Tanıyıram
İsmayıl Şıxlının vəfatının
30 illiyinə ithafən
Azərbaycanın Xalq yazıçısı,
publisisti, pedaqoqu, ədəbiyyatşünası və ictimai
xadimi İsmayıl
Şıxlı müəllifi olduğu monumental romanları
ilə ədəbiyyat tariximizdə böyük iz buraxıb.
"Ayrılan yollar", "Dəli Kür", "Ölən
dünyam", "Namus qaçağı",
"Ölüləri qəbiristanda basdırın",
"Namərd gülləsi" və başqa əsərləri
ilə oxucuların rəğbətini qazanan İsmayıl
Şıxlını bu gün də sevgi ilə anır,
ruhunu sayğı ilə yad edirik.
Əvvəllər "İsmayıl müəllim, mən
sizi eşitdim" esse-hekayəsini və "Sətirlər"
verilişinin 2 proqramını məhz İsmayıl
Şıxlıya həsr etdiyim üçün xeyli qürur
duyuram.
Tutqun havada üstümə şığıyan
ildırımla haqq-hesab çəkməyim var. Məni ay
işığının müştaqında saxlayan,
mehtabın üzünə həsrət qoyan hünərdən
bifər kəslərə dişimin dibindən
çıxacaq qədər deyəcəklərim olacaq.
"Bu nə səsdir?" - deməyin, "bu səs hardan
çıxdı?" - deyə sormayın; göy peydərpey
guruldayırsa, könlümə ay işığı
düşməzmi, onun hicranında qalanların bu
axşamçağı ay işığının
altında köz olmaq arzusu ürəyindən keçə
bilməzmi?! Göydəki qəmərin ufacıq
ağlayışını beyninə həkk edən bəndənizin
pasibanı bu ay işığı sayılmazmı?! Bizim tərəflərdə
qəmər də deyirlər göydəki aya. Bilməm, bu
saat ay işığına olan həvəsim nədən irəli
gəlir? Aşıq bilsəydiniz məni, məni bu tərəflərin
yanşağı, ozanı kimi tanısaydınız, saza
sarılardım, amma naçar durumdayam, təkcə
gümanım sənə qalır: Ey mənim ay
işığım, gecənin ənginliyinə sarılan,
onunla sarmaş-dolaş bu saat sənsən. Əgər
görsən ki, bu zülmət gecədə
üşüyürsən, tənhalıqdan titrədirsən,
həyəcandan tövşüyürsən... Görsən
ki, günəşin körpəcə balasından,
üzümüzə açılacaq səhərimizdən
günahkar şəhərimiz inciyib, onda ay
işığını axtar, ara, onu tapana kimi.
Niyə sözümə aydan başladım? Aydan
arı, sudan duru duyğularımdan başladım, heç
özüm də bilmirəm. Görəsən, təsadüfdürmü?
Əsla! Təsadüf adında bir şey varsa, onun
qarşısında təzim etməyə ikiəlli hazır və
razıyam. Qəmərlə başladım söhbətə,
göydəki qəmərlə başlayıb, romandakı qəmərlə
davam edirəm. Axı hər ikisi muraddır.
"Dəli Kür" əsərində sahibinin
ürəyindən keçənləri anındaca duyan qəməri,
yalının - quyruğunun qırxıldığına
dözə bilməyən Cahandar ağanın ağayana
atını yada salaq, əgər "Dəli Kür"dən
danışırıqsa.
Mərd ölməkdən də vacib olan bir şey var
bu dünyada; mərd yaşamaq. Daha çətin olanı
budur. Bu müşkül peşəni seçən
İsmayıl Şıxlı, ilk növbədə, müəllim,
yazıçı və ictimai xadim idi. Bu möhtərəmin
əsərlərinin hər birində oxucuya aşılanan
vacib bir ideya var:
- Ömrü boyu insan elə yaşamalıdır ki,
qohumdan, dost-aşnadan, çevrəsindən, ən əsası
isə, xalqından şərməndə qalmasın,
dürüstlüyü yol yoldaşı seçsin,
seçib də əxlaq prinsiplərini ayaqaltı yox,
baştacı sansın. Pul-parasıyla, şan-şöhrəti
ilə deyil, əməlləri ilə başında tac gəzdirsin,
fəqət, tacdan öncə baş gəzdirsin.
İnsanın başı, ağlı-kamalı olsun, o zaman
taxt-taca, bər-bəzəyə gərək qalmır.
Bunu öyrədirdi İsmayıl Şıxlı.
"Dəli Kür" romanındakı Cahandar
ağanın cahanını dar eyləyən, gün-güzəranını
göy əskiyə bükən, yediyini-içdiyini zəhrimara
çevirən əməlləri, əslində, insanın
öz əxlaq kodeksinə vəfasızlığı kimi qəbul
olunur. Bəy, bəyzadə, kəndxuda, darğa, pristav,
qubernator, mülkədar, xan, xan balası, lap elə atam
balası, yəni kim olursan-ol, bircə dəfə öz əxlaq
kodeksinə kəm baxdınsa, prinsiplərinin üzünə
ağ oldunsa, demək ki, şəxsiyyət tənəzzülünün
başlama vaxtıdır.
Kimdir Cahandar ağa? Həyati bir obrazdır, həyatdan
götürülmüş bu personaj, gerçəklikdə
yazıçı İsmayıl Şıxlının ana
babası olmuşdu. Mələyin timsalında cahanı və
cananı sevən bir kəsdir Cahandar ağa, Mələksiz
canı, canansız dövranı neynərdi?
Cümlə xilqət bu cahanə mübtəla,
Cahanı sevməyən cananı neynər?!
Eşqidən bixəbər naşı, nadandı,
Əhli-ruh aləmdə nadanı neynər?!
Huri-rüxsar, hilal qaşlı, siyah tel,
Boyu mina, əndam büllur, incə bel.
Diyarım zibasın əsil mələk bil,
Bizim mah camallar ədanı neynər?!
Səslə hüzuruma aqil kəsləri,
Hikməti dərk edən pür həvəsləri.
Qovla məclisimdən kənar kəsləri,
Alı mərəkədə gədanı neynər?!
Aşıq Alı
Bütün bunları aşıq Alı görsəydi,
sazı sinəsinə basıb, bəlkə bu cür
oxuyardı. Mən nə aşıq Alıyam, nə
aşıq Ələsgər. Lakin bildiyim budur ki, təkcə
kişi-gəda davası deyil Cahandar-Allahyar davası, həm də
keşməkeşli tariximizin qovğalı, məlalı
güzgüsüdür. Mələyin
qaçırıldığı andan daxili iztirabları
başlayan Cahandar ağanın faciəsini 19-cu əsrin sonu,
20-ci əsrin əvvəlindəki Azərbaycan insanının
taleyinə qovuşdura bilib İsmayıl Şıxlı. Bəlkə
də əsərdəki gizli şifrələrdən biri məhz
budur: məişət intriqalarının fonunda, öz tarixi
keçmişimizi görməyimiz "Dəli Kür"
romanını masaüstü kitabımıza,
gözümüzün ağ-qarası, bircəcik əsərimizə
çevirib.
Əsərin 1957-1967-ci illərdə 10 il müddətinə
yazıldığı qeyd edilsə də,
yazıçının övladı, sayğıdəyər
Elçin bəylə söhbət zamanı romanın
deyildiyi vaxtdan bir qədər əvvəl; yəni il yarım,
iki il tez bitdiyi qənaətinə gələ bildik. Amma istənilən
halda böyük zəhmət və vaxt hesabına ərsəyə
gələn "Dəli Kür" "ilklər
romanı" sayılır. İsmayıl Şıxlı
öz nəslinin, öz mahalının tərcümeyi-halını
dəqiqliklə, dürüstlüklə və bədii
priyomlarla verə bilmişdi. Bu əsər hadisə deyə
biləcəyimiz əsərlərdəndir və bu cəhətdən
tək-tük romanlardandır. İsmayıl müəllim 3
müəllim nəslinin tarixçəsini verərkən,
Kürü "dəli" çağırmasını
tarixi keçmişimizin qanlı-qadalı, dərdli-bəlalı
olması kimi izah edə bilərik.
Görəsən, Ana Kürü Dəli Kür kimi
görməkdə yazıçının hansı səbəbləri
vardı? İsmayıl Şıxlı bu nüansı əsər
boyu gizli xətlə cızmış, - deyə
düşünürəm. Başı bəlalar, günü
məlalar çəkmiş tariximizin, yurdumuzun hayqırtısını
Dəli Kürün dəliliyində,
bağırtısında, iniltisində vermiş gözəl ədibimiz.
Ey dəli Kürüm, dəliqanlı Kürüm, sənə
deyəcəklərim var! Çoxları bilməz, sən
axı şahidsən, şahidsən ki, filmdə
görüntüyə alınan, ehtişamlı, məğrur
Kür çayının görüntüləri İsmayıl
Şıxlıya məxsusdur. Özü seçmişdi o mənzərələri,
şəxsən özü bulmuş, özü çəkmişdi.
Hətta müəllif bir neçə gün çəkiliş
meydançalarında iştirak etməyəndə, çəkilən
bəzi kadrlarda sonralar ciddi nöqsanlar da
görübmüş, təbii ki, bunlarla barışmayan ədib
yerindəcə iradlarını yaradıcı qrupa
bildirmişdi.
"Dəli Kür" romanını
xalqımızın eposları ilə yanaşı tutmaqda əsaslar
var. Bütov bir dövrü, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin
bütün ictimai-sosial, mədəni mənzərələrini
ortaya qoyur bu əsər. Miqyası, nəhəngliyi ilə
seçkin bir nümunədir. Ən əsası millidir, xalqa
yaxındır. Hadisələr, epizodlar yox, xarakterlər
yığnağıdır bu roman. Cahandar ağa, Şahnigar,
Zərnigar, Mələk, Şamxal, Əşrəf, Allahyar,
Molla Sadıx və.s. Hə, bir də ki urus Əhməd.
Kmisinə görə bu, "firəng Əhməd" ləqəbli
Əhməd bəy Ağaoğlunun, kiminə görə
"rus Əhməd" ləqəbli Əhməd bəy
Cavanşirin prototipidir. "Dəli Kür"ün "urus
Əhməd"ini belə də çağırmaq olar:
ziyalı, maarifpərvər, yurdsevər birisi.
Möhtərəm ziyalımız Elçin
Şıxlı ilə söhbət zamanı bu nüansı
da öyrənmiş olduq ki, sən demə, rus Əhməd
Qazaxda məşhur ziyalı nəsli kimi tanınan
Seyidovların nümayəndəsidir, Molla Seyidin nəvəsi,
Yusif kişinin oğlu, ruhunu sayğı ilə
andığımız pedaqoq, ziyalı Əhməd Seyidovun
prototipidir. Əslində, hər bir elm fədaisindən,
maarifçi soydaşımızdan bu obrazda pay var, desək, qətiyyən
səhv etmərik.
İsmayıl Şıxlı
yaradıcılığına çəpər çəkənlər
"Ölən dünyam" romanının meydana
çıxmasına mane ola bilmədilər. Sovet dönəmində
yazılması mümkün olmayan bu əsərin
"Qanlı təpə", yaxud "Ölən
dünyam" adı arasında müəllifin seçim etməyinin
də səbəbləri var.
"Həsən ağa eyvanı Kürə baxan evlərinin
həyətində odun yarırdı. Havanın sazaq, ətrafın
qırov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi.
Ələddinin səsini eşidəndə baltanı
kötüyə sancıb dikəldi. Gödəkcəsini
çiyninə saldı, ağır-ağır doqqaza
doğru addımladı. - Niyə orda durubsan? - Bəri gəl,
sözüm var. Həsən ağa ona yaxınlaşdı.
Salamlaşdılar. Ələddinin gözləri
gülürdü. - Bir şey görmürsən? Həsən
ağa diqqətlə Ələddini başdan-ayağa
süzdü. Gördü ki, nişanlanandan bəri
üstü-başı səliqəyə düşüb.
Gülümsündü. - Deyəsən, qızın eşqi
səni sığallaşdırıb?"
Bu oxuduqlarınız "Ölən dünyam"
romanından bir parça idi. Arxiv materialları əsasında
romanı mükəmməl və müəzzəm şəkildə
işləyən ədib, dünyaya vida deməzdən 2-3 ay
öncə əsəri bitirə bilmişdi. Əgər bu
romanın bitməsi üçün daha bir müddət
yaşamağına ehtiyac olsaydı, əmin olun ki,
İsmayıl Şıxlı xəstəliyə təslim
olmayacaqdı, missiyasını başa vurana kimi yazacaqdı.
Bəs Elçin bəydən müsahibə
aldığımız zaman fonda gördüyümüz saz
kimindir?
- Kimin olacaq?
- İsmayıl Şıxlının sazı,
adda-budda da olsa, dilxoşluq üçün
çalarmış, amma "dostum İsa Muğannanın
gözündən uzaq" da deyərmiş!..
Bəli, İsmayıl Şıxlıdan
doğmalarına, xalqına xatirə qalan təkcə bu saz
deyil, həm də istiqlalımız, müstəqilliyimiz və
suverenliyimizdir.
Azərbaycan istiqlalında mütləqdir ki,
İsmayıl Şıxlının da payı var. O, siyasətçi
deyildi, lakin heç vədə xalqın
ağrı-acısına etinasız qalmazdı.
Qarabağdakı gərgin döyüşlər vaxtında,
Qazaxın sərhəd zonasına yaxın bağda bir kətil
tapıb əyləşmiş, təxminən, 1-2 saat
çay içib, soyuqqanlılığı, mərdliyi, vətənsevərliyi,
kişiliyi ilə təlaş və təşviş
içində olanlara örnək olmuşdu İsmayıl
Şıxlı. Ətrafdakılar "Kişi Bakıdan gəlib
qızğın döyüşlərin, şiddətli
atışmaların içində rahatca çay içirsə,
deməli, möhkəm olmaq lazımdır" - demişlər.
Demişlər... Eşitdiyimə görə, bunu da
demişlər ki, ruzi-pədər insana o zaman halal olur ki, əcdadlarının
qədrini bilsin. Zatən, ziyalılarımızı və
ziyalılığımızı bizə andıracaq nəsnələr
xətrimiz istəyən qədərdir. Onlardan biri olsun:
"Ay işığı". Yazımın əvvəlində
beynimi məşğul edən qəmərin
bayrağımızdakı ay-ulduzu xatırlatmasının
bundan doğal hansı səbəbləri ola bilər ki!!!
İti bir qılınc kimi göydə parlayan hilala
İsmayıl Şıxlı deyəcəm və
İsmayıl müəllimdən təvəqqe edəcəm
ki, dünyamız qaralanda, qaramatlıq basanda bu yer üzünə
bir də təşrif buyursun; kainatımız xəstələnəndə
ara-sıra müsafirimiz olsun, nolar, çün nurundan səfa,
ziyasından şəfa bulmaq istəyənlər yetərincədir,
içi mən qarışıq. Hə, İsmayıl müəllim,
hə, Günəş insan, sizin əlinizdə ölüm nə
çətin işdi ki, əsas odur ki, müəllim eynəyiniz
gözdən salmasın bu dünyamızı, aramıza yenidən
qayıdacaq İsmayıl Şıxlıya deyəcəklərim
budur ki: Sizi yaxşı tanıyıram.
Turan UĞUR
Ədəbiyyat qəzeti
.- 2025.- 25 iyul (№26).- S.16;17