Buxara prezidentinin
kreslosunda bir gün
Elmi
araşdırma
Mustafa
Kamal Atatürk deyirdi ki, mühacirlər
itirilmiş torpaqların
əziz xatirələridirlər.
XX əsrin əvvəllərində
bütün türklərin
ana yurduna çevrilən
Türkiyə Cümhuriyyəti
bu əziz xatirələri himayə etmək, onların mücadiləsinə dəstək
vermək üçün
bütün imkanlarını
səfərbər etmişdi.
Bəzən gənc dövlət olduğu üçün xarici təzyiqlərə tab gətirə
bilməyib, bəzi mühacirləri müvəqqəti
olaraq ərazisindən
çıxarmışdısa da, onları yenə də səfirlikləri vasitəsilə qürbətdə
himayə etmişdi. Qınamaq mümkün deyil. Mancuriyadan Tibetə, Krımdan İrana, Türküstandan
Qafqaza qədər rus və Çin
zülmündən qaçan
bu insanların tək pənah yeri Türkiyə idi. Bu şəxslərdən
biri də 1921-1922-ci illərdə Buxara Xalq Cümhuriyyətinin prezidenti olmuş Osman Kocaoğlu idi.
Osman Kocaoğlu 1878-ci ildə Türküstanın Fərqanə
vadisindəki Oş qəsəbəsində Polat
Xocanın ailəsində
doğulub. İbtidai və mədrəsə təhsilini Buxarada alıb, İstanbuldan, Bakıdan, Bağçasaraydan,
Kazandan və digər türk yurdlarından gələn
kitab, məcmuələr vasitəsilə
özünü yetişdirib.
Rusiya müsəlmanları
arasında başlanan
cədidçilik hərəkatı
onun da həyatını
dəyişib, gəncliyi
dövrün ziyalılarının
pozitiv təsirləri
altında keçib.
1898-ci ildə Oşda
çar Rusiyasına qarşı baş verən üsyanda həbs edilən 777 şəxs arasında o da
yer alıb. Buxara hökuməti onu sərhəddən kənara çıxmamaq şərtilə azad edib.
Bu ruhda yetişən Osman Kocaoğlu I Dünya müharibəsi dövründə
daha aktiv şəkildə fəaliyyət
göstərib. Rusiyanın
zorakı şəkildə
türküstanlıları cəbhəyə aparmasına
qarşı 1916-cı ildə
baş verən hərəkatda o da iştirak
edib. Türküstan cədidçilərinin lideri
olan Mahmud Xoca Behbudinin evində toplanan məşhur cədidçilər (Münəvvər
Kari, Pəhlivan Niyazi və d.) arasında yer alan Osman Kocaoğlunun da iştirakı
ilə bu səfərbərliyə qarşı
etiraza qərar verilib.
1917-ci il fevral inqilabı nəticəsində Buxara
əmiri "Hürriyyət
bəyannaməsi"ni elan etməyə məcbur olub. 8 apreldə bu münasibətlə 7
min nəfər insanın
qatıldığı bir
yürüş həyata
keçirilib. Nəticədə
məktəb, mətbuat
azadlığı tələb
edən yürüşçülərin
mitinqi əmirliyin qüvvələri tərəfindən
dağıdılıb, bəzi
cədidçilər həbs
edilib. Osman Kocaoğlu
xilas ola bilib.
Cədidçilərin siyasi qolu Buxara əmirliyini
yıxa bilməyəcəklərini
anladıqları üçün
Daşkənddəki Sovet
komissarlığından dəstək
istəyib, nəticədə
onların köməyi
ilə əmir Alim xan devrilib, Buxara
Xalq Şuralar Cümhuriyyəti elan edilib.
29 avqust 1920-ci ildə
elan edilən Buxara Müvəqqəti Hökumətində
Osman Kocaoğlu maliyyə
naziri təyin edilib. O daha sonra Buxaranın şərqindəki muxtar Şərqi Buxara Hökumətinin başına
keçib. 23 sentyabr
1921-ci ildə isə Buxara Xalq Nümayəndələrinin
ikinci qurultayında
Osman Kocaoğlu dövlət
başçısı seçilib.
Cədidçilər arasında sovetlərə qarşı
mövqeyi ilə bilinən Kocaoğlu o illərdə Türküstanda
olan Ənvər paşa ilə də münasibət qurub. O, rus əsirliyindən
qurtulan Osmanlı zabitlərinin köməkliyi
ilə Buxara ordusunun qurulmasına çalışıb, eyni
zamanda Anadoludakı hadisələri də yaxından təqib edərək Atatürkün
rəhbərliyi ilə
başlayan milli mücadiləyə
maddi yardım göndərib. Kocaoğlu
1921-ci ildə Daşkənddə
qurulmuş Türküstan
Milli Birliyinin də üzvü olub.
9 dekabr 1921-ci ildə Kocaoğlu Düşənbədəki
rus qarnizonunun komandanlarını həbs
etdirib, rus əsgərlərinin Buxara
sərhədlərini tərk
etmələrini tələb
edib. Digər rus bölmələrinin bu hadisədən sonra Buxaraya hücumu nəticəsində
Osman bəy bütün
türküstanlıları silaha sarılmağa səsləyib. Ruslar qarşısında güc
bərabərliyini görən
Kocaoğlu 10 aprel
1922-ci ildə Əfqanıstana
gedib, Kabildə qızıl qarşılığında
ingilislərdən silah
istəyib. Lakin İngiltərə
bu təklifi qəbul etməyib, çünki Rusiya ilə İngiltərə
arasında təsir dairəsi baxımından
əldə edilən razılığa görə,
Rusiya Əfqanıstan
və Hindistana, İngiltərə isə
Türküstana qarışmamalı
idi...
Bu ərəfədə Ənvər
paşa da Türküstanda
şəhid olub. Buxara baş naziri, həmçinin qohumu olan Feyzullah
Xoca ona Buxaraya qayıtdığı
zaman həbs ediləcəyi
xəbərini verib. Rusiyanın Əfqanıstana
təzyiqi nəticəsində
Osman bəy Kabili tərk
edib, 1923-cü ilin sentyabrında İstanbula gəlib. Türkiyədə
ikən o, Türküstan
Gənclər Birliyini
yaradıb, həmçinin
Mustafa Çokayoğlu, Zəki
Vəlidi Toqan kimi digər silahdaşları ilə birgə "Yeni Türküstan"
(1927-1934) məcmuəsini çıxarıb.
1938-ci ildə Osman Kocaoğlu azərbaycanlı Abbasqulu Kazımzadə, Xəlil bəy Xasməhəmmədov,
Məhəmməd Tuğay,
şimali qafqazlı Əli xan Kantemir
və digərləri
ilə birlikdə Türkiyədən çıxarılıblar.
Osman bəy əvvəlcə
Polşaya, daha sonra İrana gedib. II Dünya müharibəsindən sonra,
1945-ci ilin axırlarında
yenidən Türkiyəyə
qayıda bilib.
1951-1957-ci illərdə Pakistanda
yaşayıb. Daha sonra yenidən Türkiyəyə dönüb,
ömrünün axırına
qədər orada yaşayıb. 28 iyul
1968-ci ildə vəfat
edib, İstanbulda dəfn olunub.
***
Yuxarıda qeyd etdiyimiz bu məlumatları Osman Kocaoğlunun oğlu, tanınmış türkoloq
Timur Kocaoğlunun cədidçilik
hərəkatı və
atasının fəaliyyəti
ilə bağlı qələmə aldığı
yazıdan əldə
etmişik. Qeyd edək ki, Osman bəyin Türküstanda evləndiyi
xanımından Hadi Xoca adında bir oğlu olub.
Daha sonra Kabildə ikən Xokand xanlarının nəslindən olan Hakimə adlı xanımla ailə həyatı qurub. 1925-ci ildə o, İstanbula həyat yoldaşının
yanına gələ bilib. Osman bəyin Hakimə xanımla evliliyindən Həlimə
və Timur adlı övladları dünyaya gəlib. Hakimə xanım İstanbula gəlmədiyi dönəmdə
Osman bəy Firdevs adlı bir qadınla
yaşayıb, bu münasibətdən Türkan
adlı qızı da
doğulub. Hakimə xanım İstanbula gəldikdən sonra həmin qadından ayrılıb.
Osman bəyin oğlu Timur Kocaoğlu 31 may 1947-ci ildə
İstanbulda doğulub.
1971-ci ildə İstanbul Universitetində
türk dili və ədəbiyyatı
ixtisasını bitirib,
ardınca Kolumbiya Universitetində magistr və doktorantura pilləsində təhsil alıb. Professor Eduard Ollvorsun
rəhbərliyində "Stalindən sonrakı Sovet Orta Asiya
romançılığında milli kimlik. 1953-1982" adlı
elmi işini müdafiə edib. Uzun illər "Azadlıq Radiosu"nun özbək şöbəsində
çalışıb. Türkiyədə
Mərmərə və
Koç universitetlərində,
Türk Dil Qurumunda bir müddət
işləyib, 2011-ci ildən
sonra Miçiqan Universitetində fəaliyyət
göstərib. Türkiyədə
özbək türkcəsi
ilə ilk dərsləri
tələbələrə o verib.
Sovet İttifaqı dağıldıqdan
sonra atasının doğulduğu torpaqlara gedən Timur bəy hazırda Özbəkistanla
yaxın əlaqələr
içərisindədir. 1990-cı illərin əvvəlində
Baymirza Hayitlə birgə Azərbaycana da gəlib.
Timur Kocaoğlunun evində
Ötən ilin aprel ayında Kocaoğlunun fəaliyyətini daha yaxından öyrənmək
üçün Timur bəylə
görüşməyə qərar verdik. 2024-cü
il aprel ayının
7-də həmkarım Sevinc
Dadaşova ilə birgə İstanbulun Sarıyer bölgəsindəki
evinə getdik. Bizi böyük qonaqpərvərliklə qarşılayan
Timur bilgə (xoca sözünü sevmir) Türküstanın kiçik
bir modelinə bənzəyən evi ilə tanış etdi. Türkologiyaya aid kitabların yığıldığı rəflər,
atasına və özünə aid divara yapışdırılan şəkillər,
rəsm tabloları, daktilolar, Türküstana dair qiymətli fotoşəkillər, mükafatlar
otağa tarixi bir ab-hava qatırdı.
Xüsusilə, Buxara Şuralar Cümhuriyyətinin
qanuni-əsasının böyüdülmüş
formada divardan asılması Osman Kocaoğlunun
dövlət başçısı
olduğu dönəmə
bizi aparırdı...
Timur bəy mənə bir kreslo göstərir:
"Bu, atamın evdə
əyləşdiyi kreslodur".
Buxara prezidentinin kreslosunda əyləşib
Timur bəylə söhbətləşirik.
Onun bizə bildirdiyinə görə,
atasının ilk evliliyindən
olan qardaşı Hadi Xoca 1941-1942-ci illərdə SSRİ İrana
girdiyi zaman həmin orduda təmsil olunub. Həmin vaxt Osman bəy də İranda yaşayırdı. Qohumlarının
Timur bəyə verdiyi
məlumata görə,
Hadi bəy də bu məlumatı
bilib, atasını axtarıb, hətta bir yığıncaqda hər ikisi eyni məkanda olub. Lakin Osman bəy siyasi səbəblərdən
kimliyini açıqlamadığı
üçün Hadi Xoca atasını tanımayıb. Timur bəy
hadisəni bu şəkildə danışır:
"Atam 1938-ci ildə
Türkiyədən çıxarılır,
öncə Avropaya gedir. O, buxaralı olduğu üçün
türkcə ilə yanaşı fars dilini də bilirdi. İki dildə də şeir yazırdı. Prometeyçilər ona deyirlər ki, bir dünya müharibəsi başlayacaq, sən İrana get. Atam oraya gedir, anam
da İstanbuldan yola düşür. Bu dövrdə
Tehranın şimalını
Sovet əsgərləri
basır. Cənubunu
da ingilislər. Atam ingilis bölgəsində
olur. Orada zəngin bir buxaralının evində
gizlənir, amma anamı başqa evə yerləşdirir.
Bir gün qapı döyülür, gözətçi
atama bildirir ki, gənc bir zabit
gəlib, deyir ki, mənim atam Osman Xoca buradadır. Atam onu ən
son görəndə altı
yaşında idi. Ev sahibi öncə
deyir ki, zabitə bildirin ki, Osman Xoca burada idi, bir
həftə öncə
getdi. Atam "yox" deyir, bildirir ki, qoyun gəlsin, aradan 22 il keçib o, məni tanımaz. Zabit gəlir, atamı tanımır. Buxaranın
fərqli bir farscası var, atam həmin farsca ilə suallar verir. Çünki buxaralı olmayan biri o farscanı danışa bilməz. Suallardan oğlu olduğunu anlayır, lakin ona atası
olduğunu demir. Atam o evi də
tərk edir. Mən 1990-cı ildə Səmərqəndə getdiyim
zaman, orada 85 yaşında
Mahira Xan adlı atamın əqrəbası
olan bir qadın vardı. O dedi ki, Hadi Xoca
Moskvada ziraət üzrə doktorluq müdafiə edib, sonra Səmərqənd Universitetində altı ay
çalışıb. Lakin 1950-ci illərin əvvəlində
Osman Xocanın oğlu
olduğu üçün
işdən çıxarıblar.
O da hirslənib Şərqi
Türküstana gedib.
Eşitdik ki, orada uyğur bir xanımla evlənib, başqa məlumatımız
olmayıb. Biz bilmirik
ki, atamla görüşə
onu KQB göndərmişdi,
ya yox. Atam
uşaq vaxtı mənə şahmat öyrətmişdi. Görüş
zamanı Hadi Xoca da deyir ki, atam yaxşı şahmat oynayardı, mən də öyrənmişəm. Atam
deyir ki, gəl o zaman oynayaq. Şahmat da oynayırlar. Anam mənə dedi ki, həmin görüşdə
atam üç həmlə ilə oğlunu mat edəcəkmiş,
amma özü uduzub ki, oğluna sarıla bilmir, heç olmasa ona uduzsun".
Burada Rais Rəsulzadənin bir müsahibəsindəki
hadisə yadıma düşür. Belə
ki, Azər Rəsulzadə
İranda əsgərlik
çəkərkən ona
da Bakıda tanıdığı
bəzi adamlar yaxınlaşıb, əgər
istəyərsə, atası
ilə görüşdürə
biləcəklərini söyləyiblər.
O isə buna yox cavabı verib. Bu kimi hadisələr Kocaoğlunu ehtiyatlı davranmağa vadar edib.
Timur bəy kitab dolu ikinci otaqdakı rəsm tablosunu göstərib deyir:
"Bu rəssam atamı
görməyib, amma atamın xarakterini çox gözəl təsvir edib". Daha sonra atasının
1910-cu ildə İstanbula
gəldiyi dövrdəki
ilk fotoşəklini bizə
göstərir: "Bir dostum
auksionda bu fotoşəkli qazanıb mənə doğum günü hədiyyəsi
olaraq göndərdi. Atam İstanbuldan öncə Krımda idi. Orada Bağçasarayda
İsmayıl bəy Qaspıralının yanında
8-9 ay üsuli-cədid məktəblərindəki
təhsil sistemini öyrənmişdi. Sonra İstanbula
gəlir. Təəssüf
ki, buradakı aydınların
şəkillərini Murad Bardakçıya
da göstərdim, amma
tanıya bilmədi. Osmanlı aydınlarıdırlar.
Bu, Osman Kocaoğlunun bizə
məlum olan ən əski fotoşəklidir. Burada 32
yaşındadır".
Daha sonra bizə 1938-ci ildə Varşavada çəkilmiş bir fotoşəkli göstərir.
Orada Şeyx Şamilin nəvəsi Səid Şamil və Ayaz İshaqi təsvir olunublar: "Atam orada Məhəmmədəmin
Rəsulzadə ilə
də görüşüb,
fəqət əlimizdə
fotoşəkilləri yoxdur".
Digər
bir şəkildə ata-oğul birlikdə təsvir olunublar: "Mən doğulduğumda atam 70 yaşında idi. İyirmi il onunla birgə yaşadım. Burada mən 19, o isə 89 yaşındadır. İndiki
düşüncədə olsaydım, atama çoxlu suallar verərdim. Atam Pakistanda altı il qalmışdı, oradan gələrkən 40 sandıq
əşyası vardı.
Atam Pakistanda bir uşağı övladlığa götürmüşdü.
Həmin uşağa əşyaları gəmi
ilə gətirməsini
istəyir. Lakin Bağdadda
ikən həmin gənc pulsuz qalır, atam ona məktub göndərir ki, sən bütün əşyaları
sat, canını qurtar
gəl. Beləcə,
atamın arxivi itir. Atam rusca
və ərəbcə
də bilirdi".
Timur bilgə danışdıqca
arada mətbəxə
də gedirdi. Çünki bizi evinə dəvət edərkən özbək
plovuna qonaq edəcəyini vəd etmişdi. Az sonra
İstanbul lokantalarında gördüyümüzdən
fərqli olan əsl özbək plovu masaya gəlir.
Tanrı bizə Kocaoğlu ailəsinin masasında yemək yeməyi də nəsib edir.
Qeyd edək ki, Timur bilgə Amerikadakı kitabxanasının
bir qismini və atasına aid bəzi məktubları
İslam Araşdırmaları Mərkəzinə hədiyyə
edib. Mütəmadi olaraq Almaniyaya da gedir, orada Milli Türküstan Birliyi dövrünə aid ədəbiyyatları
çalışır.
Bizə
müəllifi olduğu
bəzi kitablarını
da imzalayır.
Evdən
ayrılarkən, bir daha otağa ümumi nəzər yetiririk. Həm kitablar, həm də özbək plovu bir daha
gəlmək arzumuzu oyadır...
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.16-17.