Xilaskar pişik
Hekayə
"Yaxşılıq
bütün kamilliklərin
mərkəzində durur, bütün
sevinclərin mənbəyidir.
O, insanı ağıllı, diqqətli,
uzaqgörən, düşüncəli, müdrik, mərd,
ehtiyatlı,
safürəkli, xoşbəxt,
tərifəlayiq, həqiqi
və universal qəhrəmana
çevirir. "
Baltazar
Bikə
xanım taxtanın kənarına yığdığı ət
şəndirini, xoşagəlməz xırım-xırda piyləri
bıçağın ucu ilə həvəslə
toplayıb, sonra sellofanın arasına qoyub oğlunu səslədi.
Bir az əvvəl açar cınqıltısının
eşidildiyi dəhlizdən bu dəfə qapının
yüngülvarı tappıltısı gəldi. Qadın
ayaqlarını sürüyə-sürüyə tələsik
mətbəxdən aralandı. Qəlbindəki mərhəmətin
məktəbə işə tələsən oğlunu
yolundan elədiyi üçün keçirdiyi
narahatlığı üstələdiyini
yüngülvarı təbəssümlə büruzə
verdi. Tələsik mətbəxə döndü. Nəvəsi
Nigar pəncərənin qarşısında, bayaqkı yerində
dayanmışdı. Pəncərələrə
çırpınan günəş şüaları
payızın şaxtalı havasının təsirində
olan şüşələrə çırpınmaqdan
yorulmaq bilmirdi. Şüşələrin içəri
üzdəki təri Nigarın zərif barmaqları
arasında tez-tez haldan-hala düşürdü.
Həyətdə o tərəf-bu tərəfə
keçib gedənlər qızcığazın diqqətini
özünə elə çəkirdi ki, qeyri-ixtiyari hərəkətsiz
dayanıb nəzərlərini əvvəl adamlara, pəncərənin
tuşundan çəkiləndən sonra isə onların
kölgələrinə dikirdi. Həyətdəki
qarışıq mənzərələri seyr etmək
uşağa qəribə bir həzz
bağışlayırdı. Arabir nənəsinə verdiyi
sualların cavabını dinləmədən diqqətini təzədən
həyətə yönəldirdi. "Atama bax, atama", - deyəndə
nənəsi qeyri-ixtiyari pəncərəyə tərəf
döndü. Arif bir az əvvəl anasının verdiyi
sellofan torbanı ikimərtəbəli binaların
ortasından keçən yolun kənarındakı su borusunun
yanındakı kötüyün üstünə qoyub sonra əli
ilə onu yırtdı. Bu ağacı ötən il yana əyildiyi
üçün yerdən iki qarış aralı kəsmişdilər.
Oğlunun hərəkətlərini maraqla seyr edən
qadının çöhrəsi qəribə bir şəkildə
təbəssüm aldı. "Ürəyinə qurban! Balam
elə bil süfrə açır heyvanlara", - deyib dərindən
nəfəsini dərdi və oğluna dualar etməyə
başladı:
- Allah yolunu açıq, qəzasız
eləsin! Necə savab iş gördün.
Qulağı çalan maraqlı
sözdən yapışıb yay kimi
dartılmaq uşaqlıq çəpərini adlamasına hələ
çox qalan Nigarın adətiydi. İndi də elə oldu.
Sanki uşağın dili bu "savab" sözünə bənd
idi. Savabdan başlayıb, savabı daha nələrlə etməyə
dair çoxsaylı suallar üyüdüb-tökdü. Amma nənənin
verdiyi cavablara qulaq asmırdı. Atasının
açdığı "süfrə"nin başına
toplaşan pişiklər bir-birini cırmaqlaya-cırmaqlaya ət
qırıntılarını, piy parçalarını
dişlərinə çəkirdilər. Təkcə
qızılı tükləri ilə bəbir görkəmində
olan çil-çil pişik balasından başqa. Yazıq
tifil balaca bu biri böyük pişiklərin qorxusundan ət
süfrəsinin həndəvərində dolanmaqdan
yorulmuşdu. Nigar birinci dəfə idi ki, pişiklərə
bu qədər diqqətlə baxırdı. Ətləri
dişlərinə çəkə-çəkə
cırmaqlaşan heyvanlar doyar-doymaz oradan aralandılar. İndi
süfrəyə yaxınlaşmaq növbəsi balacaya
çatdı. Bu vaxt Arif maşını qarajdan
çıxardırdı. Mətbəx pəncərəsinin
yanından keçəndə qəza işıqlarını
yandırıb həmişəki kimi qızı ilə
sağollaşdı. Amma başqa günlərdən fərqli
olaraq bu dəfə atasının sağollaşması Nigara
o qədər də maraqlı gəlmədi. İndi saniyələr
ona olduqca uzun gəlirdi. Maşının ötüb
keçməsini gözləyirdi. Gözləri balaca
pişiyi axtardı. Balaca kubikin üstündəki yeyilmiş
ət qırıntılarından sellofana hopmuş qanlı
suyu yalayırdı. Nigar məyus olmuşdu.
Ertəsi
gün nənə və nəvə evdə tək qalanda Nigar yenə
də pəncərənin qarşısında dayanıb həyətə
baxırdı. Pişiklər barədə sualları səngimək
bilmirdi. Nənəsi dedi ki, əslində pişiklər pələng
cinsindəndir. Əhliləşdirilib ev heyvanı olduğu
üçün cırlaşıblar. Nənəsi
bütün bunları ona görə deyirdi ki, uşaq
pişiklərdən uzaq olsun. Lakin pələngin
yırtıcılığı da qızın pişiyə
olan marağını azaltmadı. Əksinə, gözləri
dünən ac qalan bapbalaca pişiyi axtarırdı.
Beləcə, Nigarın istəyi
ilə nənə-nəvə pişikləri
yedizdirməyə getdilər. Gün balaca pişiyin idi.
Balığın içi, yağı onun payına
düşmüşdü. Nigar, "Nənə onu da qov, nənə
onu da vur dedikcə", - Bikə xanım böyük
pişikləri qovur, balaca da arxayın-arxayın balıqdan
özünə düşənlərə
arxayın-arxayın yeyir, ləzzətlə ağzını
yalayırdı. Nənənin tapşırıqlarına
baxmayaraq Nigar anası işdən gələn kimi
bugünkü sərgüzəştləri yerli-yataqlı
Suqra xanıma danışdı. Əsl həngamə də
bundan sonra başladı. Nigar dərhal hamama aparıldı.
Axı, pişiyin tükü onun əlinə toxuna,
paltarına, hətta saçlarına da yapışa bilərdi.
Axşam pişik mövzusu süfrə başında
müzakirə olunanda həyat yoldaşının tərəfini
tutan Arif dedi ki, küçə heyvanları ilə təmasda
olmaq tərbiyəli uşaqlara uyğun deyil. Atanın müəllim
öyüdləri balaca qızcığaz üçün o
qədər də təsirli olmadı. Tez yatmaq istəyirdi ki,
gecənin qaranlığı tez ötsün. Axı nənəsi
balaca pişiyi yenə yedirdəcəklərini ona söz
vermişdi.
Uşağın tərbiyəsi və
sağlamlığı ilə
bağlı doktor gəlini və müəllim oğlu ilə
razılaşsa da, "savab"lı iş Bikə xanım
üçün hər şeydən irəlidə
dayanırdı. Beləcə nənə və nəvə
axşamkı tənbehi unutdular. Bir gün gizli, bir gün
aşkar həyətdəki balaca pişiyi yedizdirib
içizdirmək onların adi işinə çevrildi. Onu bəslədikcə
bəslədilər. Pişik böyüyüb o birilər
kimi ətə-qana gəlsə də, Bikə xanım və nəvəsi
ona hələ də "balaca" deyirdilər.
Suqra qayınanası ilə qızını pişiklərdən çəkindirə
bilmədiyinə görə, bu mövzunu yada salmamağa
çalışırdı. Bir dəfə axşam
qızını yatağa uzadanda astadan əzizləyib
dodaqaltı "Əbu Hüreyrənin davamçısı" , - dedi. Nə dediyini soruşanda anası
bu dəfə tamam başqa bir nəvazişlə "Yuxun
şirin olsun", - pıçıldadı. Nigar, şirin
yuxuya gedənə qədər bu adı dönə-dönə
təkrarladı ki, səhər onun mənasını nənəsindən
soruşsun.
Səhər isə başqa
aləmlə
açılmışdı. Havaların qızması
payızın da, qışın da qaldığını
deyirdi. Builki yaz ilk günlərdən qızmar istilərlə
meydan sulayırdı. Sübh tezdən evdə bağ
hazırlığı başlanmışdı. Yola
çıxmaq üçün gecikmənin səbəbkarı
da Bikə xanım oldu. Nədənsə
yır-yığışı uzatdıqca uzadırdı.
Qadının içindəki təlaş qara çarşab
kimi bütün bədənini örtmüşdü. Səhərdən
bəri dəfələrlə bağ səfərini təxirə
salmaq könlündən keçsə də, susmuşdu. Bu
fikrini dilə gətirsə, oğlu ilə gəlininin bir-birlərinə
dəyəcəklərindən qorxurdu. Hələ Nigar
qalsın bir tərəfə. Həmişəki kimi indi də
harasa getmək xəbərini eşidən kimi hamıdan qabaq
hazırlığa başlayıb, qıvraq şəkildə
işini bitirmişdi. Qayınanasının ləng hərəkətləri
isə Suqranın əsəblərini lap tarıma çəksə
də, gəlin dilini dişi ilə tutmuşdu. Beləcə
uzun-uzadı ləngimədən sonra evdən
çıxdılar. Qoca nənənin ləngiməsi
boşuna deyildi. Oğlu axşam işdən gələndə
qarajın qabağında ilan balasını təkərin
altına salıb əzmişdi. Onu qapıda qarşılayan
anasına demişdi ki, ilan betonun üstündə əziləndə
əvvəl elə bilib ki, təkər partladı. Qadın həmin
an büruzə vermək istəmədiyi
nigarançılığın oğlunun da zehninə kök
saldığını başa düşüb sükut edəndə,
oğlu da bir anlığa susub sonra sakit səslə: ziyan verməsə
yaxşıdır. Bu da ananın sözləri:
- Ağzı yanmış elə kinli olur...
Dalınca da "yəqin bala
ilan idi?" - soruşub oğlunun təsdiqləyici cavabından
lap kədərlənmişdi. Ürəyindən
keçirdiyi "kaş ki, heç olmasa, bala ilan
olmasaydı", - təəssüfü bir özü
bilmişdi, bir də Allahı.
Günlərdən bəri davam edən istilər getdikcə güclənirdi.
Səma Sultanının bütün səxavətlə
pülədiyi şəfəqlər torpağı təndirəsərə
döndərmişdi. Nigargil evdən çıxanda Günəş
yerindən yeni boylansa da, bürküdən nəfəs
tutulurdu. Blokdan çıxanda Nigar nazlana-nazlana ailə dəstəsini
arxasınca çəkirdi. Binanın yan tərəfinə
keçəndə balaca pişiyi görüb altdan-altdan
süzdü. Anasından qorxmasaydı yanına
yüyürüb başına sığal çəkərdi.
Nigar bu gün intizamı pozmamışdı. Pişik
üçün ayrılan yeməyi həmişəki
daşın üstünə qoyub dərhal
qayıtmışdı. Balaca yeməyi çoxdan içəri ötürmüşdü.
İndi pişik onları
görəndə sanki
minnətdarlıq edirmiş
kimi həvəslə
dodaqlarını yalamağa
başladı.
Arif addımlarını yeyinlədib
qarajı açdı.
Bu vaxt Bikə xanım qocaman budaqları ilə eyvanlarının fasadını
didik-didik edən cam ağacına söykəndi.
Qocaman ağacın kölgəsi qadına qaş-qabağını sallayan
buludlu hava təsirini bağışladı.
Bəd xəbər carçısı olan bu görkəmdən ürpəndi. Günəş
şəfəqləri ilə
al-qırmızı rəngə
boyanmaqda olan ağ səma ilə bu qaranlıq
kölgə arasında
qəribə bir ziddiyyət gördü. Qadının içindəki
təlaş bütün
ruhuna hakim kəsilmişdi.
"Arif, ehtiyatlı ol!" - demək istəsə də, zehnindən keçən xəbərdarlıq ifadəsi
boğazındaca ilişib
qaldı. Demək istədiyini heç özü də eşitmədi, sadəcə
olaraq zehnindən keçənləri qəlbində
duydu. Bu vaxt artıq maşın çölə çıxmış,
qalın dəmir qapılar həmişəki
danqıltı ilə
qayıdıb yerinə
oturmuşdu.
Çantalar, torbalar, hazır
yemək qabları bir-bir baqaja yığılırdı. Birdən
balaca pişiyin qəribə bir ötkəmlə çıxardığı
"miyov" səsi
hamını hərəkətdən
dayandırdı. Bütün
baxışlar ona zillənmişdi. Suqranın
əsəbi səsi eşidildi:
- Yüz dəfə dedim, ona çiy
ət verməyin. Kimə deyirsən? Bu evdə söz eşidən var, bəyəm?!
Bikə
xanım hələ də öz aləmindən ayrılmamışdı.
İçindəki təlaşı
qovmaq istəsə də, bacarmırdı. Gəlininin sözlərinə
haqq qazandırsa da, indi oğlunun əsəbiləşib səsini
ucaldacağından qorxdu.
Qonşular eşitsə,
ayıb olardı. Bu an balaca pişik
daha bərkdən miyovladı. Yox, bu adi miyovlamaq
deyildi. O, sanki boz qurd kimi
ulayır, vəfalı
ev iti kimi
mırıldayıb sanki
təhlükəni sahibinə
xəbər verirdi. Balaca ov üstünə
hazırlaşırmış kimi, əllərini irəli uzadıb var gücüylə bədənini
dartdı. Yayda dartılan ox kimi uzandıqca-uzandı və
bu dəfə daha hündürdən və acıqlı səs çıxardı.
Balaca pişiyin həmişəki sakit görkəmindən əsər-əlamət
qalmamışdı. Suqra
"pişik qudurub, bu saat ziyan
verəcək", - deməyi
ilə balacanın yerindən sıçraması
bir oldu. Gəlin maşının
qapısını açsa
da, yerindən tərpənməyə
macal tapa bilmədi.
Bir də axı Nigar ondan aralıda
qalmışdı, hara qaçacaqdı?
İndi onun bütün
intizarı qızının
yanında qalmışdı.
Pişik yerindən sıçrayıb Nigara tərəf götürüləndə
Arif qeyri-ixtiyari ətrafa boylanıb daş axtardı. Bikə xanım isə hələ də içindəki təlaşı qovmaq üçün özündə
güc axtarırdı.
Pişik Nigarın yanına çatanda Suqra heyrətdən qışqırdı, üzünü
əlləri arasına
alaraq yerə çökdü. Nigar isə yerindən tərpənmirdi. Uşağın
pişiyə olan məhəbbəti sanki qəlbinə hökm edirdi: ondan sənə
zərər gəlməz.
Yerində qal, tərpənmə!
Balaca bir göz qırpımında
ildırım kimi şığıyıb ox kimi
dümdüz Nigarın
ayaqları arasından
keçdi. İstidən
qabar-qabar olan qum dənələri onun cırmaqlarının
açdığı şırımların
ağrısına dözməyib
inilti ilə toza-dumana çevrildi. Pişiyin çıxardığı
qarmaqarışıq səslər
ətrafın nisbi sakitliyinə dava-dalaş aurası gətirmişdi.
Torpağı qamarlayan
dırnaq səsləri
dəri xrom çəkməyə çırpılan
qamçı səsinə
bənzər tappıltı
kimi əvvəlcə
vıyıldayır, ani sükut
olur və sonra təzədən bir də eşidilirdi.
Bir az sonra sakitlik yarandı.
Nigarın açıq dabanını
hədəf alan ilan pişiyin gözlənilməz hücumundan
başını yuxarı
qaldırıb qarnı
üstə kənara tullanmışdı. Ölüm-dirim
savaşının ilk anında
pişiyin bir gözü tökülsə
də o, özünü
itirmədən hücumunu
davam etdirirdi. Elə birinci həmlədəcə zəhərini
başında nehrə
kimi çalxalayan ilan ilk zərbədən gicəllənmişdisə də,
gücünü və
məkrini saxlayırdı.
Hiyləgərlik işə
düşdü. İlan
bir göz qırpımında qıvrılıb
başını gizlətdi.
Sonra eyni cəldliklə
qarnı üstə çevrildi. Qarnının
şəffaf rəngi
ilə pişiyi özünə çəkmək
istədi. Bu halda pişik ona tərəf cumsa, ilan eyni anda
başı və quyruğu ilə onun belinə sarılacaq sonra sivişib boğazına dolanaraq nəfəsini kəsəcəkdi. Bir az əvvəl günahsız
uşağın dabanını
zəhərləmək istəyən
boz rəngli sürünən bu hiyləsinin baş tutmadığını görüb
hücum taktikasını
dəyişdi. İndi pişiyi
sancmaq üçün
hədəfdə saxlayırdı.
Quyruğu üstə
dayanıb başını
dimdik irəli elə uzadırdı ki, sanki pişiyin üst dodağından çalmağa hazırlaşır.
Endirdiyi birinci zərbədən sonra pişik bir az geri çəkildi.
Düşməninin hücum
taktikasına qarşı
hazırlığa başladı.
Deyəsən, nə üçünsə yerin
bərk, ya boş olduğunu yoxlamaq üçün
ani fürsət tapdı.
Pəncələri ilə
qumu cırmaqladı.
Sonra qarnı üstə
yerə uzanıb, başını qıvraqlıqla
irəli uzadıb müdafiə forması aldı. Bığlarını
qəribə şəkildə
oynatdı. Myoldayıb
belini sərt şəkildə aşağı
sıxdı. Haça
dilini ağzına çəkməyən ilanın
vahiməli fısıltısı
onu nəfəsini rahat dərməyə qoymadı. Qəfildən hər ikisi hücuma keçdi. Pişik yerindən sıçrayanda ilanın
quyruq nahiyəsini cırmaqlayıb əsl niyyətini gizlətdi. Pəncələri üstə
yerə düşən
kimi qəflətən
təkan verib havaya qalxdı və bu dəfə
narın dişləri
ilə ilanı tən ortasından yaraladı. Ağ balta dişləri sürüşkən möhkəm
qabığa batırmaq
nə qədər çətin olsa da, pişik bunu bacardı. Milçəklərin
qəfil hücumu, yarasının necə qurdlanacağı xofu instinkt olaraq ilanın canına qorxu hopdurdu. Özünü necə itirdisə, kürəyi üstə yerə çırpıldı. Lakin özünü
tez ələ alıb qəzəbli şəkildə inadla dil çaldı. Pişiyi diri-diri udmağa hazırlaşırmış
kimi elastik çənəsini var gücü
ilə yana ayıran ilan nərə çəkirmiş
kimi tükürpərdici
fısıltı çıxardı.
Başının arxasındakı
zəhər vəzləri
dərinin altında düyünlənmiş görkəm
aldı. Onun dərisinin hamar pulcuqları pişiyin gözündə tikan kimi qabardı. Pişik ilan zəhərinə qarşı
təbii peyvəndinin
gücünə arxayın
olsa da, özünü
düşməninin qoşa
dişlərindən məharətlə
qorumaqda israr göstərirdi. Pişik növbəti dəfə tamam başqa bir formada yerdən
tullandı, dırnaqlarını
bir göz qırpımında ilanın
bel nahiyəsinə yapışdırıb
dişləri ilə ona ikinci amansız
zərbəni vurdu.
Bir gözünün ağrısından
taqətinin azaldığını
hiss edən vəfalı
fürsəti əldən
verə bilməzdi. Pəncələrini yığıb
qarnı üstə yerə oturdu. Uca səslə miyovlayıb, torpaqdan güc alırmış kimi yuxarıya təkan verdi. İndi məlum oldu ki, döyüşün
əvvəlində torpağın
bərkliyini niyə yoxlayırmış. Onun yerdən təkan alıb başladığı
növbəti hücum
daha tutarlı oldu. Ardıcıl zərbələrdən əzələləri
boşalan ilanın eyni anda boyun
hissəsi və quyruğu hədəfə
alınmışdı. Bu dəfə
pişik sol əlinin dırnaqlarını var gücü
ilə onun quyruğuna basdı və ilanın zəhər vəzindən
azacıq aralıdan dişləri ilə tutub inadkarcasına və qəzəblə onu silkələdi. Pişik yarımcan hala saldığı düşmənini nifrətlə
yerə çırpdı.
İlan iki bölünməsə də,
indi başı ilə quyruğu arasındakı əzələlərin
rabitəsi pozulmuşdu.
Budur, pişik toz-duman içindən çıxanda
sağ qalan tək gözü tutqun buludlar arasından boylanan günəş kimi par-par
yanırdı. İlanın
başı bədənində
hərəkətsiz sallanırdı.
Pişik 3-4 qarış
uzunluğunda ilanı
dişləri arasında
sallaya-sallaya, özündən
razı halda, yırğalana-yırğalana gəlib
Nigarın yanından keçdi. Bikə xanım özünə gəlmişdi. İçindəki
təlaşı əridib
yoxa çıxaran bu hadisə qadına qəribə bir qüvvət vermişdi. Pıçıltı
ilə dua edirdi: "Balamın xilaskarı!"
Arif qızının əlindən
yapışıb pişiyin
arxasınca getdi. Pişiyin tökülmüş
gözünün ağrısını
bütün sifətində
hiss edən Suqra isə qeyri-ixtiyari sağ əlini öz gözünün üstünə basmışdı.
Vəfalının gözündən
süzülüb üzünə
yayılmış ləkəni
ilanın zəhəri
sanıb vahimələndi.
Qadın bayğın
halda baş verənləri seyr edir, gözlərini qızının səndəldən
çölə çıxan
açıq dabanlarından
çəkə bilmirdi.
Sabir
ŞAHTAXTI
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.22-23.