Əyri güzgüdə
İçimdə yaranan ikrah hissini güclə
boğaraq, yenə də Vladimir Solovyovun verilişlərini izləməyə
məcbur oluram.
Vladimir Solovyov, şübhəsiz ki, savadlı,
ağıllı insandır. Elə bu səbəbdən də
belə bir jurnalistin bu dərəcədə riyakar olması
daha da təəccüblüdür. Solovyov mütəmadi
yalan danışır və özü də çox gözəl
bilir ki, yalan danışır. Onun tok-şoularında
tamaşaçılarına "yedirtməyə"
çalışdığı bütün mövzulara
toxunmaq istəmirəm.
Şəxsi qənaətim odur ki, bu adamın, əslində,
rus xalqına dərin nifrəti var. Yoxsa o, qonşu, hətta
uzaq ölkələri bütövlükdə məhv etmək,
ya da ən pis ehtimalda işğal etmək kimi planlarla hədələməz,
təhqir etməzdi. Bu cür davranışla isə o, həmin
xalqları Rusiyaya qarşı potensial düşmənə
çevirməyə çalışır - sanki onların
mövcudluğuna təhdid kimi təqdim edir.
Hər hansı bir dövlətin siyasəti ilə
razılaşmaya bilərsən, rəhbərlərini sərt
şəkildə tənqid edə bilərsən, amma
küçə söyüşlərinə əl atmaq,
bütöv xalqları tərbiyəsizcə alçaltmaq,
onların milli ləyaqətini tapdalamaq, mənəvi dəyərlərini,
düşüncə tərzini, dil xüsusiyyətlərini məsxərəyə
qoymaq olmaz.
Solovyov gah finlərin, gah Baltikyanı xalqların, gah
da almanların və müsəlmanların dilini təqlid edərək
məsxərəyə qoyur. Az qala komediya ustası kimi, gah
Leninə, gah Stalinə, gah Qorbaçova, Yeltsinə, gah da
azğın və qəzəbli tonla danışan Hitlerə
bənzəməyə çalışır. Bu cür
artistik bacarıqları ilə etdiyi parodiyalar bir yana
qalsın, əsas məsələ odur ki, o yalnız dillə
məsxərə etmir, həm də açıq şəkildə
xalqları təhqir edir, adlarını hallandıraraq
alçaldır.
Bu ksenofob adam dəfələrlə bütün bir
xalqın, ölkənin, qitənin fiziki cəhətdən məhv
edilməsinə çağırışlar edir. O, adamyeyən
tərzindəki çıxışlarında ən
böyük arzularından birini, Böyük Britaniyanın dəniz
altında qaldığını görmək istəyini
açıq-aşkar dilə gətirir. Təkcə bir
şey bəlli deyil: görəsən, İngiltərə və
Şimali İrlandiya suyun altında qalsa, günahı olmayan
İrlandiya Respublikası da eyni aqibəti yaşayacaq, yoxsa
salamat qalacaq?
Ən qorxulusu isə budur ki, Solovyov bu dəhşətli
çağırışları yalnız öz adından
deyil, guya dövlətin mövqeyi kimi səsləndirir,
hakimiyyəti də təhrik etməyə
çalışır. Yenə də Kreml siyasətçilərinin
vəziyyəti soyuqqanlılıqla qiymətləndirməsinə
ümid edə bilərik.
Ən dözülməzi isə budur ki, bu cəfəng
ideyaları Solovyov guya bütün rus xalqının arzusu kimi
təqdim edir. Halbuki bu xalqı və ölkəni sevdiyini deyə-deyə,
onlara bundan böyük ziyan vura bilməz.
Çıxışlarında təkidlə Parisə, Berlinə,
Varşavaya, hətta Bayden dövründə (Tramp vaxtında
hələ qərar verə bilməyib) ABŞ-a da atom
bombası atmaq çağırışları edir. Heç
düşünmür ki, cavab zərbəsi də ola bilər,
Rusiya şəhərləri də dağıla bilər, hər
iki tərəfdən milyonlarla günahsız insan həlak ola
bilər. Solovyov elə bilir ki, atom Apokalipsisindən
özü sağ çıxacaq, ya da ən pis halda da cənnətə
düşəcək. Halbuki onun üçün artıq
çoxdan cəhənnəmdəki VİP qazanda yer
hazırlanıb.
Hər dəfə dünyanın
Üçüncü Dünya müharibəsində
"nüvə intiharı" ilə məhv
olacağını narahatlıq keçirmədən,
şirin təbəssümlə proqnozlaşdırır.
Görəsən, İtaliyadakı villasını itirməyin
əvəzini bütün bəşəriyyətin məhvi
ilə çıxmağa dəyərmi?
Söhbət villadan düşmüşkən,
Qorbaçov və Yeltsinə qarşı gecikmiş qəzəblə
çıxış edən, Stalinin repressiya rejimini -
Qırmızı Terroru, SMERŞ-i, QULAQ-ı bərpa etməyi
arzulayan Solovyov düşünmür ki, o dövrdə Avropada
villa sahibi olmaq nəinki mümkünsüz idi, hətta onun
özünü Solovetskiyə sürgünə göndərərdilər,
o da əgər bu ölüm hökmü tərəfdarı əvvəlcədən
güllələnməsəydi?!.
Vladimir Solovyov şəxsiyyəti "yəhudi-faşist"
anlayışının nadir nümunəsidir. Daim öz yəhudi
mənsubiyyətini vurğulayan bu şəxs, dünya elm və
mədəniyyətinə dahilər bəxş etmiş
müdrik yəhudi xalqının adına ləkədir. Azad
fikrə, demokratiya və azadlıq dəyərlərinə
nifrətində Solovyov sırf Gebbels üsullarına əsaslanır:
"Daim yalan danış, xalqın, heç olmasa, bir hissəsini
aldada bilərsən".
Lakin tarixdə ədalət də var. Müqəddəs
rus ədəbiyyatı ilə tərbiyə almış
böyük rus xalqı gec-tez bu Qrişka Rasputinlərini
tanıyacaq.Solovyovun verilişlərində iştirak edənlər
hər şeydə onunla razılaşırlar. Yalnız bir
professor hərdən bir-iki fikir bildirməyə macal tapır.
Amma elə ilk cümləsindən sonra Solovyov onun
çıxışını kobudcasına
yarımçıq saxlayır və dediklərinə dərhal
etiraz edir ki, professor fikrini tamamlaya bilməsin.
Solovyovun verilişlərinə dərin
etirazımı bildirərkən, onun toxunduğu bütün
mövzulara münasibət bildirmək fikrində deyiləm.
Amma onun Azərbaycan-Ermənistan münasibətləri,
Qarabağla bağlı hadisələr barədə səsləndirdiyi
təxribatçı bəyanatlara susmaq mümkün deyil.
Onun Azərbaycan haqqında söylədiyi düşmənçilik
dolu fikirlər məni heyrətə gətirir.
Solovyovun verilişlərində daim bir neçə
erməni çıxış edir (onların içində
normal təfəkkürlü rejissor Karen Şahnazarov da var) və
Solovyov bu verilişlərdə daim ermənilərə
sevgisini dilə gətirir. Vladimir Rudolfoviçi bir milləti
sevdiyinə və ya onun oliqarxlarına rəğbət
göstərdiyinə görə qınamaq olmaz. Amma sual budur:
o, sevdiyini dediyi erməni xalqına da, rus xalqına da niyə
ancaq şər arzulayır?
Niyə Ermənistanın qonşuları ilə
münasibətlərində azacıq istiləşmə
Solovyovu bu qədər qıcıqlandırır?
Otuz il işğal altında qalmış Azərbaycan
torpaqları, xarabaya çevrilmiş şəhərlərimiz,
minalarla örtülmüş tarlalar, öz doğma yurdunda
bir milyon qaçqın, Ermənistandan qovulmuş 200 min azərbaycanlı,
Xocalı soyqırımı, "yeni ərazilər
uğrunda müharibə"
çağırışları - bunların heç biri
Solovyovu maraqlandırmayıb. Guya heç nə eşitməyib,
heç nə görməyib.
Amma ermənilər heç bir zorakılıq olmadan,
sadəcə illərlə aparılmış yalan təbliğatın
təsiri altında könüllü şəkildə
Qarabağı tərk edəndə və bu zaman bircə nəfər
də dinc sakin zərər görməyəndə, Solovyov
birdən mifik "Artsax"ı xatırladı.
Halbuki bu faciəvi münaqişə zamanı
dünyanın hər yerində, eləcə də Rusiyada, Ermənistanın
özündə belə, bu hadisələr "Qarabağ
hadisələri" kimi adlandırılırdı. İndi
isə Solovyov "Artsax" sözünü diriltməyə
çalışır.
Azərbaycana hədə-qorxu gələn Solovyov unudur
ki, Cənubi Qafqazın üç ölkəsi arasında
rusların ən çox yaşadığı ölkə Azərbaycandır.
Onlar bizim çoxmillətli ölkəmizdə digər vətəndaşlar
kimi bütün hüquqlardan yararlanırlar. Bakıda yüzlərlə
rusdilli məktəb, rus teatrı, Rus Pravoslav Kilsəsi fəaliyyət
göstərir. Rus dilində qəzetlər, jurnallar çap
olunur. O cümlədən, Azərbaycan Yazıçılar
Birliyinin rusdilli qəzeti və jurnalı. Rusdilli televiziya
kanalı da var.
Bunu monoetnik Ermənistanda təsəvvür etmək
olarmı?
Azərbaycan Rusiya ərazisində sərnişin təyyarəmiz
vurulmağına (hansında ki, rus pilotlar da həlak
olmuşdu), Yekaterinburqda iki azərbaycanlının məhkəməsiz-filansız
öldürülməyinə etirazını bildirir. Bəs
Solovyovun azərbaycanofobiyası nədən qaynaqlanır? Erməni
sevgisindən?
Amma məsələ bundadır ki, Solovyov sevdiyini
dediyi Ermənistana da yalnız zülm, müharibə, qan
tökülməsi, məğlubiyyət arzulayır.
Çünki Ermənistan rəhbərliyi nəhayət, dərk
etdi ki, qonşularla sülh şəraitində yaşamaq
qarşılıqlı qırğına hazır olmaqdan daha
yaxşıdır.
Qarabağdan ermənilərin köçünü
erməni xalqı yox, korrupsiyalaşmış erməni siyasətçiləri
istədi. Onlar deyirdi ki, ermənilər və azərbaycanlılar
bir yerdə yaşaya bilməz. Bəs necə olur ki, onlar
Gürcüstanda, Rusiyada, Türkiyədə, İranda birlikdə
dinc yaşayırlar?
Mən inanıram ki, erməni xalqının yalan təbliğatla
zəhərlənməmiş sağlam düşüncəli
adamları, ziyalıları bütün maneələri və
xarici müdaxilələri dəf edərək, azərbaycanlılarla
mehriban qonşular kimi yaşamağın yolunu tapacaq.
Vladimir Rudolfoviç isə öz əyri telegüzgüsündə
millətlərarası nifaq toxumu səpmək
üçün başqa "nöqtələr"
axtarmalı olacaq.
Anar
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.2.