Vətənin Nəbisi
"Nə qədər dünyada sevən ürək var,
Mənim
ürəyimdir, mənim
ürəyim".
Nəbi
Xəzri
...2004-cü
il idi. BDU-da aspirant idim.
Amma artıq ilk şeirlər
kitabım görkəmli
alim, professor Vidadi Xəlilovun
redaktəsi və Ön sözü ilə çap olunmuşdu. Sözlərimə
yazılan və efirlərdə səslənən
mahnıları xalq artistləri - Məmmədbağır
Bağırzadə, Yalçın
Rzazadə, Elmira Rəhimova;
əməkdar artistlər
- Yaşar Səfərov,
Gülyaz və Gülyanaq Məmmədovalar,
Ədalət Şükürov
kimi görkəmli sənətkarlar, müğənnilər
ifa edirdilər. Növbəti şeir kitabını çapa hazırlayırdım. İsti
ocağında, doğma
qucağında böyüdüyüm
nənəm Sona xanım
təzəcə dünyasını
dəyişmişdi. Xatirəsinə
silsilə şeirlər
yazırdım. Digər
şeirlər də artıq yığılırdı.
Odur ki, kitabı da nənəmin adıyla
"Sonalar sonası"
adlandırmaq fikrindəydim.
Şeirlərə qiymət
vermək üçün
Nəbi Xəzriyə
müraciət etməyimi
məsləhət gördülər.
O vaxtlar o, "Azərbaycan
Dünyası" Beynəlxalq
Əlaqələr Mərkəzinin
prezidenti idi. "Bakı Soveti" (indiki "İçərişəhər")
metrostansiyası ilə
üzbəüz binada
əyləşirdi. Şeirlərimi
yığdım və
özümdə cürət
toplayıb görüşünə
getdim. İri, yaraşıqlı, işıqlı
otağı vardı.
Məni hörmətlə
qarşıladı. Utana-utana
şeirlərimi təqdim
etdim, baxıb, qiymətləndirməsini xahiş
etdim. Bir az zəhmlə: "Qoy qalsın, baxaram", - dedi. Amma otaqdan çıxanda bir az yumşaq tərzdə: "Telefon nömrənizi katibəyə
verərsiz", - dedi.
Katibə heç nə demədən nömrəmi aldı. Beləliklə, gözləməyə
başladım. Günlər
uzandıqca artıq nə boğazımdan çörək keçir,
nə də gözümə yuxu gəlirdi. Çünki xasiyyətinə bələd
olanlar yaxşı bilirdilər və mənə deyirdilər
ki, "Nəbi Xəzri
sənə xoş rəy yazsa, sənə zaval yoxdur, lakin mənfi
söz desə, gərək o gündən
qələmi qoyasan yerə və bir də şeirdən,
şairlikdən söz
açmayasan". Beləliklə,
günlərdə saatları,
saatlarda dəqiqələri,
dəqiqələrdə də
anları saya-saya
"qədərim"i gözləyirdim...
Düz iki həftənin tamamında telefona zəng gəldi. Katibəsi idi. "Nəbi müəllim sizinlə görüşmək
istəyir", - dedi.
Azərbaycan Radiosunda növbəti verilişin üzərində çalışırdım.
AzTV-dən "İçərişəhər"
metrostansiyasına qədər
yolu piyada necə getdim, özüm də bilmədim... Otağına
daxil olanda rastlaşdığım münasibəti
heç zaman unuda bilmərəm. Böyük
otağı qonaqlarla dolu idi, nəsə
tədbir keçirirdilər.
Gəlişimi bildirdilər. Nəbi
müəllim içəriyə
dəvət etdi. Ayağa qalxaraq məni qucaqlayıb, bağrına basdı və mənə: "Anar, sən mən yaşda Nəbi Xəzrini kövrəltdin. Allah nənənə
rəhmət eləsin.
Nənənə yazdığın
şeirlər isə xüsusilə təsirli şeirlərdir", - dedi.
O, daha sonra üzünü qonaqlara tutaraq: "Mən bu oğlana poeziyada pasport (özü dediyi kimi) verirəm", - söylədi. Və yenidən üzünü
mənə tutaraq:
"Get yaz, yarat, amma şeirin, sözün müqəddəsliyini
heç zaman unutma, hər an, hər yazında, hər mahnı mətnində, hər sətrində onu düşün, onu qoru. Sənin
parlaq gələcəyinə
böyük ümidlərim
var. Uğur olsun",
- dedi.
Etiraf edim ki, o gün həyatımın ən xoşbəxt, ən unudulmaz günü kimi xatirimdə ömürlük iz buraxdı. Nəbi müəllimin rəyindəki:
"Mən, Anarın
şeirlərində iki
xüsusiyyəti xüsusi
qeyd etmək istəyirəm (bunları
rəyimdə də göstərmişəm ki, qoy
ruhlansın):birincisi,
bu, gənc şairin vətənpərvərliyi,
doğma elə, doğma torpağa bağlılığıdır. İkincisi isə, xalqımıza xas olan böyüyə hörmət, valideynlərin,
yaşlı nəslin
qədrini bilməsidir..."
sözləri məni
daha da ruhlandırmışdı.
Çox keçmədi
ki, həmin kitab işıq
üzü gördü,
adını da Nəbi
müəllimin tövsiyəsi
ilə "Sonalar sonası" qoydum. Və o gündən bu günə böyük şairimizin xeyir-duasıdır ki, bu çətin yolda inamla addımlamağa davam edirəm.
O zaman Nəbi müəllimin səhhətində problem olsa
da, prezidenti olduğu
"Beynəlxalq Əlaqələr
Mərkəzi"ndə vaxtaşırı
tədbirlər keçirir,
məni də dəvət edirdi. Görüşlərimizin birində
əziz ustadım mənə yarıciddi, yarızarafatla: "Anar, o
rəyi itirmə, ha.
Bu yaşdayam, dünyaya
da etibar yoxdur...", söyləmişdi. Mən
isə cavabımda:
"Allah qismət eləsin,
növbəti kitablarımıza
da rəy yazasınız",
- demişdim.
...Bir müddət keçdi. Tale elə gətirdi ki, 2006-cı ildə görkəmli təbiətşünas alim, biologiya elmləri doktoru, professor, elm sahəsində elmi rəhbərim və əziz ustadım olan Qara Mustafayevlə "Həyat və Poeziya" adlı kitab üzərində çalışırdıq. Kitab bəşəriyyətin sivilləşmə yoluna həsr edilmişdi. Sivilləşmənin uzun əsrlik yolunda əsas uğurları və uğursuzluqları göstərilib, onların səbəbləri açılırdı. Bu məqsədlə müasir insanın çoxşaxəli fəaliyyəti onun keçmişi ilə kompleks parametrlərə əsasən müqayisəli təhlil edilirdi. İnsanın davranışını idarə edən irsi və fizioloji mexanizmlərinin rolu, sosioloji şəraitin, təlim-tərbiyənin və ətraf mühitin əhəmiyyəti əsas götürülürdü. İnsanlarda müasir ekoloji dünyagörüşü və zəngin insanlıq yaratmaq məqsədilə kitabda Qurani-Kərim ayələrindən, dünya elminin nailiyyətlərindən, müasir təbiətşünaslığın materiallarından geniş istifadə olunmuşdu. Kitab artıq hazır idi. Kitabın redaktorları akademiklər Fuad Qasımzadə və Vasim Məmmədəliyev kimi qüdrətli alimlər idilər. Lakin kitabda müxtəlif mövzularda yetərincə şeirlər verildiyindən yenə Nəbi müəllimə müraciət etmək qərarına gəldik... "Hüsü Hacıyev"də yerləşən evlərinə getdim (yenə həyəcanla, yenə çəkinə-çəkinə...). Yay ayı idi. Səhhətində, ayaqlarında narahatlıq olduğundan çarpayıda uzanmışdı. Çox böyük mehribanlıqla qarşıladı. Xeyli söhbətləşdik. Utana-utana kitaba rəyçi olmasını xahiş etdim. Böyük məmnuniyyətlə razılıq verdi. Yenə qovluğu uzatdım. Onu da deyim ki, birinci dəfə qovluğu təqdim edəndə nə qədər həyəcan bürümüşdüsə məni, bu dəfə isə bir o qədər xəcalət bürümüşdü. Birinci, ona görə ki, yayın ən dəhşətli, isti günlərini yaşayırdıq, ikincisi, səhhəti son vaxtlar çox incidirdi onu. Kitabın əlyazması isə 700 səhifəni keçmişdi. Amma bütün bunlara rəğmən Nəbi müəllimin təkidi məni daha da ürəkləndirmişdi və o elə yanımdaca əlyazmanı vərəqləməyə başladı...
Yenə iki həftədən sonra zəng gəldi. Bu dəfə xadiməsi idi. Nəbi müəllimin mənimlə görüşmək istədiyini bildirdi. Evlərinə getdim. Yenə böyük mehribanlıqla qarşıladı. Süfrənin üzərində əncir, üzüm var idi. Nəbi müəllim də gülə-gülə: "Çəkinmə, Abşeronumuzun əncir, üzümüdür, bağdandır", - dedi. O ki var söhbətləşdik - canından artıq sevdiyi Azərbaycanımızdan, hər səhərindən ilham aldığı Bakımızdan, xəzrili Abşeronumuzdan, həyatdan, poeziyadan, mahnılardan. O vaxtlar Azərbaycan Radiosunda sözlərimə yazılmış mahnıları ara-sıra səsləndirirdilər. Nəbi müəllimin peşəkar tele-radioçu olduğunu bilirdim. Amma bu yaşda radionun bütün veriliş və konsertlərini müntəzəm dinləməsini ağlıma gətirə bilməzdim. Odur ki, o mənə: "Mahnılarına qulaq asıram. Məmmədbağırın oxuduğu "Azərbaycanım mənim" mahnısı lap xoşuma gəlir. Nədənsə hər onu dinləyəndə Müslümlə işlədiyim "Azərbaycan" yadıma düşür", deyəndə sevincim yerə-göyə sığmırdı.
Söhbətin məqamı kitaba gələndə çarpayının yanındakı rəyi mənə uzatdı və: "Anar, neçə vaxtdır kitab oxumurdum. Amma sizin bu kitabınız çox xoşuma gəldi. Bu elə-belə kitab deyil, çox əziyyət tələb edən kitabdır. Şeirləri də, yazıları da bir-bir oxumuşam. Xahiş edirəm, təbriklərimi gənclik dostum, vaxtilə təbiətə dair verilişlərinə həvəslə baxdığımız əziz Qara müəllimə də çatdırasan", - dedi. Rəyə baxdım, əlyazması ilə 9 səhifə idi (o əlyazmanı ən əziz yadigar kimi bu günə qədər qoruyub, saxlayıram). Və etiraf edim ki, Nəbi müəllimin o yaşda yaradıcılıq həvəsi məni sonsuz həvəsləndirmişdi.
Doğrusu, bu hadisədən sonra da Nəbi müəllimlə vaxtaşırı zəngləşir, ara-sıra görüşürdük. Görüşməyə imkan olmayanda isə mütləq telefonla danışırdıq. Bəzən yeni şeirlərimlə maraqlanırdı. Odur ki, hər görüşə əvvəlcədən bir-iki şeir hazırlayırdım. Çox kövrəkləşmişdi axır zamanlar. Tez-tez duyğulanar, səsi kövrəkləşər, gözləri dolardı. Bir dəfə yazdığı son şeirlərindən olan "Ayaqlarım" şeirini oxuyanda isə özü də, mən də bərk kövrəldik. Təəssüf ki, bu bizim onunla son ünsiyyətimiz oldu.
...Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan dünyasını dəyişdi. Lakin mənim fikrimcə, o gün dünyadan sadəcə bir şair köçmədi, o gün, ömrü büsbütün sınaqlardan keçən, lakin hər bir sınaqla daha da mətinləşən, mərdləşən və sona qədər mərdliyini, dəyanətini, kişiliyini qoruyub saxlamağı bacaran, ömrü boyu yaradıcılığında şeiriyyatı qanqallardan qoruyaraq daha da ətirli edən, kimsəyə ziyan vurmayan, əksinə, hamıya əl tutmağa çalışan, verdiyi sözün ağası olan, Vətənini, yurdunu, ailəsini, balalarını canından çox sevən və ən nəhayət, illərdir sevimli Gülarəsi üçün darıxan bir kişi köçdü dünyadan. Və 16 yanvar tarixində Nəbi Xəzrinin I Fəxri Xiyabanda dəfni böyük izdihama çevrildi. O izdihamda onu tanıyanlar da var idi, şəxsən tanımayanlar da, illərlə məclislərdə çörək kəsənlər də var idi, kəsməyənlər də, vaxtilə əlini sıxanlar da var idi, buna heç vaxt imkan tapmayanlar da. Hamı sevimli şairə son ehtiramını bildirməyə gəlmişdi.
Anar MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.11.