Zəki Vəlidi Toğanın
"Xatirələr"ində türk dilləri
Görkəmli başqırd ictimai-siyasi xadimi,
tarixçi Ord.Prof. Dr. Zəki Vəlidi Toğanın
"Türküstan və digər müsəlman Şərq
türklərinin milli varlıq və mədəniyyət
mücadilələri"ndən söhbət açan
"Xatirələr"ində rus inqilabının ilk illərində
qızğın müzakirələrin, mübahisələrin
və münaqişələrin mövzusu olan, çox
hallarda isə elmi yox, məhz ideoloji-konyuktur mövqedən
şərh olunan türk dili, türk ləhcələri,
türk dilləri kimi məsələlər müəyyən
yer tutur. Və bu məsələlərə diqqət yetirməyimizin
bir sıra səbəbləri içərisində
üçü daha mühümdür: birincisi, dövrün
milli dil proseslərinin (və mücadilələrinin) bilavasitə
iştirakçısı olduğundan müəllifin
mülahizələri etnoqrafik, mədəni-mənəvi və
sosial-siyasi gerçəkləri kifayət qədər dərindən
(və təfsilatı ilə) əks etdirir; ikincisi, "Xatirələr"in
Ön sözündə də göstərildiyi kimi, həmin
mülahizələr müəllif yaddaşı ilə
yanaşı, konkret sənədlərə dayanır;
üçüncüsü isə, dilçi olmasa da, türk
tarixi üzrə böyük mütəxəssis kimi
Z.V.Toğanın türk dilləri tarixinə
baxışları ciddi maraq doğurmaya bilməz.
Dil məsələsi özünün ən müxtəlif
tərəfləri ilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən
başlayaraq türk ziyalılarının diqqətini əlifba,
orfoqrafiya, terminologiyadan sonra (və onların
hamısını özündə ehtiva etdiyinə görə!)
daha mühüm bir problem üzərində cəmlədi ki,
bu, ədəbi dil idi... Əlifba da, orfoepiya da, terminologiya da,
nəticə etibarilə, ortaya belə bir sual
çıxarmalı idi ki, söhbət hansı ədəbi
dil təzahürünün əlifbasından,
orfoepiyasından, yaxud terminologiyasından gedir?.. Ancaq bunun o
baxımdan əksi (alternativi) də var idi ki, öz müstəqilliklərini
get-gedə daha açıq şəkildə nümayiş
etdirən türk xalqları özlərinə məxsus əlifba,
orfoepiya və terminologiya problemlərini qaldırıb onun həllini
tələb edirdilər.
Rusiya imperiyasının çökməsindən dərhal
sonra o zamana qədər ləhcə, şivə sayılan
türk dil təzahürləri müstəqil xalqları təmsil
edən ədəbi hadisələr iddiasına
düşür ki, bu, heç də o dövr
üçün səciyyəvi olan polemik mövqedən birmənalı
qarşılanmır. Və Zəki Vəlidi dövrün
siyasi-ideoloji təbəddülatlarında dil məsələsinin
nə qədər böyük önəm kəsb etdiyini
xatırlayaraq belə bir təfsilata varır:
"Kulayev hökumət
başçılığından istefa vermişdi (söhbət
Başqırdıstan hökumətindən gedir - N.C.). Haris
Yumaqulovu başçı seçdik... Kemelik
başqırdlarından idi. Kənd təsərrüfatı
mühəndisliyi təhsili almış atəşli bir gəncdi.
O və böyük qardaşı Cahangir Yumaqulov
Başqırdıstan muxtariyyəti hərəkatını
başlanğıcdan bəri tam bir şövqlə dəstəkləyən
ziyalılardandı. Biz başqırd və tatarların ədəbi
dilinin bir olması zəruriliyinə qane olduğumuz və nəşriyyatımızı
müştərək bir dildə apardığımız
halda, Haris Yumaqulov başqırd dilini ədəbi dil eləmək
fikrində idi. 1917-ci ildə ilk Başqırd qurultayı günlərində
Orenburqda keçirilən nümayişlər əsnasında
Yumaqulov meydana yoldaşlarının hazırladığı
başqırdca yazılı bayraqlarla çıxdı. Biz
1918-ci ilin aprelində sovetlərlə qaçılmaz
mücadiləyə girdiyimiz zaman onlar sovetlər tərəfində
qalmışdılar. Haris o arada kommunist partiyasına da
yazılmışdı. Stalin onu bizə - Saranska mərkəzi
komitənin nümayəndəsi olaraq göndərdi. Saranska gəlincə,
Haris bizə "Moskva məni öz evimə səfir olaraq
göndərdi", deyə zarafat eləmişdi.
Çünki o, milliyyətçilikdə bizim bütün
digər yoldaşlarımızın ön sırasında
gedirdi. Mərkəzi komitə Haris ilə birlikdə Zaretski
adında bir rus kommunistini də göndərmişdi ki, bizi
kommunizmə "irşad" eləsin" (səh. 220- 221).
Z.V.Toğan göstərir ki, Leninlə Stalin başda
olmaqla, rus-sovet kommunistləri müxtəlif diplomatik, yaxud hiyləgər
yollarla Türküstan türkləri, ilk növbədə,
başqırd, tatar və qazaxların birləşmək
imkanlarını aradan qaldırmaq üçün əllərindən
gələni etdilər:"...Başqırdıstanın və
Qazaxıstanın idarəsini Orenburqda birləşdirməyə
yol vermədikləri kimi, "Tatar-başqırd" tezisini də
rədd edərək tatarlar ayrı, başqırdlar ayrı
olmaq tezisini eynilə tatar kommunistlərinə, Seyitqaliyevə
söylətdilər... Qazaxıstan üçün Aktübədə,
Başqırdıstan üçün İsterlitamakda yerləşmək
qərarı qəbul edildi" (səh. 245).
Əlbəttə, sovetlər hər nə qədər
çarizmin "varis"i olsalar da, xüsusilə, hakimiyyətə
gəldikləri ilk illərdə imperializmin "parçala və
hökm sür!" siyasətini bu qədər hərfi-hərfinə
həyata keçirmək iddiasına düşə bilməzdilər.
Deməli, burada türk ziyalılarının, ya başa
düşmədikləri, ya da başa düşmək istəmədikləri
nə isə varmış.
Z.V.Toğan milli müqəddərat uğrunda
mücadilə günlərində türk-osmanlı siyasətçilərinin
iştirakı ilə keçirilən bir məclisi
xatırlayır:
"...Camal paşa mənim türkcəmə diqqət
edirdi. Onun türkcəsini bir neçə ziyalıdan
başqa heç kim anlamadığı halda, mənim
danışdığım türkcəni qazax,
qırğız, özbək, tatar, azərbaycanlı hər
kəs anlayırdı. Camal paşa "hər kəsin anlaya
bildiyi bu dil ayrı bir şivəmidir?" deyə soruşdu.
Mən də "xeyr, paşam, bu ləhcələri bildiyim
üçün hamının anlaya biləcəyi şivə
ilə danışıram", dedim" (səh. 277).
Rusiya türklərini məhz imperialist qüvvəyə
münasibətdə ruhən birləşdirən "həmrəylik"
imperiyanın dağılmağa başladığı illərdə
gücdən düşdü ki, bu, özünü, ilk
növbədə, türk xalqları ziyalılarının
bir-biri ilə təmas və ya ünsiyyətlərində
göstərdi... Ancaq türklər milli ziyalıların
şəxsində sözügedən böyük problem
üzərində ciddi düşünənə qədər
"velikorus kommunistlər" qabaqlayıcı layihələr
hazırlamışdılar:
"Biz Moskvadan ayrıldıqdan sonra toplanan Komintern
Konqresində Rus Xariciyyəsinin və Kominternin Yaxın Şərq
mütəxəssislərindən Pavloviç (Mixail
Pavloviç - Ümumittifaq Şərqşünasları Elmi
Assosiasiyasının sədri, yəhudi - N.C.) Yaxın Şərq
və Orta Asiyada çalışacaq yoldaşları
üçün çoxaldılmış bir yazı
vermiş, ancaq bunu müsəlman kommunistlərdən gizlətmişdi...
Bu yazıda Yaxın Şərqin ərəb, türk,
iranlı və əfqanlı kimi millətlərdə
kapitalizm və sinif fərqi inkişaf etməmiş
olduğundan bunun yerini tutacaq olan digər xüsusları, məzhəb
və təriqət ixtilaflarını yaşatmaq, onların
Sovet Rusiya müsəlmanları arasından
qaldırıldığı halda, qonşu müsəlman
ölkələrində davam və inkişaf etdirilməsi gərəkliyi,
şəxsi intriqa, tacirlər və şeyxlər arasında
rəqabət və anlaşılmazlıqlardan istifadə etməsinin
lüzumu göstərilmiş, bu millətlərin dilləri,
imlaları dayanıqlı olmadığından aralarında
qüvvətli ədəbi dillərin hüsula gəlməməsi
yolunda bu dayanıqsızlıqdan istifadə edilməsi
lüzumu, xalqa yanaşma hərəkətinin mövcud dillərin
parçalanmasını zəruri olaraq doğuracağı,
bunlardan istifadənin əhəmiyyətini, bu millətlərdə
mədəniyyət işçiləri və fikir adamları
çox incə bir təbəqə təşkil etməkdə
olduqlarından bunları bölmənin və birləşdirmənin
asan olacağı izah edilmişdi" (səh. 288).
Əlbəttə, sovet hakimiyyətinin ilk illərində
(hətta ilk günlərində) bu cür hallar
üçün təbii olan eyforiyanın təsiri altında
dilləri (və xalqları) bölmək və birləşdirmək
işinə kifayət qədər məsuliyyətsiz, yaxud
volyuntarist yanaşıldığından belə vulqar
"inqilabi" göstərişlər verilə, dil məsələsi
sinfi, hətta "şəxsi intriqa" məsələsi səviyyəsinə
endirilə bilərdi. Və bunu sonralar sovet-sosialist
ideologiyasına xidmətin N.Y.Marr nümunəsi də son dərəcə
aydın şəkildə nümayiş etdirdi. Ancaq həmin
ideologiyanın nəzər nöqtəsindən müşahidəsi
mümkün olmayan bir türk dili (və dilləri) tarixi
vardı ki, milli ziyalı təfəkkürü siyasi- ideoloji
konyukturdan ayrılan məqamlarda ondan yan keçmir.
Səmərqənd yaxınlığındakı
Yaryaylaq adlı bir yerdə basmaçıların
çadırındakı məclisdə söhbət
Əlişir Nəvaidən düşərkən,
Z.V.Toğan "gələcəyi olan türkcə qazax
türkcəsidir" deyir. Və əlavə edir ki, "ərəb
və fars kəlmə və idiomlarını mənimsəmiş
çağatayca, Osmanlı ədəbiyyatındakı
"divan" dövrünün dili kimi kənara
atılacaqdır" (səh. 360).
Bu isə o deməkdir ki, ümumtürk ədəbi
dil təzahürləri bütün möhtəşəm mədəni-mənəvi
nüfuzu ilə yanaşı, artıq tarixdir, hər cür
perspektivdən məhrumdur. Və həmin gerçəklik bu
kəskinliklə yalnız inqilabi eyforiya illərində etiraf
edilə bilir... Ancaq daha peşəkar baxış - Birinci
Türkoloji Qurultaydakı geniş müzakirələr həmin
məsələyə belə bir aydınlıq gətirdi ki,
çağatayca hər nə qədər tarixin arxivinə
verilsə də, qazaxca da məhz o qədər ədəbiləşməli,
müasir dövrün ehtiyaclarını ödəyəcək
həcmdə fonetik, leksik və qrammatik ifadə imkanlarına
yiyələnməlidir. Qazax türkcəsinin "gələcəy"i
ona görə ehtimal olunurdu ki, bir vaxtlar
çağataycanın fəth etmiş olduğu ədəbi
səviyyəyə yüksəlmək imkanları vardı.
Z.V.Toğan "Xatirələr"ində 1922-ci ilin
iyul ayının 27-də Kabildən Parisə göndərdiyi
məktublardan birinin icmalını vermişdir. Orada deyilir:
"Qazaxlardan Ali xan Bükeyxan, Əhməd Baytursun, Nəzir
Türekulov, başqırdlardan Abdullah İsməti, Salah
Atnaqulov, Manatov, azərbaycanlılardan Məhəmməd
ağa Şahtaxtinski, Əli Əjdər Səidzadə, Cəlil
Məmmədquluzadə, türkiyəli kommunistlərdən
Əhməd Cavad, Nazim Hikmət, tatarlardan Sultan Aliyev,
Nevşirvan Yavuşev hamısını Moskvaya
çağırmışlar. Bunların hər birini öz qəbilələri
mədəniyyətinə və kommunizm təşəkküllərinə
dair böyük-böyük əsərlər yazmaq və ya tərcümə
etməklə vəzifələndirmişlər. Moskvada bir
Şərq Universiteti qurulmuş, Svanidze ilə Broydo ona rəhbərlik
edirlər... Bu Broydo və prof. Polivanov azərbaycanlı
qocaman rusçu Şahtaxtinski və türkiyəli Əhməd
Cavadı yanına alaraq bütün türk dillərinə
ayrı-ayrı latın və ta rus əlifbası tətbiq
edib bizi bir-birimizdən tamamən ayırmaq siyasətini təqib
edirmiş" (səh. 361- 362).
Burada "inqilab"ın yatmış Şərqdə
doğurduğu "daha böyük inqilab"dan irəli gələn
təəssürat çaşqınlığı aydın
görülür. Millətçilər kommunistlərlə
qarışdırılır... Ən anlaşılmaz hal isə
odur ki, türk "qəbilələr"i ilə
"kommunizm" qarşılaşdırılır... Bu
cür qarşıdurma dövr üçün səciyyəvi
olan "bəşər tarixini sıfırdan başlamaq"
meyli baxımından nə qədər yerində olsa da, məlum
məsələdir ki, get-gedə öz "perspektiv"ini
itirəcəkdir: kommunist ideologiyası "güc"dən
düşəcək, türk "qəbilələr"i isə
türk xalqlarına çevriləcəkdi. Və bunun
türk xalqları (və dilləri) tarixinə, təbii ki, elə
bir təsiri olmamışdı, ancaq türkologiya tarixi
üçün ona görə əhəmiyyətlidir ki, o
(türkologiya) bir elm kimi nüfuzunu itirmək təhlükəsi
altında qalmışdı.
Zəki Vəlidi hadisələrin gedişi barədə
nə qədər obyektiv məlumat vermək istəsə də,
onun ideoloq-siyasətçi əhval-ruhiyyəsi bir çox
hallarda tarixçi məsləkinə, peşəkarlığına
üstün gəldiyindən sözügedən obyektivlik zədələnir.
"Xatirələr"də Z.V.Toğanın
V.İ.Leninə 20 fevral 1923-cü il tarixli məktubu
verilmişdir ki, burada dil məsələsinə həsr
olunmuş mülahizələr də yer alır:
"Türk-müsəlman qövmlərinin kommunist
aydınlarını "Qızıl Şərq" dərgisi
və tək ədəbi dil ətrafında toplamaq istəmələri
velikorus alimlərini qəzəbləndirməkdə imiş.
Özbək və qazax aydınlarının da iştirak
etdikləri bir söhbətdə latın əsasında tək
əlifba tezisini müdafiə edən azərbaycanlı
Şahtaxtinski və Cəlal Quliyevə cavab verən prof.
Polivanov və digər ruslar latın əlifbası qəbul
olunsa da, sonda yerini kirilə tərk edəcəyini, sayı
qırxa çıxan türk ləhcələrindən hər
biri üçün ayrı əlifba düzəldiləcəyini
söyləmişlər. Şahtaxtinski də qayələrinin
istiqrarlı bir ədəbi dili yaşatmamaq olduğunu ifadə
etmişdir. Artıq anlaşılmışdır ki, siz
velikorus yoldaşlar hansı bir millətin dili və imlası
ilə məşğul olmağa başladınızmı,
tam rus oluncaya qədər o millətin yaxasını
buraxmayacaqsınız" (səh. 394).
V.İ.Leninin bir vaxtlar verdiyi sözə əməl
etməyib hər sahədə - həm ictimai, həm iqtisadi, həm
də mədəni sahələrdə eyni dərəcədə
velikorus çirkabına yuvarlandığını deyən məktub
müəllifi onu da əlavə edir ki, ""Axına
qarşı" və sair əsərlərinizdəki millətlərin
haqları ideal bir şəkildə əllərinə veriləcəyinə
dair sözlərinizlə indiki siyasətiniz arasındakı
ayrılığı görərkən təəccüblənməmək
mümkün olmur... Rusiyada sosializm imperialist ənənələrinin
əsiri dərəcəsinə enməmiş olsaydı, onun
məhkum millətlər üçün əlifba və
danışıq ləhcələrindən uydurulacaq yeni ədəbi
dillər məsələləriylə nə kimi
alış-verişi ola bilərdi?" (səh. 394-396).
Bu məsələdə V.İ.Lenin qədər
Z.V.Toğan da haqsızdır: ilk növbədə, ona görə
ki, "dünya inqilabı"nın lideri, "Xatirələr"də
də qeyd olunduğu kimi, ictimai- iqtisadi mülahizələrdən
çıxış edir, "Xatirələr" müəllifini
maraqlandıran isə "türk qövmü" (!!!)nün
taleyidir. O tale ki, yalnız "xaric"dən deyil,
"daxil"dən də elə bir "birlik" vəd
etmirdi. Təşəkkül tapmaqda olan sovet rejimi də
çarizm üsul-idarəsi kimi imperialist xarakterli olub,
"ayır-buyur" siyasəti yürütsə də, bu, o
demək deyildi ki, türk xalqları (və dilləri) hələ
də orta əsrlər dövrünü yaşayırlar, hər
cür daxili (təbii) diferensiasiya prosesindən kənarda
qalmışlar.
Berlinə gələn
Z.V.Toğanın Türküstan Milli Birliyinin (TMB-nin)
başçısı olması digər Türküstan
mühacirlərinin etirazı ilə qarşılanır.
"Bir başqırdın başçı olmasının
özbəklər üçün şərəfsizlik
olacağı haqqında bəzi qaranlıq şəxsiyyətlərin
söyləntiləri"nə "tatarlardan keçmiş
unitaristlər" də tərəfdar çıxırlar.
TMB-nin 23 noyabr 1924-cü ildə keçirilən konqresi
Z.V.Toğanın başçılıqdan istefasını qəbul
etmir. Və "Xatirələr"də göstərilir ki,
konqresdə "əvvəlcə tək bir ölkə olan
Türküstanın Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Tacikistan və Türkmənistan
şəklində beş cümhuriyyətə
ayrılması əleyhinə mühüm qərarlar verildi.
"Türküstan" ifadəsi xarici nəşriyyatımızda
işlədilməyə davam edəcək, ayrı
cümhuriyyətlərə isə məsələn,
"Türküstanın Özbəkistan qismi" deyiləcəkdi"
(səh. 481).
Əlbəttə, "daxili" gerçəkliyə
"xaric"dən bu cür idealist reaksiya o qədər də
təsirli bir hərəkət deyildi. Və ona görə də
zaman-zaman bəzi "redaktə"lərə ehtiyac
duyulmuşdu:
"9 mayısda Türküstan Milli Birliyinin (TMB)
Avropada son toplantısını keçirdik... İstanbulda
gerçəkləşdirəcəyimiz nəşriyyatın
dili və proqramı xüsusunda da yaxşı qərarlar
aldıq, yəni qazax, özbək, tatar və
başqırdlar türkcə nəşriyyatlarında öz
şivə xüsusiyyətlərini və ayrı ləhcə
kəlmələrini mühafizə etməklə bərabər,
etimoloji və morfoloji xüsuslarında müştərək
qaydalara riayət edərək yazacaqlardı" (səh. 505).
Bu gün (yəni təsvir edilən hadisələrdən
yüz il sonra!) yenə də belə mülahizələrə
təsadüf olunur ki, yalnız bir türk dili var, yerdə
qalanlar ləhcələrdir... Nəyin "türk dili", nələrin
"ləhcələr" olduğu barədə isə
yüz ildən çoxdur ki, əksəriyyətin qəbul edə
biləcəyi ciddi bir fikir söylənilmir. Və belə məlum
olur ki, dilin metafora törətmək istedadı yeri gələndə
onun özünə də tətbiq edilirmiş. Yəni biz qədim
dövrlərdəki, yaxud qismən orta əsrlərdəki
kimi vahid (ümumi) bir türk dilinin olmasını çox istədiyimizdən
artıq bir (əslində, üç) əsrdən
çoxdur ki, onun bölündüyünü
(diferensiasiyasını) heç cür qəbul edə bilmir,
istək-arzumuza zidd olan reallıqları - dillərimizin (və
xalqlarımızın) bölünməsini müxtəlif
metaforik ifadələr (məsələn: qazax türkləri
/ qazax türkcəsi, özbək türkləri /özbək
türkcəsi, türkmən türkləri /türkmən
türkcəsi və s.) altında gizlədirik ki, bu həmin
metaforikliyə terminoloji məzmun verməyə cəhd
göstərməkdən irəli gəlir.
1925-ci ilin 29 mayında Z.V.Toğan İstanbul
Darülfünunun Türkiyyat İnsitutunda ilk
konfransını verir. Xatırlayır ki, "Türkiyə
türkcəsini hələ konfranslar verəcək qədər
bilmirdim. Bununla belə, diqqətlə dinlədilər və
çox müxtəlif suallar verdilər. Anlada bilmədiyim kəlmələri
Raqib Hulusu bəy izah etdi" (səh. 517).
Z.V.Toğanın türk təəssübkeşliyi
imkan verməmişdi ki, türk dillərində gedən təbii
diferensiasiyanı hiss etsin. Və bu, yalnız o zaman hələ
çox gənc olan dərin düşüncəli vətənpərvərə
aid deyildi, adı çoxlarına məlum daha bir sıra
türk ziyalıları da vardı ki, türklüyün
"ümumi" və "xüsusi" qütbləri
arasında qalmışdılar. Maraqlıdır ki, bu cür
tərəddüdlər "imperialist" rus
türkoloqları üçün də az səciyyəvi
deyildi.
Z.V.Toğan, çox maraqlıdır ki, 1925-ci ilin 9
iyulunda Ankaraya gəlib onunla görüşən (və ona
Sovetlər Birliyinə qayıdıb elmi karyera qurmasını
təklif edən!) Aleksandr Nikolayeviç Samoyloviçlə
söhbətləşərkən köhnə
tanışını mühakimə edir:
"1922-ci ildə Moskvada Şərq Universitetində
və Elmlər Akademiyasının filoloji qismində Rusiya məhkumu
türk qövmləri üçün rus əlifbası ilə
19 ədəbi dilin vücuda gətirilməsi gərəkliyi
xüsusunu müzakirə edən rus türkoloqları
arasında siz yox idinizmi?.. Bəzi rus yoldaşlarımız
slavyan dillərində olmayan q və n hərflərini
türkcəyə yaxınlaşmağa qoymayan başlıca əngəl
sayaraq onların yox edilməsi gərəyindən bəhs
etmişlər. Siz orada yox idinizmi?.. Əlbəttə,
aranızda unitar bir latın tərəfdarı olan bəzi mərd
gənc türkoloqlar da olduğunu eşitdim. Ancaq Şərq
türkləri arasında ədəbi dil adına müştərək
hərəkətə yol verilməməsi gərəyini, əlifbaların
fonetik əsasda tamamilə müstəqil dillər qurmaq fikriylə
tərtib ediləcəyini irəli sürənlər, türk
qövmlərinin az bir zaman içində ruslaşıb aradan
qalxacaqlarını söyləyənlər bu gün sizdə
hərəkətdədir... Bunları Türküstandan
İrana keçmədən iki gün öncə göndərdiyim
məktubda Leninə də yazmışdım. İndi
Türkiyədəyəm, burada qalacağam" (səh. 526).
Bu mühakimə, ilk növbədə, ona görə
əsassız idi ki, A.N.Samoyloviç 1937-ci ildə məhz
pantürkist kimi ittiham olunaraq sorğu-sualsız güllələnmişdir.
İkincisi, bu görkəmli rus türkoloqu Bakıda
keçirilən Birinci Türkoloji Qurultayda məhz ümumi
türk ədəbi dili tərəfdarı kimi
çıxış etmişdi.
Nəticə etibarilə, müəllifin müqavimətinə
rəğmən, "Xatirələr" aydın göstərir
ki, Rusiyada sovetləşmənin ilk illərində
yürüdülən "dil siyasəti"nin hansı
konyuktur məqsədlər izləməsindən asılı
olmayaraq, türk xalqları (və müvafiq türk ədəbi
dilləri) artıq tarix səhnəsinə çıxıb
öz milli müstəqilliklərini israrla nümayiş etdirirdilər.
Və bu təbii-tarixi diferensiasiyanın
qarşısını almaq mümkün olmadığı
kimi, hər hansı siyasi iddialarla onu sürətləndirmək
də imkan xaricində idi. Odur ki, "Xatirələr"
müəllifi nə qədər ümumtürklük təəssübkeşi
olsa da, gəzib-dolaşdığı hər yerdə ümumən
türklər yox, başqırdlar, tatarlar, qazaxlar, özbəklər,
türkmənlər, Azərbaycan türkləri, Türkiyə
türkləri (və onların dilləri, ədəbiyyatları,
tarixləri) ... ilə üz-üzə gəlməli idi. Və
gəlmişdi...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti .- 2025.- 18 iyul (№25).- S.18-19.