Ədəbi proses hərəkatının
inkişaf mərhələləri və müasir ədəbi
proses
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda elmi-ədəbi hərəkata
çevrilən və keçirilməsi davam etdirilməkdə
olan Ədəbi proses elmi-yaradıcılıq müzakirələri
aşağıdakı bir neçə mərhələni əhatə
edir:
1. Sovet dövrü Ədəbi proses müzakirələri
– 1976-1984-cü illər.
2. Ədəbi proses yaradıcılıq
müşavirələrinin bərpası və ənənənin
yaşadılması (1994-2010).
3. Müstəqillik dövründə Ədəbi
proses müşavirələrinin yenidən
formalaşdırılması mərhələsi
(2013-2016-cı illər).
4. Ədəbi proses
müzakirələrinin elmi-ədəbi hərəkata
çevrilməsi mərhələsi (2017-2020-ci illər).
5. Ədəbi proses hərəkatında yeni dövr.
Zəfər diskursu (2020-ci ildən).
Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun təşəbbüsü ilə 1976-1984-cü
illərdə Sovet hakimiyyəti dövründə keçirilən
Ədəbi proses müzakirələri ədəbi proses hərəkatının
başlanğıc dövrü, təməlidir. Bu dövrdə
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
«Ədəbiyyat nəzəriyyəsi» şöbəsinin
bazasında yaradılmış «Müasir ədəbi proses»
sektorunun təşəbbüsü ilə təşkil
olunmuş Ədəbi proses yaradıcılıq
müşavirələrinə ümumi şəkildə həmin
şöbənin müdiri, o zaman Akademiyanın müxbir
üzvü olan görkəmli ədəbiyyatşünas-alim
Məmməd Cəfər Cəfərov rəhbərlik
etmişdir. Bununla belə, Ədəbi proses müzakirələrinin
keçirilməsi təşəbbüsünü irəli
sürən həmin vaxtlarda hələ doktorluq
dissertasiyası müdafiə etmək ərəfəsində
olan, böyük istedadı ilə tanınan «Müasir ədəbi
proses» sektorunun müdiri
Yaşar Qarayev olmuşdur. Yaşar Qarayevin hər dəfə
məruzəçi qismində çıxış etməsindən
başqa, həm də «Ədəbi proses» toplularının
altısından beşinə müqəddimə yazması
(axırıncı müqəddiməsiz
çıxmışdı – İ.H.) da onun sovet dövrü
yaradıcılıq müşavirələrinin keçirilməsindəki
rolunu aydın şəkildə təzahür etdirir.
Ədəbi proses müşavirələrində
klassik təsnifata uyğun olaraq poeziya, nəsr, dramaturgiya və
ədəbi tənqid üzrə məruzələr dinlənilmiş
və mətnləri çap olunmuşdur. Məruzəçilərin
seçilməsinə xüsusi diqqət yetirilmiş,
dövrün hər bir sahə üzrə
ixtisaslaşmış ən hazırlıqlı elm
adamları, tanınmış alimləri məruzəçi
qismində çıxış etmişlər. Yaşar
Qarayev bir qayda olaraq ədəbi tənqid haqqında məruzələrlə
çıxış etmiş, yalnız 1984-cü ildə
dramaturgiya üzrə məruzəçi olmuşdur. Məruzələrə,
əsasən, cavan ədəbiyyatşünaslar və gənc
elmi nəsil cəlb edilmişdir. Ədəbi proses
müşavirələrində Şamil Salmanov və yeni elmi
nəslin nümayəndələri olan Şirindil
Alışanlı və Rəhim Əliyev poeziya, Akif
Hüseynov nəşr və Vilayət Quliyev, Arif Səfiyev
dramaturgiya üzrə məruzələr etmişlər.
Ədəbi tənqid sahəsində isə yeni elmi nəsli
Vaqif Yusifli və Nizaməddin Şəmsizadə təmsil
etmişdir.
Ədəbi proses müzakirələrinin formatına
Cənubi Azərbaycanda ədəbi prosesə dair məruzədə
əlavə olunmuşdur ki, həmin mövzuda «Cənubi Azərbaycan
ədəbiyyatı» şöbəsinin əməkdaşı
Sabir Əmirovun məruzəsi dinlənilmişdir. Bununla da
Sovet dövründə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda ədəbi proses müşavirələrinin
keçirilməsi ənənəsi yaranmış, bu
müzakirələrin klassik formatı: poeziya, nəsr,
dramaturgiya və ədəbi tənqid üzrə müzakirələrin
təşkili modeli formalaşmışdır. Fikrimizcə, təcrübəli
elm adamlarının aparıcılığı ilə
keçirilən sovet dövrü Ədəbi proses müzakirələrinə
cavan elmi nəslin də cəlb olunması ilkin mərhələlərin
müsbət tendensiyalarından biri hesab oluna bilər. Eyni
zamanda, Ədəbi proses müzakirələrində
edilmiş məruzələri cəm halda hər biri
dövrün icmal tənqidinin ən yaxşı nümunəsi,
yaxud ədəbiyyat tarixinin o dövrünün icmal
oçerkləri hesab edilməyə tamamilə layiqdir. Bundan
başqa, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda təşkil olunan Ədəbi proses
müşavirələri ədəbi tənqid və ədəbiyyatşünaslıq
elminin inkişafında mühüm rol oynamış,
dövrün elmi-ədəbi proseslərinə yeni nəfəs
gətirmiş, gənc tənqidçi və ədəbiyyatşünaslar
nəslinin formalaşmasında və tanınmasında
mühüm rol oynamışdır.
Eyni zamanda, Ədəbi proses müzakirələrinin
materiallarının çap edilməsi də o dövr
üçün əhəmiyyətli addımlardan biri hesab
oluna bilər. Doğrudur, həmin mərhələdə
Ədəbi proses müşavirələrinin materialları
heç də həmişə vaxtında nəşr edilməmişdir.
Məsələn, 1976-cı ildə keçirilən Ədəbi
proses müşavirəsinin mətnləri bir il sonra, yəni
1977-ci ildə, 1983-1984-cü ilin birgə icmalları isə
yalnız on ildən sonra, 1994-cü ildə çap
olunmuşdur. Lakin bütövlükdə materialların illər
üzrə kitab halında nəşr edilməsi Ədəbi
proses müşavirələrini tarixə çevirmiş, həm
də cəlbedici və faydalı etmişdir.
Ədəbi proses müzakirələrinə bir də
1994-cü ildən etibarən qayıdış baş
vermişdir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, professor Yaşar Qarayev sovet
dövründə keçirilmiş Ədəbi proses
yaradıcılıq müşavirəsinin əsas təşkilatçısı
kimi həmin işin əhəmiyyətini dərindən
bildiyi üçün müzakirələrin yenidən təşkili
istiqamətində addımların atılmasına start
vermişdir. Lakin müstəqillik dövrünün
başlanğıc illərinin, keçid mərhələsinin
özünəməxsus çətinlikləri Ədəbi
proses müzakirələrinin ardıcıl olaraq keçirilməsinə
və xüsusən də, müşavirələrin
materiallarının çap olunmasına imkan verməmişdir.
Müşavirələrin materialları çap edilmədiyi
üçün Ədəbi proses müzakirələrinə
maraq azalmış, artıq hər il ardıcıl olaraq
keçirilməyən Ədəbi proses müşavirələri
doxsanıncı illərin sonlarına doğru elmi dövriyyədən
çıxmalı olmuşdur.
XXI əsrin əvvəllərindən etibarən Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik
etməyə başlayan akademik Bəkir Nəbiyev Ədəbi
proses müzakirələrini bərpa etmişdir. Demək olar
ki, bir neçə il Ədəbi proses müzakirələrində
klassik elmi təsnifat üzrə: ilin poeziyası, nəsri,
dramaturgiyası və ədəbi tənqidinə həsr
edilmiş məruzələr dinlənilmiş, müzakirələr
təşkil olunmuşdur. Lakin yenə də dövrün
maddi çətinliklərinə görə Ədəbi
proses müzakirələrinin materialları nəşr edilmədiyi
üçün bu müşavirəyə maraq tədricən
azalmışdır. Hətta bəzən ədəbi proses
müşavirələri iki ildə bir dəfə
keçirilmiş, cəmisi bir neçə, bəzən isə
bir ümumiləşdirilmiş məruzənin dinlənilməsi
ilə kifayətlənilmişdir. Buna baxmayaraq, ədəbi
proses müşavirələrinin fasilələrlə olsa da,
keçirilməsi ədəbi tənqidə marağı
gündəmdə saxlamış, yeni tənqidçi nəsillərinin
formalaşdırılmasına
müsbət təsir göstərmişdir.Ədəbi
proses müzakirələrinin keçirilməsində və
davamlı bir prosesə çevrilməsində yeni mərhələ
2013-cü ildən başlanmışdır. AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun rəhbər idarəetmə
heyətində dəyişikliyin baş verməsi ilə zəruri
hazırlıq işləri aparıldıqdan bir il sonra, yəni
2014-cü ildə dərhal ədəbi proses müzakirələrinə
yenidən start verilmişdir. Bu dəfə ədəbi proses
müşavirələrində bir sıra əsaslı
yeniliklər tətbiq olunmuşdur. Əvvəla, 2014-cü ildə
müəyyən fasilədən sonra yenidən
keçirilmiş və 2013-cü ilin ədəbi
gedişatına həsr edilmiş Ədəbi proses müzakirəsində
məruzələrin klassik formatına bəzi əlavələr
edilmişdir. Başlanğıc ilində ədəbi proses
müzakirələrinin klassik formatındakı poeziya, nəsr,
dramaturgiya və ədəbi tənqid, habelə Cənubi Azərbaycanda
ədəbi proses üzrə məruzələr
saxlanılmaqla, bu sıraya «İlin ədəbi mənzərəsi»,
«İlin poema yaradıcılığı», «Bədii tərcümə»,
«Bədii publisistika» kimi bədii yaradıcılıq və ədəbi
tənqidlə əlaqədar yeni mövzular da əlavə
olunmuşdur. Sonrakı illərdə Ədəbi proses
müzakirələrinin əhatə dairəsi bir qədər
də genişləndirilmişdir. Belə ki, 2015-ci ildə
keçirilmiş Ədəbi proses müzakirələrində
həmin ildə nəsr üzrə bədii əsərlərin
çoxlu sayda yazılması və nəşri, yəni ədəbiyyatda
«nəsr bumu»nun yaşanması
nəzərə alınmaqla, müzakirələr zamanı
«2014-cü ilin romanları», «Povest», «İlin hekayə
yaradıcılığı» kimi nəsrə dair üç
məruzə dinlənilmişdir. İlk dəfə olaraq
Ədəbi proses müşavirələrində «Uşaq ədəbiyyatı»,
«Ədəbi gəncliyin yaradıcılıq
axtarışları», «Azərbaycan ədəbiyyatşünaslığı:
əsas tədqiq obyektləri və tədqiqat istiqamətləri»
kimi yeni istiqamətlərdə də elmi məruzələr
diqqətə çatdırılmışdır. Azərbaycan
ədəbiyyatında «nəsr bumu» dalğasının daha da
genişlənməsi ilə əlaqədar olaraq 2015-ci ilə
həsr edilmiş məruzələrdə həmin ab-hava
artıq manşetə çıxarılmış,
«Çağdaş dövrün roman bumu və nəticələri»
adlandırılan elmi məruzədə bu janrın
inkişafında baş vermiş təlatümlü
dinamikanın səbəbləri
aydınlaşdırılmış, nəticələri
ümumiləşdirilmişdir. Eyni zamanda, 2015-ci ildə bədii
nəsr ilə əlaqədar romandan başqa, «İlin ədəbi
mənzərəsində povest janrı», «Hekayənin indiki
zamanı» adlı məruzələrdə də ədəbiyyatda
«nəsr bumu»nun doğurduğu mənzərənin
ayrı-ayrı nəsr janrları üzrə gedişatı
izlənilmişdir. Ədəbi proses müzakirələrindən
çıxarılan əsas nəticə bundan ibarət
olmuşdur ki, son zamanlarda Azərbaycan ədəbiyyatında
yaşanan «roman bumu»nun həm
müsbət, həm də mənfi nəticələri
görünməkdədir. Müsbət nəticə – ötən
il də daxil olmaqla maraqlı və dəyərli roman
nümunələrinin yaradılmasıdır. Mənfi nəticə
isə odur ki, nəinki povest, heç hekayə sərhədlərinə
belə, uyğun gəlməyən bədii mətnlər
roman adı altında təqdim
edilir. Və təəssüf ki, bu cəhət roman
janrına qeyri-ciddi münasibətlə bərabər,
«romanın sərhədlərini müəyyənləşdirən
yazıçının özüdür» – kimi bir iddiadan da
irəli gəlir».[1] Ədəbi icmallarda 2015-ci ildə roman təfəkkürü
ilə yazılmış povestlərdən və hekayələrdən
də söz açılması «roman bumu»nun geniş mənada
«nəsr bumu» yaratdığını görməyə və
göstərməyə əsas verir. Üstəgəl, 2015-ci
ilin Ədəbi proses müşavirəsində ilk dəfə
olaraq tarixi roman janrında yazılmış romanların da
ayrıca məruzədə müzakirəyə çıxarılması
ilin ədəbi mənzərəsində bədii nəsrin
aparıcılıq təşkil etdiyini əyani surətdə
göstərir. Bundan başqa, qeyd edilən ildə Uşaq ədəbiyyatına
aid məruzənin də iki hissəyə ayrılaraq «Uşaq
ədəbiyyatı: nəsr və dramaturgiya» və «Uşaq
şeiri» kimi ayrı-ayrı məruzəçilər tərəfindən
təqdim olunması və burada uşaq nəsrinin qabarıq
şəkildə təqdim edilməsi 2015-ci ilin bədii nəsr
təsərrüfatının hüdudlarının intəhasız
dərəcədə genişləndiyini meydana qoyur.
Müzakirələrin əhatə dairəsinin
genişləndirilməsi baxımından da 2015-ci ildə yeni
addımlar atılmış, ilk dəfə olaraq «Bölgələrdə
ədəbi həyat» və «Satira və satirasızlıq»
mövzularında da məruzələr dinlənilmiş, bədii
tərcümə məruzəsinə «Ədəbi əlaqələr»
anlayışı da əlavə olunmuşdur.
Bundan başqa, 2015-ci ilin ədəbiyyatına həsr
olunmuş müzakirələrdə
gənc alimlərin rolu və yeri nəzərəçarpacaq
dərəcədə artmışdır. Təsadüfi
deyildir ki, həmin ilin Ədəbi proses toplusunun baş məqaləsi
«Janr zənginliyi və gənc qvardiya»
adlandırılmış, necə deyərlər, yeni nəsil
elmi qüvvələrin artıq mütəşəkkil bir
elmi cəbhəyə malik olduğu manşetə
çıxarılmışdır. Bu vaxta qədər Ədəbi
proses müşavirələrində məruzələrlə
çıxış edib, dialoqlarda iştirak etməklə
sanki müəyyən bir məşq yolu keçərək
formalaşan yeni ədəbi nəsil «gənc qvardiya» kimi
bundan sonrakı yaradıcılıq müşavirələrinin
əsas aparıcı qüvvəsinə çevrilmişdir.
Həmçinin ilk dəfə olaraq ədəbi proses
müzakirələrinə yaradıcılıq təşkilatlarının
və ədəbi mətbuatın nümayəndələrinin
geniş iştirakı təmin edilmişdir. Yeri gəlmişkən,
deyək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anar, Yazıçılar Birliyinin
katibi və «525-ci qəzet»in Baş redaktoru Rəşad Məcid
və «Ədəbiyyat qəzeti»nin Baş redaktoru Azər Turan
Ədəbi proses müşavirələrində dəfələrlə
iştirak və çıxış etmişlər. Rəşad
Məcid isə demək olar ki, ədəbi proses müzakirələrinin
hamısında Azərbaycan Yazıçılar Birliyini təmsil
etmişdir. Yazıçılar Birliyinin katibi Səlim
Babullaoğlunun iştirakı da Ədəbi proses müzakirələrinin
dairəsinin genişlənməsinə müsbət təsir
göstərmişdir. Bundan başqa, Ədəbi proses
müşavirələrində ali məktəblərin
filologiya fakültələrinin dekanları və kafedra
müdirləri, tanınmış tənqidçi və ədəbiyyatşünaslar,
elm və ədəbiyyat yönlü saytların təmsilçiləri
də iştirak etmişlər. Ədəbiyyat İnstitutundan
kənarda olan elm və ədəbiyyat adamlarının Ədəbi
proses müzakirələrinə qoşulmaları, iştirak və
çıxış etmələri ədəbi prosesin daha
canlı və real təqdim olunmasına, fərqli
baxışların meydana qoyulmasına, dialoqun müxtəlifliyinə
və ən nəhayət, Ədəbi proses müşavirələrinin
əks-sədasının genişlənməsinə yol
açmışdır.
Ədəbi proses müşavirələrində yeni
başlanğıc mərhələsi 2016-cı ilin
müzakirələri ilə başa çatır. Qeyd etmək
lazımdır ki, 2016-cı il Ədəbi proses müzakirələri
2013-cü ildə başlanan meyillərin əsasən qorunub
möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə
səciyyələnir. Bu illərdə Ədəbi proses
müzakirələrində klassik təsnifat üzrə təhlillərdən
başqa, yeni yaradıcılıq sahələri və
janrları əsasında təhlilə də diqqət
yetirilmişdir. Belə ki, 2016-cı ildə ədəbi ilin
yekunlarına həsr olunmuş müzakirələrdə nəinki
klassik təsnifata aid olan məruzələr,
bütövlükdə bütün əsas
yaradıcılıq istiqamətləri üzrə əlavə
edilmiş məruzələr də elmi-nəzəri cəhətdən
təkmilləşdirilmiş və daha da yetkinləşmişdir.
İlk dəfə 2016-cı ildə səsləndirilən «Azərbaycanın
rusdilli ədəbiyyatı», «Azərbaycan ədəbiyyatının
digər türk xalqları ilə əlaqələri»,
xüsusən də, «Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda ədəbi proses» məruzələri ilə
demək olar ki, yeni mərhələnin Ədəbi proses
formatı müəyyən olunmuşdur. Bundan başqa, eyni məruzəçilərin
ardıcıl olaraq konkret janrlar üzrə çıxış etmələri
onların ədəbiyyatın konkret ədəbi istiqamətləri
sahəsində ixtisaslaşmaları səviyyəsinə
çatmışdır. Artıq bu dövrdə Ədəbi
proses müzakirələrinin zəminində Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda poeziya tədqiqatçısı,
nəsr araşdırıcısı, uşaq ədəbiyyatı
mütəxəssisi, tənqidçilər və dramaturgiya təhlilçiləri
formalaşmışdır. Ardıcıl olaraq keçirilən
ədəbi proses müzakirələri Ədəbiyyat
İnstitutu əməkdaşlarının ideya-nəzəri səviyyəsinin
yüksəldilməsinə, elmi təhlil və mübahisə
mədəniyyətinin formalaşdırılmasına, yaxud
fikir mübadiləsi aparmaq qabiliyyətlərinin yetkinləşməsinə
uğurla xidmət etmişdir. Nəinki Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda, hətta ölkə ədəbi-elmi
mühitində yeni elmi nəsil «Ədəbi prosesçilər»
adı ilə tanınmağa başlamışlar.
Yazıçılar və şairlər özlərinin əsərlərinin
ədəbi proses müzakirələrində təhlilə –
tədqiqata cəlb edilməsində maraqlı olduqlarını
büruzə verməyə, nəzərə
çatdırmağa daha çox meyil göstərməyə
çalışmışlar. Yazıçılarla tənqidçilər
arasında müəyyən bir yaxınlıq,
doğmalaşma prosesi müşahidə olunmuşdur.
Bütövlükdə 2014-2016-cı illərin Ədəbi
proses müşavirələri ölkə üzrə ilin
bütün istiqamətlər üzrə ədəbi
gedişatını dərindən təhlil edib dəyərləndirən,
ədəbiyyatın inkişaf meyillərini müəyyən
edən, yazıçıların qüvvətli və ya zəif
cəhətlərini obyektiv şəkildə diqqətə
çatdıran, çıxış yolları göstərən,
ədəbiyyatda və ədəbi-tənqiddə sabaha doğru
inkişafı proqnozlaşdıran bir forum kimi böyük
elmi nüfuz qazanmışdır. Xüsusən, ədəbi
proses müşavirələrində seçilmiş məruzələrin
ayrı-ayrı qəzet və jurnalların çap olunmaq
üçün tövsiyə edilməsi, bütün məruzələrin
isə hər il tam olaraq kitab halında nəşr edilməsi,
ən çox seçilən məruzəçilərə
doktoranturaya qəbul zamanı üstünlük verilməsi
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
2014-2016-cı illərdə ardıcıl olaraq keçirilən
və genişlənməkdə davam edən ədəbi
proses müzakirələrinin ölkə miqyaslı elmi-ədəbi
hadisəyə çevrilməsi ilə nəticələnmişdir.
Bundan sonra ədəbi proses müzakirələrində məruzəçi
qismində təmsil olunmaq şərəf işinə
çevrilmiş, ölkə miqyasında elm adamı olaraq qəbul
olunmaq üçün barometr funksiyasını yerinə
yetirmişdir. «Ədəbi proses – 2016» toplusuna
yazılmış «Ədəbi prosesin bütövlüyü
və elmi yetkinlik» adlı giriş məqaləsində də,
adından göründüyü kimi, yenidən başlama
dövrünün birinci mərhələsinə
aşağıdakı kimi yekun vurulmuşdur: «Artıq təxminən,
30 ildən sonra, 2014-cü ildən etibarən Gəncəvi
adına Ədəbiyyat İnstitutunda yenidən keçirilməyə
başlanan «Ədəbi proses» yaradıcılıq
müşavirələri Azərbaycan ədəbiyyatı və
ədəbiyyatşünaslıq elminin inkişafında
özünəməxsus izlər buraxmış, bu əhəmiyyətli
ənənə bərpa olunmuş və davam etdirilmiş, həm
də yeni tarixi epoxanın ədəbiyyatı müstəqillik
dövrünün işığında bütün yönləri
ilə təhlil edilib qiymətləndirilmiş və
mühüm bir xitabət kürsüsünə
çevrilmişdir. Bu mənada, «Ədəbi proses
müşavirələri… müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı haqqında sanballı, dərin və əhatəli
dialoq funksiyasını yerinə yetirir. Hər il Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda təşkil olunan
«Ədəbi proses» yaradıcılıq müşavirələrində
janrlar üzrə dinlənilən məruzələr,
keçirilən müzakirələr həmin ilin ədəbiyyat
hadisələrini rentgendə olduğu kimi, bütün
aydınlığı ilə görməyə və göstərməyə
imkan verir. …Bu, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
və tənqidinin illik elmi hesabatı olmaqla bərabər, həm
də ədəbi-elmi fikrin inkişafına təkan verən,
bələdçilik edən ciddi müzakirə platformasıdır».[2]
Beləliklə, 2018-ci ildə bir il əvvəlin –
2017-ci ilin ədəbi yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş «Ədəbi proses» yaradıcılıq
müşavirəsi ilə «Ədəbi proses» müzakirələrində
yeni mərhələ başlanmışdır. Ədəbi
proses müzakirələrinin yeni mərhələsi
2017-2020-ci illəri əhatə etmişdir. Məlum olduğu
kimi, 2020-ci ilin 27 sentyabrında başlanmış Vətən
müharibəsində cəmi 44 gün ərzində
qazanılmış tarixi Zəfərin əks-sədası ədəbiyyatın
xarakterini və intonasiyasını dəyişmişdir. Lakin
ilin müharibədən əvvəlki 9 ayı ərzində ədəbi
proses özünün ənənəvi axarı ilə yolunu
davam etdirdiyi və sonrakı aylarda ədalətli müharibə
və Zəfər motivləri ədəbi gündəmin
aparıcı mövzusuna çevrilsə də, müəyyən
səviyyədə ənənəvi meyillər də
yaşadıldığı üçün 2020-ci il həm
2017-ci ildən ədəbi prosesdə başlanmış yeni
dalğanın yekunu və həm də Zəfər diskursu mərhələsinin
başlanğıcıdır. Qısa bir dövrün,
2017-2020-ci illərin ədəbiyyatına və ədəbi
prosesinə həsr edilmiş Ədəbi proses müzakirələri
bir çox cəhətlərinə görə Ədəbi
proses müzakirələrinin tarixi inkişaf yolunda yeni mərhələ
hesab edilməlidir. Əvvəla, sovet dövrü Ədəbi
proses müzakirələrinin elmi sessiya formatında təqdim
olunmasından fərqli olaraq, müstəqillik illərində
bu müzakirələr, əvvəlcə, 2014-cü ildə
elmi konfrans, sonrakı illərdə isə
yaradıcılıq müşavirəsi miqyasında təqdim
olunmuşdur. Əhatə dairəsinin genişliyinə, məruzələrin
kəmiyyət və keyfiyyət göstəricilərinə
görə, müzakirələrdə iştirak edənlərin
geniş tərkibinə əsasən 2017-2020-ci illərin
«Ədəbi proses» müşavirələri özündən
əvvəl və hətta sonra bu formatda keçirilən
elmi-ədəbi tədbirlərin ən yüksək nöqtəsidir.
Təşkilatçılar 2017-ci ildə Ədəbi
proses müzakirələrində yeni mərhələnin
başlandığını və onun özünəməxsus
xarakterə malik olduğunu açıq şəkildə elan
etmişlər. Belə ki, 2017-ci ilin Ədəbi prosesinə həsr
edilmiş müşavirədə ədəbi proses müzakirələrinin
elmi-ədəbi hərəkat səviyyəsinə
çatdığı bəyan olunmuşdur: «Doğrudan da, bu
ilin səviyyəsindən baxanda hazırkı mərhələdə
«Ədəbi proses yaradıcılıq müşavirələri
əhatə dairəsinin və
iştirakçılarının genişliyinə, müzakirələrin
miqyasına, əks-sədasına və problemlərin
masştabına görə elmi-ədəbi hərəkat səviyyəsinə
çatmışdır. Bu, müasir Azərbaycan ədəbiyyatını
illər üzrə bütün yönləri ilə təhlil
edib dəyərləndirən ardıcıl və sistemli bir
elmi-ədəbi hərəkatdır. Ədəbi proses marafonu
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
mahiyyətini açan, səciyyəsini müəyyən edən,
modellərini meydana qoyan, gələcək inkişaf
yollarını göstərən hərəkatdır. Bu hərəkat
Azərbaycan ədəbiyyatşünaslıq elminin
ayrı-ayrı nəsillərini və bütün elmi dərəcələrdən
olan elm adamlarını vahid platforma ətrafında
özündə birləşdirir»[3].
Bu baxımdan 2018-ci ilin Ədəbi proses müzakirələrini
daha geniş əhatə dairəsinə malik olan və konkret
hədəfləri ilə səciyyələnən əsl
elmi-ədəbi hərəkat adlandırmaq lazımdır.
İlin ədəbi yekunlarına həsr edilmiş bu
müzakirələr elmi sessiya və ya elmi konfransla qurultay
arasında olub, Azərbaycan ədəbiyyatını
bütün əsas istiqamətləri, mühüm
janrları və problemləri ilə birlikdə əhatə
edən geniş elmi-ədəbi yaradıcılıq hərəkatıdır.
Bu mənada, 2017-ci ilin Ədəbi proses müzakirələri
özündən əvvəlki illərdə
keçirilmiş Ədəbi prosesə həsr edilmiş tədbirlərin
yekunu və müasir ədəbi prosesi daha masştablı
şəkildə təqdim etməyin isə mükəmməl
başlanğıcıdır.
Ədəbi proses müşavirələrinin elmi-ədəbi
hərəkata çevrildiyi mərhələnin ən
xarakterik cəhəti bu illərdə həm
yaradıcılıq sahələri və həm də janrlar
üzrə müzakirələrin miqyasının maksimum
genişliyi və analitik təhlilin nəzəriyyə səviyyəsinin
yüksəlməsi ilə səciyyələnir. Bundan
başqa, bu tarixi mərhələnin məruzəçiləri
sırasında Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda bütün elmi nəsillərin təmsil
olunması və cavan nəslin meydanının genişlənməsi
də elmi-ədəbi hərəkat mərhələsinin nəzərəçarpan
mühüm cəhətlərindən biridir. Eyni zamanda,
Ədəbi proses – 2018 və Ədəbi proses – 2019-da Ədəbiyyat
İnstitutunda olan məruzəçilər və
iştirakçılardan əlavə, ölkəmizin
yaradıcılıq təşkilatlarının, ədəbi
mətbuatın, ali məktəblərin və sosial şəbəkələrin
nümayəndələrinin ən çox təmsil
olunması və dialoqa qoşulması ilə Ədəbi
proses müşavirələrinin miqyası və
masştabı ən yüksək həddə
çatmışdır. Həcm etibarilə də bu illərin
Ədəbi proses müzakirələrindən beş yüz səhifədən
çox olması sadəcə, kəmiyyət göstəricisi
olmayıb, analitik təhlilin və müqayisələrin dərinləşdirilməsi
və genişləndirilməsinin əlamətidir.
Məlum olduğu kimi, sovet dövründə ədəbi
növlər üzrə 4-5 elmi məruzələr əsasında
təşkil olunan Ədəbi proses müzakirələri
müstəqillik illərində tədricən məruzələrin
əhatə dairəsinin genişləndirilməsi ilə ədəbi
növlərdən janrlar üzrə dinamikanın təqdiminə
doğru inkişaf etmişdir. İlk dəfə 1976-cı ildə
ədəbi növləri və ədəbi tənqidi əhatə
edən dörd elmi məruzə ilə yola başlayan Ədəbi
proses müzakirələri 2014-cü ildə, müstəqillik
dövründə əhatə dairəsini genişləndirərək
9 elmi məruzə ilə yenidən meydana
çıxmışdır. Yeni mərhələnin ən
mühüm elmi yeniliyi ədəbi proses müzakirələrinin
klassik ədəbi növlər: lirika, epik ədəbiyyat,
dramaturgiya ilə yanaşı, ədəbi tənqidlə bərabər,
müxtəlif yaradıcılıq sahələrinə və
janrlara doğru genişlənməkdən ibarət
olmuşdur. Belə ki, Ədəbi proses hərəkatında
ilk dəfə 2014-cü ildə «İlin poema
yaradıcılığı» məruzəsi ilə Azərbaycan
ədəbiyyatını ədəbi növlər üzrə
təqdim etməkdən janrlar üzrə təhlilə
keçid prosesi başlanmışdır. Eyni zamanda,
2014-cü ilin Ədəbi proses müzakirələrində ədəbi
növlərlə yanaşı, digər yaradıcılıq
istiqamətlərinə, «Bədii tərcümə» və «Bədii
publisistika»ya həsr olunmuş məruzələr də ilk dəfə
olaraq gündəmə daxil edilmişdir. Bu proses sonrakı illərdə
genişlənməkdə davam etdirilmişdir. Bunun nəticəsidir
ki, 2014-cü ilin Ədəbi prosesinə həsr edilmiş
elmi toplu «Ədəbi prosesin geniş elmi təqdimatı»
adı ilə ictimaiyyətə ünvanlanmışdır. Bu
ildə ilk dəfə olaraq bədii nəsr, yaxud epik ədəbiyyat
roman, povest və hekayə janrlarına həsr edilmiş məruzələrlə
təqdim edilmişdir. Yaradıcılıq sahələrinə
dair məruzələrin sırasına əvvəlki ildəkilərdən
başqa, uşaq ədəbiyyatına və ədəbi gəncliyə,
habelə Azərbaycan ədəbiyyatşünaslıq elminə
dair məruzələr də qoşulmuşdur. Daha sonra
2015-2016-cı illərdə ədəbi növlərdən
janrların təqdimatına doğru inkişafın
dinamikası inkişaf etdirilmişdir. Yaradıcılıq sahələri
və janrlar üzrə təqdimatlar Ədəbi prosesi və
ümumən ədəbiyyatı bütün dərinliyi və
özünəməxsusluqları ilə göstərməyə,
ədəbiyyatda baş verən keyfiyyət dəyişiklikləri
haqqında daha əhatəli elmi söz deməyə imkan
yaratmışdır. Bununla belə, 2018-2019-cu illərdə ədəbi
ilin yekunlarının həm sahələr və həm də
janrlar üzrə təhlillərində əvvəlki illərlə
müqayisədə maksimum genişlik və rəngarənglik
nümayiş etdirilmişdir. Məhz bu mərhələdə
2018-ci ildə poeziya 2 məruzədə, bədii nəsr 4 məruzə
ilə, ədəbi əlaqələr 3 məruzə əsasında
dərindən və əsaslı şəkildə təhlil
edilib dəyərləndirilmişdir. Ədəbi proses –
2019-da janrlar üzrə təhlillərdə də yüksək
dinamika yaşanmışdır. Bununla belə, Ədəbi
proses müşavirələrinin tarixində ilk dəfə
olaraq 2019-cu ildən etibarən «Sosial şəbəkələr
dövründə ədəbiyyat» mövzusu da tədqiqat
obyektinə çevrilmişdir. Bu, ədəbi proses
müzakirələrinin yeni tarixi epoxanın inkişaf
xüsusiyyətləri ilə səsləşmək
yolundakı əhəmiyyətli təşəbbüslərindən
biridir. Eyni zamanda, 2018-2019-cu illərdə Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri olan satiradan ədəbi növlərdən
biri kimi söz açılmış, esse, sonet, ədəbi
portret, oçerk janrları da ayrı-ayrı elmi məruzələrlə
təhlilə cəlb edilmişdir. Bunlar dövrün ədəbi
mənzərəsinin bütün genişliyi və zənginlikləri
ilə təqdim olunmasına imkan yaratmışdır. Ədəbi
prosesin 2020-ci ilin sentyabr ayına – Vətən müharibəsinin
başlanmasına qədərki dövründə
müşahidə olunan janr müxtəlifliyi baxımından
genişlik və əlvanlıq Azərbaycan ədəbiyyatının
inkişafında prioritetlik təşkil etmişdir. Bunlar ədəbi
proses hərəkatındakı yeni dalğanın
aparıcı təzahür formaları idi.
Ədəbi proses hərəkatında yeni dalğa tam
yeni olan məsələlərin elmi dövriyyəyə gətirilməsinə
səbəb olmuşdur. Ədəbi prosesin
çoxqütblü inkişafının sistemli nəzəri
təhlili icmal tənqidindən problemlərin şərh edilməsinə
həsr edilmiş monoqrafik tədqiqatlara keçid
üçün meydan açmışdır. Müstəqillik
illərində meydana çıxmış ədəbi cərəyanların
müzakirə meydanına gətirilməsi də yeni
dalğanın təzahürüdür: Artıq müstəqillik
dövrü özünün xarakteri ilə Azərbaycan ədəbiyyatında
yeni tipli ədəbi cərəyanların formalaşmasını
şərtləndirmişdir. «Ədəbi proses – 2018»
yaradıcılıq müşavirəsində həmin proses
aşağıdakı kimi izah olunmuşdur: «Beləliklə, ədəbi
prosesin təkcə faktları və ayrı-ayrı hadisələri
ilə deyil, kompleks halda əsas axınları, ədəbi cərəyanları,
mərhələləri və perspektivləri ilə birlikdə
araşdırıb üzə çıxarılmasına
doğru maraq, təşəbbüs və cəhdlər
qüvvətlənmişdir.
Bütün bunlar isə hazırkı mərhələdə
ədəbi proses müzakirələrində, ilin ədəbi
yekunlarında ədəbi növlərin və janrların
inkişaf templərini müəyyən etməkdən
müasir ədəbi axınların, ədəbi cərəyanların
təzahür formaları və inkişaf dialektikasının
şərh edilməsinə keçidə start vermişdir».
Ədəbi proses 2017-ci ildən etibarən müzakirələrdə
«Ədəbiyyat nəzəriyyəsi» mövzusunda xüsusi
bir elmi məruzənin müəyyən edilməsi Azərbaycan
ədəbiyyatında baş vermiş yeniləşmə
proseslərinin əsaslı şəkildə təhlil edilərək
qiymətləndirilməsi zərurətindən əmələ
gəlmişdir. Bu, elmi xarakterə malik ədəbi proses hərəkatının
Azərbaycan ədəbiyyatında gedən proseslərə
doğru atdığı adekvat addımlardan biri kimi
mühüm əhəmiyyətə malikdir. Azərbaycan ədəbiyyatının
ümumi mənzərəsində diqqəti cəlb edən ədəbi
qrupların, necə deyərlər, qruplaşdırılaraq ədəbi
cərəyanlara çevrilməsi prosesinin Ədəbi proses
müşavirələrində əsas mövzular
sırasına çıxarılması ədəbi tənqidlə
ədəbiyyat nəzəriyyəsinin birlikdə ədəbiyyatın
inkişafına vahid ədəbi mövqedən və ya eyni səviyyədə
yanaşmalardan çıxış etdiyini nümayiş
etdirir. Ədəbi proses – 2018-də «Nəsr: nəzəriyyə
və yaradıcılıq texnologiyaları», Ədəbi proses – 2019-da «Ədəbiyyat
nəzəriyyəsi: istiqamətlər və problemlər»,
«Çağdaş satiranın mövzu və ideya
qaynaqları», «Tənqid və ədəbi proses» (şikayət
tezisləri ilə) və sair kimi
mövzuların müzakirəsi Ədəbi proses
müzakirələrinin nəzəri səviyyəsinin
yüksələn xətlə inkişaf etdiyini əks etdirir.
Bu baxımdan məhz «Ədəbi proses müzakirələrinin
elmi-ədəbi hərəkata çevrilməsi mərhələsi»ndə,
«Ədəbi cərəyanlar müasir ədəbi proseslərdə»
mövzusunda məruzənin meydana çıxması ədəbi
proses hərəkatının müasir dövrdəki ədəbiyyat
nəzəriyyəsi üzrə inkişaf
dialektikasının təbii məntiqindən doğan real nəticədir.
Beləliklə, ilk dəfə olaraq müstəqillik
dövrü Azərbaycan ədəbiyyatında meydana
çıxmış postmodernizm, dekadentizm, neorealizm, magik
realizm, akademizm kimi ədəbi cərəyanlardan söz açılmış,
2019-2020-ci illərin ədəbiyyatında bu ədəbi cərəyanlar
üzrə baş vermiş ədəbi təzahürlərə
elmi münasibət bildirilmişdir.
Göründüyü kimi, 2017-2020-ci illər müstəqilik
dövrü Azərbaycan ədəbiyyatında da, ədəbi
proses hərəkatında da özünəməxsus
inkişaf mərhələsi təşkil edib. Təsadüfi
deyildir ki, ədəbi proses hərəkatının tarixində
ilk dəfə olaraq Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda keçirilən «Ədəbi proses – 2017» və
«Ədəbi proses – 2019»-cu illərin yaradıcılıq
müşavirəsi haqqında dövri mətbuatda elmi
ictimaiyyətin müsbət rəyini ifadə edən məqalələr
çap olunmuşdur. AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlunun 23 iyun 2018-ci il tarixdə «Ədəbiyyat
qəzeti»ndə çap olunan «Ədəbi proses hərəkatı:
praktikadan gerçəkliyə» məqaləsində ifadə
edilən aşağıdakı münasibət ədəbi
proses hərəkatının Azərbaycan elmi-ədəbi
fikrinin inkişafındakı roluna və əhəmiyyətinə
verilmiş obyektiv qiymətin ifadəsidir. «Ədəbi proses»
müşavirəsi 19 yazıda, ilin ədəbi
yekunlarının geniş, ətraflı təfərrüatlı
plastika və panoramını verir. …Hərəkat, eyni zamanda
bu mənzərəni analitik şəkildə təqdim edə
bilən kadrları – bütöv bir tənqidçi
kadrlarını yetirdi, «Ədəbi tənqid» şöbəsinin
yaradılması ilə «proses» əvvəlki güc və
formatda, üstəlik, müstəqillik faktorunun
artırdığı ikiqat şiddətlə gəlişməyə
başlayır».
Filologiya elmləri doktoru Mahirə Quliyevanın «Məmnunluğumu
gizlətmək istəməzdim» (2017) və
tanınmış tənqidçi Məti Osmanoğlunun
«Bütövlük və genişlik işığında»
(2019) adlı mətbuatda çap edilmiş rəylərində
də Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Ədəbi proses” müşavirələrinin əhəmiyyəti
xüsusi qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə
ölkəmizin ən qədim, əzəli torpağı olan
Qarabağda işğalçı Ermənistanın məğlub
edilməsi, xalqımızın qazandığı tarixi Zəfər
ədəbiyyatın da ideya-mövzu, dil və üslub etibarilə
istiqamətini dəyişmişdir. Müharibə və ədəbiyyat,
hərb və sülh mövzuları ədəbiyyatı sel
kimi yeni axara doğru istiqamətləndirmişdir.
Dünyanın gözü qarşısında cəmi 44
gün ərzində Azərbaycan Qarabağ ərazisində
işğalçı Ermənistana qarşı
apardığı ədalətli müharibə və
qazanılan tarixi Zəfər ölkəmizin çoxəsrlik
tarixində yeni mərhələnin meydana
çıxmasını şərtləndirmişdir. Beləliklə,
qəhrəmanlıq səhifələri ilə dolu olan 44
günlük Vətən müharibəsi, əldə edilən
tarixi Zəfər və Qarabağa Böyük
Qayıdış hərəkatı elmi-ədəbi fikrin də
diqqətini Müharibə və Sülh mövzusuna yönəltmişdir.
Vaxtilə Lev Tolstoyun əsasını qoyduğu Hərb və
Sülh problemi ədəbi-elmi və ictimai fikrin əsas
mövzusuna çevrilmişdir. Bunun ardınca 20 sentyabr
2023-cü ildə Azərbaycanın cəmi bir gün ərzində
keçirilmiş uğurlu hərbi əməliyyatla erməni
separatçı qüvvələrini ölkəmizdən
çıxarmağa nail olması müharibə və
sülh mövzusuna ərazi bütövlüyü, dövlət
müstəqilliyi və suverenlik mövzularını da əlavə
etmişdir. Ərazi bütövlüyümüzün tam əldə
edilməsi ilə xalqımızda yaşanan milli qürur,
böyük iftixar hissləri nəticə etibarilə milli-mənəvi
özünüdərk proseslərini qüvvətləndirmiş,
milli dövlətçilik düşüncəsinə və
vətənpərvərlik ruhuna qol-qanad vermişdir.
Bütün bunlar Azərbaycan ədəbiyyatının
çoxəsrlik tarixində yeni mərhələni meydana
çıxarmışdır. Bu tarixi mərhələ
2020-ci ilin sentyabr ayından, yəni Qarabağ savaşı
başlanandan 2023-cü ilin sentyabr ayına – birgünlük hərbi
əməliyyat nəticəsində ərazi
bütövlüyümüzün tam təmin edilməsinə
və bu möhtəşəm tarixi hadisələrin ədəbiyyatımızda
təsvir və tərənnüm edilməsinin ədəbi
gündəmə hakim olduğu həmin ilin sonuna qədər
ardıcıl surətdə davam etmiş və sonrakı –
2024-cü ildə də aparıcı olmuşdur. Eynilə də
Ermənistan tərəfindən Qarabağdakı kəndlərimizin
və şəhərlərimizin vəhşicəsinə
dağıdılmasının doğurduğu həyəcanların
ədəbiyyatda əks-sədası və eyni zamanda tarixi Zəfərdən
sonra dövlət səviyyəsində uğurla həyata
keçirilən Böyük Qayıdış hərəkatının
dalğasında Pənahəli xanın vətənində
yeni kəndlərin və şəhərin
salınmasının, aparılan böyük quruculuq işlərinin
romantikası Azərbaycan ədəbiyyatına yeni mövzular
və obrazlar, fərqli təsvir və tərənnüm
üsulları gətirmişdir. Bu proses öz əks-sədasını
Ədəbi proses hərəkatında da tapmış, 2020-ci
illərin payız aylarından – 2024-cü ilin axırınadək
Azərbaycan ədəbiyyatı Müharibə və Ədəbiyyat,
Hərb və Sülh, Zəfər və Böyük
Qayıdış ab-havası ilə yaşamışdır.
Doğrudur, qeyd edilən mövzulara Azərbaycan ədəbiyyatının
bundan sonrakı inkişaf mərhələlərində,
dövrlərində də fərqli şəkildə, daha
geniş formatda müraciət olunacaqdır. Ölkəmiz Hərb
və Sülh dövründən tarixi baxımdan
uzaqlaşdıqca, Müharibə və Böyük
Qayıdış mövzularında daha geniş həcmə malik
olan ədəbiyyat və incəsənət əsərləri
meydana çıxacaqdır. Lakin 2020-2024-cü illərin ədəbiyyatının
aparıcı xəttini müharibə və sülh
mövzusu təşkil etdiyi üçün həmin dövr
Azərbaycan ədəbiyyatında da, bu ədəbiyyatın
təhlil edilib qiymətləndirilməsi vəzifələrini
həyata keçirən Ədəbi proses hərəkatında
da xüsusi bir elmi-ədəbi mərhələ statusu
qazanmışdır. Bu illərin şərti olaraq Ədəbi
proses hərəkatının ən yeni dövrü, yaxud Zəfər
diskursu mərhələsi adlandırılmasını məqsədəuyğun
hesab edirik. Mövzu, ideya, süjet, obrazlar, təsvir və tərənnüm
vasitələri etibarilə bir-birini tamamlayan 2020-2024-cü illərdən
hər birinin Ədəbi proses hərəkatında
bütöv bir tamın ayrılmaz hissələri olduğunu
nəzərə alan təşkilatçıların həmin
illərə aid Ədəbi proses yaradıcılıq
müşavirələrini bir-birinə yaxın, biri digərini
şərh edən və tamamlayan mövzuların və
problemlərin işığında keçirmələri
tamamilə təbiidir. Bu mənada, 2020-2021-ci illərin Ədəbi
proses yaradıcılıq müşavirəsinin ikiillik
hesabının bir yerdə təşkil olunması və həmin
illərin ədəbi prosesinin “Müharibə və ədəbiyyat.
Zəfər diskursu” istiqamətində keçirilməsi Azərbaycan
ədəbiyyatında meydana çıxmış yeni ədəbi
mərhələnin aparıcı istiqamətlərinin elmi cəhətdən,
tənqid və ədəbiyyatşünaslıq
baxımından qiymətləndirilməsinə şərait
yaratmışdır. Azərbaycan ədəbiyyatının
romantik korifeyi Hüseyn Cavidin Birinci Dünya müharibəsi
dövründə, 1916-cı ildə yazdığı “Hərb
və fəlakət” şeiri və 1918-ci ildə səhnəyə
çıxarılmış məşhur “İblis” faciəsi
yeni ədəbi-tarixi mərhələnin ədəbiyyatının
elmi cəhətdən təhlil edilərək dəyərləndirilməsinin
strateji əsasları kimi qəbul olunmuşdur. Hüseyn
Cavidin təqdimatında “cümlə xəyanətlərə
bais” olan İblislərin – “qan püskürən, atəş
sovuran kinli kralların” özlərinin mənfur siyasətlərini
həyata keçirmək üçün törətdikləri
fəlakətlərin bədii ifadəsi kimi təsvir etdiyi
müharibə mövzusu yeni tarixinin mərhələ ədəbiyyatında
işğalçı Ermənistanın və onun ədalətsiz
havadarlarının qanlı cinayətləri olaraq ifadə
edilmişdir. Bununla belə, Azərbaycan ədəbiyyatının,
ilk növbədə, tarixi Zəfərdən doğan və
heç nə ilə müqayisə edilməsi mümkün
olmayan qeyri-adi sevinc və milli qürur hisslərini, bu qələbənin
rəmzinə çevrilmiş Dəmir Yumruğu, Zəfər
paradını və Xankəndi paradını Böyük
İlhamla tərənnüm etməsi müharibə və ədəbiyyat
mövzusunun ədalətli müharibə və Zəfər təntənələri
formatında vəsf olunmasının əsasını təşkil
etmişdir. Birinci Dünya müharibəsində tərkibində
olduğumuz Çar Rusiyasının məğlub ölkə
kimi çıxması, Böyük Vətən müharibəsində
qazanılan qələbənin keçmiş SSRİ-yə
daxil olan bütün
xalqların ümumi zəfəri olması Azərbaycan ədəbiyyatında
“Müharibə və ədəbiyyat” mövzusunda
yazılmış əsərlərdə qələbə
motivlərinin azərbaycançılıq ideyalarının
işığında tam və təbii şəkildə təsvir
edilməsinə və tərənnüm olunmasına imkan verməmişdir.
Məlum olduğu kimi, İkinci Dünya müharibəsi
mövzusunda yazılmış bədii əsərlərdə
səfərbərlik, hərb səhnələri, sosialist vətənpərvərliyi
və beynəlmiləlçilik, xalqlar dostluğu səhnələri
üstünlük təşkil etmişdir. Azərbaycanın
müstəqillik dövründəki Vətən müharibəsi
isə xalqın əzəli-əbədi, dədə-baba
torpaqları uğrunda aparılan ədalətli müharibə
olduğu üçün bu mövzu ədəbiyyatımızın
vətənpərvərlik və azərbaycançılıq
motivlərini tam olaraq meydana çıxarmış, ədəbiyyatda
qəhrəmanlıq və vətənpərvərlik ruhu
hakim olmuşdur.
Bütün bunlara görə 2020-2021-ci illərin birgə
keçirilmiş yaradıcılıq müşavirəsi
öz işini «Müharibə və ədəbiyyat. Zəfər
diskursu» tezisinin işığında qurmuşdur. Ardınca
2022-ci ilin Ədəbi proses müzakirələri
üçün «Ədəbi prosesin inkişaf dialektikası
və Böyük Qayıdış» problemi aparıcı xətti
müəyyən etmişdir. Bu ildə müzakirəyə
çıxarılan müddəalar sırasında
«Şuşa ili»ndə ədəbi tənqid», «Şuşa
ili»nin uşaq ədəbiyyatı» kimi mövzuların da
olması Zəfər və Böyük Qayıdış
motivlərinin ədəbiyyatda bütün istiqamətlər
üzrə geniş yer tutduğunu nümayiş etdirir.
Sonrakı 2023-cü ildə isə Ədəbi prosesin «ədəbiyyatda
bütövlük və ədəbi prosesdə nəzəri
dərinlik» adlandırılması da təsadüfi
olmayıb, Azərbaycan ədəbiyyatında Vətən
müharibəsi – Qarabağ savaşı mövzusunun Tam
Ərazi Bütövlüyü ideyası ilə birlikdə
daha dərindən, dərk olunmuş şəkildə təsvir
və tərənnüm edilməsi ilə yanaşı, həm
də yüksək elmi-nəzəri səviyyədə şərh
edilməsi məsələlərini nəzərdə tutur.
Ədəbi proses hərəkatında haqlı olaraq qeyd
edildiyi kimi, 2023-cü ilin Azərbaycan ədəbiyyatı 44+1
formatında inkişaf etdirilərək Qarabağ hərəkatının
bütün gedişatını əks etdirmişdir.
2023-cü ilin ədəbi yekunlarına həsr olunmuş
toplunun baş məqaləsində yazıldığı
kimi, «İndiki halda Qarabağ mövzusu ədəbiyyat
üçün yalnız işğaldan azad olunmuş Azərbaycan
torpaqlarının vəsf edilməsindən başqa, daha
çox ölkəmizin ərazi bütövlüyünün
və suverenliyinin təsvir və tərənnüm
olunması deməkdir. Qısa müddət ərzində Azərbaycan
ədəbiyyatında Qarabağ mövzusunun Zəfər
mövzusu olmaqla bərabər, həm də
Bütövlük mövzusuna çevrilməsi Müzəffər
Ali Baş Komandanımız İlham Əliyevin çoxəsrlik
Azərbaycan tarixində ilk dəfə olaraq birgünlük hərbi
əməliyyatla xalqımıza və ölkəmizə
qazandırdığı tam ərazi bütövlüyündən
və suverenlikdən doğan böyük idealın əks-sədasıdır.
Deməli, müstəqillik tariximizin 44+1 formulu Azərbaycan ədəbiyyatında
Bütövlük mövzusunun ədəbi düsturudur.
Doğrudur, hələlik Azərbaycan ədəbiyyatında
tam bütövlükdən çox, Bütövlük
uğrunda gedən ədəbi prosesin dalğası daha
qabarıq şəkildə görünməkdədir. …Lakin
44+1 formulu, yəni Qarabağ Zəfəri və Ərazi
Bütövlüyü və Suverenlik ədəbiyyatda
Bütövlüyün təntənəsinin tərənnüm
edilməsinin əsas hərəkətverici qüvvəsidir».[4]
Azərbaycan ədəbiyyatının 44+1
formatında inkişafı 2024-cü ildə də davam
etmişdir. İlin poeziyasının ədəbi
icmalını yazan ustad tənqidçi Vaqif Yusiflinin
düzgün müşahidə etdiyi kimi, təkcə poeziyada
yox, ümumiyyətlə ədəbiyyatda «Ədəbi Zaman
davam etməkdədir» – ədəbiyyatın əbədi
mövzularından biri olan «İnsan və Zaman» mövzusu
2024-cü ildə Azərbaycan ədəbiyyatında «İnsan
– Zaman və Müharibə» mövzusu miqyasında
yaşamış və inkişaf etmişdir. Dramaturgiya
icmalında da Vətən müharibəsi mövzusunda
yazılmış hekayə, povest və romanlardan bəhs edilməsi,
bütövlükdə torpaqlarımızın azad
olunması ideyasının səhnəyə
çıxarılması ədəbiyyatda Bütövlük
idealının bütün cəbhə boyu inkişaf
etdirildiyini göstərir. Eyni zamanda, 2024-cü ilin
publisistikasının «Zəfər publisistikası»
adlandırılması da həmin prosesin bədii publisistikada
da özünə möhkəm mövqe qazandırdığını
nümayiş etdirir. Bu ilin ədəbiyyatında və
publisistikasında Böyük Qayıdış hərəkatının
inkişaf ritmlərinin əks-səda tapması da
Bütövlük anlayışının tamamlanmasına
xidmət edir. Nəticə etibarilə 2024-cü ilin Ədəbi
proses müşavirəsinin materialları Zəfər diskursu
mərhələsinin ədəbiyyatdakı təzahürlərinin
daha da genişlənməsi və dərinləşməsi ilə
xarakterizə oluna bilər ki, bu da, öz növbəsində,
sonrakı dövrdə Azərbaycan ədəbiyyatında Vətən
müharibəsi mövzusunda yazılacaq daha masştablı bədii
əsərlərin meydana çıxması üçün
möhkəm bünövrənin formalaşması deməkdir.
Ədəbi proses – 2024-də müşahidə olunan
iki mühüm cəhəti də qeyd etməyi lazım bilirəm.
Belə ki, bu ilin müxtəlif janrları üzrə
yazılmış bədii əsərlərində türk
dünyası ilə əlaqədar mətnlərin qabarmaqda
olduğu nəzərə çarpır. Türk
dünyasını əks etdirən mövzular, süjetlər
və obrazlar Bütövlük anlayışının mahiyyət
etibarilə daha geniş şəkildə
aldığını nümayiş etdirir. Ölkəmizin
yaradıcılıq təşkilatlarında və akademik
qurumlarında türk dünyası ilə bağlı tədbirlərin
miqyasının genişlənməsi, müzakirələrin
aktivləşməsi həmin Bütövlük və
genişlik anlayışlarının müasir dövrdəki
trayektoriyasını təsəvvür etməyə imkan
verir. Bu rakursda olan Bütövlük və genişlik
anlayışının ədəbiyyatın sadəcə
coğrafi cəhətlərini deyil, yeni tarixi şəraitdəki
mili-mənəvi dərinliklərini və üfüqlərini
də əhatə etməkdə olduğunu nəzərə
alsaq, bu zəmində növbəti illərin ədəbi
proseslərinin əsas tendensiyalarını
proqnozlaşdırmaq mümkündür.
İkinci mühüm cəhət isə 2024-cü
ilin ədəbiyyatında və elmi-ədəbi fikrində
süni intellektin və rəqəmsal inkişafın addım
səslərinin daha aydın surətdə eşidilməsi ilə
əlaqədardır. Bu isə Azərbaycan ədəbiyyatının
bütün dövrləri və mərhələləri
üçün xarakterik olan müasirlik kateqoriyasının ədəbi
prosesin indiki səviyyəsində cəmiyyətdə gedən
bu proseslərin daha iri addımlarla ədəbiyyata doğru hərəkət
etməkdə olduğunu göstərməkdədir. Ədəbiyyat
bu cəhətdən oxucunu artıq qaçılmaz olan
süni intellekt və rəqəmsal cəmiyyətə
hazırlamaq üçün ən yaxşı maarifləndirici
platformadır. Yazıçı və şairlərin bədii
ədəbiyyat vasitəsilə xalqımızı qlobal
dünyanın yeni çağırışlarına
hazırlaması müsbət qarşılanmalıdır.
Lakin yazılı ədəbiyyatın sosial şəbəkə
ədəbiyyatı ilə rəqabəti və ya
anlaşması hələ bitməmiş, indi də süni
intellektin yaratdığı ədəbiyyatla
davranışın meydana çıxması yaradıcı
qüvvələri ədəbi prosesdə rəqabət
mühitinin meydana çıxaracağı problemlərə
hazır olmalarını tələb edir. Fikrimcə, süni
intellekt və rəqəmsal cəmiyyətin
yaratdığı yeni tipli ədəbi proses istər-istəməz
intellektual ədəbiyyatın meydanını genişləndirəcəkdir.
Orta əsrlərin «elmsiz şeir, əsası yox divar olur» tələbi
XXI əsrin ədəbi gedişatı üçün daha zəruri
tələb kimi ədəbi mühitin qarşısında
dayanmalı olacaqdır. Bütün hallarda 2024-cü ildə
Azərbaycan ədəbiyyatında və elmi-ədəbi
mühitində süni intellekt və rəqəmsal cəmiyyətlə
bağlı baş verən təzahürlər
qarşıdakı yaxın dövr ədəbiyyatının
astanasında olduğumuzu göstərir. Bu qaçılmaz ədəbi-ictimai
prosesləri inkar etmək yox, həmin rəqabətdə bədii
istedadın gücünü və imkanlarını
nümayiş etdirən yeni tipli ədəbiyyat
yaratmağın yolları haqqında düşünmək
daha faydalı olardı. Ədəbiyyatın əsas
ünvanı olan oxucu özünü harada, hansı növ ədəbiyyatda
tapmalıdır? – sualına yalnız müasir dövrün
çağırışlarına sosial şəbəkə
və süni intellekt ədəbiyyatından daha çox oxuna
bilən əsərlər yazmaqla cavab vermək olar. Ədəbiyyatın
isə həmin suallarla üz-üzə olacağı zaman nəinki
uzaqda deyildir, hətta yazıçıdan çox, oxucu
artıq o mühitin içindədir.
Nəhayət, ədəbi prosesin elmi-ədəbi hərəkata
çevrilməsində mətbuatın rolu ayrıca qeyd edilməlidir.
Bu cəhətdən Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda keçirilən Ədəbi proses müzakirələrinin
ölkə gündəminə çıxarılması,
elmi-ədəbi hadisəyə çevrilməsi Azərbaycan
Yazıçılar Birliyinin mətbu orqanları olan «Ədəbiyyat
qəzeti» və «Azərbaycan» jurnalının xidməti
sayıla bilər. Bu məqamda «525-ci qəzet»in də Ədəbi
proses müzakirələrinə qapı açmasını
minnətdarlıqla qeyd edirik. Bütün bunlarla bərabər,
Ədəbi proses hərəkatının formalaşması və
inkişafında «Ədəbiyyat qəzeti»nin müstəsna
rolu da dərindən minnətdarlığa layiqdir. Ədəbi
proses müzakirələrinin 2013-cü ildə yeni mərhələsinə
başlandığı vaxtdan «Ədəbiyyat qəzeti» bu
hadisəyə daim yer ayırmışdır. Bununla belə,
«Ədəbiyyat qəzeti»nin 2018-ci ildən etibarən hər
il Ədəbi prosesi müzakirə məruzələrini
xüsusi buraxılış şəklində çap edib,
ictimaiyyətə çatdırması həm mətbuat tarixi
və həm də ədəbiyyat tarixi üçün
mühüm hadisədir. Ədəbi proses müzakirələrinin
Akademiya mühitindən ölkə gündəminə
çatdırılmasına «Ədəbiyyat qəzeti» bu
işin əsas təşkilatçısı olan Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu qədər məsuliyyətlə
xidmət etmişdir. Ədəbi proses toplusunun 10 kitabda təqdim
olunması isə artıq Ədəbi prosesin çoxcildlik
külliyyatının yaranması deməkdir. Çoxcildlik
Ədəbi proses topluları ədəbi proses hərəkatının
salnaməsidir. Ədəbi proses kitabları müstəqillik
dövrü Azərbaycan ədəbi tənqidinin oçerkləridir.
«Ədəbiyyat qəzeti» isə Ədəbi proses hərəkatının
güzgüsü və açıq kitabıdır.
Bu gün də Ədəbi proses – 2024-ün məruzələri
tam halda «Ədəbiyyat qəzeti»nin mətnləri kimi
oxuculara təqdim olunur…
Minnətdarıq!
09 iyul 2025-ci il
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.4-7.