Qəzəl
dünyasının sonuncu Vahidi
Böyük şairimiz Əliağa Vahidin anadan
olmasının 130 illiyinə
Əsrin əvvəlləri. Bakıda, "Məcməüş
- şüəra" ("Şairlər
yığıncağı") ədəbi məclisinin
növbəti yığıncağı. Bura
tanınmış şairlər, ədəbiyyat biliciləri
və musiqiçilər cəm olmuş. Təkcə şeir
məclisi deyil, əsil ürfan-sənət ocağı, mərifət
məkanı, zövq mənbəyidir bura. Yarandığı
gündən Bakı-Abşeron şairlərinin üz
tutduğu, hünərini, şairlik qüdrətini əyan
etdiyi bu məclis XIX əsrin səksəninci illərindən əhli-zövq
adamlarının, fazil insanların doğma məkanına
çevrilib. Görün, kimlər yetişib, kimlərdir
ustad şair kimi təkcə Bakıda deyil, Azərbaycanın
digər bölgələrində də məşhur olan
şairlər - bu məclisin yaradıcısı və rəhbəri
Məhəmmədağa Cürmü, Seyid Zərgər,
Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzağa
Dilxun, Mikayıl Seydi, Seyid Zərgər, Əbdülxalıq
Yusif, Əbdülxalıq Cənnəti, Haşımbəy
Saqib, Muxtar Bisavad, Ağadadaş Müniri, Azər
Buzovnalı... İndi bu məclisdə onların bir çoxu
iştirak eləmir, dünyalarını dəyişiblər.
Amma məclisə yeni, cavan şairlər gəlir, ustadlardan
şeir-sənət dərsi keçirlər. Kim bu dərsləri
yaxşı mənimsəyirsə, ustadların
gözünün işığına çevrilir.
Adətən Əbdülxalıq Yusifin evinə
toplaşırlar. Məclisin öz "nizamnamə"si,
öz gedişi var. Əvvəlcə klassik şairlərin
şeirləri təhlil olunur, qəzəllər şərh
edilir, sonra o qəzəllərə yazılan nəzirələr
oxunur, sonra da hər şair yeni yazdığı şeirlərini
oxuyur.
Yenə bir gün məclis arəstə imiş. Təzə-təzə
şeirlər yazan Əliağa adlı bir cavan şair də
bura təşrif gətirib. O, sakitcə oturub yaşca böyük
müasirlərinə qulaq asır. Amma bilir ki, onu da dilləndirəcəklər,
təbi varmı, yoxmu, imtahana çəkəcəklər.
Qorxub-eləmir. Şeirlər oxunur, nəzirələr
söylənir, indi isə cavanları dinləmək
lazımdır.
Əbdülxalıq Yusif üzünü
Əbdülxalıq Cənnətiyə tutub deyir: "Bir qafiyə
aç, Mirzə! Cənnəti bir azca fikrə gedib bu beyti
söyləyir:
Piri təbimdən cavanlar istəmişlər tazə
söz,
Onların zənnimcə var təbində biəndazə
söz.
Yusif o beytin davamını gətirir:
Arifən-billah olan hər gün yazar min tazə
söz,
Sahibi təbi-səlim yazmazdı biəndazə
söz.
Yusif beyti qurtaranda Əliağa həyəcana gəlir.
Onun bu halını gözdən qaçırmayan Yusif
üzünü ona tutub deyir: "Oğlum, Əliağa, bəlkə
dalını sən gətirəsən..."
Elə bil Əliağaya ilahidən bir vəhy gəlir.
Ustad Yusifin ona üz tutması içindəki poeziya
qığılcımlarını alova çevirir:
Təngidir qönçə dəhanın, gec gəlir
avazə söz,
Bir sənəmdir nazənin, qoymuş özünü
nazə söz.
Sordum ağzın sirrini hər kimsədən, ey tazə
gül!
Tapmadı, yüz min xəyal etdi bu məxfi-razə
söz.
Olmasa ustadı bəzmində sözün billah qəbul,
Pirilər yazsın cavanlarçın yenə bir tazə
söz.
Şeir qurtaran kimi Əbdülxalıq Yusif yerindən
qalxır, Əliağanı qucaqlayır, alnından
öpür:
- Əliağa innən belə məclisimizin həm
üzvü oldu, həm də vahid şairi. Mən ona Vahid ləqəbi
verirəm. İndi ki, belə oldu, bu qəzəlin
möhür bəndindəki "billah" sözünü
Vahid sözü ilə əvəz et:
Olmasa ustadı bəzmində sözün, Vahid qəbul,
Pirilər yazsın cavanlarçın yenə bir tazə
söz.
O gündən - həmin məclisdən sonra
Əliağa Məmmədqulu oğlu İsgəndərov
Əliağa Vahid təxəllüsüylə şeirlər
yazır və çox keçmir ki, məşhurlaşır.
II
Əliağa Vahid Bakıda, dülgər Məmmədqulu
kişinin ailəsində dünyaya göz
açmışdı (1895). Atasını erkən
itirmiş, böyük əmisi Məşədi Ağabəyin
himayəsində böyümüşdü. Bir az mollaxanada
oxumuş, amma ehtiyac üzündən "təhsil"ini
yarımçıq buraxmış, tütün fabrikində
çilingər köməkçisi işləmişdi.
Mollaxananı bəyənməmişdi, sonralar
"Mollaxana" poemasında buradakı "təhsil"dən
narazılığını ifadə etmişdi.
əssalam, onun bütün ömrü boyu
aldığı "təhsil" elə bu olmuşdu. Bəlkə
də yeganə Azərbaycan şairidir ki, heç bir təhsil,
məktəb üzü görməyib. Böyük Xaqani
Şirvani əmisi Ömər Osman oğlunun yanında zəmanəsinin
elmlərini mənimsəmişdi. Əmisi oğlu Vəliyəddin
Osman Ömər oğlu isə onu bir alim və şair kimi
yetişdirmişdi. Dahi Nizami Gəncəvi isə mükəmməl
mədrəsə təhsili görmüşdü. "Xəmsə"də
də onun dövrünün bütün elmlərinə vaqif
olduğu açıqca görünür. XIII əsr şairi
Zülfüqar Şirvani, XIV əsr şairi Arif Ərdəbili,
XIV-XV əsrlərdə yaşamış Nəsimi də
mükəmməl təhsil görmüşlərdi. Dahi
Füzuli də universal bilik sahibiydi, əksər elmlərə
yiyələnmiş, Mövlana zirvəsinə yüksəlmişdi.
Daha sonrakı əsrlərdə Molla Pənah Vaqifin,
Bakıxanovun, Mirzə Şəfi Vazehin, Zakirin, Axundovun, Seyid
Əzimin, Natəvanın və digər ustadların da öz
zamanlarına görə müəyyən təhsil
aldıqları, bir deyil, bir neçə elmlərə yiyələndikləri
barədə məlumatımız var. Amma Əliağa Vahidin
təhsili yox idi. Füzuli, Nəsimi, Axundov, Seyid Əzim
öz doğma dillərindən başqa neçə dili
bilirdilər və o dillərdə də əsərlər
yazırdılar. Vahid isə yalnız şəxsi mütaliəsi,
fitri istedadı sayəsində bu pleyadaya qoşula bildi. O, ərəb
və fars dillərini bilmirdi, amma klassik poeziyanı
bütün incəliklərinə qədər mənimsəmişdi,
hətta yaradıcılığının ilk illərində
yazdığı şeirləri qəliz ərəb-fars kəlmələri
ilə doluydu. Vahid Xaqanidən 13 qəzəl, Nizamidən 10 qəzəl,
3 qəsidə, Nəvainin "Fərhad və Şirin"
poemasından 600 misra, Füzulinin farsca divanından 92 qəzəl,
44 qttə tərcümə eləmişdi. Təbii ki, ona sətri
tərcümələri təqdim edirdilər və Vahidin
poetik məharəti bu tərcümələrə can verirdi.
Deməli, Vahid yeganə şairdir ki, heç bir təhsil
görməsə də, fitri istedadı müqabilində zəmanəsinin
böyük şairləri ilə bir sırada dura bildi,
duruş gətirə bildi. Görkəmli ədəbiyyatşünas,
akademik Həmid Araslı sonralar etiraf edəcək ki, Vahidin
farscadan etdiyi tərcümələr bu sırada ən
yaxşı tərcümələrdir.
Onun haqqında ötən illərdə yazılan, ya
dolayısı ilə, ya da birbaşa deyilən mülahizələrlə
tanış oldum. Bu yazılarda Vahid işsiz-gücsüz,
ömrünü meyxana, içki məclislərində
keçirən, ancaq qəzəl yazmaqla baş girləyən
bir bəndeyi-həqir kimi təqdim edilir. Amma belə deyil.
Əvvəla, o, atasının yolunu - dülgərlik sənətini
seçdi, bu sənət ona maddi ehtiyaclarını aradan
qaldırmağa kömək edirdi. İkincisi, həm Şura
inqilabından əvvəl, həm də iyirminci-otuzuncu illərdə
o, Bakıda çıxan qəzet və jurnallarda müntəzəm
çıxış edir, mənzum felyetonlarını dərc
etdirirdi. O, heç vaxt işsiz qalmayıb, iyirminci illərin əvvəllərində
"Tənqid-təbliğ" teatrında işləməyə
başlayıb, musiqi dəstəsinin müşayiəti ilə
tamaşa zamanı satirik şeirlər oxuyub. Elə iyirminci
illərdə "Kommunist" qəzetində müxbir kimi
çalışıb, "Əsər ki qaldı cahanda"
kitabının müəllifi Məhəmməd Nuru
oğlunun (bu yazıda onun bir çox məlumatlarına
istinad etmişik - V.Y.) yazdığına görə, Vahid
1928-1937-ci illərdə "Azərnəşr" mətbəəsində
və "Ədəbiyyat qəzeti"ndə işləmiş,
sonralar kolxoz-sovxoz teatrlarında ədəbi rəhbər
olmuş, Dövlət Filarmoniyasında
çalışmışdır. Böyük Vətən
müharibəsi illərində isə Vahidin gecəsi-gündüzü
olmamışdır, o, Azərbaycanın kənd və şəhərlərində,
hərbi hissələrdə, kolxozçular və
döyüşçülər qarşısında şeirlər
oxuyur, qələbəyə inam oyadırdı. Bu, əsil vətənpərvərlik
nümunəsiydi və 1943-cü ildə bu fəaliyyətinə
görə Vahid Əməkdar İncəsənət xadimi fəxri
adına layiq görülür. Müharibədən
sonrakı illərdə də Vahid "işsiz"
qalmır, qəzet və jurnallarda satirik şeirləri ilə
çıxış edir, klassik irsin tərcümə və
təbliği sahəsində işlərini davam etdirir.
Vahidin əsərlərinin nəşrinə gəldikdə
isə, bu sahədə də onun heç bir çətinliyi
olmayıb. Sağlığında on üç kitabı nəşr
edilib (bunların doqquzu "Qəzəllər", ikisi
"Meyxanalar", ikisi satirik şeirlərdir, vəfatından
sonra da Vahid unudulmadı, seçilmiş əsərləri və
ayrıca "Qəzəllər" kitabı bir neçə
dəfə oxuculara təqdim olundu).
1965-ci ilin son sentyabr gününü isə heç
vaxt unutmaq olmaz. O gün bütün Bakı Vahidi son mənzilə
- Natəvan adına klubdan Fəxri xiyabana yola salırdı.
III
Əliağa Vahidin üç ustadı olub. O, Azər
Buzovnalıdan şeir-sənət sirlərini mənimsəyib.
Yəni bu ustad-şagird münasibətini məktəb təlimi
kimi də anlamaq olar. Ancaq elə ustadlar var ki, sən onları
görməmisən, rəsmi olaraq onların məktəbində
müdavim olmamısan, amma o, sənin mənəvi müəllimin,
mürşüdün olub.
Sabir və Füzuli! Əliağa Vahid böyük Azərbaycan
ədəbiyyatına bu dahilərin ruhunu yaşadaraq gəlib.
Sabir satiraları və Füzuli lirikası Vahidin nəinki
dilinin əzbəri, dizinin qüvvəti, gözünün
nuru, həm də ömürboyu sənət dərslikləri
olub. Öncə Sabir - axı, Vahid ədəbiyyata satirik
şeirlərlə gəlib və bu şeirlərdə Sabirin
təsiri danılmazdır. Elmsizliyin, cəhalətin,
nadanlığın, köhnəliyin, avamlığın tənqidini
əks etdirən satiralarında o, Sabir yolunu davam etdirirdi. Təbii
ki, Vahid öz satiralarında Sabir səviyyəsinə yüksələ
bilmədi və bunu heç düşünmürdü də.
Bu fikri Əli Nəzmi, Əliqulu Qəmküsar, Bayraməli
Abbaszadə, Ordubadi, Cəfər Cabbarlı haqqında da
söyləyə bilərik. Amma bu satiriklər böyük
ustadın ənənəsini yaşatdılar, onların hər
biri satiranın ciddi ədəbiyyat olduğunu və millətin
özünü dərk etməsində əhəmiyyətli
rol oynadığını sübut etdilər. Vahid
ömrünün sonuna qədər böyük qəzəlxan
olmaqla yanaşı, satirik şair kimi də bu ənənəni
yaşadanlardan biri oldu.
(Davamı olacaq)
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.26.