Zarafatnamələrin
ciddiliyi
Azad, müstəqil, qalib və fikir, düşüncə
azadlığının qarantı olan bir ölkədə
yaşamasaydıq, yazıçı-dramaturq Xeyrəddin
Qocanın taleyi sarıdan çox narahat olardım.
Çünki Xeyrəddin Qoca olduqca cəsarətli qələm
əhlidir. Çünki zamanında belə azadfikirliliyin, cəsarətliliyin
sıxıntılarını geninə-boluna
yaşamış olduqca, görkəmli sənətkarlarımızın
həyat hekayətləri, hər kəs kimi, mənə də
bəllidi. Sözün düzünü deməyin zor iş, əsl
kişilik örnəyi olduğu zamanlarda totalitar rejimlərin
azad sözün, azad fikrin başı üzərində Demokl
qılıncına döndüyü aləmin hekayətləridir
o yaşananlar. Və hər yada düşəndə,
xatırlananda istiqlal fədailərimizin dönməz əqidə,
amal yolunda düçar olduqları məhrumiyyətlərin
utancını yaşamalı oluruq. Bu baxımdan Xeyrəddin
Qocanın cəsarətli yazılarının əndişəsini
də yaşamalı olmuşam həmişə.
Amma nə xoş ki, öz dahi sələfləri ilə
müqayisədə Xeyrəddin Qocaya azad, demokratik,
qabardılan problemlərə dözümlü Azərbaycanımızın
satirk yazıçı ömrü yaşamaq nəsib oldu. Bu
azadfikirliliyin, demokratiyanın qarantı olan ulu öndər
Heydər Əliyevin davamlı qayğısı və unudulmaz
dəstəyi ilə yazıb-yaratdı. O dahi şəxsiyyət
Xeyrəddin Qocanın istinad nöqtəsi oldu. Ürəyincə
yazıb-yaratmaq istəyinə güc-qüvvət verdi.
Yaradıcılığını və özünəməxsus
xarakterini dəyərləndirdi. Xeyrəddin Qoca bu
qayğıkeşliyin, məxsusi diqqətin sayəsində
satirik sənət yolunu öz böyük sələflərinin
- ustadları Mirzə Cəlilin, Ə.Haqverdiyevin,
M.Ə.Sabirin məramınca davam etdirə bildi. O böyük
müəllimlərimin hədəfi, qınaq yeri olan
"marallar"ın, rusbaşlıların mənəvi
kasadlıqlarının gerçək üzünü
qamçıladı. Bu mövzuda "açdı
sandığı, tökdü pambığı". Cəmiyyətdə
və ictimai həyatda baş verən, müşahidə
etdiyi nöqsanlara, əyintilərə qarşı
barışmaz olan ümummilli liderin yaxın fikirdaşı, əqidədaşı
olaraq yazıb-yaratdı. Öz sələflərinin yoluna
sadiq qaldı.
Elə onun həyat və
yaradıcılığına ayna tutan bu günlərdə nəfis
tərtibatla "Mütərcim" nəşriyyatında nəşr
edilən "Molla Nəsrəddin" yolu" adlı kitaba
daxil edilən məqalələrdə, haqqında deyilmiş
fikirlərdən seçmələrdə də bu həqiqətlərdən
söz açılır. Xeyrəddin Qocanın özünəməxsus,
təbii, vəfalı və cəsarətli
yazıçı xarakteri, yaradıcılıq imkanları
incələnir. Bu mənada akademik İsa Həbibbəyli
kitaba yazdığı Ön sözdə haqlı olaraq
vurğulayır ki: "Azərbaycan ədəbi-elmi ictimaiyyəti
Xeyrəddin Qocanı ciddi satirik yazıçı kimi
yaxından tanıyır və onun satira
yaradıcılığı sahəsindəki fəaliyyətini
yüksək qiymətləndirir". Çünki
"Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin
Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya,
ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən
satirik nəşrə qədər geniş bir dairəni
özündə cəmləşdirir".
Bu yöndə Ön sözdə qeyd olunan məqamlar
dərin səmimiyyət, tarixi yaşantılara sonsuz vəfadarlıq
faktları kimi razılıq doğurur: "XX əsrin
sonlarında Xeyrəddin Qoca artıq mətbuatda və həyatın
burulğanlarında bişib-möhkəmlənmiş qələm
ustası və əsl əqidə sahibi idi. Cəmiyyət həyatında
baş verən mürəkkəb ictimai-siyasi proseslərin alt
qatlarını, dərinliklərini görə bilmək, əsas
inkişaf meyillərini düzgün dəyərləndirmək
bacarığı sayəsində o, xalqımızın
nicatı yolları barədə düşünərkən,
Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi Heydər Əliyevə üz
tutmağın zərurətini hamıdan tez hiss edənlərdən,
gün kimi aydın olan bu gerçəkliyi birmənalı
şəkildə qəbul edənlərdən biri kimi, yeni Azərbaycan
uğrunda fəal mübarizliyə qoşulanlardan biri
olmuşdur. Xeyrəddin Qoca Heydər Əliyevçilik - yeni
azərbaycançılıq hərəkatına bağlı
olan, bu hərəkatın reallığına və gələcəyinə
dərindən inanan vətənpərvər Azərbaycan
ziyalısıdır".
Yeni azərbaycançı mövqeyinin mübariz təmsilçisi
və dönməz müdafiəçisi kimi dəyərləndirilən
Xeyrəddin Qoca filologiya elmləri doktoru Gülbəniz
Babayevanın baxış bucağından belə dəyərləndirilir:
"Çağdaş Azərbaycan ədəbiyyatında
"Molla Nəsrəddin" jurnalının ideya, janr və
üslub rəngarəngliyini ləyaqətlə davam etdirən
Xeyrəddin Qoca orijinal satirik yazıları ilə seçilən
yazıçılarımızdandır... Zəngin və
çoxcəhətli yaradıcılığı onu
dövrünün satirik yazıçısı kimi məşhurlaşdırmış
və "Molla Nəsrəddin" ədəbi məktəbinin
fəal davamçılarından birinə
çevrilmişdir. Azərbaycan xalqının ictimai-siyasi, ədəbi-mədəni
həyatında gedən prosesləri həssaslıqla
müşahidə edən, bir vətəndaş
yanğısı ilə bu taleyüklü məsələlərə
öz münasibətini bildirən Xeyrəddin Qoca satira və
yumor janrına böyük önəm verir... Və onun məsuliyyətini
yetərincə dərk edir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
satirik nəsrin görkəmli (bir qədər də dəqiqləşdirsək,
yeganə) təmsilçisi olan Xeyrəddin Qoca barədə
akademik Nizami Cəfərovun fikirləri də maraqlı və
yaddaqalandır: "Onun 1980-ci illərin sonu, 1990-cı illərin
əvvəllərində apardığı mübarizə hər
birimizə məlumdur. Bu mübarizə ən ağır
şəraitdə aparılırdı, demək olar ki, onun
heç bir müdafiəçisi yox idi, amma onun müdafiəçisi
olan böyük bir hadisə var idisə, bu da onun vicdanı
idi"..." heç kəsi incitmədən, qəlbinə
toxunmadan, vicdani borc, vətəndaşlıq heysiyyəti,
insanda insan oyatmaq amacı ilə yazdığı satirik əsərlər,
ilk növbədə, Xeyrəddin Qocanın "Zarafatnamələr"i
kimi yadda qalır. Daha çox tərbiyə edir, təbəssüm
oyadır, insanlıq yolunu işıqlandırır. Nizami Cəfərovun
təbirincə desək, nə xoş ki, "Xeyrəddin Qoca
zarafat etməkdən çəkinmir və onun ədəbi,
yazıçı kimi zarafatlarının mühüm
xüsusiyyətlərindən biri odur ki, zarafatlarına birinci
növbədə ən çox özü gülür. Ona
görə də Xeyrəddin Qocadan incimək mümkün
deyil. Çünki özünə qarşı nə qədər
obyektiv və prinsipialdırsa, istər-istəməz dövrə,
zəmanəyə qarşı da o qədər səmimidir...
Yeni nəşrə X.Qocanın
yaradıcılığı barədə Əbülfət Mədətoğlu,
Faiq Şükürbəyli, Tahir Aydınoğlu, Alqış
Musayev, Mübariz Abdullayev, Şahanə Müşfiq, Əli Nəcəfxanlı,
Aygün Eldaroğlu və başqa qələmdaşlarının
əhatəli məqalələri ilə yanaşı, bir
çox görkəmli ədəbiyyat adamlarının fikirlərindən
seçmələr də daxil edilib. Bu sırada Xalq
yazıçıları, Anarın, Elçinin, Xalq şairləri
Qabilin, Zəlimxan Yaqubun, Cabir Novruzun, filologiya elmləri
doktoru, professor Pənah Xəlilovun, professor İmamverdi
Əbilovun, Xalq şairi Sabir Rüstəmxanlının,
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun,
qardaş Türkiyənin ünlü yazarları Dursun Özdənin
və İrfan Ülkünün X.Qoca
yaradıcılığına dərin sayğılarla izlənən
fikirləri var.
Eyni zamanda, kitabın tərtibçisi Selcan Muradzadə
yazıçının yaradıcılıq nümunələrindən
etdiyi seçimlərdən yeni nəşrə nümunələr
də daxil etməyi unutmayıb. Bu sırada seçilmiş
hekayələr, "Eşitdiklərim" silsiləsindən
seçmələr, "Zamanın rüzgarı", "Bu
da axırı" pyesləri yer alıb.
O ki, qaldı mənə, "Molla Nəsrəddin"
yolu" toplusuna daxil edilən "Siyah İçindəymiş
sədəf, sən demə" adlı təəssüratlarımdan
bir məqamı əlavə etmək istərdim: "15 il əvvəl
Xeyrəddin müəllim haqqında bir məqalə
yazmışdım. Bu yazıya, necə deyərlər, ürəyimi
qoymuşdum. Yazı boyunca olduqca qanadlı cümlələr
işlətmiş, müqayisələr gətirmişdim.
İstəmişdim ürəyincə olsun.
Xeyrəddin müəllim iş otağımda
özünəməxsus şuxluqla o məqalənin əlyazmasını
gözdən keçirdi. Və qələmi
götürüb, deyə-gülə, bütün
"qanadlı" ifadələrin, təqdir dolu fikirlərin
üstündən xətt çəkdi, tərif dolu
müqayisələri qanına qəltan elədi... "Təklikdə
qalanda mən" o yazını götürüb yenidən
oxudum. Bu, yeni bir məqaləydi; sadə və səmimi...
Rahatlandım. Onun özünəmxsus səmimiyyətlə,
deyə-gülə etdiyi düzəliş, əslində, məndən
ötrü xeyirli bir dərs oldu; qınamadan, qəlbə
toxunmadan, sözsüz bir dərs! O dərsi unutduğum
olmadı heç. Yazmaqla bərabər, poza bilməyin dərsini
aldım.
O dərsi unutmamışam. O dərsləyəm. O dərsin
verdiyi "qulaq burması"yla baş-başa bu yazıya son
nöqtəni qoymağın vaxtı gəldiyini hiss edirəm.
Yoxsa, səmimi əlavələrim davam edəcək. Ən
azından, onu da yazacam ki, Xeyrəddin müəllim, Sən mənim
üçün çox əzizsən; yazıçı
kimi də, İnsan, vətəndaş kimi də, əziz dost,
həmkar kimi də!
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.19.