"Koroğlu"
eposunun mənşəyi,
tarixi-milli səciyyəsi və coğrafi arealı
Elmi araşdırma
(Əvvəli
ötən sayımızda)
Görkəmli folklorşünas M.Təhmasib "Koroğlu" dastanı ilə bağlı araşdırmasında Çənlibel haqqında yazır: "Məlum olduğu üzrə, Çənlibelin əsas əlamətlərindən biri onun Çardaqlı olmasıdır. Çox zaman, hətta bura Çardaqlı Çənlibel adlanır. Məlumdur ki, burada söhbət bizim anladığımız sadə çardaq haqqında getmir. Bu çahar tağlı, yəni dörd tağlı, dörd qülləli, dörd istehkamlı, yaxud dörd binalı deməkdir. Çənlibelin doğrudan da, dörd qülləli, dörd binalı olduğu bir sıra variantlardan, qollardan aydın görünməkdədir. Misal üçün, eposun "Koroğlu hekayəsi" adlı türk variantında Koroğlunun Çənlibeldə qala tikməsi belə təsvir olunur: "Dağlar kimi yığdığı daşın yetişəcək miqdarda olduğunu görüncə binayə başlayıb qırx arşın yüksəklikdə bir qüllə yapdı. Binanın alt qatında dörd orta əv, üst qatı dörd tərəfi mazqallı bir qələ idi" .
İ.Sadıq isə Çənlibelin Azərbaycanın Gəncəbasar bölgəsində - Şəmkir və Gədəbəy rayonları arasında olduğunu bildirir. Onu da deyək ki, Göyçə gölünün cənub səmtində də "Çənlibel" adlı dağ var.
Prof. İ.Abbaslı isə Çənlibelin Sebastiyanın qərb tərəfində olduğunu bidirir. Göstərir ki, dağılmış qalası, köhnə tikintisi indi də qalır. Çənlibel şam ağacları ilə örtülmüş meşəli dağdır. Alim Çənlibelin Anadolunun şərq bölgəsində yerləşdiyini əksər tədqiqatçıların təsdiq etdiyini və onun harada olursa-olsun, varlığının unudulmadığını qeyd edir. Folklorşünas başqa bir qaynağa görə də Çənlibelin Güney Azərbaycan vilayətindəki Salmas şəhəri yaxınlığında yerləşdiyini göstərir. Bu mənada, E.Müşeqin qeydləri də xüsusən diqqət çəkir. O, Koroğlunu paşalara, sultanlara qarşı vuruşan, saysız-hesabsız silahdaşları olan bir qəhrəman və aşıq kimi təqdim edib (Nəğmələr kitabı, 1721, yanvar), onun yaşadığı məkanın Gərni ilə Qars arasındakı "Soğanlı" adlı meşəlik olduğunu xatırlatmışdı.
Deyildi ki, "Koroğlu" bir çox variant və versiyalar yaratmış beynəlxalq "korun övladları" motivi əsasında yaranmış müstəqil bir dastandır. Dastanın Anadolu və türkmən variantlarına görə, türk alimi R.N.Boratav doğru qənaətə gəlmişdir ki, bu variant və versiyaların əsasında Azərbaycan "Koroğlu"su dayanır. Şərq (Orta Asiya) variantlarında mifoloji və nağılvari xüsusiyyətlər, Qərb (Azərbaycan, Anadolu) variantlarında isə tarixi hadisələrlə səsləşən gerçək məqamlar daha çoxdur. Eposun Qafqaz mühitində yayılmış beynəlxalq "korun övladları" motivilə qarşılıqlı şəkildə öyrənilməsi Avropa və Zaqafqaziya folklorşünaslığında diqqət mərkəzində durmaqdadır.
Prof. M.Təhmasib "Koroğlu"nu IX yüzilliyin əvvəllərində Azərbaycanda ərəb istilasına qarşı çevrilmiş Xürrəmilər hərəkatı ilə, bu hərəkatın başında durmuş Babəklə bağlı yaranmış rəvayət-hekayətlərlə müqayisə edərək söylədiyi mülahizələri çox obyektivdir. Görkəmli alimin elmi qənaət və mülahizələri türk koroğluşünaslığında da müsbət qiymətləndirilir. F.Sumer də "Oğuzlar" adlı əsərində Koroğlunun Cəlairilər üsyanında iştirak etdiyini, XVII əsrdə aşıqların ona dastan qoşduğunu, bu dastanın Türkiyədən İrana, sonra Xəzərarxası türkmənlərə keçdiyini yazır. F.Kırzıoğlu isə "Əfşarlı ilə Zülqədərli Türkmənlərinin Koroğlu oymaqları" adlı əsərində Koroğlunun Əmir Teymurdan və Cəlairilər hərəkatından çox qabaq yaşadığını, Əfşar tayfasına mənsub "Xosrov Soltan Koroğlu" adı ilə məşhur əmirlərdən biri olduğunu qeyd etmişdir.
E.İsmayılovaya görə, eposun özülü Anadoluda qoyulub, orada təşəkkül tapıb, Cəlairilərlə bağlı Cənubi Azərbaycanda formalaşıb, sonra Şimali Azərbaycana və Xəzərarxası türkmənlərə keçib.
N.Əkbər "Filologiya və sənətşünaslıq" jurnalının 2021-ci il tarixli 2-ci sayındakı məqaləsində yazır: "Koroğlu" dastanının Qərb (Azərbaycan, Anadolu, Balkanlar, Krım) qolları ilə Şərqi Türkistan (uyğur, türkmən, özbək, tacik, qazax, qaraqalpaq və s.) qolları olmaqla, iki ana mətn və bunlar ətrafında təşəkkül edən yüzdən artıq qolu mövcuddur". Qərb versiyası variantları haqqında tədqiqat aparan alimlər əsasən, bunun Azərbaycan (Cənubi Azərbaycan və Zaqafqaziya) variantlarını, Şərq versiyasının variantlarını araşdıranlar isə Türkmənistan və Xarəzm variantlarını təməl mərkəz kimi götürürlər.
Prof. İ.Abbaslı prof. M.Təhmasibin "Koroğlu" ilə bağlı yuxarıdakı fikirlərini bir növ təsdiqləyici fikir söyləməklə, nəsil, soy, qəbilə, tayfa, sülalə adı bildirən Koroğlu ad-titulunun Günəşlə, işıqla, odla, qorla bağlılığını da xatırladır, bu eposun tarixiliyini də, orijinallığını da, müstəqilliyini də xüsusi olaraq diqqətə çatdırır.
"Koroğlu" ad-titulunun Günəşlə, işıqla bağlı olması onun ilahi mənşəli olduğundan irəli gəlir. Koroğlunun adı Rövşən də işıq deməkdir. Qədim türklər Günəş tanrısına sitayiş etmişlər. Mifik-dini inamlara görə, Tanrı təkdir. Övladı, qardaşı, şəriki yoxdur. Koroğlu da təkdir. Övladı, qardaşı və bənzəri yoxdur. Əvvəldə deyildiyi kimi, "övladsızlıq", eləcə də "yenilməzlik" motivləri eposun əsas ideya-məntiqi xəttidir. Amma o da qeyd olunmalıdır ki, mütəxəssislərin də dediyi kimi, bu ideya XVI-XVII əsrlərdə tamamilə arxaikləşərək poetik semantikasını itirmişdir. Ona görə də, aşıqlar bundan sonra "yeddi gün-yeddi gecə mansırada qalmaq" motivini uydurmuş və buna əks olan "Koroğlunun Dərbənd səfəri"ni yaratmışlar.
Xalq arasında Azərbaycan "Koroğlu"su ilə bağlı bir məsəl işlənir: "Hər dədəsinin gözü çıxarılan Koroğlu olmaz, kor kişinin oğlu olar". Türk qəhrəmanlıq düşüncə tərzindən doğan bu məntiqə görə, "koroğluluq" nədir? - "Koroğluluq" Koroğlunun ölməzliyi və yenilməzliyidir. "Koroğlu" türk yenilməzliyinin simvoludur. Tarixdə də türkün yenilməz alp-ərənləri çox olub. Bu yenilməzlik və ölməzliyi Qoşabulağın aşıb-coşan köpüklü suyu verib, Koroğluya şairlik gətirib. Bu əsatiri motiv Anadolu variantında da vardır. Bingöldən tökülüb gələn suyun köpüyü Koroğluya ədədilik, yenilməzlik verib. Ona görə, Koroğlu ölməz və məğlubedilməzdir. Anadolu variantında qəhrəman Koroğlu ilə yanaşı, Aşıq Koroğlu da var. Koroğlunun Dəli nərəsi, Misri qılıncı, Qıratı da qeyri-adidir. Bu deyilən əlamətlər, həm də "Koroğlu" ad-titulunun mənşəyinin çox qədim olduğunun göstəricisidir.
"Koroğlu" eposunun yunan tarixçisi Herodotun məlumat verdiyi "korun övladları" beynəlxalq motivilə genetik əlaqəsi yoxdur. Bu epos türk milli dastançılıq düşüncə tərzinin yaratdığı müstəqil bir dastandır. İ.Abbaslının dediyi kimi, "Koroğlu" dastanı "skif, gürcü, osetin və digər qaynaqlarda qorunmuş "korun övladları" beynəlxalq motivinə genetik cəhətdən deyil, yalnız daşıdığı adın formal cəhətinə görə daxildir.
"Koroğlu" dastanının coğrafi arealı da çox genişdir. Bu coğrafiyanın əsasında Azərbaycan, Dağıstan, Anadolu, Təkə-Türkmən bölgələri durur. Koroğlu bu bölgələrin hamısına səfərlər edir.
Dastanın formalaşma dövrü XVI-XVII əsrlərlə bağlıdır. Tarixdən məlumdur ki, II Şah İsmayılın ölümündən sonra əhalinin sosial vəziyyəti ağırlaşmış, Səfəvi dövləti də zəifləmişdi. Bu ağır şərait I Şah Abbasın dövrünədək davam etmişdi. Bu illərdə Səfəvi dövlətinin Qərb, Osmanlı imperiyasının isə Şərq bölgəsində güclü üsyanlar baş vermiş ki, bunlardan ən geniş yayılanı Cəlairilər üsyanı olmuşdur. "Koroğlu" eposundakı bir çox surətin də bu hərəkatda iştirak etdikləri barədə məlumatlar vardır. Koroğlu, Dəli Həsən, Bəlli Əhməd, Eyvaz, Dəmirçioğlu Həsən və s. Ehtimal ki, Koroğlu, Dəli Həsən, Dəmirçioğlu Həsən hərəkatın məşhur sərkərdələrindən olublar. Bir tarixi rəvayətə görə, Salmas, Gədəbəy yaxınlığında Koroğlu qalaları var. Eposa görə, Koroğlunun Naxçıvan, Təkə-Türkmən, Toqat, Ərzurum, Ərzincan, Bəyazid, Qars və s. şəhərlərə səfərləri olub. Çənlibelin də Ərzurumla Qars arasındakı dağlıq ərazidə ola bilmə ehtimalı vardır.
"Koroğlu" eposunun A.Xodzko variantında Koroğlu Təkəli adlandırılır. Dastanın bir çap variantındakı şeirdə buna işarə də edilir.
Bu gün
itirmişəm Eyvaz balamı,
Yazın, Təkəlidən dəllərim gəlsin.
Bu məlumatlara görə, Alı kişi və Koroğlu Təkəli tayfasındandır.
Təkəli tayfasının Araz ətrafı bölgələrdə də yaşadığı nəzərə alınsa, Çənlibel Naxçıvan torpağına uzaq deyilmiş.
"Qars səfəri"ndə deyilir ki, Koroğlu Alacalar dağına çatanda gördü ki, Qars tərəfdən bir atlı gəlir. Müasir dövrümüzdə Qars şəhərindən cənubdakı dağ "Aladağ" adlanır. Bəlkə də, bu dastandakı Alacalar dağıdır.
Dastanın "Hasan paşanın Çənlibelə gəlməsi" qolunda da deyilir:
Dəli Həsən dəlilərin üç min say-seçməsini ayırıb, Çənlibelin Toqat baxarındakı bəndləri tutdu. Başladılar Hasan paşanı gözləməyə.
Salnamələrin məlumatına görə, "Hasan paşa 1601-ci ilin avqust ayında Elibistan yaxınlığındakı Cəlairiləri məğlubiyyətə uğradır. Qara Yazıçı ölür, 1602-ci ilin iyun ayında isə Cəlairilər Dəli Həsənin başçılığı ilə Toqatı tutur, şəhər əhalisinin də iştirak etdiyi bu döyüşlərdə Hasan paşa öldürülür.
Dastanda Hasan paşanın Çənlibelə hücum edib məğlub olması bu tarixi hadisə ilə çox yaxından səsləşir. Dəli Həsənin Çənlibelin baxarından Toqat tərəfi nəzarətdə saxlaması da göstərir ki, Toqat da Çənlibeldən uzaq deyilmiş. Dastanda Çənlibelin yaxınlığında "Soğanlı" deyilən bir yerin də adı çəkilir. Türkiyənin Ərzurumla Qars şəhərləri arasındakı dağlıq ərazidə "Soğanlı meşəsi" adlı yer vardır. Ola bilər ki, dastanda adı çəkilən Soğanlı buradır.
Anadolu Koroğlusu və Azərbaycan Koroğlusunun eyni tarixi şəxsiyyət olduqları barədə məlumat vardır. Bunlardan birinə görə, "Cəlairilər" adlanan əzəmətli üsyanın iştirakçılarından birinin adı Koroğlu olub. Bəzi araşdırmalar Koroğlunun I Şah Abbas və Sultan Muradın dövründə yaşadığını göstərir. Türk alimi S.Nüzhət də Koroğlunun XVI əsrin sonlarında Anadoluda yaşadığını və Osmanlı-Səfəvi savaşlarında iştirak etmiş aşıq-şair olduğunu yazmışdı. Anadolu Koroğlusunun aşıq olduğunu C.Öztelli də göstərmişdir. Koroğlu bir şeirində Ərəb paşaya İranla Osmanlı sərhədi yaxınlığında yerləşən Muradbəyli kəndindən olduğunu söyləyir.
Ərəb paşa, sənə bir ərz eyləyim,
Yerim xəbər alsan, Muradbəyliyəm.
Yağı düşmən mənnən qovğa başlasa,
Əyri qılınc əldə düşmən qovlayam.
Türkiyədə "Koroğlu" adı ilə bağlı dağ silsiləsi, bulaq, mağara, meşə olduğu məlumdur. Toqat-Sivas yolu üzərində
Çamlıbel meşəsi, Ərzincan yolu üstündə
"Koroğlu" boğazı vardır. Sivasın
şimal-qərbindəki mağaralara da "Koroğlu
mağaraları" deyilir. XIX əsrə aid mənbələrdə
Azərbaycanda Çənlibel yaşayış məntəqəsinin
adı çəkilir. A.Bakıxanov Xoy hakimi Cəfərqulu
xan Dünbulinin bir müddət Naxçıvan
yaxınlığında "Koroğlunun Çənlibelində"
yaşadığını yazmışdır.
Z.Həsənov
"Çar skifləri" adlı tədqiqat əsərində
"korun övladları" ilə bağlı süjeti mif
hesab etmir. Onun fikrinə görə, "Koroğlu"
dastanının süjeti "korun övladları"nın
sağlığında onların Qara dənizin şimal sahillərində
yaşayarkən epikləşmiş real hadisələrə
söykənir. Amma "Koroğlu" eposunun
coğrafiyasında Qara dənizin şimal əraziləri yer
almır.
Bu
araşdırmalar bir daha göstərir ki, M.Təhmasibin dediyi
kimi, "Koroğlu" dastanı Göytürklər
imperiyası dövründə türk-Əhəməni
savaşları əsasında təşəkkülə
başlamış, Xürrəmilər hərəkatı və
Babəklə bağlı rəvayətlərdən
faydalanmış və XVI-XVII əsrlərin güclü
inkişaf etmiş aşıq mühiti şəraitində
formalaşmışdır.
Eposun
milli bahadırlıq səciyyəsi daşıması onun
yaradıcı daşıyıcısının həyatında,
maddi və mənəvi keçmişində baş vermiş
tarixi hadisələrin əks-sədası ilə şərtlənir.
Eposdakı tarixiliyin dinamikası da təsdiq edir ki, xalqın
keçmişində baş vermiş tarixi hadisələr
dastanın qəhrəmanlıq keyfiyyətləri kəsb etməsində
çox mühüm rol oynamışdır.
Beləliklə,
bu kiçik elmi məqalədə fakt və dəlillərə
əsasən aparılan araşdırma belə qənaətə
gəlməyə əsas verir ki, "Koroğlu" eposunun mənşəyi,
kökü, süjet və motivləri əvvəlki
araşdırmalarda deyilənlərdən daha çox, daha
ciddi qədim türk mifik görüşləri və
etiqadları ilə sıx bağlıdır. Eposun qədim
süjeti tanrımənşəli olan
"övladsızlıq" və "yenilməzlik"
motivləri əsasında qurulduğundan dastanın əsas
yaradıcı daşıyıcısı, baş qəhrəmanı
Koroğlu da yenilməzlik və ölməzlik səciyyəsi
daşımaqdadır. "Koroğlu" ümumtürk
dastançılığı tarixində milli
dastançılıq ənənəsi və
düşüncə tərzini əks etdirən çox dəyərli
ədəbi-bədii bir abidədir. "Koroğlu" Qərb
və Şərq variantları və versiyalarının mərkəzində
duran qədim və sənətkarlıq baxımından ən
mükəmməl qəhrəmanlıq eposudur. Dünya və
ümumtürk dastançılığı tarixində də
özünəməxsus yeri olan "Koroğlu" dastanı
qədim Oğuz-türk yurdunun çox geniş coğrafi
arealında - Ön Asiya, o sıradan Azərbaycan, Türkistan
(Orta Asiya) bölgələrinin tarixi-mədəni mühitində
məşhurdur.
Yusif SƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.18.