Elçinin "Stalin - İzm"ində qeyri-səlis
sistemin sənət dili
Məşqlər...
Mülahizələr... Məqsədlər... Niyyətlər...
Nəticələr...
"Qeyri-səlis
məntiq" nəzəriyyəsinin teatr sənətində
sinergetik adaptasiyası (Elçin teatrı əhatəsində)"
doktorluq dissertasiyamın yekunlaşmağa doğru istiqamət
aldığı bir zamanda ruhuma hakim kəsilən
möcüzələrlə dolu mistik bir qüvvə təxəyyülümə
qeyri-adi qığılcımlar səpməyə
başladı. Hisslərim, duyğularım özümə də
məlum olmayan əsrarəngiz zənginliklə coşmağa
başladı. Bu duyğunun,
hissin mənə görə, deyərdim ki, adı vəhydən
doğulan təhtəlfəhmdir. Öncə İ.Məmmədlinin
"Qadın" pyesi əsasında qeyri-səlis uydurma
janrlı "Siluet" tamaşası yarandı. Ardınca
A.Nəzərlinin "Axirətdən gələn səs"
qəhrəmanlıq dramı əsasında qeyri-səlis təbəddülat
janrında "Səs" tamaşası doğuldu. Əvvəllər
də dediyim kimi, hər iki tamaşanın tərəfimdən
ərsəyə gəlməsi məcburi zərurətdən
doğulmuşdu. Lakin hər iki tamaşanın meydana gəlməsinin
özü də naməlum hisslərin ruhuma
açdığı yeni sənət pəncərəsinə
gedən yolun istiqamətlərini müəyyənləşdirən
ştrixlər kimi, sanki təxəyyülümün itilənməsinə
xidmət üçün təfəkkürümə
sıçramış "Qeyri-səlis teatrı" mərhələsinə
daxil olmaq meyillərini tamamladı. Hər iki tamaşa rəhbərlik
etdiyim İrəvan Dövlət Azərbaycan Dram
Teatrının səhnəsində dünyaya göz
açdı və fakt odur ki, tamaşaçıların və
mütəxəssislərin diqqətini cəlb etdi. Belə
demək olar ki, mistik ovqatın ruhuma hakim kəsilən
variasiyaları artıq qeyri-səlis sistem konsepsiyasında iki
tamaşanın ərsəyə gəlməsini, sözün əsl
mənasında, təmin etdi və
sanki bu təminat məhz dissertasiyanın geniş prospektə
çıxmasına meydan açmaq xidmətinin
daşıyıcısı kimi həyatıma daxil oldu.
Əlbəttə,
sual doğa bilər ki, nə üçün qeyri-səlis
sistemlə hazırlanan tamaşalar dissertasiyanın məzmunu
ilə tandem təşkil edən müəllifin - görkəmli
Xalq yazıçısı Elçinin əsərləri ilə
deyil, digər məlum yazıçıların əsərləri
ilə səhnəyə qədəm basdı? Cavab birmənalıdır:
hər bir rejissor və aktyor Şekspir əsərlərini
tamaşaya qoymaq üçün və ya Şekspir "qəhrəmanları"nı
səhnədə canlandırmaq üçün mütləq
ciddi bir yaradıcılıq mərhələsindən, yetkinləşmə
prosesindən keçir. Həmin əsərlərin və ya əsərlərdəki
obrazların təqdimatına özünü
hazırlayır. Elçin dramaturgiyasına müraciət məsələsi
də məhz bu kriteriya ilə əlaqəlidir. İki faktor məhz
həmin hazırlığa ciddi tələb irəli
sürürdü: Elçin dramaturgiyası və qeyri-səlis
sistem...
Hər
iki tamaşa hazır olduqdan sonra belə bir arxayınlıq
yarandı ki, böyük sənətkar - Xalq
yazıçısı Elçin dramaturgiyasının
mükəmməl prinsiplərinə baş vurmaq
üçün sanki hazırlıq mərhələsini dəf
etdik və nəhayət, görkəmli sənətkarın
"Stalin" ikihissəli fəlsəfi farsı gözlərim
önündə bütün təbəddülatı ilə
canlanmağa başladı. Sanki Elçin
yaradıcılığının çoxfunksiyalı və
çoxistiqamətli ehkamı rəngarəng işıq
selində "Stalin"in dərin dramatizmi ilə üzərimə
tuşlanmış və gözlərimin qamaşacağı
təəssüratını bütün ruhuma hopdurmağa
başlamışdı. Bu sənət ehkamı təbii hisslərin
ötürdüyü dissipativ üfüqə bənzəyirdi.
Önümdə, Elçin
yaradıcılığının bifurkasiya nöqtələrindən istiqamət alan ucsuz-bucaqsız
geniş bir meydan açılmışdı. Bu meydan,
Elçin təfəkkürünün zəngin
çalarlarla yüklənmiş nəzər nöqtəsinin
saysız-hesabsız işıq selinin sanki qaranlıq tunelə
tuşlanan və həmin tunelin o biri üzünə qədər
qaranlığı dəlib ətrafı aydınladan əlvan
rənglərlə fundamentallaşan bir interpretasiya məkanı
idi.
Elçin.
"Stalin"...
Stalin
haqqında çoxsaylı əsərlər mövcuddur.
Elçinin "Stalin"i fərqlidir. Konkretlikdən uzaq,
çoxfunksiyalı personaj tipində yetişdirilmiş
"xam mal"dır. Sanki müəllifin sənət təşnəsində
yoğrulmuş, "bişməyə" hazır vəziyyətdə
dayanmış bir "kündə"dir. Elçin hər kəsə
təklif edir ki, "istədiyiniz məhsula çevirmək
imkanı yaradıram". Biz, "Stalin"i "Stalin -
İzm" konsepsiyası ilə oxuduq və elə, elə də
adlandırdıq: "Stalin - İzm". Bu ad altında
qeyri-səlis sistemlə yaradıcılıq prosesinə yeni təxəyyül
prinsipləri ilə müdaxilə etməyə
başladıq. Məşqlərin səmərəsi ilk
günlərdən özünü göstərdi. Aktyorlar
yeni yaradıcılıq laboratoriyasına daxil
olduqlarını hiss etdilər və dilə gətirməyə
başladılar. Bu proses hər birimiz üçün son dərəcə
maraqlıdır. Mükəmməl ədəbi materialdan səhnə
həyatına qədəm qoyan əsərin hələ ilk məşqləri
zamanı "Qeyri-səlis məntiq" nəzəriyyəsinin
teatr sənətində üzvi birləşməsinin daha
fundamental şəkildə təzahürünün
canlandığını hər birimiz kəlmə-kəlmə,
söz-söz, cümlə-cümlə, fikir-fikir hiss edirdik. Rəmzlər,
priyomlar, teatr ifadə vasitələrindən gen-bol istifadə
metodologiyası, yeni oyun üslubu, təfəkkürü
motivasiya edən tər-təzə yaradıcılıq
postulatı, fərqli prinsiplərlə yoğrulan duyğuların, hisslərin hərəkət
mexanizmi, ənənəvi teatr sisteminə adekvat olmayan
konseptual yaradıcılıq dəst-xətti aktyorların
zehnini itiləyir, hər kəlmədə yeni müstəviyə
istiqamətləndirir...
Əsərdə
obrazları olmayan, lakin müəllif ideyasına əsasən
işarələri görünən, iştirakçılara
əlavə olunan yeni personajların canlı şəkil
alması tamaşaya zəngin çalarlar gətirdi. Müəllifin
fikir fəlsəfəsinin geniş icmalının
konturlarına bir neçə qütbdən istiqamətlər
açıldı. Əsərdə yalnız müəllif tərəfindən
verilmiş konkret personajların deyil, məhz ölüm
hökmünü icra edən bir cəllad
maşınının öz cəngində məhv etdiyi nurlu
şəxsiyyətlərin, işıqlı ideyaların
obrazları öz təzahürünü tapmağa
başladı. Tamaşanın geniş miqyasda həm fikir-ideya
məcmusu, həm də bütün teatr ifadə vasitələrinin
orijinal görkəm alan ecazkar təzahüründə, əlvan
rəngarəngliklə işıq selinin bütün tamaşa
boyu hər personaja fokslandıqca onun əhvalına,
ovqatına xas rənglərlə obrazlı ifadədə hərəkət
mexanizmi ilə ayrıca bir tamaşa ekvivalentinə
çevrilir. Dekorların personajlar tipində obrazlarla paralel hərəkəti
konsepsiyanın ümumi görkəminin bədii ifadəsinin
qeyri-səlis daşıyıcısıdır...
Böyük
bir ölkəni özünün inandığı və bəlkə,
həm də inanmadığı, bütün ruhu ilə
psixoloji sarsıntılarla çulğadığı, tərəddüdlərlə
dolu bir rejim altına salmış nəhəng bir xəstəlik
prinsipində çulğanmış ideologiyaya qurban verən
"lider"in - özünə belə inanmayan, hər
şeyə və hər kəsə şübhə ilə
baxan, həbsxana qanunları ilə düşünən və
ölkəni, nəhəng bir cəmiyyəti həmin qanunlar
hökmü ilə idarə edən Stalinin süjet istiqamətində
aparılan gedişata əlavələr olaraq çoxsaylı
təsəvvür predmetləri ilə zənginləşdirilməsi
oyunun qeyri-səlis funksionallığını, dissipativ
özünütəşkilini bifurkasiya nöqtəsindən
sonrakı yeni məkana daşıyan işıq sellərinin
nəhayətsizliyinə qovuşdurur. İnsan taleyinə biganə
yanaşan, hətta daha dəhşətli aqressiya ilə
münasibət göstərən, lakin özünü həmişə
haqlı sayan, cəmiyyətə özünü müqəddəslik
rəmzi kimi tanıtmağa çalışan
"lider"in bir an içində ölüm cəzası
verən şüurunun paralelində anasının müxtəlif
vəziyyətlərdə (ana sevgisi ilə, övlad
xilaskarlığı ilə, öyüdverici rəmzdə,
insanlığa çağıran hisslərlə, qəzəbə
qarşı yumşaq duyğularla və s.) qeybdən gələn
səsi ilə yanaşı, ölkənin ən ucqar nöqtəsində
baş verən hər hansı bir cəza mexanizminin qan tökən
səhnəciyinin canlandırılması və eyni zamanda
sevgilisi ilə əylənmə prosesi, paraleldə
tabeçiliyində süründürdüyü məmurların
miskin və xidmətə vadar aşağılayıcı vəziyyətləri,
istədiyi kimi onların taleyi ilə oynadığı anlar,
ölüm hökmünə qurban etdiklərinin - Mikayıl
Müşfiqin, Əhməd Cavadın ah-naləli iniltiləri,
Sibirin şaxtalı həbs düşərgələrində
can çəkən insanların, o cümlədən,
Hüseyn Cavidin, Şükriyyə xanımın acı
taleyini canlandıran təzahürlər, hər an ölüm
qorxusu altında yaşatdığı Səməd
Vurğunun, Üzeyir Hacıbəyovun həyat faciələri,
Nəriman Nərimanov və Mustafa Kamal Atatürkün milli
ideoloji məfkurəsinə qarşı aqressiv mənfur
"pantürkizm" qondarması, türk
bayrağının Qara dənizi coşduran nəğməkar
hayqırtısına qarşı kəskin mövqe və sair
bu kimi neçə-neçə hadisələr cərəyanı
ilə zənginləşən epizodlar bir-birinin içindən
daraqvari keçidlərlə bir-birinə mane olmadan və hətta
biri digərini əsaslandıran ştrixlərlə cərəyan
edir. Əlbəttə ki, bu proses müəllifin Stalin
personajı tipində və onun ideoloji düsturunda
formalaşdırdığı dramaturji materialdan irəli gələn,
"həbsxana cəmiyyəti" strukturunda böyük bir
ölkənin idarə edilməsinə ömrünü
vermiş bir imirqəzəbin, qaniçən vandalın həyat
hekayəsini eskizləyən tablosunda orijinal formada qurduğu səhnə-oyun
üslubunda - Elçin teatrı strukturunda səciyyələnən
düşüncələrin rejissor təxəyyülü ilə
paralelləşən duyğusal hisslər məcmusudur. Məhz
bu proses "Qeyri-səlis teatrı" sisteminin artıq daha
dolğun təzahürə gəlişinin fundamental təməlidir.
Əminliklə
demək olar ki, bu yaradıcılıq laboratoriyasında
baş verənlər "Absurd teatrı" kimi, "Qeyri-səlis
teatrı" anlayışının da ictimai
düşüncəyə sirayətini yəqinləşdirir
və "Elçin teatrı" müstəvisində
bütöv təzahürdə "Qeyri-səlis
teatrı" sisteminin gələcəyin teatrı
epoxasına qapı açdığının əsaslandırılmasına
məzmunlu və nəzəri-praktiki gerçəklik
yaradır.
İFTİXAR
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.12-13.