Seyran Səxavət:
"Kaş bütün bəşəriyyət
qəbiristanlıqla
üzbəüz doğulardı..."
Yazıçı,
şair, publisist Seyran Səxavətlə müsahibə
- Seyran
bəy, bioqrafiyanızı oxuyarkən həyatınız
haqqında ətraflı məlumata
rast gəlmədim. Zəhmət olmasa, ilk olaraq bu istiqamətdə
geniş məlumat verərdiniz.
- Ailə
həyatı məndə standartdır. Orada maraqlı şeylər
çox azdır, bəlkə də, heç yoxdur.
Düşünürəm ki, ailə həyatım, sadəcə,
mənim üçün maraqlıdır, başqalarına
bunu bilmək heç bir yenilik qatmayacaq. Ancaq qısaca onu qeyd
edə bilərəm ki, 1970-ci ildə, 24 yaşımda ailə
həyatı qurmuşam, universiteti bitirib tez-tələsik evlənmişəm.
Hazırda 5 övladım - iki qızım, üç
oğlum var. Bundan başqa, 18 nəvəm, dörd nəticəm
var və hələ nəslimiz böyüməyə davam
edir (gülür).
Lap
doğulduğum yerə qayıtmaq lazımdırsa, mən
Qarabağın böyük kəndlərindən birində -
Yağlıvənd kəndində anadan olmuşam. Bizim kənddən
Şuşa şəhərinə Molla Nəsrəddin yolu təxminən,
40 kilometrdir. Kəndimiz çox böyük bir kənd olub. Mənim
bir əsərimdə (Daş evlər - red.) onun adı
Yeddipara kəndi kimi gedir, çünki elə yeddi obadan ibarətdir.
Obaların isə öz adları var. Həmçinin
obalardakı hər tayfanın da öz adı var. Məsələn,
əsərlərimdən birində tərcümeyi-halımı
təxminən, bir cümlə ilə belə yazmışam:
Mən Allah bəndəsi Seyran Səxavət 1946-cı il mart
ayının 23-də Quzey Azərbaycanın Qarabağ bölgəsinin
Qarabulaq (indiki Füzuli rayonu) rayonu Yuxarı Yağlıvənd
kəndi, Kovxalı obası, Muradxanlı məhləsində
qəbiristanlıqla üzbəüz evdə dünyaya gəlmişəm.
Bu bir cümlə hər şeyi əhatə edib. Qəbiristanlığı
ona görə qeyd etmişəm ki, o, həyatımda, bəlkə
də, mənim Seyran olmağımda 51 faiz rol oynayıb,
evimizin həmin qəbiristanlıqla üzbəüzdə yerləşməsi
həyatıma çox böyük təsir göstərib.
- Qəbiristanlıqdan
söz açmışkən, magistr dissertasiyam
üçün təhlil etdiyim hər üç
romanınızda ("Daş evlər", "Nekroloq",
"Yəhudi Əlifbası") ölüm motivinə yer
verilib. Azyaşlı uşağın qəbiristanlığa
getməsi səhnəsi var. Deməli, bu obraz, bu səhnə
elə sizin uşaqlığınız -
altşüurunuzdakı izidir? Evinizin qəbiristanlıqla
üzbəüz olması əsərlərinizə sirayət
edib.
- Bəli,
5-6 yaşımda ölüm qorxusunu duymuşam. 5-6
yaşlı uşaq hara, ölüm hara? 60 yaşında
adamlar var ki, ölüm qorxusu heç onların canında
yoxdur, amma bu mənim canıma 5-6 yaşımda hopub. İlk dəfə
ölünün dəfn edildiyini gördüyüm
günün gecəsi tək yata bilmədim, qorxumdan anamla
yatdım. Ona görə də qəbiristanlıq həyatımda
çox böyük rol oynayır. Arzu edərdim ki, elə
bütün bəşəriyyət qəbiristanlıqla
üzbəüz doğulardı. Əgər elə
olsaydı, hər kəsin canında ölüm qorxusu
olardı və indiki bu müharibələr olmazdı. Son
müsahibələrimin birində dedim ki, dünyanı
ağıllı adamlardan qorumaq lazımdır. Çünki
az və ya orta ağıllı bir adam dünya
üçün təhlükə deyil. Bu dəqiqə
dünyanı ağıllı adamlar dağıdırlar.
"Ağıllı" deyəndə, bəzən biz ancaq
müsbət assosiasiya qəbul edirik. Amma şərə qulluq
edən ağıllılar da var. Şərə qulluq etmək
isə böyük şücaət, səviyyə və iradə
istəyir. Xeyirə qulluq etmək nə böyüklükdə
şəxsiyyət istəyirsə, şərə qulluq etmək,
bəlkə də, ondan da böyük savad, qabiliyyət, strategiya
tələb edir. Həmin o ağıllı adamların da
canında ölüm qorxusu olmalıdır.
- Seyran
müəllim, ixtisasca şərqşünassınız. Bu
sahədə təhsil almısınız, bəs sonradan necə
oldu ki, ədəbiyyata yönəldiniz, sizi diplomatiyaya yox, ədəbiyyata
yönəldən şey nə idi?
- Deməli,
kənddə evimizin yanında üç böyük daş
vardı, stul kimi idilər. Mən daim dərslərimi o
daşın üstündə oturub oxuyardım. Axı
bilirsiniz, kənd uşaqları bir az tez cücərirlər,
şəhərdə asfaltın üzərində cücərmək
çətindir, amma kənddə ayağın torpaqda olur,
başına da gün vurur, cücərirsən. Mən də
tez böyümüşdüm, artıq 5-6-cı sinifdən
sevgi hissini duyurdum və belə bir qənaətə gəlmişdim
ki, çox oxuyub Bakıda instituta daxil olsam, sevdiyim qız mənə
qismət olacaq. Ona görə də həmin o üç
daşın üstündə oturub gecə-gündüz dərs
oxuyurdum. Elə bir fakültə də seçdim ki, heç
mən həmin fakültəyə yaraşmırdım.
Çünki ildə o fakültəyə cəmi yeddi nəfər
qəbul ola bilərdi. Bu, Şərqşünaslıq
fakültəsi idi. Adama deyərlər, kənd
uşağısan, ayağını yorğanına görə
uzat. Amma mən yorğanıma görə uzatmadım. Buna
baxmayaraq, çox yaxşı oxudum, imtahanlardan maksimal bal - 5
alıb konkursa düşdüm. Ancaq daxilimdə həmişə
ədəbiyyat sevgisi olub, fakültəmdən asılı
olmayaraq mən daim şeirlər yazırdım, hətta
universiteti bitirən dövrdə
artıq mən şair kimi populyar idim. Biz institutlara
görüşlərə gedirdik, şair kimi tələbələrlə
görüşürdüm. Həmin vaxtlar görüşlərə
o qədər tələbə gəlirdi ki, bəlkə də,
inanmazsınız, amma qapı-pəncərə
dağılırdı. O vaxtlar gənc qızlar xatirə dəftəri
yazırdılar, mənim sevgi şeirlərim də onların
dəftərlərini bəzəyirdi. Hətta həyat
yoldaşım da biz evlənmədən əvvəl dəftərinə şeirlərimi
yazırmış.
- Ancaq
universitetdən sonra birbaşa şairlik və ya
yazıçılıqla məşğul
olmamısınız, bir müddət tərcüməçi
olaraq çalışmısınız.
- Bəli,
universitetdən bir müddət sonra SSRİ Müdafiə
Nazirliyinə tərcüməçi kimi təyinat aldım və
fars dilindən tərcüməçi kimi 1970-1972-ci illərdə
Bişkekdə işlədim. Gündə 6 saat fars dilindən
rus dilinə, rus dilindən fars dilinə fasiləsiz sinxron tərcümə
edirdim. Sonra Azərbaycana qayıtdım. SSRİ Nazirlər
Sovetinin qərarına əsasən, biz 3 ay müddətinə
iş ilə təmin olunmalıydıq. Amma ona fikir verən
olmadı... Sonra ürəyimin səsi ilə istədim ki, gəlim
Bakıya və "Ədəbiyyat qəzeti"ndə
işləyim. Ürəyimə bu iş çox yatırdı.
Bizim gözəl və böyük şairimiz Camal Yusifzadə
vardı, dostum idi, ondan xahiş elədim ki, qəzetdə yer
boşalsa və işçi axtarsalar, mənə xəbər
etsin. Artıq həmin gün mən şəhər sovetində
kənd sovetləri üzrə inspektor işləyirdim. Həm
də sənədlərimi Dövlət Təhlükəsizlik
Xidmətinə vermişdim. Oradan da qəbul
almışdım. İki yerdə işləyirdim. Məni
Xankəndinə əməliyyatçı təyin etmişdilər.
Ancaq mən o işlərin hamısını atıb ürəyimin
istəyi ilə "Ədəbiyyat qəzeti"nə gəldim.
O dövrdə "Ədəbiyyat qəzeti"ndə
yazıçı Mirzə İbrahimovun vaxtı idi, orada
işləmək üçün də tanışlıq
lazım idi. Qohumum Ənvər Xudiyev isə Mirzə
İbrahimovun kürəkəni ilə dost idi. Bu
tanışlıq yolu ilə "Ədəbiyyat qəzeti"nin
əməkdaşı oldum. Oraya işə 1973-cü ildə
qəbul oldum. Ümumilikdə ədəbiyyat sahəsində əlimdən
ilk tutan şəxs isə Qasım Qasımzadə olub,
haqqımda "Uğur olsun" yazaraq şeirlərimi
çap edib. Bundan əlavə, Qasım Qasımzadənin
köməyi ilə mən Mossovetin vasitəsilə
şahın vaxtında 1974-1976-cı illər arasında
İranda tərcüməçi işləmişəm.
Orada çox darıxırdım. Hamı şefə
qonaqlıq verirdi ki, müqavilələrinin müddəti
uzadılsın, çünki orada tərcüməçilərə
yaxşı maaş verirdilər. Mən isə şefə
yaxşı qonaqlıqlar verir, qulluğunda dururdum ki, iş
müddətim bitən kimi məni Azərbaycana göndərsin
(gülür). Elə bil Bakıda çayxanalar
qaçırdı. Belə bir gənclik dövrü
yaşamışam.
- Elə
söz düşmüşkən, İrandakı fəaliyyətinizə
də diqqət çəkmək istəyirəm.
Çünki "Daş evlər" romanınızda Akif
obrazı var. Akif sizin prototipinizdir. O da İranda iki il tərcüməçi
kimi çalışır, müqaviləsi bitdikdən sonra
ölkəsinə qayıdacağı barədə müdiri
ilə kəskin danışır. Amma romandakı detallara
varmadan əvvəl, sizin İran barədəki təəssüratlarınızı
öyrənmək istərdik.
- Bəli,
Akif elə mən özüməm. Həmin dövrdə
indiki ilə müqayisədə, İran mənim çox
xoşuma gəlirdi. Düzdü, xoşa gəlməyən məqamlar
da vardı, məsələn, Azərbaycan dilində məktəblər,
mətbuat yox idi, amma erməni dilində vardı. Lakin
şahın vaxtında İran çox inkişaf eləmişdi,
tümən dünyanın ən güclü valyutalarından
biri idi. Ümumiyyətlə, İran çox nağıl bir
ölkədir. Şahlıqdır da. Sanki işləmək
üçün nağılıstana getmişdim.
Bütün İranı o dövrdə gəzdim. Oraya getməkdə
niyyətim həm də İranı görmək idi.
Çünki çox maraqlı və tarixi ölkədir. Elə
ona görə də romanımda bir xətt elə Akif Meşəbəyi
oğlunun İrana səfərindən bəhs edir. Bilirsiniz,
İsfahanın bünövrəsini azərbaycanlılar qoyub,
oranı Şah Abbas tikib. Belə bir deyim var ki, İsfahan
yarım dünya bir şeydir, amma Təbriz olmasaydı.
İsfahanda qabaqda ərəb qoşunu olub. Qoşuna isə ərəbcədə
sepah deyirlər. Sepah-İspahan-İsfahan. Bu söz belə
yaranıb. O vaxt İsfahanda bir hamam vardı, bir şamla
işləyirdi. Amerikanlar onun nə olduğunu görmək
üçün gəldilər, sonra da hamamı söküb,
xarabaya çevirib getdilər. Bundan başqa, İsfahanda Minarəti-Mütəhərrik,
yəni hərəkət edən, yellənən minarələr
var. Bizdəki ikimərtəbə ev hündürlüyündə
olan o tikiliyə daxil olanda hərəkət elədim, minarə
başladı silkələnməyə. Aşağı
düşdüm, hələ də silkələnirdi,
möcüzə bir tikilidir. Digər bir görməli yer
Şah Abbas meydanıdır. Həmçinin İsfahanda 16
arkalı vəzir Allahverdi xan körpüsü var. Yəni
İsfahan möcüzə bir yerdir. Gəzməklə
görməli yerləri bitmir. Orada Çaharbağ, yəni
dörd bağ mərkəzi küçəsi var. Möhtəşəm
bir məkandır. Tarixi Çehel Sütun və ya 40 sütun
sarayı da İsfahandadır. Sarayın, əslində, 20
sütunu var, ancaq qarşısında hovuzda əks olunan
görüntüsündə sütunlar 40 sütun kimi
görünür. Rəvayətə görə, Şah Abbas
bir gün memarı çağırıb deyib ki, bu sarayı
filan müddətə tikməlisən, tikməsən,
başınla cavab verəcəksən. Memar da görüb
vaxt azdı, çatdırmayacaq, 20 sütun edib və
qarşısında böyük bir çərhovuz tikib.
Şah, indiki dillə desək, açılışa gəlib
və görüb ki, sütunların sayı 20-dir. Səbəbini
soruşanda memar da deyib ki, Şah sağ olsun, sütunların
20-si budur, 20-si də çərhovuzda görünür.
Şah gülüb və memarın canın
bağışlayıb.
Bütün
bu gözəlliklərin, bütövlükdə
İranın yaradıcılığıma möhtəşəm
təsiri olub. Onların çox zəngin bazarları
vardı. Mən orada moteldə ikinci mərtəbədə
yaşayırdım. Bir gün bizim bəzi sovet mütəxəssisləri
mənim qonağım oldu. Çıxıb eyvanda siqaret
çəkirdik, bərk də yağış
yağırdı. Gördük ki, bir fəhlə çəmənliyi
sulayır, göydən yağış yağır, üstəlik
də, bu, çəmənliyi sulayır. Birdən
qonağım bunun səbəbini bilmək istədi. Öz
aralarında da gülüşdülər ki, müsəlmanlar
niyə belə axmaqdır?! Onların belə hərəkəti
mənə bir az toxundu. Fəhləni ələ salanlardan biri
siyasi büronun üzvünün əmisioğlu idi;
Moskvanın da meri olub, onlar yəhudi idilər. Mən də vəziyyətdən
çıxmaq üçün fəhlədən hərəkətinin
səbəbini soruşdum. Dedim, bəs qonaqlarım bizə
gülür, niyə yağışda çəmənliyi
sulayırsan? O da cavab verdi ki, Ağa mənə deyəndə
ki, get oranı sula, deməmişdi ki, yağış
yağsa, sulama. Ona görə də mən hava şəraitindən
asılı olmayaraq sulamalıyam. Mən də söhbəti
fırladıb qonaqlarıma dedim ki, intizamı görürsünüzmü?
Beləcə, vəziyyətdən çıxdım. Bu
gün həmin illəri xatırlayanda yadıma çoxlu
xatirələr düşür. Mən orada, əsasən,
şefin tərcüməçisi idim. Bizim günümüz
priyomlarda, filan keçirdi. Şahın bacısını
görmüşəm, əlindən tutub fışqaya
qaldırmışam, şahın qayınanası ilə
tanış olmuşam. Yəni yüksək qəbullarda
olmuşam və bunların hamısı mənim
yaradıcılığıma təsir göstərib.
-
Bunlardan yola çıxaraq soruşmaq istəyirəm ki, ədəbi
şəxsiyyətinizlə yazıçı şəxsiyyətiniz
arasında bir fərq görürsünüzmü? Seyran Səxavət
yazı prosesində başqa adam olur, yoxsa, necə var, elə
qalır?
-
İş prosesində, təbii ki, başqa Seyran oluram. Həmişə
Seyran Səxavət olmaq qeyri-mümkündür. Parisdə
Yelisey meydanında bir xanım görür ki, qarşıdan
bir nəfər gəlir və xanım onu Viktor Hüqoya
oxşadır. Yaxınlaşıb soruşur ki, siz Viktor
Hüqosunuz? Viktor Hüqo cavab verir ki, hərdən-birdən
(gülür). Yəni daim eyni olmaq çətindir. Amma qalan
şeylərdə o Seyranla bu Seyran arasında heç bir fərq
yoxdur. Bir dəfə mənə dedilər ki, bir adam bir
neçə cür olur, məsələn, evdə bir cür,
küçədə başqa cür ola bilirlər, sizdə
vəziyyət necədir? Mən də cavab verdim ki, bir
Seyranın öhdəsindən güclə gəlirəm, iki
Seyran olsa, çoxdan batmışdım.
- Necə
oldu ki, şeirin daşını atıb nəsrə
keçdiniz? Bu uzun zaman üzərində düşündüyünüz
bir şey idi? Sizin şeirdən getməyinizə sevinən həmkarlarınız
da olub, sizcə, bu sevincin kökündə nə dayanıb?
-
Şeirdən nəsrə keçmək qərarla olmayıb.
Bir də gözümü açdım ki, neçə ildir,
heç nə yaza bilmirəm. Mən Şahın vaxtında
İrana işləməyə gedəndə ilk hekayəmi - nəsrimi
orada yazdım və poçtla Bakıya göndərdim,
"Ədəbiyyat qəzeti"ndə çap olundu.
Özü də Üzeyir Hacıbəyovun yubiley nömrəsində.
Bunu əvvəllər də demişəm ki, mən bir
neçə il susmağımla ədəbiyyata xidmət
etmişəm. Çünki yaza bilməyəndə gərək
yazmayasan, o ilham yoxdursa, vərəqi korlamamalısan. Mənim yeniyetməlikdən dostum
olan Ramiz Rövşən yazmışdı ki, Azərbaycan
şairlərinin xoşbəxtliyindən, nasirlərinin bədbəxtliyindən
Seyran Səxavət şeirdən nəsrə keçdi. Bu
ifadənin açması da belədir ki, yəni hər iki sahədə
böyük bir istedadam (gülür). Məni tərifləyib.
Amma mən plansız keçid etmişəm.
- Dövrümüzdə
şairə şair, nəsr yazana isə yazıçı
deyirlər. Bu mənada, şair ruhunuz azaddır, yoxsa,
yazıçı? Yəni yazı trayektoriyanız hansında
daha geniş olur? Həmçinin tənqidə daha çox
hansında yer verə bilirsiniz?
-
Yazıçı ruhu, şair ruhu, dramaturq ruhu, jurnalist ruhu, fəhlə
ruhu deyilən şeylər hamısı əfsanədir. Bir
adam olur və onun ruhu olur. O ruh həmişə sədaqətlə
sizinlədir.
- Onda
üzərində çalışdığımız
romanlarınıza keçid edək. "Daş evlər"
romanınızı analiz edərkən belə bir fikrə
qapıldım ki, bu romanı ortaya çıxaran səbəb
sizin daxili ehtiyacınız olub. Çünki ilk
romanınızdır və müəyyən qədər
avtobioqrafik səciyyə daşıyır. Sanki siz Akifin simasında
başınıza gəlib-keçənləri
danışmaq istəmisiniz. Bu mənim yanaşmamdır. Bəs
sizin bu romanı yazmağınızın əsl səbəbi
nə idi?
-
"Daş evlər" mənim ilk romanımdır və o
vaxt 100 min tirajla çıxıb. Çox populyar roman idi. Bu
gün də o romanla bağlı mənə zəng edirlər,
"haradan tapmaq olar?" - deyə soruşurlar. Bu roman bir tərəfdən
avtobioqrafik, digər tərəfdən, sosial-psixoloji
romandır. Mən uzun müddət Bakının müxtəlif
yerlərində - İçərişəhərdə,
Dağlı məhəlləsində və başqa-başqa
yerlərdə kirayədə qalmışam. Çünki tələbə
vaxtı yataqxanada 3-4 ay qaldıqdan sonra sıxıldım,
saat məhdudiyyəti var idi deyə oradan çıxdım.
Beləliklə, tələbəlik dövründə qalmaq
üçün 10-15 yer dəyişmişdim. Ramiz
Rövşən deyirdi ki, sən gələcəkdə
böyük adam olsan, Bakının yarısına yazıb yapışdıracaqlar
ki, Seyran Səxavət burada yaşayıb.
Bu
romanım da duyduğum o azadlıq hissi ilə
bağlıdır. Romanı planla yazmamışam. Sadəcə,
hiss etdim ki, dolmuşam və boşalmağa ehtiyacım var. Bəli,
bu, bir daxili ehtiyac idi. Fikrimcə, yazıçılar
dünyanın ən eqoist adamlarıdır, çünki
sözün böyük mənasında, ürəklərini
boşaltmaqla məşğuldurlar, bütün ömürlərini
yüklərini yerə qoymağa həsr edirlər. Bu
artıq başqa mövzudur ki, o yüklərin içərisində
möhtəşəm əsərlər yer alır. Kökdə
mən öz timsalımda böyük bir eqoizm görürəm.
- Necə
düşünürsünüz, sizcə, Akif obrazı
yaşadığı "daş evlər"ə aiddirmi?
Çünki bütün hadisələr onun "daş evlər"də
qalmasından, eşq macərasından bəhs etsə də,
o, digərlərindən fərqli olaraq "daş evlər"də
kirayə yaşayırdı. Hətta bir müddət sonra
İrana çıxıb gedir, ancaq romanda geri
dönüşü barədə bir məlumat verilmir. Digərləri
isə, "daş evlər" dağılandan sonra yeni binalara köçürlər.
Bunların fonunda belə fikir yaranır ki, əsərin əsas
obrazı sanki əsas motivə aid deyil.
-
Doğrudan, çox maraqlı və yeni bir sualdır. Mən
bunu indi duydum, heç vaxt bu barədə fikirləşməmişəm.
Mənə elə gəlir ki, Akif daş evlərdən bir az
kənardadır. Hətta daş evləri Akif yaradır, sadəcə
özünü gözə soxmur. Akif, yaxşı mənada,
bu evlərdən qıraqdadır. "Daş evlər"
romanının sonunda yazıçı obrazları ilə
görüş keçirir. Elə bil bax, bunların
hamısının təşkilatçısı Akifdir. Mən
nə qədər qıraqdayamsa, Akif də daş evlərdən
o qədər qıraqdadır. Akif mənim gəncliyimdir, mən
Akifin qocalığıyam.
-
Romanda bir-iki nəfər istisna olmaqla əksəriyyət bədbəxtdir.
Məsələn, Gülağanın, Qadirin, Qəhrəmanovun,
Çankonun taleyinin pis gətirməsində
özünüzü günahkar hiss edirsinizmi? Niyə
onları bədbəxt edirsiniz?
- Qətiyyən!
Bu yaxınlarda "Nəcib söhbətlər"
verilişində məndən soruşdular ki, yazı prosesində
bəzən idrak üstünlük təşkil edib qalib gəlir,
bəzən isə həyat güclü olur, sizcə,
yazıçı təxəyyülü güclüdür,
yoxsa, həyat? Mən orada bir fikir bildirdim, həmin fikir buna da
aiddir. Həyat orijinaldır, bütün səviyyəsindən
asılı olmayaraq yazılmış əsərlərin
hamısı çox yaxşı və səliqəli
kserokopiyadır.
- Sizcə,
romandakı ən bədbəxt adam kimdir?
-
Adamların ən bədbəxti və ya ən xoşbəxti
olmur, adam, ya bədbəxtdir, ya da xoşbəxtdir. Bunlar, əslində
uydurma şeylərdir. Mənim 78 yaşım var.
Dünyanı gəzmişəm. Çox oxuyan yox, çox gəzən
çox bilər. Çünki orijinal həyatdır, kitab isə
kopyadır. Bədbəxtlik və xoşbəxtlik uydurma
şeydir, necə ki "dünya ictimaiyyəti" deyilən
şey uydurmadır. Əgər dünya ictimaiyyəti varsa, bu
gün baş verən müharibələr olmaz və körpələr
ölməz. Əgər dünyada bir körpə
böyüklərin ucbatından ölürsə, deməli,
sivil bəşəriyyətdən, sivilizasiyadan söhbət
gedə bilməz. Əgər körpələr ölürsə,
deməli, bu, sivil bəşəriyyət yox, zibil bəşəriyyət,
sivilizasiya yox, zibilizasiyadır. İnsan iki dəfə xoşbəxt
olur - dünyaya gələndə və dünyadan gedəndə.
Bu ikisinin arasındakı vaxta isə ömür deyilir.
-
"Daş evlər"də Tutu, Gülağa, İlqar,
"Nekroloq"da da bir çox obraz həyatı pul kimi
görür. Ailə səadətində maddiyyat nə kimi
önəmə sahibdir?
- Onlar bir
az qarışdırırlar. Pul, əlbəttə, önəmlidir.
Məsələn, qabaqdan nahar gəlir, nəsə alıb yemək
lazımdır. Yeməyi də qaşa-gözə vermirlər.
Pul - ehtiyacları ödəmək üçün vacibdir.
Amma insanlar elə hesab edir ki, ölənə qədər pul
lazımdır, pulu həyatlarının amalına
çevirirlər. Bunda isə gözün rolu çoxdur.
İnsan anatomiyasında qarın hara, göz hara? Amma insan
orqanizmində ən nəfisli şey gözdür, doymur, bəlkə,
ona görə ki, çox şey görür. Ona da bəraət
qazandırmaq olar.
- "Daş
evlər" və "Nekroloq" romanlarının
adları ilə mövzu arasında nəzərəçarpacaq
əlaqə mövcuddur. Lakin "Yəhudi əlifbası"
romanında bu bağlantını dəqiq şəkildə
görmürük. Əsəri niyə "Yəhudi əlifbası"
adlandırmısınız, bir tarixçəsi və ya səbəbi
varmı?
- Mənə
elə gəlir ki, birbaşa yazılan əsərlər
birbaşa oxunmalıdır. Mən "Yəhudi əlifbası"
əsərini bir dəfəyə yazmışam. Amma mən
bilirəm ki, sən onu birbaşa, fasiləsiz oxumamısan. Ona
görə də çoxlu suallar yaranır. Əsərdə
dünyada acından ölənlərin qəbiristanlığı
var, dünyanın bütün dövlət
başçıları gəlib orada çıxış
edir. Bax, onların o cərgəsi ki var, orada müəllif
deyir ki, bunların duruşu yəhudi əlifbasına
oxşayır. Elə bil yəhudi əlifbası
düzülüşüdür. Ona görə də adı
"Yəhudi əlifbası"dır. Kim necə istəyir,
o cür də başa düşsün, dünyanın o qədər
gözəl cəhətləri var. Orada da yəhudilərin
çox böyük rolu var. Bütün yaxşı şeylərə
görə də, pis şeylərə görə də mən
baxan tərəfdən yəhudilər cavabdeh
görünür. Həmin səhnədə dünyanın
dövlət başçıları gəlib
danışırlar. Belə getsə, o səhnə real olacaq.
Sovet vaxtı tribuna olurdu, hamı düzülürdü orda.
Onların düzülüşü də elə bil, yəhudi
əlifbasına oxşayırdı, sıra ilə
düzülmüşdülər.
-
"Yəhudi əlifbası"nda Özünü Axtaran Adam
özünü niyə itirib?
-
İnsan ömür boyu özünü axtarır. Tapır,
tapandan on dəqiqə sonra yenə özünü itirir. Elə
insanın yaşantısı özünü axtarmaqla
başlayır və ölənə qədər də insan
özünü axtarır və bunu tapmaq qeyri-mümkün
olur.
- Hər
üç romanınızda aydın, ziyalı obrazı və
problemi var. Mənə belə göründü ki,
ziyalılığı bir problem kimi qəbul edirsiniz. Bəlkə
də, yanlış düşünürəm. Sizcə, bu
gün Azərbaycan ziyalılarının əskik tərəfi nədir? Onlar da
"Nekroloq"dakı şair kimi haqqı dilə gətirə
bilmirlər, yoxsa bu barədə heç
düşünmürlər?
- Onun məndə
çox qısa cavabı var. Musa Yaqubu mən çox sevirdim,
onun yubileyində çıxış edəndə müsbət
cəhətlərini saydım və dedim ki, Musa həm də
böyük ziyalıdır. Bizdə ziyalı deyəndə
qarışıq salırlar ki, bu, elmlər namizədidir, elmlər
doktorudur, amma boş şeydir. Mənim babam vardı -
İsmayıloğlu Bəylər. "Yüz ilin
kişisi" hekayəm ona həsr olunub. Bizim kənddən həkim,
katib vəzifəsində işləyənlər də
vardı. Babam isə əlifbanı bilmirdi. Amma ən
böyük ziyalı o idi, həmin həkim və katib də
məsləhət üçün babamın yanına gələrdi.
Hündür, zəhmli, boy-buxunlu kişi idi. Bir dəfə məndən
televiziyada da soruşmuşdular ki, ziyalı kimdir? Mən də
cavab vermişdim ki, qatığın rəngini dəqiq bilən,
yeri gələndə, onun rəngini dilə gətirənə
ziyalı deyirlər. Musa da qatığın rəngini dəqiq
bilirdi ki, o, ağappaqdır, ona görə də Musa
böyük ziyalıydı.
- Niyə
"Nekroloq" romanında bizim keçmiş
ziyalılarımızın (Mirzə Fətəli Axundzadə,
Nizami, Nəsimi, Füzuli və s.) heykəllərini
canlandırmaq qərarına gəldiniz?
- Orada
heykəllərin mitinqi var. Mən onu yazarkən ürəyimdən
keçib yazmışam və ötürmək istədiyim
mesaj da bu olub ki, bizim xalq böyük xalqdır, amma nə
böyüklükdə xalqdırsa, o böyüklükdə
də yaddaş problemi var.
-
Ziyalıdan başqa, yenə hər üç romanda da
jurnalist obrazına rast gəlirik. Jurnalistlərə diqqətçəkmə
səbəbiniz nədir? Sizcə, jurnalistikanın azad
olması topluma nə verə bilər?
- Həqiqət
bir adama, ailəyə və cəmiyyətə nə verə
bilərsə, azad jurnalistika da bir adama, ailəyə və cəmiyyətə
onu verə bilər. Mən yazıçıyam, o da
jurnalistdir, mənim əmim oğlu sayılır,
qohumbazlıq edib əsərlərimdə ona yer vermişəm
(gülür).
- Niyə
əsərlərinizin qəhrəmanları insanlarla deyil, təbiətlə,
ağac və quşlarla danışır? Bəs
özünüz necə, yalnız qalanda təbiətlə dərdləşirsiniz?
-
Özümdən indi iki detal deyəcəyəm. Sahil
bağında mənim nəhəng yazıçım Yusif Səmədoğlunun
bir ağacı var. Yusif bir gün mənə dedi ki,
aşağıda bir nəfər var, gedək səni
tanış edim. Həmin vaxt o, "Ulduz" jurnalında
baş redaktor idi, mən də şöbə müdiri idim.
Keçdik Sahil bağına. Gəldi ağacın yanına,
"Tanış ol, bu mənim dostumdur", - dedi. Sonra
ağaca da məni təqdim elədi. Həmin ağac indi də
durur. Mən hazırda Mərdəkanda yaşayıram, şəhərlə
yola getməyib oraya köçdüm. Orada səhər-axşam
4-5 kilometr gəzirəm. Üç gün qabaq gördüm
ki, böyük sahəni daş hasara alıblar, girəcək
yeri də daşla bağlayıblar, ərazidə də bir at
var. Atdan əvvəl səs çıxardım, bayaqdan
başını aşağı sallayıb ot yeyən at
başını qaldırdı. Başladım onunla
danışmağa. Orada sahibsiz itlər var, onlarla da
danışıram, mənimlə gəzirlər, məni
müşayiət edirlər. Mən ağlı başında
adamam. Amma onlarla söhbəti də sevirəm. Onlarda elə
şey görürsən ki, bəzən heç insanlarda onu
görə bilmirsən. Adamlar get-gedə heyvanlara meyilli
olublar. Bunun bir səbəbi humanistliklə
bağlıdırsa, beş səbəbi insanlardan əllərini
üzmələri ilə bağlıdır. İnsanda
görmədiklərini it-pişikdə görürlər.
1990-cı illərin əvvəllərində Londondan Parisə
getmişdim. Parisdə bizim bələdçi vardı,
keçmiş Çar generalının oğlu idi, belarus idi.
O bizə məlumatlar verirdi, Eyfel qülləsindən də
maraqlı bir məlumat verdi ki, 364 nəfər tarixə
düşmək üçün özünü Eyfel
qülləsindən atıb. Belə həyatlar var. Bələdçimiz
həmin vaxt bir məlumat da verdi ki, insanlar öz həmcinslərindən
əlini üzəndə meylini heyvanlara salır. Ona görə
də o vaxt Parisdə qeydiyyatdan keçmiş 3 milyon it
yaşayırdı.
-
Əsərlərinizdə maraqlı məqamlardan biri də Allah-insan
münasibətidir. Obrazlarınız, bəzən təhkiyəçi
belə Allahdan razı deyil. Münasibətin bu dərəcədə
pozulmasının səbəbi nədir?
-
Münasibətlərin bu səviyyəyə gəlməsində,
pozulmasında bütün günahlar bəndədədir.
Allahın heç bir günahı yoxdur, heç bunun müzakirəsinə
də ehtiyac yoxdur. İnsanlar çox qudurublar. Adam
yaşadığı evi səliqəli saxlayar.
İnsanların ən böyük bəlası da ev deyəndə,
ancaq kiçik bir ərazini görməsidir. Bizim təfəkkürümüz
100 kvadrat-metrlik evimizdən kənara çıxa bilmir.
Bütün Yer kürəsi bizim evimizdir, biz isə onu pis
günə qoyuruq. Burada Allahın heç bir günahı
yoxdur. Allahdan qorxmuram, uzaqbaşı, ona bir can borcluyam, mən
də borclu qalan biri deyiləm, borcumu vaxtı çatanda
qaytaracam, amma Allahımı sevirəm. Bir dəfə
televiziyada dedilər ki, necə oldu siz Seyran Səxavət
oldunuz? Dedim, məni yazıçı edən, kişi edən
sevgi olub. Allah insanı yaradanda onun içinə böyük
bir sevgi proqramı qoyur. Sevgini sən ötürməyəndə
onun arxası gəlmir, o, içində
çürüntüyə çevrilir və səni məhv
edir. İnsan gözəllikləri sevməyi
bacarmalıdır. Dünyada yaxşı və pis adam yoxdur.
Baxır, sən hansı tərəfdən baxırsan.
Hörmətli adam, nə vaxtsa yeməkdən doysan, gəl mənim
yanımda dayan, bir az da mən baxan tərəfdən bax
dünyaya, sonra çıxıb gedərsən.
- Yeni
roman yazmağı düşünürsünüzmü, əgər
düşünürsünüzsə, mövzusu nə olacaq?
Ümumiyyətlə, hansı əsər üzərində
çalışırsınız?
-
Mövzusunu deməyəcəm. Düşünmürəm,
amma yazmaq üçün düşünmək lazım
deyil. Hiss edirəm ki, bu yaxınlarda iki hekayə yazacam,
adlarını bilirəm. Birinin adı "Kişi
salonu"dur. Digərinin adını qoymuşam, amma yaş
kağızını hələ almamışam
(gülür).
- Suallarım
bu qədərdir, vaxt ayırıb
cavablandırdığınız üçün təşəkkür
edirəm! Mənim soruşmadığım, sizin isə
haqqında danışmaq istədiyiniz nəsə varsa,
buyurun.
- Sənin
bostanına girə bilmərəm, heç nə əlavə
etmək fikrim yoxdur. Bütün əlavələr elə mənim
əsərlərimdədir, ümumiyyətlə əlavələrdən
xoşum gəlmir, tamlıqdan xoşum gəlir.
Qeyd: Müsahibə Türkiyənin
Egey Universitetinin Sosial Elmlər İnstitutunun Türk
dünyası ədəbiyyatları kafedrasının tələbəsi
olmuş Sayad Həsənli tərəfindən müdafiə
edilmiş "Seyran Səxavətin həyatı,
yaradıcılığı və sosial-psixoloji
romanları" adlı magistr dissertasiyası
üçün götürülüb.
Seyran Səxavət
Söhbətləşdi:
Sayad
HƏSƏNLİ
Ədəbiyyat
qəzeti.- 2025.- 28 fevral, №8.- S.8-10.