"Qəbulə xanım və I
Pyotr" - unudulmuş müqavimət tarixinə işıq
salan kitab
Azərbaycan tarixinin səhifələrində əsrlər
boyu qadınların milli taleyə yön verəcək dərəcədə
cəsarət göstərdikləri məqamlara rast gəlmişik.
Bu kontekstdə XVIII əsrin ilk rübündə
torpağımıza uzanan əlləri kəsən, rus
qoşununun zabit-əsgər heyətini məhv edən,
adı tarixin səhifələrindən bilərəkdən
yoxa çıxmış Qəbulə xanım I Pyotrun siyasətinə,
"Rusiyanın istila və işğal hərəkatına
qarşı Azərbaycanda ilk açıq və böyük
qanlı etiraz"ın səbəbkarı, öncülü
olan qəhrəman qadındır. Azər Turanın bu günlərdə
çapdan çıxmış "Qəbulə xanım və
I Pyotr" kitabında tariximizin qəsdən
qaranlıqlaşdırılmış bu səhifələrinə
işıq tutulur, əlimizdə olan az-çox mənbələrə
istinadlarla həmin qanlı olayın səbəb və motivləri
araşdırılır.
XVIII əsrin əvvəllərində Dərbənd və
Bakı ilə yanaşı, Salyan bölgəsi də imperiya
maraqlarının hədəfinə çevrilmişdi.
Çar Rusiyasının bu coğrafiyada apardığı
genişmiqyaslı hərbi-siyasi müdaxilələr
yalnız ərazi işğalları ilə məhdudlaşmır,
həm də yerli idarəçilik strukturlarını,
demoqrafik tərkibi dəyişdirməyə yönəlirdi. Məhz
bu dövrdə baş verən və imperatorun öz yüksək
rütbəli hərbçisinə təhlükə xəbərdarlığı
etməsinə səbəb olan hadisə Qəbulə
xanımın adı ilə birbaşa bağlıdır. Rus
ordusunun Salyanda hərbi qərargah qurması və yüksək
rütbəli zabitlərin yerli idarəçilərlə
"sülh şəraitində" təmas qurması fonunda
baş verən qəfil qətl hadisəsi, sadəcə,
şəxsi intiqam deyildi - bu, strateji qarşıdurma və qətiyyətli
milli duruş idi.
"Qəbulə xanım və I Pyotr"
kitabında Abbasqulu Ağa Bakıxanovun
"Gülüstani-İrəm" əsərinə istinadla
qeyd olunur ki, Dərbənd və Bakını, demək olar,
müqavimətsiz işğal edən I Pyotr öz generalı
Matyuşkinə xəbərdarlıq edib, "Salyan hakiməsi
Qəbulə xanım asilərin böyüyüdür. Ondan
ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz
verməsin", - deyə bildirib. Kitabda bu
ehtiyatkarlığın səbəbi araşdırılaraq
qan düşmənçiliyinin tarixinə qısa nəzər
salınır.
Hadisənin özünə gəlincə, 1724-cü
ildə Salyanda bir gündə rus imperiya ordusunun bütün
zabit heyəti zərərsizləşdirilir. Belə ki,
payızda podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil olur
və Kürün sahilində - Salyan hakiməsi Qəbula
xanımın malikanəsinin qarşısında qərargah
qurur. Qəbulə xanım bütün heyəti malikanəsində
təşkil etdiyi ziyafətə dəvət edir və öz
silahlıları tərəfindən onları qətlə
yetirdir. Kitabda müxtəlif tarixi mənbələrə
istinadla hadisənin mümkün detalları əksini tapmaqla
yanaşı, suallar da qoyulur:
Necə olur ki, Salyan naibi Həsən bəy dörd ay
öncə Bakıda çara sədaqət andı içir,
amma xanımı imperiya ordusunu məhv edir?
Necə olur ki, I Pyotrun xüsusi xəbərdarlığına
baxmayaraq, ordusu bunca ehtiyatsızlıq göstərib ziyafətə
qatılır? (və bu malikanə belə bir miqyasda ziyafət
keçirmək üçün müsaid idimi?)
Qəbulə xanım 56 il öncə baş vermis
hadisənin - Stepan Razinin qurban verdiyi adaşı, gözəl
azərbaycanlı qızı Qəbulənin qisasını
alırdımı?
Bəs bu hadisədən sonra nələr oldu, nə
baş verdi? Doğrudanmı, Dərgahqulu bəy Qəbulə
xanımı öldürüb başını Bakı
komendantı Ostafyevə verdi?
Nəyə görə Qəbulənin nə
özünün, nə də davamçılarının
taleyi barədə sonradan heç bir məlumata rast gəlinmir?
Halbuki dövrün mənbələri göstərir ki, bu ailənin
siyasi təsiri uzun müddət Salyanda hiss olunub. Üstəlik,
tarix kitablarında sələfi Qəbulə ilə Salyan hakiməsi
Qəbulə xanım haqqında məlumatlar qarışdırıldığından
"kələfin ucu qarışır".
"Qəbulə xanım və I Pyotr"
kitabında bu suallar qismən cavabını tapsa da, Qəbulə
xanımın özü və şəcərəsi
haqqında geniş, dərindən bir obyektiv araşdırmaya
ehtiyac olduğu da vurğulanır.
Çünki Salyanda baş verən qanlı olayın
- rus ordusunun zabit və əsgər heyətinin qətli
arxasında Salyan naibinin xanımı olan bir qadının
dayanması faktı sadə bir kişi - dominant siyasi
münasibətlər sisteminə qarşı bir
qadının çıxışı deyil, həm də
etnik-mədəni özünüdərk nümunəsidir. Rus
hərbçilərinin bu qədər qəddarlıqla məhv
edilməsi bir xalqın heysiyyatının, tarixi
iztirablarının və qürurunun partlayış nöqtəsi
kimi başa düşülməlidir. Üstəlik, bu
qiyamın təməlində ailə faciəsinin - onilliklər
əvvəl doğma torpağından zorla aparılmış
və həyatına qəddarcasına son verilmiş bir
qızın taleyinin durması ehtimalı yalnız hadisənin
emosional yükünü deyil, simvolik anlamını da dərinləşdirir.
Tarixin kifayət qədər açılmamış
bu səhifəsi türk dünyasında qadının
yalnız ailə içində deyil, ictimai və siyasi sferada
da əhəmiyyətli yer aldığı
anlayışını bir daha təsdiqləyir.
Mümkündür ki, qurban verilmiş qız və Qəbulə
xanım arasında genetik deyil, mənəvi qohumluq daha
güclü olub - çünki onların qan qohumluğunu təsdiqləyən
tutarlı faktlar yoxdur. Bu hadisə, doğrudan da, həm də
bir qisas aktı idisə, onda qadın yaddaşının nəinki
bir ailənin, nəslin, həm də millətin tarixi
davamlılığını təmin edən güclü bir
vasitə olduğunu nümayiş etdirir.
Olayları təhlil edərkən həmin
dövrün geosiyasi kontekstini nəzərdən
qaçırmamalıyıq. Kitabın səhifələrində
dövrün mənzərəsinin dəqiq
cızılmış cizgilərini izləmək mümkündür. Məhz həmin
illərdə çar hökuməti bölgədə
qeyri-türk etnoslarını yerləşdirmək, əhali strukturunu
dəyişmək və ərazinin milli kimliyini zəiflətmək
siyasəti yürüdürdü. Bir ziyafət süfrəsini
ölüm hökmünə çevirmiş Qəbulə
xanım Salyanda rus hərbi qüvvələrinin tamamilə zərərsizləşdirilməklə
həmin ərazidə rus şəhəri salınması, ermənilərin
məskunlaşdırılması planlarının
pozulmasına səbəb olmuşdu. Nəticə olaraq bu hadisə
imperatorun əmrinin ləğvinə qədər gedib
çıxmışdı. Deməli, Qəbulənin
atdığı addım imperiya miqyasında siyasi
sarsıntı doğuran bir hadisə idi.
Qəbulə xanım dövrünün siyasi şərtləri
daxilində azadlıq, milli ləyaqət və tarixi intiqam
uğrunda hərəkətə keçən qadın
modelidir. Onun barəsində susmaq, tarixin qaranlıqlarında
unutmaq bir xalqın tarixi müqavimət yaddaşını
kölgədə saxlamaq deməkdir. Ona görə də Qəbulə
xanımın adı tarixdə yalnız "silahlı qətlin
arxasındakı qadın" kimi yox, milli müqavimətin, ləyaqətin,
siyasi uzaqgörənliyin və qadın iradəsinin simvolu kimi
yaşadılmalıdır. Onun haqqında daha çox yazmaq,
öyrənmək və düşünmək tarixi borc, milli
ehtiyacdır. Azər Turanın "Qəbulə xanım və
I Pyotr" kitabı da belə bir zərurətin
doğurduğu nəticə olaraq meydana çıxıb.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.11.