Hamı sənə bənzəyir,
sən kimə bənzəyirsən?
Poeziya tariximizin günəşi olan Füzuli ədəbiyyat tarixində həzin sevgilərə, titrək hisslərə hər daim çıraq olub, yol olub. Onun dövründə Avropada ədəbiyyat çiçəklənib, Orta Şərqdə isə zülmətə qərq olurdu. Buna görə də Füzuli Orta Şərq klassik ədəbiyyatının sonbeşiyi sayılırdı. Avropanın qaranlıq və sükuta dalmış ədəbiyyatından sonra baş qaldırmış şairlər, Miltondan tutmuş Danteyə qədər, hər kəs birinin paltosu altından çıxıb. Lakin Füzuli palto altından çıxmadı. İtaliyada Mikelancelo, Rafael və da Vinçi rənglərlə insanları ovsunladığı bir zamanda dünyanın eşq üzərində dayandığını israrla sübut edən Füzuli intibah nəhənglərini bir-birindən xəbərsiz bir-birinə səsləyə bildi. Müasir dövrdən keçmişə - sərt reallıqdan yumşaq romantizmə belə qəfil keçid, deyəsən, Füzulini narahat etmir. Eynən Prustun "İtirilmiş zamanın axtarışında" olması kimi.
Taleyinə şair və alim olmaq yazılmış Məhəmməd Süleyman oğlu Füzuli Dədə Qorqudun qopmuş olduğu Bayat boyundan boylanaraq 1494-cü ildə dünyaya göz açdı. Təzkirəçi Sadıq bəy Əfşar 1598-ci ildə tamamladığı "Məcmə ül-xəvas" əsərində bunu təsdiqləyir: "Mövlana Füzuli Bayat qəbiləsindəndir. Dünyəvi elmləri öyrənməklə məşğul olub, az zamanda mükəmməl təhsil almışdır. Həqiqətən, heç bir insana bu istedad səadəti əl verməyibdir ki, farsi və ərəbi kəlama, beləcə, qadir olsun".
Klassik qəzəl ədəbiyyatı tarixində Füzuli qədər zəngin söz ehtiyatına malik ikinci bir şair tapmaq mümkünsüzdür. Ustad sözə o qədər yüksək qiymət verib ki, Leyli kimi qəlb ovlayıb, Məcnun kimi ürək yaxıb. O, adət-ənənələr tərəfindən əzilən, heysiyyəti tapdalanan, arzu və istəklərindən kam almadan solan Şərq qadınının acınacaqlı taleyini lirik-epik faciəsində oxucu qəlbinə bir ocaq salıb, od qalayıb. Solmayan, saralmayan, hər gün öldükcə dirilən bir eşq hekayəsi yaradıb. Bu günədək də heç bir şair Şərqin üç dilində (türk, fars və ərəb) Füzuli kimi mükəmməl əsərlər yarada bilmədi. Tək bununla da bitmir onun ustadlığı. Dövrün qələm sahiblərinin əsərləri ədəbi forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi zərif tərənnümlü, incə toxunuşlu və cilalı nümunələr yarada bilmədi. "Qəlb şairi" kimi tanınan şair qədər heç kim oxucu ürəyinə toxuna bilmədi. Təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin və zamanların sınağından uğurla çıxa bilmədi. Ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi fars və ərəb dillərinin hegemonluğundan xilas edə bilmədi. Çox az şairə qismət olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrularaq Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə qəlb oxşasın. Zərif üslubu təkrarolunmayan sənətkarın ucaltdığı möhtəşəm söz binasında hər bir daşın heykəltaraş əlindən çıxıb, mükəmməl cilalandığını görüb heyran olmamaq mümkünsüzdür. Əlçatmaz zirvələrin qüdsiyyətini özündə ehtiva edən Füzuli misra-misra, beyt-beyt tökülür dillərdən. Ustadın şeirlərinin batini zahirindən o qədər bənzərsiz və tərənnümsüzdür ki, onu oxuyan, hifz edən düşünür ki, sanki o, sözün şəklini çəkib.
Aristotel yazır: "Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir". "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır.
Füzulinin ən yaxın və səmimi dostu Əhdi Sivaslı onun haqqında belə demişdi: "Onun gözlərindəki düşüncə və xəyal diqqəti cəlb edirdi. Danışığı sakit, ancaq təsirli idi. Fikir və bənzətmələrinə heyran qalırdım... Aramızdakı dostluq möhkəm qalanı xatırladırdı".
Füzulini oxuyanda isə görürük ki, o, tamamilə inandırıcı təsəvvür aşılamaq obrazı yaradıb. Füzulini kiminsə təsiri altına salmaq, həsrət ipinə bağlamaq mümkün deyil. Sənətdə ağılın və zövqün, dildə obrazların cilalanmasına təkan verən, Azərbaycan şeir dilinin müdrik və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün sözə qızıl bir sütun kimi arxalanan Füzuli, poetik-üslubi çalarları rəng tonları kimi hər tərəfə səpələyir:
Məni
candan usandırdı,
cəfadan
yar usanmazmı?
Fələklər
yandı ahimdən,
muradım
şəmi yanmazmı?
Qamu
bimarinə, canan,
dəvayi-dərd
edər ehsan,
Neçin
qılmaz mənə dərman,
məni
bimar sanmazmı?
Platonik
şairin pik yaradıcılığı lirik qəzəlləridir.
O, qəzəllərini sırf fəlsəfə və irfani
düşüncələr üzərində qurub.
Füzulinin sevgilisi Tanrıdır, yoxsa, bir qadın?
Füzulidən islam qoxusu gəlsə də, bu şəriət
qoxusu deyil, mənəvi qoxudur. Füzulinin
xatırladığı, əslində rəngli yuxular idi.
Əsrlərlə sürən bu axtarış misraların
içinə necə də rahatlıqla sığına
bilib. Füzuli özünün doğulduğu anı, hətta
doğulduğu o an nə hisslər keçirdiyini
xatırlayır. Və bunu biçarə Məcnunun dili ilə
təqdim edir. Yeni doğulan uşaq danışa bilərmi?!
Əlbəttə, yox! Füzuli isə Məcnunun dili ilə
danışır. Daha doğrusu, əslində, nə hiss
etdiyini xatırlayır.
Əsir
düşmüş könüllər, daşa dəymiş
arzular, puç olmuş ümidlər, əlbəttə ki,
azad könül həsrətinin nə olduğunu yaxşı
bilər. Bunu Məhəmməd yaxşı bilirdi. Bunu Hamlet
yaxşı bilirdi. Bunu Raskolnikov yaxşı bilirdi. Bunu
Jülyen Sorel yaxşı bilirdi. Bunu biçarə Fəxrəddin
yaxşı bilirdi. Bunu "Azad bir quşdum", - deyə
gizlicə ürəyində oxuyan Cəfər Cabbarlı
yaxşı bilirdi. Bunu "Ah! Mən gündən-günə
bu gözəlləşən, işıqlı dünyadan necə
əl çəkim?" - deyən, ömrünün iyirmi
doqquzuncu baharında Dilbərinin gözlərindən gilə-gilə
tökülən Müşfiq yaxşı bilirdi. Bunu öz
şəxsi həyatında yaşayan Cavid əfəndi
yaxşı bilirdi. Nəhayət, bunu azadlıq həsrətində
yaşayan "Könlüm quşu qanad çalmaz, sənsiz
bir an, Azərbaycan!" - deyən Məhəmmədhüseyn
Şəhriyar yaxşı bilirdi. Onların
hamısının azad könül həsrətilə
burunlarının ucu göynədi. Məhz belə olduğuna
görə azad könül həsrəti Füzulinin hər sətrində
duyulmaqdadır.
Füzuli
həm məhkumdur, həm hökmdar. O, Süleymanın ordusu
ilə birlikdə Bağdada səfər edən türk
şairləri Xəyali və Yəhya bəylə
görüşmüş, "Leyli və Məcnun" əsərini
də "Rum zərifləri" adlandırdığı bu
sənətkarların xahişi ilə yazmışdır.
Zamanın sərt sınaqları şairi sıxıb
can-boğaza yığsa da, o, müasiri olan yüzlərlə
həmkarının tutduğu yolla Osmanlı paytaxtına -
boğazdakı o əfsanəvi şəhərə səfər
etmədi. Ancaq bunların arxasından hər məqamda
eşidilən bir hayqırış, hər yerdən boylanan
bir eşq var - Vətən! O, həmişə öz
çağının qürbətində
üşüdü. Onun payına Tanrıdan zamanın qəm
qafiləsinə sarvan olmağın haləsi düşdü:
Edəməm
tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir,
vətənimdir, vətənimdir, vətənim!!!
Saraydan iraqda
- İraqda yaşasa da, Füzuli Sultan Süleyman
dövrünün şairi kimi hər misrası söz xəzinəsinin
bir incisi olan "Leyli və Məcnun"u yaratdı.
Füzulidən öncə "Leyli və Məcnun"
yazılı ədəbiyyatda dönə-dönə
yazılmışdı. Amma Füzulinin məsnəvisində
onları üstün edən bir reallıq var idi. Leyliylə Məcnunun
vüsala çatmazlığına yaraşan
yandırıcılıq. Leyliylə Qeysin məktəb illəri
barəsində sevgilərini qarşılaşdıranda
ehtimal etməyə bilmərsən ki, Füzuli, əslində
öz başına gələnləri təsvir edir. O, ruhu
ehtiyacsız varlıq kimi göstərərək
güzgüyə oxşadır. Güzgü həmişə
göstərmək üçün yox, bəzən gizlətmək
üçündür. Ruhun mahiyyətində görünməzlik
var, o, görünəndə itir, yox olanda isə
"aşkara çıxır". Dərdlərdən
dağ düzəldib onun zirvəsini fəth edən Füzuli
qəmi, iztirabı, kədəri alovlu sözləri ilə
sönmək bilməyən tonqalda alışdırıb
yandırdı. Ustadın muma döndərib şəkildən-şəklə
saldığı sözlərinin hər biri nələr
çəkdiyini yaza bilsəydi, gileylərdən
doğmuş "Şikayətnamə"lər kitabxanalara
sığmazdı. İnsanlığın şairi, məhəbbətin
şiddətindən haray salıb fəryad etdiyi şeirlərin
başdan-başa qəm şırımlarında
cadar-cadardır:
Füzuli
dərd əlindən dağa çıxdı,
Dedilər:
"Bəxtəvər yaylağa çıxdı".
Divan ədəbiyyatına,
həmçinin rus və Osmanlı ədəbiyyatının
təcrübəsinə bələd olan Rəşid bəy
Füzulini ədəbiyyatımızın atası hesab edirdi:
Axı Füzuli poeziyası başdan-başa musiqidir.
Şairin lirikası, əruzun müvafiq qəliblərinə
qovuşaraq heyrətamiz təravət və məlahətlə
səslənir. Füzuli yaratdığı qəzəllərə
sənət möhürü vuraraq onu əlçatmaz zirvəyə
qaldırmış, onun qəlbində bu məhəbbət
qığılcımlarını başda Cabbar
Qaryağdıoğlu olmaqla, səsi-ünü
dağı-daşı yandıran Qarabağ xanəndələri
oyatmışlar. Füzuli yaradıcılığı nəğməkarlarımız
üçün də tükənməz söz xəzinəsi
olmuşdur. Klassik xanəndələrimiz Füzulinin şeirlərini
muğam və təsniflərdə sevə-sevə, ilhamla ifa
etmişlər. Vokal sənətimizin fəxri Bülbül
Füzuli şeirinin pərəstişkarı, bilicisi və məharətli
ifaçısı idi. Xan Şuşinski, Ağabala Abdullayev,
Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova,
Əbülfət Əliyev, Arif Babayev, Zeynəb Xanlarova, Mələkxanım
Əyyubova, Qəndab Quliyeva, Səkinə İsmayılova, Mənsum
İbrahimov və başqaları ustad Füzulinin şeirlərindən
muğamlarda məharətlə istifadə etmişlər.
Əmani, Qövsi, Saib kimi söz ustadları onun məktəbindən
bəhrələnib, Vaqif, Vidadi irsinin başlıca qida mənbəsi
olub. Əhsəni, Nəşati, Agahi Zövqü kimi özbək,
Məhtimqulu, Kəminə, Nur Məhəmməd kimi türkmən,
Şeyx Qalib, Baqi, Nəfi, Nədim kimi türk şairləri
Füzuli ədəbi məktəbinin davamçıları
olmuş, bu irsə böyük məhəbbətlə
yanaşmışlar.
1959-cu ildə Füzulinin adı şəhərə və rayona verilmiş, Bakıda abidəsi ucaldılmışdır. Elmlər Akademiyasının Əlyazmalar İnstitutu şairin adını daşıyır. Haqqında 3 sənədli film çəkilmiş, "Füzuli kantatası" (C.Cahangirov), "Füzuli" simfonik poeması (A.Məlikov) və bir çox qəzəllərinə musiqilər, romanslar bəstələnmişdir. Ölməz dahinin abidəsi 1970-ci ildə Füzuli şəhərinin mərkəzində ucaldılıb. İşğal dövründə heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız hala salınıb. Heykəlin yerləşdiyi parkın ərazisi erməni vandalları tərəfindən cəngəlliyə çevrilib. 27 illik işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyümüz təmin olunarkən Füzuli rayonu da müzəffər qələbədən öz nəsibini aldı. Artıq Füzuli rayonu kimi ustadın da ruhu azaddır. İndi o, sevgidən yoğrulmuş qəzəlləri ilə tapdalanmış dağı, daşı, torpağı sağaldır.
Şairin ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir. Ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəllik duyğusunu, azadlıq və əməksevərliyi, səbir və təmkini yaxşılığın və dostluğun simvoluna çevrilən zərif ruhlu şair daim ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır. Bu səbəbdəndir ki, ədəbiyyatımızın eşq yolu Füzulidən keçir, Füzulidə bitir. Onun eşqi dünyəvilikdən ilahi eşqə yüksələn, özünü bu yolda unudaraq Allaha qovuşduran eşq idi. Çünki Füzuli eşqdən doğulmuş, eşqlə bütünləşmiş və eşqə qovuşmaq istəyi ilə yanıb tutuşmuşdu. O bu yolda çəkdiyi əziyyətdən usanmır, peşman olmur, əksinə, əziyyəti sevgi göstəricisi hesab edir, ağrı hiss etdiyi yerlə bütünləşirdi. Füzuli eşq yolunda yandıqca bütünləşir, Allaha qovuşur, məhəbbət yolunda çəkdiyi əziyyətdən bezmirdi.
1556-cı ildə Bağdadı ağuşuna alan dəhşətli taunun qurbanlarından biri də Füzuli oldu. Hər dahi kimi, gerçək ömrü bitən Füzulinin də daha heç bir xəstəlikdən qorxmayan, heç bir təqvim ölçüsünə sığmayan əsl ömrü başlandı. Ulu babası Dədə Qorqudun son ucu ölümlü dünyanı tərk edəndən sonra gələn ağrısız, acısız ömrü kimi. Ömür sürdüyü müqəddəs torpaqlarda, adaşı olduğu Səma Elçisinin nəvəsinin ayaqları altında uyumaqla ürəklərə köçdü.
Nə qədər ki dünya və məhəbbət var, Füzuli də olacaq. Türk xalqları və türk dili durduqca yaşayacaq, dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevriləcək. Füzuli duyğularının hərarəti zaman keçdikcə daha gur yanacaq. Bu ocağın odunda yanan, bu səadətin suyundan içən hər bir adam canlanacaq. Həyatın mənası haqqında sonsuz düşüncələrə, xəyallara dalaraq bu dünyaya, bu həyata gəldiyinə sevinəcək.
Fariz ƏHMƏDOV
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.21.