yaşamışdılar,
Əkbərin atasıyla salam-əleykümü vardı.
Universitetə qəbul olanda atası oğluna demişdi,
sessiyalarda ciddi bir problemi olsa, ona yaxınlaşsın,
salamını çatdırıb problemini desin. Birinci kursda
ilk dəfə universitetin dəhlizində Hikmət müəllimi
görəndə yaxınlaşıb tanışlıq
vermişdi, atasının salamını
çatdırmışdı. Hikmət müəllim də
sağollaşanda demişdi: "Burayla bağlı çətinliyin
olsa, mənə yaxınlaşarsan".
"...Nə? Dörd yüz?" - prorektorun
qaşları yuxarı qalxdı. "Hə, amma sonra dediyim
kimi, əlli düşdü". - "Bunun iştahına
bir bax. Üç yüz də ona çoxdu". - "Hikmət
müəllim, inanın, yeri gəlsə, o əlli manatı
iki yüz əllinin üstünə qoyardım, ürəyimdə
"haram xoşun olsun" deyib verərdim. Sadəcə, bu
adamın tamahkarlığına görə prinsipə
düşdüm". - "Əcəb eləmisən".
Prorektor bir qədər fikirləşəndən sonra məhrəm
təbəssümlə soruşdu: "Harda işliyirsən?
- "Telefon dükanında". - "Aydındı. Bəs
o biri məllimlərlə neynədin?" - "Birinə iki
yüz, o birinə iki yüz əlli verdim". - "Ha-ha-ha.
Birinə, o birinə, sən lap siyasətçilər kimi ad
çəkmirsən. Düzünü de, Akifə nə qədər
vermisən?" - prorektor bic-bic gülümsədi. Akif fəlsəfədən
dərs deyirdi. "Üç yüz," - Əkbər
yavaş səslə dedi. "Bax, fəlsəfə səndə
qeyri-ixtisas fənnidi. Bu qədər tamahkar olmaq olmaz axı. Mənlə
məsləhətləşsəydin, o qədər verməzdin.
Ən azı yüz saldırardım, o pul cibində
qalardı".
Bu vaxt Əkbərə elə gəldi ki, Qaliblə bağlı əsas
məsələyə keçməyin əsl məqamıdı,
tez dilləndi: "Hikmət məllim, düzü, elə istərdim
xeyrim sizə dəysin. Mümkünsə, Qalib məllimlə
olan məsələni..." - "Hə,
mümkündü". - "Yəni nə qədər
lazımdısa verim?" - "Onun birinci dediyi rəqəmin
yarısını versən, bəsdi". Əkbər iki
yüz manatı nəzərdə tutaraq barmağıyla iki rəqəmini
göstərdi, prorektor başını tərpətdi. Tələbə
tez əlini cibinə salanda prorektor dilləndi: "Sən belə
elə. Aşağıda, kitab mağazasında Nizami Muradovun
"Fizika kursu" kitabı satılır. Beş manatdı
qiyməti, yəni baha deyil. Mağazaya girən kimi, solda,
birinci rəfdədi. Onu alarsan, dediyimi arasına qoyub sabah
axşamüstü gətirib şəxsən mənə verərsən.
Burda olmasam, birdən çaşıb kitabı qıza vermə
ha," - başıyla katibəsi olan otağı göstərdi,
sonra bir az fikrə gedib dilləndi: - Atanın xətrinə, əlli
də salıram". - "Ay məllim, çox sağ olun.
Allah sizdən razı olsun!" - "Atana salam deyərsən".
Semestrin
sonu yüz əlli manatın hesabına və Qalib müəllimə
bir manat vermədən Əkbərin qayıbları qeyb oldu, sərbəst
işdən, seminarlardan üç aldı. İmtahanda isə
biletdə birinci suala Messinin müxtəlif illərdə klub
transferlərindən, ikinci suala Quba və İsmayıllı
Qızıl Əhməd almaları arasında zahiri və dad
fərqlərindən, üçüncü suala sevdiyi Vinni
Pux cizgi filmində əsas personajların dovşangilə qonaq
getmələrindən, dördüncüdə səhər
yuxudan duranda şirinçayı yağ-pendir, yoxsa,
yağ-süzmə qarışığıyla içməyi
barədə xeyli düşünməyindən, sonda acı
çayla yağ-bal yeməyindən, beşincidə isə
bir cümlə yazdı: "Görən, "Keçəl
qızın hörükləri" adı ilk dəfə
kimin ağlına gəlib?" Nəhayət, Qalibin
imtahanından üç alan Əkbər semestri kəsirsiz
başa vurdu.
Növbəti semestrin əvvəli
Qalib dəhlizdə onu görən kimi
hirslə dedi: "Bu universitetdə aspirantura üzü
görmüyəcəksən". - "Onu hardan
çıxartdız ki, aspiranturaya girmək fikrim var?"
Qalib duruxdu, yavaş səslə dedi: "Düzünü de,
Hikmətə nə qədər vermişdin?" -
"Heç nə qədər". - "Heç kimə
demiyəcəm, yavaşca de". - "Dedim də, bir manat da
verməmişəm". - "Ay uşaq, onsuz da gec-tez biləcəm,
gizlətməklə deyil ha," - Əkbər əlini yelləyib
ondan aralandı.
Sonrakı günlər dəhlizdə
üz-üzə gələndə,
bir-birlərini görməməzliyə vurdular. Əkbər
magistraturanın ikinci kursunda oxuyanda, Qalib qəfil onu
saxlayıb salamsız-kəlamsız başladı: "Sənə
demişəm də, aspiranturaya qoymuyacam səni". - "Off,
başa düşün, elm mənlik deyil, nifrət eliyirəm
elmə. Mənlik olsaydı, seminarlara cavab verərdim, sərbəst
iş yazardım, imtahanlara hazırlaşardım". -
"Bəs əsgərlik məsələsi?" -
"Narahat olmuyun, onu özüm həll eliyəcəm". -
"Bax, bəri başdan deyirəm, sən pulla aspiranturaya qəbul
ola bilərsən, amma minimum imtahanında sənə
üç yazsam, atamın oğlu deyiləm". Son
eşitdiklərindən sonra Əkbər eləcə
başını tərpətdi, guya razılaşdı.
"Bu sarsaq yaxşı bilir ki, mən aspiranturaya daxil olan
deyiləm, eləcə məni cırnadıb kayf tutmaq istiyir.
Eybi yox, qoy ürəyini boşaltsın, onsuz da üç
aydan sonra bunun sifətini bir də görmüyəcəm,"
- fikirləşdi.
Artıq
illər keçmişdi,
Əkbər boyalar satılan şirkətdə
baş menecer işləyirdi. Bir gün axşamüstü
dördüncü sinifdə oxuyan oğluna planşet
almaqçün kompüter dükanında mallara baxarkən, qəfil
adını eşitdi, səsindən tanıdı. "Uy da,
genə bunun sifətini görəcəm? Yüz faiz
soruşacaq ki, Hikmətə o vaxt nə qədər pul
verdin?" fikirləşdi. "Salam, hal-əhval",
"Harada işləyirsən?", "Evlənmisən? Neçə
uşağın var?" suallarından sonra Qalib soruşdu:
"Sən Allah, düzünü de, o vaxt Hikmətə nə
qədər vermişdin?" - "Ay məllim, yüz il
keçib üstündən, bunu indi soruşmağın nə
mənası var axı?" - "Bəs əsgərliyi neynədin?"
- "Fövqəladədə xidmət elədim". -
"Hmm, lap yaxşı. Deyirsən, işin-gücün
yaxşıdı hə?" - "Yaxşı yox, əladı".
- Əkbər ədayla cavab verdi. Müəllim bunu gözləyirmiş
kimi tez dedi: "Lap yaxşı. Nəvəmə telefon
alıram, bəlkə ilkin ödənişə mənə
kömək edəsən?" Bunu heç gözləməyən
Əkbər matdım-matdım xeyli ona baxıb dilləndi:
"Nə qədər?" - "Yetmiş beş manat". Əkbər qeyri-ixtiyari əlini cibinə saldı.
29
sentyabr-23 dekabr 2023
Bakı
Alpay AZƏR
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.24.