Darıxmağın
anatomiyası
Adam darıxır arada. Amma darıxmaq da var,
darıxmaq da...
Baxır günün hansı saatında,
dünyanın harasında, hansı ölkəsində,
hansı şəhərində darıxırsan. Öz şəhərinin
hansı küçəsində, hansı bucağında
darıxırsan. Evinin hansı küncündə, hansı tərəfində
darıxırsan...
Hansı fəsildə darıxmağın da fərqi
var. Ən ürəkdağlayanı qışda -
yağışlı, qarlı havada darıxmaqdır. Həyat
elə boz görünür ki, hətta boz bozluğundan
çıxıb qara, bu dəqiqə boşalmağa hazır
buludlara bənzəyir. Ömrünün bitməsinə aparan
boz günlərə çatmış kimi hiss edirsən
özünü. Varmı mənim kimi qarın
ağlığını kəfən kimi görən?..
Təbiət oyanıb ağaclar tumurcuqlayanda, çəmənlər
min rəngə çalanda darıxmaq necədir?
Yayda darıxmaq da bir başqa əzabdır. Axı
adam necə darıxa bilər günəş şəfəqlərini
səndən əsirgəmədikcə? Adam xəcalət
çəkir xoşbəxt yay aylarında darıxanda...
Ağaclar yaşıllaşıb, kollar gül açanda,
Günəş sübh tezdən pəncərəndən
süzülüb üzünü qıdıqlayanda,
axşamlar qaranlıqda ağaclıq yerlərdən
qulağı yormayan cırcırama səsləri gələndə,
qanın qaynayıb, çöllərin gözəlliyi ürəyini
fəth edəndə, təbiətin gözəllikləri
gözünü-könlünü oxşayanda darıxmaq
olarmı? Nankorluq olmazmı darıxmaq? Olar, amma darıxmamaq əldə
olsaydı...
Payızda darıxmaq tamam fərqlidir. Bataqlığa
düşmək kimidir. Qara dəlik kimi çəkir səni
sonsuzluğa. Sanki həyatın dibinə düşürsən.
Pilləkənsiz dibdir. Sonsuz dibsizlikdir...
Axı hansı dildə deyim darıxmağımı?
Darıxmağın yüz cür rəngi var, min
cür çaları var.
Gözlər darıxır, burun darıxır, əllər
darıxır, qucaq darıxır.
Üzü üçün darıxırsan, əlləri
üçün darıxırsan, nəfəsi
üçün, sözləri üçün, ağuşu
üçün darıxırsan.
Səsi üçün, baxışı
üçün darıxırsan. Səsindən tökülən
eşq qoxulu cingiltili nidalar üçün darıxırsan.
Evdə darıxırsan, işdə darıxırsan,
çöldə darıxırsan.
Yatanda darıxırsan, duranda darıxırsan.
Ürəyinin döyüntüsü
üçün darıxırsan. Barmaqlarının
saçlarında gəzməsi üçün
darıxırsan.
Bir də var ki, yazmayanda, zəng etməyəndə
darıxırsan.
Darıxmaq ecazkar hissdir.
Darıxmağın qəribsədən
keçmiş mahnı səsi var.
Darıxmağın yüz cür forması, min
cür şəkli var.
Yuxuların darıxır, yuxularında
darıxırsan. Yuxuya gedəndə darıxırsan, yuxudan
duranda darıxırsan.
Çayı tək içdiyin, loğmanı tək
udduğun üçün darıxırsan.
Onun dünyasında olmaq üçün
darıxırsan.
Damarında qanı olmaq üçün
darıxırsan.
Sənə baxan gözlərinin bəbəyində
öz şəklini görməyə can atırsan...
Darıxmaq yandıran soyuqluq, üşüdən hərarətdir.
Darıxmaq sevginin haray şəklidir, səssiz
bağırtıdır, beynin cəzası, qəlbin təntənəsidir...
Aygün ƏZİZ
Ədəbiyyat qəzeti .- 2025.- 4 iyul (№23).- S.29.