Roman dərsləri
Ədəbiyyatın səhnəsi
Pərvanə
xanım İsayevanın xatirəsinə
Hər bir bədii əsər, bədii mətn bir şey anladar,
həyatda olan və olmayan və ən əsası, bu ikisinin
arasından xəyal kimi keçən bir nəsnə. Bu, xəyal
yazan və oxuyan adamın ortaq sərvətidir. Ana dilində
yazan müəllif bu xəyala güvənib nəticədə
yeni dil yaradır - hər şeyin üstündə qərar
tutan, dünyadakı hər şeydən arınmış,
ancaq hər şeyə nüfuz edə bilən bir dil. Bu
"yeni dil" (metadil) təbii dilin hesabına yaransa da, əsas
əlifbası yazan adamın xəyalıdır. İki dildə,
bilinqivizm kontekstində yaşayan sənətkarlarsa həmin xəyalın
ərazisini sonsuza qədər genişləndirmək
gücünə yiyələnə bilərlər. Çingiz
Hüseynovun "Fətəli fəthi" romanı rus və
Azərbaycan dillərində fərqli nəsnələrdir,
biri digərinin tərcüməsi deyildir və faktdan da
aydın görünür ki, məqsəd yazıya və
dolayısı ilə milli düşüncəyə qanad verən
xəyalın gücünü nümayiş etdirməkdir.
Həyatda, gerçəklikdə olan nəsnələr xəyalla
yaradılanı hər qarışda pozmağa cəhd etsə
də, sonda ona təslim olur, onun gerçəklik kimi
görünməsinə, özünü təsdiq etməsinə
şərait yaradır. Pərvanə xanım
İsayevanın ifrat duyğusallıqla oxuyub
araşdırdığı Mövlud Süleymanlı nəsrində
bunun əyani ifadəsini görməmək mümkün
deyildir. Pərvanə xanım dərin hissiyyatlı oxusuyla
gözlənilməz gedişləri tapıb roman, nəsr
kontekstində araşdırıb yaxşı mənada qəribə
nəticələrə gələ bilirdi. Bir dəfə onun
"Yel Əhmədin bəyliyi" (Mövludun ən
yaxşı mətnlərindən biri - !) povestindən
danışırdıq, Pərvanə xanım əsərin
ilk cümləsindən tutub onu bizim zəngin mədəniyyətin
ən munis qatlarına qədər əlaqələndirə
bilirdi və povestin yuxarıda vurğuladığımız
"xəyal qatında" Nəsimi obrazının necə
cilvələndiyini göstərirdi.
Qayıdaq mövzuya, yəni
eyni mətləbə.
Çingiz Aytmatovun "Ağ
gəmi" romanında ən önəmli,
təhkiyənin bir nöqtədə nəfəs dərib gəldiyi
sonuc: insan özünə dürüstcə baxmağı
bacarmalıdır, - deyimi onun yaratdığı mətnlər
içində, həm də gəminin və yalanların
ağlığı fonunda, hər şeyin "səmasından"
şimşək parıltısı kimi keçən bir
duyğudur. Başqa heç nə. Bu mətləbi hər kəs
bilir və məqamında, yaxud bəzən, bıçaq
sümüyə dirəndiyində deyə bilər. Bədii mətnsə
nəyisə anladır və oxucunu bu anladılanla
üz-üzə qoyur. Ondan qaça, üz döndərə
bilərsən, sonda iki şey gələr başına: ya onu
əlimyandıda axtararsan, ya da o səni dar bir dalanda haqlayar. Bədii
mətn adi əhvalatlarla qaçılmaz, yaxa qurtara bilməyəcəyimiz
mətləbləri pıçıldar.
Romançının, məşhur "Gün var əsrə
bərabər" romanı isə paralel olaraq bir neçə
kontekstdən çıxış edir. Dünyanı,
yaşamı, həyatı... anlamaq baxımından həmin
kontekstləri bir-birinə paralel və çarpaz qaydada
araşdırır. Bu, sırf XX əsr mətnidir, XX əsrin
başlanğıcından yaranmağa başlayan roman təcrübəsinin
ən kamil səhifələrindən biridir. "Burası
dünya. Burda hər şey yarımçıq qalacaq.
İnsan ömrün bir bəlli məqamında anlar ki, o, sadəcə,
yarımçıq qalan bir hekayənin içindədir,
burdan çıxış yolu aramaq mənasızdır,
insanın varoluşudur bu yarımçıqlıq..."
İnsan bu dünyaya bu əskiklikləri tamamlamağa gəlir,
amma anlayır ki, onları baş-başa gətirmək
mümkünsüzdür. Bu qənaət əslində
Çingizin məşhur romanında tapdığı bir həqiqət
deyil, ta qədim zamanlardan bütün bədii mətnlərdə
əksini tapmış bir nəsnədir. İnsan bu
yarımçıq fraqmentlərin birini yaşayır, bu
dünyadan köçdükdən sonra həmin fraqment milyon
zərrəciyə dönür, bitib-tükənməzlik (yəni,
həm bitmək, həm də tükənməzilik...,
R.Bartın dediyi kimi, bədii mətn sonsuzluğa uzanan
sonsuzluqdur...) stixiyası heç zaman sönmür.
Çingizin adını çəkdiyimiz romanını
oxuduqda daim kosmosun ənginliyini hiss edirsən (bu xətt -
kosmosla əlləşmək onun digər romanlarında da izlənilir...),
Yeri və Kosmosu, insan bu xaosun içindən Heminqueyin
"Klimancero qarlarına" tərəf irəliləyir;
mükəmməllikdən mükəmməlliyə. Tabletlər
şəklində tapılan "Gilqameş" dastanı bəzən
mənə elə gəlir ki, başqa bir sivilizasiyanın
mikro-dalğalarıdır, çox fərqli,
ömrünü başa vurmuş sivilizasiyanın son qəlpələri,
tabletləridir. O sönmüş dünya bizim ruhumuzda dirilir,
əsrlər keçir, Nizami Gəncəvi bu
mikro-dalğaların dilini açıb onlardan gələn həniri
sözlərə çevirir.
Ancaq...
Bəzən bir bədii mətni dəyərləndirmədə fikirlər
çalpaşıq düşür, ayrılır, ziddiyyət
yaranır; bəzən bir mətni dəyərləndirmədə
fikirlər "stereotip dəryasında" birləşir nəhayət,
bəzən dəyəri insanın aşıb-daşan biliyi
müəyyənləşdirir, fəhm bu işdən
"qovulur". Amma... bu ikisi - biliklə fəhm qovuşanda sən
o bədii mətni düzgün dəyərləndirə
bilirsən, həm də başqalarının sənin rəyinə
tərs gələn düşüncələrinə də ərazi,
məkan, yer... saxlayırsan; onlar olmasa, sənin verdiyin qiymətin
bir mənası qalmaz... Fəhm bilikdən qabaqda gedə bilər,
bu da var - yəni ədəbiyyat, həm də bizim bir-birimizə
danışa bilmədiyimiz şeylərdir...
Çingiz Aytmatovun romanlarında
bu mətləb də var, duysaq da, duymasaq
da.
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.23.