Ömrün bu vədəsində
Sərvaz
Hüseynoğlu-65
Bu da ömrün 65-i...
Anmaq, xatırlamaq çağı!
Adətən belə seçkin, əlamətdar günlərdə ən əziz bildiklərimizin xoş ürək sözləri, qutlamaları bəzəyir mətbuat səhifələrini.
Şəxsən mənim üçün bu əzizlər, doğmalar sırasında Xalq yazıçıları Anarın, Elçinin, Xalq şairləri Nəriman Həsənzadənin, Sabir Rüstəmxanlının, akademik Nizami Cəfərovun, professorlar Qəzənfər Paşayevin, Məhərrəm Qasımlının, Paşa Qəlbinurun, Rüstəm Kamalın, Əməkdar incəsənət xadimi Yasif Nəsirlinin, millət vəkilləri Rafael Hüseynovun, Razi Nurullayevin, Səyyad Aranın, Jalə Əliyevanın, görkəmli şair və yazıçılardan Qərib Mehdinin, Qəşəm İsabəylinin, Atababa İsmayıloğlunun, Xeyrəddin Qocanın adları lap başdan gəlir.
Bilirəm ki, həyatımın və sənət uğurlarımın müxtəlif dönəmlərində bu dəyərli şəxsiyyətlərin unudulmaz yeri var.
Eləcə də mənə çox əziz olan Azər Turan, Sona Vəliyeva, Adil Cəmil, Ağacəfər Həsənli, Vaqif Bəhmənli, Xanəli Kərimli, Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Sərdar Əliyev, Elçin İsgəndərzadə, Əbülfət Mədətoğlu, Barat Vüsal, Əli Rza Xələfli, Vaqif Aslan, İsmayıl İmanzadə ədəbi uğurlarımın yanında olublar həmişə.
Var olsunlar. Haqlarını unutduğum olmayıb. Hər birinin barəmdə xoş ürək sözlərinin olduğunu
bilirəm.
Amma nədənsə vaxtın-zamanın
bu vədəsində
daha çox yubiley qutlaması günümdə mən unudulmaz Gəncə ədəbi mühitini xatırlamaq, o mühit haqda yazmaq istəyirəm...
Görkəmli füzulişünas alim, unudulmaz Sabir Əliyev haqqında!
Görkəmli nizamişünas alim Xəlil Yusifli haqqında!
Görkəmli ədəbiyyatşünas alim Mürşüd Məmmədov
haqqında!
Görkəmli yazıçı-dramaturq Altay Məmmədov haqqında!
Ustad Qərib Mehdi haqqında!
İlk sənət uğurlarımı
qoynunda atdığım
Gəncə ədəbi
mühiti barəsində!
Bahadur Fərmanlı, Məzahir Hüseynzadəli, Xəzangül
Hüseynovalı, Aləmzar
Əlizadəli, Sahib İbrahimli,
Aydın Murovdağlılı,
Nüşabə Əsədlili,
Ələsgər Əlioğlulu,
Saleh Sadıqovlu, Firəngiz
İsmayılovlu, Ramiz Yusiflili,
Kəramətli, Əjdər
Ollu, İnqilab İsaqlı,
Elçin İsgəndərzadəli,
Xosrov Natilli, Valeh Bahaduroğlulu, Vüsal Hicranlı, şəhid şairimiz Nizami Aydınlı günlərimin unudulmazlığına
qayıtmaq istəyirəm.
Tarixə
yoldaşlıq edən
Gəncə çayının
sahilləri dayanır
gözlərimin önündə.
Ustad Nəriman Həsənzadənin misralarıyla
baş-başa xatırlayıram
bizim qədim Pedinstitutu:
Durur ayrıldım gölgəli
çinar,
Durur Gəncədəki bizim institut...
Ustadım Qərib Mehdinin
təbirincə desəm,
mən o ədəbi mühit hücrəsində
"zərif bir kəpənək kimi"
çıxdım sənət
yoluna; "kimsə toxunmadı qanadlarıma",
qəlbimə, ruhuma...
Hər kəsə qarşı sayğılı
oldum. Alnı açıq, başı dik durdum önlərində.
Tək bircə Fyodor Dostoyevski sevdalısı bir tələbə yoldaşımdan başqa;
Dostoyevskini oxuyurdu. Dostoyevski yaradıcılığının
vurğunuydu. Bunu irad tuturdum ona.
Alay edirdim. Öz sevdiyim söz adamlarımızı təlqin
edirdim ona.
Dostoyevskidən xəbərsizliyimi üzümə
vurmurdu. Hələ
ki, ədəbiyyat yolunda
olmadığımın təəssüfünü
dilinə gətirə
bilmirdi. Kirimişcə
çəkilib gedirdi...
Mən Dostoyevskini anlamağa başlayanda isə... artıq gec idi! Çox gec!..
İndi, yaşımın bu vaxtında sadəcə olaraq xatırlamıram ömrümün o çağlarını;
daha çox yaşayıram. O unudulmaz illərdə qalmışam
elə bil. O poetik duyğularla baş-başayam:
Gəncəyə gəlmişəm, Nəriman
qağa,
Bitmişəm önündə Pedinstitutun.
Yuxarı
qalxmağa ayağım
getmir,
Qoluma girməyi, de, kimdən umum?
Yetə
bilməsəm də ucalığına,
Özünə çəkibdi ürəyim
olsun.
Baxıb
kövrəlmişdim əldə
əsana,
Göndər, qoy mənim də gərəyim olsun.
Burda tanış olduq o qızla bir vaxt,
Bil ki, sizin kimi təzə-tər
idik.
Bir vaxt tək qalxdığın
pilləkənləri
Biz qoşa enməyin bəxtəvəriydik.
...Buludu ötməyən səma kimiyəm,
Hesab et sən məni o çağın kimi.
Biləydin qəlbimdə kimdi
üşüyən,
Biləydin isidir ocağım
kimi...
Bir ömür boyunca:
Merac dərsi aldım ulularımdan,
Getməyi öyrəndim yuxularımdan.
Mənə əziz olan pak istəklərə
Yetməyi öyrəndim yuxularımdan.
Arzular bəslədim öz Lələm kimi,
Gəzdirdim ruhumda pak ələm kimi.
Ağ kağız üstündə
bir qələm kimi
Ötməyi öyrəndim yuxularımdan.
Nə
ki yaxşılar var, tutdum
baş üstə,
Beləcə, yaş gəldi
yenə yaş üstə,
Qayada gül açdım, qara daş üstə
Bitməyi öyrəndim yuxularımdan...
Və bir də bu
şeirin ağrısı
qaldı canımda:
Hardasan?
Ruhumda səksəkələr var,
Yenə
də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya
qaralar,
Fəqət, soruşmaq da mənə
ar gəlir.
Nifrin yağdırıram bu susqunluğa,
Dağ dinsin, daş dinsin, bitsin bu sükut.
Nə
ki, qayğılar var - qoy
bir kənara,
Nə vacib işlərin varsa da unut...
İnan
bugünəcən inanmadığın
Qiyamət gününün dönəcəyinə.
Bir göz qırpımında
Ayın, Günəşin,
Ən parlaq ulduzun sönəcəyinə.
Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə
meh əsimi cavabın
gəlsin.
Dirilik suyutək çəkim başıma,
Ömrümə-günümə savabın
gəlsin.
Səndən soraq verib, xəbər gətirən
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə
itirib,
Kimdə
arayırsan sən məni, kimdə?
Hardasan,
Ruhumda səksəkələr var,
Hardasan?
Sən mənə səs ver, nəfəs
ver!
Dəli
qasırğaya, oda, alova,
Tufana dönməyə yeni həvəs
ver.
Al yenə əlimdən olan ağlımı,
Al yenə əlimdən azadlığımı;
Mənə özün boyda
yeni qəfəs ver.
Bilim ki,
ürəyin mənlə
döyünür,
Bilim zülmün altda, amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə
də sən adlı zamandayam mən.
Ömrün 65-di...
Anmaq, xatırlamaq vədəsi!
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.20.