Söhbət
2024-cü ilin poeziyasından gedir
Minillik Azərbaycan poeziyasının 2024-cü ili sona
yetdi. Ədəbi Zaman isə hələ davam edir.
Çünki o, bir ilə, beş ilə, on ilə, yüz ilə
və yüz illərə sığan deyil. Necə ki, “Nizami,
Füzuli, Nəsimi, Sabir, Şəhriyar zamanı bitib” deyə
bilmərik. Əsrlərdir ki, onların poeziya ömrü
tükənmir. Füzulişünas Sabir Əliyev bir məqaləsində
yazırdı ki: «Bu saat Azərbaycan şeirində tam və
bütöv Füzuli yoxdur. Amma bugünkü şeirimizdə
hər şairdə Füzuli bir zərrə qədər
yaşayır». Abbas Səhhət isə Sabir haqqında
yazmışdı ki: «Yox, yox, əsla sən ölmədin,
dirisən, Ən böyük qəhrəmanların birisən».
Həmişə poeziyamızın dünənindən
və bu günündən söz açanda belə bir fikri
vurğulayırıq ki, poeziyamızıın hər bir mərhələsi
özündən əvvəlki mərhələnin təkrarı
deyil, amma əvvəlki mərhələnin ən gözəl,
yaşarı ənənələri davam edir, bədii söz
də bu ənənələrə biganə qalmır, amma
yeni dövrün ruhuna köklənir. Poeziyada yenilik, yeni meyil
və tendensiyalar əgər müəyyən inkişafın
stimulu sayılırsa, novatorluq hadisəsi hesab olunur. Burada
Poeziyanın Zamanı ilə Bu Günün – Bu Zamanın
Poeziyası məfhumları arasında həm yaxın, həm
də fərqli xüsusiyyətlər diqqəti cəlb edir.
Poeziyanın Zamanı, öncə qeyd etdiyimiz kimi,
uzunömürlüdür – əsrlərdən-əsrlərə,
nəsillərdən-nəsillərə qədər
yaşayır, Bu Günün – Bu Zamanın Poeziyası isə
təzə-təzə yaranır, biz hər gün, hər həftə,
hər ay qəzet və jurnal səhifələrində, həmçinin
nəşriyyatların çap etdikləri onlarla, hətta
yüzlərlə kitabda yeni şeirlərlə, poemalarla
rastlaşırıq. Gəlin, etiraf edək ki, bu
çoxluqda, bu basabasda, tələbkarlığın
çox zaman qeybə çəkildiyi bir zamanda zəif
şeir nümunələri ilə də tez-tez
qarşılaşırıq. Xatırlayaq qırx-əlli il bundan
əvvəl şeir kitabları çap olunan şairləri
barmaqla göstərərdilər, o şairlər (xüsusilə
gənclər), necə deyərlər, sevinc dənizinə qərq
olardılar. Çünki həmin illərdə kitab çap
elətdirmək çətin idi, həm də məsuliyyət
hissi vardı. Amma indi, heç mübaliğə olmasın, hər
yerindən duran, necə deyərlər, özünü dərya
bilən damcılar üçün bu işin öhdəsindən
gəlmək heç də çətin deyil. Burada Tofiq
Bayramın «Zorla şair olmazsan» şeirindəki bu misralara
üz tuturuq: «Zorla Allah olarsan, Zorla şair olmazsan!»
Söhbət 2024-cü ilin poeziyasından gedir və
öncə söylədiyimiz bu gileyimizi bir kənara qoyub ilk
növbədə, bu günün həqiqətlərini əks
etdirən, bizim estetik zövqümüzü oxşayan,
formalaşdıran şeirlərdən söz açaq. Eyni
zamanda şeirimizdə nəzərəçarpan, təkcə
bir ilin poeziyasına deyil, XXI əsrin Azərbaycan
poeziyasına da şamil olunan qüsurlara da toxunaq. Fikir və
mülahizələrimizi İnsan və Zaman, İnsan və
Müharibə, İnsan və Təbiət, İnsan və
Sevgi paralelləri üzərində quraq. Çünki
hansı mövzuda yazılmasından asılı olmayaraq
şair hər bir şeirdə öz hiss və
duyğularını ifadə edir. Dahi Belinski yazırdı ki:
«İnsanın obrazı sənətdə nurlanır və
yüksəldilir: yunan incəsənətində insan
obrazı ən ali ideal gözəlliyi ifadə edir… Məsələn,
böyük rəssamın çəkdiyi portretdə insan
özünə daha çox oxşayır... çünki
böyük rəssam həmin insanın daxilindəki və hətta
insanın özü üçün də sirr olan hər
şeyi kəskin cizgilərlə üzə
çıxarıb göstərir».
İNSAN – ZAMAN – MÜHARİBƏ. 1965-ci ildə Xalq
şairi Cabir Novruz bir şeirində yazırdı: «Çox qəribə,
çox maraqlı bir əsrdə yaşayırıq, Yerə
bağlı, göyə bağlı bir əsrdə
yaşayırıq. Boğazından ilan çıxan bir əsrdə
yaşayırıq, Nəfəsindən uran çıxan bir əsrdə
yaşayırıq. Çox təzadlı bir əsrdə
yaşayırıq, İstedadlı bir əsrdə
yaşayırıq».
Azərbaycan şairlərinin Zamanla, Əsrlə
bağlı düşüncələri iyirminci yüzilliyin
bütün onillikləri boyu, xüsusilə, 50-80-ci illərdə
poeziyada əks-səda tapırdı. Zaman heç də
mücərrəd məfhum deyil və şairlər
yaşadıqları zamanın – əsrin xarakterini,
ab-havasını və insanların taleyinə necə təsir
etdiyini dilə gətirirdilər.
Azərbaycan şeirində İnsan və Zaman
konsepsiyası doxsanıncı illərdə –müstəqillik
əldə olunandan sonra və XXI əsrin əvvəllərində
də bədii düşüncədə öz poetik ifadəsi
ilə diqqəti cəlb etdi. Şairlər Azərbaycanda
baş verən ictimai-siyasi hadisələri, müstəqillik
uğrunda gedən milli azadlıq mübarizəsini, Qarabağ
müharibəsini, soyqırımıları bədii tarixin səhifələrinə
həkk etdilər.
Bəli, biz müstəqilliyə qovuşduq, 44
günlük qələbədən sonra torpaqlarımız
düşmən tapdağından tam azad olundu. Amma Xalq
şairi Sabir Rüstəmxanlının ifadəsilə desək:
«Savaş bitməmiş hələ». Bu ifadəni biz daha
çox poeziyaya şamil edirik. Bu gün Əşrəf Veysəlli,
Rafael Tağızadə, Elçin İsgəndərzadə,
Vaqif Bəhmənli, Əbülfət Mədətoğlu,
Mahirə Nağıqızı, Rəşid Faxralı, Əli
Rza Xələfli, Musa Ələkbərli, Emin Piri, Həsən
Kür və qazi şairlərimiz üçün doğrudan
da, savaş hələ bitməyib... Zaman onların
qarşısında donub qalmayıb.
Şair Qasım Qasımzadə bir şeirində
Şuşanı «Qarabağın zümrüd tacı»
adlandırmışdı. Şairlərimiz Qarabağı və
onun «zümrüd tacı» olan Şuşanı vəsf və
tərənnüm etməkdən yorulmurdular. Ancaq Qarabağ –
Şuşa işğal olunandan sonra onların başı
üzərində qara buludlar dolaşdı. Şeirimizdə
bu mənada elegik ruh və nostalji hisslər ön plana
keçdi. Ancaq iyirmi səkkiz ildən sonra bu qara buludlar
çəkildi. Şuşa əvvəlki növrağında
şeirimizə qayıtdı.
Şuşam, Şuşam, ay Şuşam,
belə çağın mübarək!
Dumanları çəkilən
çölün, dağın mübarək!
Bu misralar Elçin İsgəndərzadənindir – son
illərdə onun Şuşa ilə bağlı bir silsilə
şeirləri çap olunub.
Mahirə Nağıqızının son illərdə
yazdığı şeirlərdə Qarabağ mövzusu
(tarixi və bu günü), xalqımızın və ordumuzun
qazandığı qələbələr öz bədii əksini
tapmışdır.
Təbii ki, illər keçəcək, poeziyada Azərbaycanın
keçdiyi bu qanlı-qadalı illər, müvəqqəti məğlubiyyətdən
– torpaq itkisindən zəfərə, qələbəyə qədər
keçdiyi yol yeni nəsillər üçün bir örnəyə
çevriləcək. İyirmi, otuz, qırx ildən, bəlkə
bir əsrdən sonra o illərin ağrıları, itkiləri
də unudulmayacaq. O illərdə də:
Qar yağır, qar yağır, qar yağır yenə,
Qar yağır Şəhidlər xiyabanına.
Əlinə keçəni taxıb əyninə,
Analar tələsir oğul yanına.
Qar yağıb yarğanlar qarla dolsa da,
Bu qar da əriyər… Sabaha qalmaz.
Bütün yer üzündə güllər solsa da,
Şəhid məzarların gülləri solmaz.
(Əşrəf Veysəlli).
İNSAN – DÜNYA – TƏBİƏT
XXI əsr Azərbaycan şeiri təkcə ictimai
motivlər üzərində davam və inkişaf etməyib,
şairləri maraqlandıran, bəlkə daha çox
yaşadıqları real həyat, bu həyatın gözəllikləri
və buna əks olan neqativlər, təbiət və onun
insanlara bəxş etdiyi fərəh hissidir. İnsanın
özünü dərk etməsi prosesi də məhz bu
mövzularda reallaşıb.
Bütün zamanlarda şeir insan həyatının mənəvi
güzgüsü olub. Bu güzgüdə dünya da
görünə bilər (müharibələri, ictimai-sosial
ziddiyyətləri ilə), cəmiyyətin və real həyatın
bir-birindən fərqli və təzadlı mənzərələri
də… O güzgüdə şair təbiəti seyr edə bilər,
özü ilə təbiət arasında harmoniyanı da hiss
edər. O güzgüdə sevgi-məhəbbət – həyatın,
ömrün insana bəxş etdiyi «mənim tanrım gözəllikdir,
sevgidir» ali duyğusu da əks olunar.
2024-cü ilin şeir «ərazisi» çox genişdir,
hətta deyə bilərik ki, bu «ərazi»də kütləvilik
müəyyən «əhali sıxlığı»na gətirib
çıxarıb. Amma biz bu sıxlıqda əsl şairləri
lap uzaqdan da olsa, görürük, tanıyırıq. Amma əsl
şairlərin yeri, məkanı heç də o «şeir ərazisi»
deyil.
Bu gün şairlərimizin nəsil
bölgüsündən söhbət açsaq, şeirimizin
səviyyəsi də, inkişafı da, ənənəyə
bağlılığı və ya müasir şeir mədəniyyətinə
yiyələnməsi, bədii sənətkarlıq məsələsi
də diqqətimizi cəlb edir. Bu bir həqiqətdir ki, biz ədəbi
nəsil etibarilə bir-birinə yaxın olan şairlərin
yaradıcılığını izlədikdə bunun
şahidi oluruq ki, onlar, hətta eyni mövzulara müraciət
etsələr də, fərdi poetik üslubu etibarilə
heç də bir-birinə bənzəmirlər. Bu gün
şeirimizin ən yaşlı nəsli sırasında Nəriman
Həsənzadəni, Yusif Həsənbəyi, Vidadi
Babanlını, Əşrəf Veysəllini, Firuzə Məmmədlini,
Oqtay Şamili, Eyvaz Borçalını, Vahid Əzizi, Sabir
Rüstəmxanlını, Ramiz Rövşəni, Məmməd
İsmayılı, Çingiz Əlioğlunu, Ofeliya
Babayevanı, Ağasəfa Yəhyayevi görürük.
Artıq həyatın, ömrün sınaqlarından,
ağrı-acılarından keçib, sevinci də, ədəbi
uğurları da yaşayan bu şairlər öz fərdi
poetik üslublarını, real həyatda, dünyada, cəmiyyətdə
baş verən hadisələrə münasibətini yeni
şeirləri ilə ifadə edirlər.
Nəriman Həsənzadə yenə eyni şövq və
həvəslə yazır-yaradır, ona yaxın və məhrəm
olan dostlarını, keçmiş tələbələrini,
anasını, həyat yoldaşını xatırlayır,
sanki bu xatirələrlə yenidən o illəri
yaşayır. Təbii ki, Azərbaycanın tarixi
keçmişi ilə bu günü arasında qırılmaz
bir vəhdətin olduğunu da şeirlərində əks
etdirir, amma nədən yazırsa-yazsın, Nəriman Həsənzadə
şeirinə xas olan o səmimiyyət – o üslub sadəliyi
– poetik nəfəs qətiyyən dəyişmir.
2000-ci illər Bakıdan – qaynar ədəbi mühitdən
çox uzaqlarda yaşayan şair Ağasəfa Yəhyayev
üçün olduqca məhsuldar keçib. Amma bu məhsuldarlığı
kəmiyyət baxımından anlamaq olmaz. Ağasəfa elə
bil ikinci gəncliyini yaşayır, o, yeni şeir kitabları
ilə oxucularını sevindirir, hər il onun «Azərbaycan»
jurnalında yeni şeirləri ilə tanış oluruq.
Ağasəfa lirik şeirlər də yazır, satirik
şeirlər də, əruzda da yazır, hecada da. Ancaq
hansı vəzndə və şeirin hansı formasında
yazmasından asılı olmayaraq, əsas məsələ
fikrin özü və onun poetik ifadəsidir. Deyə bilərik
ki, Ağasəfa – bu 83 yaşlı şairin poetik fərdiyyəti
get-gedə özünün yeni ifadə vasitələrini
tapır.
Firuzə Məmmədli də altmış dörd
illik yaradıcılıq yoluna sadiq qalır – dünyanı, həyatı
yaşadığı ömrün sınaqlarından, bir
qadın dünyasının «xəritəsi»ndən izləyir.
Dünya gözəldir, yaşamağa dəyər, amma indi
onu içərisindəki «bir həzin, bir acı intizar»
düşündürür, «içərim mənimlə
dalaşmaqdadır» deyir. Bunu təbii sayırıq,
yalançı nikbinlikdənsə, acı etiraflar daha önəmlidir.
Ədəbi mübahisələrin, qızğın
polemikaların baş verdiyi illər arxada qalıb. İndi
şeirimizdə belə mübahisələrə ehtiyac
duyulmur (bu, biz tənqidçilərin susqun mövqeyini ifadə
etmirmi?). Şeir həddindən artıq çox
yazılır və fikrimizcə, bunun qarşısını
almaq mümkün deyil, oxucuların müəyyən qisminin
heç bir bədii siqləti olmayan şeirlərə aludəçiliyini
də bir kənara qoyaq. Şeirimizdə inkişaf (istər məzmun,
istərsə də bədii-sənətkarlıq
baxımından) göz qabağındadır və etiraf edək
ki, poeziyada müxtəlif «izm»lərin, ədəbi cərəyanların
mövcudluğuna baxmayaraq, 2024-cü ili Azərbaycan
şeirinin keyfiyyətcə yeni bir mərhələsinin
başlanğıcı hesab etmək olar.
Bu mərhələ, əslində, ötən
yaxın illərdə başlayıb. Nədir bu mərhələnin
əsas xüsusiyyətləri?
Professor Nizaməddin Şəmsizadə bir məqaləsində
yazırdı ki: «Tanrıdan danışanda Təbiətdən,
Dünyadan danışanda Cəmiyyətdən, İnsandan
danışanda mənəviyyatdan bəhs etmək lazım gəlir.
Tanrı öz varlığını təbiətdə,
dünya kimliyini cəmiyyətdə, İnsan öz
varlığını mənəviyyatda göstərir».
Dünya, Təbiət, Cəmiyyət,
Mənəviyyat – bu adlar şeirimizin müxtəlif nəsillərinin
yaradıcılığında bədii düşüncə
tərzinin özülünü təşkil edir. Biz Dünya
və Təbiətlə bağlı şeirlər haqqında
bəzi mülahizələrimizi nəzərinizə
çatdırmaq istərdik.
DÜNYA. Azərbaycan poeziyasında dünyaya müraciət
klassik şeirimizdə də, aşıqların
yaradıcılığında da əsas mətləblərdən
sayılır. Biz dünyanın faniliyi, vəfasızlığı
barədə onlarla, yüzlərlə şeirlər
oxumuşuq. Nəsiminin «Dünya duracaq yer deyil, ey can, səfər
eylə» misrası ilə həmahəng olan nə qədər
ibrətamiz beytlər, misralar tapırıq. Ustad şairlər
bu dünyanın, yaşadıqları dövranın hədsiz
zülmləri ilə qarşılaşıblar və təbii
ki, yaşlarının müdrik çağlarında «Biz gəldi-gedərik,
sən yaşa, dünya» qənaətinə gəliblər.
Dünya obrazdımı, yoxsa müraciət forması?
Dünya mənzərədirmi, yoxsa görüntü? Əlbəttə,
bu suallara birmənalı cavab vermək olmaz, Azərbaycan
poeziyasında Dünya bu dörd sözün hamısında
ehtiva olunur. Ramiz Rövşənin bir şeirinə üz
tutaq:
Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadır.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadır?
İki böyük şairimizin – Səməd
Vurğunun və Məmməd Arazın şeirləri ilə
poeziyamızın Dünyaya açılan pəncərəsini
qapayıb bu xüsusda söhbətə son qoya bilərdik
(«Dünya» qoşması və «Dünya mənim, dünya sənin,
dünya heç kimin» şeiri ilə). Ancaq elə 2004-cü
ildə Dünya ilə bağlı həsb-hal davam edir və
biz bunu təbii sayırıq.
Cavan şairlərin də dünyadan
narazılıqlarına gəlincə…dünyanı
beşgünlük hesab edən («Dünya beşgünlük,
ötəri» – Aysel Nəsmrzadə. «Bu dünya
beşgünlük deyilmi, dostum? – Faiq Hüseynbəyli) cavan
şairləri də qınamırıq. Yaşayarlar, doyunca
kam alarlar bu dünyadan, görərlər ki, dünya heç
də beşgünlük deyil. Amma bütün bu
narazılıqlara, gileylərə şairlərimizin ən
piranisi – 98 yaşlı Vidadi Babanlının cavabı bu olur
ki:
Asırıq, kəsirik bu dünyanı biz,
Min qara yaxırıq, dünya neyləsin?
Başımız çəkəni qaxınc eyləyib
Başına qaxırıq, dünya neyləsin?
TƏBİƏT. Hələ 1976-cı ildə, Azərbaycan
yazıçılarının VI qurultayında, poeziya
haqqında məruzəsində görkəmli tənqidçi
Yaşar Qarayev şeirimizlə bağlı çox
mühüm bir mətləbə toxunaraq demişdi: «Filosoflar
icbari ekoloji təhsilə keçməyi məsləhət
görürlər. Bizcə, nahaq: «icbari poeziya təhsili»
lazımdır. Təbiətə münasibətdə
şairlər müəllimlərdən çox iş görə
bilərlər. Çünki burada biliklə yanaşı, həyəcan
lazımdır, ehtiras lazımdır, sadəcə öyrənmək
yox, «yoluxdurmaq», alışdırmaq, narahat etmək
lazımdır».
Təbii ki, təbiətdən danışmaq, onu vəsf
etmək, onun qayğılarından söz açmaq
sonrakı onilliklərin poeziyasında da davam etdi. Burada kimlərinsə
– hansı şairlərinsə adlarını çəkməyə
ehtiyac duymuruq. Sadəcə, bəzi ümumiləşdirmələrə
müraciət edək.
Təbiətə, onun gözəlliklərinə
heyranlıq hissi... Heç şübhəsiz, bu
heyranlığı şablon sözlərlə ifadə etməkdən
söz gedə bilməz. Vaqifin qoşmalarında el gözəlləri
necə bütün cazibələri ilə (geyimi-gecimi, zahiri
və mənəvi gözəllikləri) diqqət çəkirdilərsə,
təbiətin gözəlliyi də eləcə…
Çəmənlərin jaləsinə bələnib,
Çiçəklərə qarışmağa gəlmişəm.
Gözəlliyə damla-damla çilənib,
Lalələrlə alışmağa gəlmişəm.
Bu şeirin müəllifi dünya
işığına həsrət qalmış, amma təbiətin
gözəlliyini ürəyinin işığı ilə
misralara çevirən Əflatun Baxşəliyevdir.
Belə misalların sayını istənilən qədər
artıra bilərik.
2024-cü ildə ideya müəllifi Rəşad Məcid,
redaktoru Vaqif Bəhmənli, tərtibçisi Xatirə Fərəcli
olmaqla təbiətə həsr olunmuş «Yaşılım,
yaşılım, hara gedirsən?» şeirlər toplusu
işıq üzü gördü. Topluya Anar müəllim
Ön söz yazıb. «Kitabi-Dədə Qorqud»
dastanındakı şeir parçasından ən gənc
şair Nadir Yalçının «Hörümçək»
şeirinə qədər, 300-dən artıq müəllifin
1000-dən artıq şeiri təqdim edilən bu toplu,
heç şübhəsiz, poeziya
araşdırıcıları üçün qiymətli bir
mənbədir. Topluda klassik və müasir Azərbaycan
şairlərinin (həmçinin türk və Cənubda
yaşayan şairlərin) ilin fəsillərinə, kəndə,
dağlara, dərələrə, buludlara, ağaclara, meşələrə,
bənövşəyə, küləyə,
yağışa, dənizə, torpağa, çiçəklərə
– güllərə həsr etdiyi şeirləri
poeziyamızın təbiət ensiklopediyası adlandırmaq
olar.
Ancaq bu topluda nəsə çatışmır. Qoy
deyək: gözəllikləri, hüsn-məlahəti nəzərə
çarpdırmaq çox əhəmiyyətlidir. Amma bu
gözəlliyə qəsd edən naqisləri, mənfi –
neqativ halları unutmaqmı olar? Vaxtilə Məmməd Araz
«Professor Gülə məktub», «Şəhərdən
köçən təpə», Musa Yaqub «Qarağaclar», «Zəmidə
tək qovaq», «Çinardüzün hekayəti», «Yaşıl
pərdələr» şeirlərində təbiətin faciəsini
ürək ağrısı ilə səsləndirirdilər.
Hanı bu meşənin yaşıl qatları,
Dəmir ağacları, şah palıdları?
Sapı özümüzdən olan baltalar
Yaman kəsdi bizi, doğradı bizi.
(M.Yaqub)
Bu mövzuda şeirimizdə onlarla nümunələr
var, yaxşı olardı ki, topluda o şeirlərdən də
təqdim olunaydı.
Yeri gəlmişkən, qeyd edək ki, son illərdə
təbiətə həsr olunan şeirlərdə Məmməd
Araz, Musa Yaqub harayı eşidilmir. Halbuki, gözlərimiz
qarşısında təbiətə –ekologiyaya vurulan zərbələri
az görmürük.
SEVGİ
«Nə müşkül dərd olursa, bulunur aləmdə
dərmanı, Nə müşkül dərd imiş eşqin
ki, dərman eyləmək olmaz» (Füzuli). «Hər kəsin
bir eşqi, bir ilahı var, Bənim tanrım gözəllikdir,
sevgidir» (H.Cavid). «O səni unutdu, sən unutmadın, Yaşa məhəbbətim,
yaşa ürəyim» (M.Müşfiq). «Qayıt, gözüm
nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu
kainatı» (Əli Kərim). «Günəş nədir?
İşığında səni görmədiyim bir ulduz.
Dünya nədir? Sənin evinə aparan bütün
yolları bağlı bir planet» (Vaqif Səmədoğlu). «Bu
sevgidi, mənim balam, min ildi ki həmən sevgi. Gözündən
yaş damcılayan, əlindən qan daman sevgi...» (Ramiz
Rövşən).
Görəsən, şikayətlənmək olarmı
bu gün belə gözəl sevgi şeirləri
yazılmır?! Əlbəttə, bu gün də insanın ən
ali hissi, duyğularının ən möhtəşəmi
olan sevgi mövzusu müasir poeziyamızın başlıca,
amma müqayisə etsək,
keyfiyyət yox, kəmiyyət etibarilə birinci
sırada durur. Bu sualı da nəzərdən
qaçırmayaq: məgər ötən illərdə, əsrlərdə
həmişə ürəklərə yol tapan sevgi şeirləri
yazılırdı? Əlbəttə, yox! Təbii,
yaşanılmış hisslərdən deyil, hansı
şairlərisə təqliddən, yamsılamadan, duyğusal
olmayan hisslərdən yaranan «sevgi» şeirləri də
çox yazılırdı. Bu «ənənə» indi də
davam edir. Öncəki suala qayıtsaq, deyə bilərik ki, kəmiyyətin
keyfiyyəti üstələdiyi bir zamanda da Füzuli ruhu sevgi
şeirlərində yaşayır.
Məhəbbət Füzulidə olduğu kimi, yenə
də ən ali, müqəddəs bir hiss kimi tərənnüm
olunur. Lakin zaman dəyişdiyi kimi, insanın sevgiyə
münasibəti də bir çox yeni çalarlarla diqqəti
cəlb edir. Beləliklə, biz müasir sevgi anlamına gəlib
çıxırıq. Müasir sevgi isə dəyişilən,
yeniləşən insan münasibətlərini özündə
əks etdirir. Bunu iki mənada izah etmək olar: birincisi, Leyli və
Məcnun dövrü çoxdan başa çatıb.
İnsan azaddır, sevmək-sevilmək qadağası yoxdur.
Sevgi ictimai münasibətlərdən fərqli olaraq sırf
fərdi, intim duyğuları özündə əks etdirsə
də, həyatın, gerçəkliyin özündən
doğur, yaşayan, duyğularını gizlətməyən
insanın həyat sevgisini ifadə edir. İki insan arasında
yaranan münasibətlər isə həm lirik, həm dramatik,
həm də fəci hallarla şərtlənir. Füzulinin
sevgi dünyası real Aşiq-Məşuq münasibətlərini
özündə əks etdirirdi, amma bu sevgi ulduzlaracan gedib
çatırdı – «Deyil bihudə gər yağsa fələkdən
başıma daşlar. Binasın tişeyi-ahımla viran
etdigimdəndir». Bu səbəbdən də sevgi sırf fərdi
və intim olduğu qədər də hüdudsuzdur.
İkincisi, zamanın dəyişkən havası sevgi
münasibətlərində də bir «inqilab» yaradıb, bəzən
insanın ülvi duyğularını, yaşanılan hisslərini
əks etdirən şeirlərlə yanaşı,
bayağı, sadəcə, «mən səni sevirəm», ya da «səni
sevəcəyəm, sən sevməsən də»
«etirafı»ndan irəli getməyən şeirlər də
yazılır. O şeirlərdə vəzn də, qafiyə də,
müəlliflərin «etirafları» da yerli-yerindədir, lakin
Sevgi yoxdur, Sevgi vəzni yoxdur. Sevginin, bu sevgini yaşadan
ürəyin etiraflarına gəlincə, baxın:
Əsirdi səhərin xəfif yelləri,
Dünya sehrlənmiş mələk kimiydi.
Səhər açılırdı…
Qızıl dan yeri
Təzə pardaxlanmış çiçək
kimiydi.
Gün düşür çöllərin qar sinəsinə,
Sular işım-işım işılayırdı..
Sanki ulu Tanrı Yer kürəsinə
«Sevirəm» sözünü
pıçıldayırdı.
(Əşrəf Veysəlli)
Cavan şairlərimizin də «sevgi dastanı»nı vərəqləyə
bilərik. Müşfiq Cəbinin, Aynur Qafarlının, Arzu
Hüseynin, Xəyalə Sevilin, Əfsanə Rəvanın,
Günel Rəcəbin, Günel Ağazadənin, Fərqanə
Yusifqızının şeirləri barədə də
ümidverici söz deyə bilərik. Amma oxşar motivlər
onların şeirlərində diqqətdən
yayınmadı.
Bu yazıda biz sevgi şeirləri yazan heç bir
şairə moralist pozasında nəsihət vermək fikrində
deyilik. Qoy hamı sevsin, sevilsin və öz könül atəşini
şeirlərində ifadə etsinlər. Ə.Vahid demişkən:
«Yenə sevmək-sevilmək yaxşıdır dünyayə
baxdıqda».
Müasir sevgi şairlərimizin şeirlərində
FƏDAKARLIQ deyilən bir anlayış az-çox nəzərə
çarpsa da (bəzi nümunələr gətirdik), amma əksər
hallarda bu anlamın yozumu yanlışdır, birtərəflidir.
Sevgisindən söz açan şairlərin əksəriyyəti
öncə qeyd etdiyimiz kimi, bir neçə sözün, ifadənin
qulpundan yapışırlar – sənsizlik, darıxmaq,
unutmağın əzabı, tənhalıq, sənsizlik
havası, unutmaqlığın möhnəti, tənhalığın
acılıqları. Bircə
fədakarlıq çatışmır.
2024-cü ildə
2024-cü il şairlərdən – Ağacəfər Həsənlinin,
Qəçəm Nəcəfzadənin, Musa Ələkbərlinin,
Süleyman Abdullanın, Əlirza Xələflinin, Avdı
Qoşqarın, Rəfael Tağızadənin, Əbülfət
Mədətoğlunun yaradıcılığı
üçün də uğurlu il sayıla bilər.
İNQİLAB İSAQIN XATİRƏSİNƏ
2024-cü ilin bir yay günündə İnqilab
İsaq – müasir şeirimizdə özünəməxsus səsi,
nəfəsi ilə seçilən bir şair
dünyasını dəyişdi. Daşkəsəndə
doğulan, Gəncədə ali təhsil alan və Gəncə
ədəbi mühitinin yetirməsi olan İnqilab İsaq 71
yaşına çatmışdı. «Mən kiməmsə,
elə şeirlərim də odur» deyən şairin özü
getdi, şeirləri – Sözü qaldı.
İnqilab İsaq üçün şeirə gətirilməli
xüsusi bir mövzu yox idi, qəlbinə təsir edən, onu
düşündürən, sevincində sevincini yaşayan, kədərində
qəm karvanına qoşulan nə varsa, şeirlərində
dil açırdı. Beynəlxalq Rəsul Rza
mükafatına layiq görülən, şeirləri rus,
Ukrayna, ingilis dillərinə tərcümə olunan İnqilab
2022-ci ildə Sakarya vilayətində Beynəlxalq şeir
festivalında iştirak etdi. Açıq havalarda, litseylərdə,
Universitetdə, Sapança gölü ətrafında
poeziyamızı təmsil etdi, şeirlərini söylədi,
«Sakaryada olduğum günlərdə qəlbimdən bir arzu
keçdi, qardaş torpağında ağac əkmək...
Arzum reallaşdı. Torpağa ağac əkdim. Boyuna baxıb
öyündüm. Sakarya şəhər bələdiyyəsinə
«Şairlər bağı» salmaq barədə də təklifimi
bildirdim. Təklifimi çox bəyəndilər. İndi o əkdiyim
ağacın xəyalları ilə yaşayıram. Şeir
kimi, söz kimi».
Bizdən çox-çox uzaqlarda – Sakaryada Azərbaycan
şairi İnqilab İsaqın əkdiyi o ağac durur, boy
atır, göylərə ucalır. İNQİLAB İSAQI
YAŞADIR. ŞEİR KİMİ, SÖZ KİMİ.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
.- 2025.- 11 iyul (¹24).- S.12-13.