Caz üslubunda romanlar icad edən
yazıçının xoşbəxtlik xülyaları...
Gülnar Yunusovanın Haruki Murakami
yaradıcılığından bəhs edən
"Postmodernist ədəbiyyatın kultu" kitabı nəşr
edilib. Gülnar xanım ədəbiyyatı yaxşı, yapon
dilini mükəmməl bilir. Əlahiddə post-modernist
kontekst inşa edən yazıçının
yaradıcılığına müəllif ən müxtəlif
mövqelərdən nəzər yetirir: tarix, coğrafiya,
üslub dəyişmələri və sair. Və ən əsası
musiqi qamması.
Əvvəla, belə bir faktı qeyd edək ki, istənilən
normal əsaslarla qələmə alınmış tədqiqat
işi illərlə sürən ağır zəhmətin bəhrəsidir
və yazılan rəydə həmin zəhmətin
"çətin dolanbaclar"ı nəzərə
alınmalıdır. Bu mənada, həmin kitab da istisna deyil,
tədqiqatçının orijinal dil bilgisi, mövzuya
hakimliyi və sair məsələləri nəzərə
almaqla tədqiqatın strukturunda yer alan konseptual aspektlərə
nəzər salmaq mümkündür.
Tədqiqatın fəsil adlarından da bilindiyi kimi
("Yapon ədəbiyyatı və postmodernizm") ("Yaponiyada
postmodernizmin formalaşması və başlıca cəhətləri"),
yapon ədəbiyyatında postmodernizmin təşəkkülü
ilə bağlı məsələlərə həsr edilib.
Kitabda Yaponiyada postmodernizmin hadisəyə çevrilməsi, cəmiyyət
həyatının və mədəniyyətin nəfəs
alıb-vermə prosesinin mahiyyətinə dönüşməsi
ilə bağlı keçid və proseslər təsvir
edilir. Bu məqsədlə tədqiqatçı epizodik də
olsa, tarixə müraciət edir, bir ölkə kimi
Yaponiyanın dərin köklü mədəniyyətinin digər sivilizasiyalarla, xüsusən,
Qərb mədəni dəyərləri ilə toqquşması
nəticəsində yaranmış yeni reallıqlar
detallaşdırılır. İnsanların getdikcə
(gecikmiş kapitalizmdə) istehlak mallarından
asılılığının güclənməsi, buna
paralel olaraq onların cəmiyyətə yadlaşması
prosesi araşdırmada diqqət mərkəzinə gətirilən
mövzudur. Yapon postmodernizmi əslində zahirən bilinən,
daxilən isə son dərəcə ziddiyyətli və
mürəkkəb bir hadisədir, çünki 250 il ərzində
dərin köklü ənənələrindən ayrılmaq
təhlükəsi səbəbindən özünü
bütün dünyadan təcrid etməsi, sonra İkinci
Dünya müharibəsindən sonra yeni reallıqların
yaranması ilə "yapon hadisəsi"nin
parçalanması və fonda baş verən ziddiyyətlərin
öyrənilməsi çətin anlayışlardandır.
"Bir modelə uyğun şəkildə yaradılması
sonucunda meydana çıxan gerçəyin gerçəkdən
daha real olması" prosesi yapon həyatı və mədəniyyətinə
də sirayət edirdi.
Keçmişdən miras qalan obrazlar xəyal elementi ilə
süsləndirilir, süni obrazlar bütün canlı aləmi
əvəz etmək iddiası ilə artdıqca artır.
"Öz"ün mənə və əksinə
çevrilməsi prosesi başgicəlləndirci ovqat
yaradır və bu simulyasiya mədəni proseslərə də
sürətlə nüfuz edir.
Başqa bir başlıq altında ("Postmodernizm II
Dünya müharibəsindən sonrakı yapon ədəbiyyatının
əsas istiqaməti kimi") Yaponiyada baş verən mədəni
proseslər və postmodernizmin formalaşması prosesi
müzakirə edilir. Müharibədən sonrakı ilk on
beş il ərzində yapon ədəbiyyatının
hansı yöndə irəliləməsi, müharibə
sonucunda əldə etdiyi təcrübəni hansı yollarla bədii
mətnlərə çevirməsi, hansı imzaların
meydana çıxması və onların
yaradıcılığından bəhs edilir. Bu mənada, Oka
Syouheyindən, Noma Hiroşi, Dazay Osamun, İbuse Masuci və
başqa yazıçıların axtarışlarından, bədii
təcəssüm üsullarından bəhs edilir. Məsələn,
Fukunaqa Takehikonun "Ölüm adası" romanında bədii
təcəssüm üsulu kimi ikili zaman axışı maraq
doğurur. Amma təəssüf ki, tədqiqatçı bu
prinsipin roman strukturu, bədii mətnin digər komponentləri
ilə əlaqəsini açmamışdır, zənnimizcə,
bədii təcəssüm üsulunun açılması,
onun roman mətninin dərinlikləri ilə əlaqələndirilməsi
nəzəri yöndə bir sıra müddəaların yaranıb-formalaşmasına
təkan verə bilərdi. Onların arasında Keyci Nakazava
atom bombasının atıldığı Hiroşima şəhərində
dünyaya göz açıb. Onun daha sonralar radiasiya zəhərlənməsi
səbəbindən anasını da itirməsi istər-istəməz
yazıçını yaddaşın dərin
şırımlarına enməyə məcbur edib. Bu
yazıçılar arasında Oe Kenzaburo bizim ölkəmizdə
də müəyyən dərəcədə tərcümə
edilmiş məşhur yazıçılardandır. Onun
"Okinava qeydləri" əsəri bu mənada diqqəti
çəkir. Nə ilə? Kenzaburo təsbit edir ki, atom
bombasından yayılan yaddaş dalğaları heç zaman
sönmür, təkcə keçmişə aid olmaqla
qalmır, gələcəyə də sirayət edir. Bu,
fabulanın özəyidir. Ancaq bu xətt, belə sadə, həm
də dərin bir mövzu hansı metodla bədii mətnə
çevrilir, zənnimizcə, tədqiqatçı bunu bir
abzasla olsa belə, izah etməliydi.
Yəni, sadəcə "bədii inikas"
sözüylə kifayətlənmək olmaz.
Tədqiqatçı yapon postmodernizminin gəlişməsini
şərtləndirən ikili yolayrıcı məsələsini
mükəmməl izah etmişdir: milli kimlik və beynəlmiləlçilik.
Bu fonda Haruki Murakami, Tyu Murakami və Şimada Masahikonun
yaradıcılığından bəhs edilir, onların əsərlərinin
başlıca olaraq problematikasına diqqət yönəldilir.
Masahikonun romanlarında postmodernizmin paradoiya, pastiş və
meta-fiction texnikası güclü hiss edilir. Adıkeçən
zaman çərəyində ədəbiyyatın təsvir və
təcəssüm xəritəsinin genişlənməsi məsələsi
də yarımfəsildə qoyulur və postmodernizmdə
antiutopik futurist şəhər obrazının
qabarıqlaşması faktı bu əsnada izah edilir.
Haruki Murakaminin postmodern
dünyagörüşünü formalaşdıran amillər
hansılardır? "Haruki Murakaminin yaradıcılıq yolu
postmodernizm kontekstində" adlı yarım fəslində
yazıçının ömür və
yaradıcılıq yolundan bəhs edilir. Bu hissədə
Murakaminin həyatından səhnələr, başlıca
olaraq gənclik illərində mütaliəsi, cəmiyyətdə
baş verən hadisələrə, məsələn,
keçən əsrin 60-cı illərində başlanan tələbə
hərəkatına münasibəti və bütün
bunların onun "Norveç meşəsi", "Sərhəddən
cənuba, Günəşdən qərbə" və s.
romanlarında bədii əksi yer tutur.
Tədqiqatçı analiz və şərh təhkiyəsində
daha çox nələri əsas götürür? Zənnimizcə,
fakturadan yapışıb onu izah edən müxtəlif mənbələrin
açılışını. Bu mənada, Murakaminin ilk
romanının haradan, hansı mənbədən, o mənbənin
hansı cümləsindən başlaması məsələsinə
diqqət yetirilir. Və bu məqamda yazıçının
bədii təxəyyülü, bioqrafiyası və daha
sonralar qələmə aldığı xatirə və esselərindən
gələn sızıntıları nəzərə
alınır. Tədqiqatçı H.Murakaminin ilk romanından
başlayaraq qələmə aldığı əksər əsərlərini
təhlil edir, onların süjetini nəql edir və
bunları uğurla iki istiqamətdə - həm
yazıçının dünyagörüşü və
bioqrafiyası, həm də o dövrdə Yaponiya və
dünya ədəbiyyatında baş verən hadisələrlə
əlaqələndirir. Ən maraqlı şərhlərdən
biri tədqiqatda Murakaminin hər bir romanının hansı
caz musiqisinə dayanmasının təsbitidir. Musiqi necə
insanın daxili dünyasına səyahətin nəticəsidirsə,
roman da ("Norveç meşəsi") həmin
funksiyanı icra edir. Zənnimizcə, bu məqamda tədqiqatçı
belə bir məsələni də aydınlaşdıra bilərdi:
görəsən, hər bir əsərinə musiqi
parçasının, musiqi mənbəsinin adını qoyan,
onun ritm və melodiyasından təsirlənən
yazıçının mətni ilə həmin musiqinin daxili
dünyası necə səsləşir? Şübhəsiz
ki, yapon dilini bilən bir tədqiqatçı musiqi
melodiyası ilə romanın təhkiyə quruluşu
arasında hansı keçidlərin olmasını bilir.
"Postmodernizmə keçidi təşkil edən ədəbi
cərəyan və istiqamətlər" adlı hissədə
H.Murakami yaradıcılığında hansı ədəbi
cərəyan ünsürlərinin varlığı məsələsi
araşdırılır. Tədqiqatçılardan biri onu bir
sıra "izm"ləri öz
yaradıcılığında birləşdirən "mədəni
provakator" adlandırmışdı. Tədqiqatçı
qeyd edir ki, H.Murakaminin ilk romanı daha çox kosmopolitizm
elementinin qabarıq olması ilə səciyyələnir. Tədqiqatçı
qeyd edir: "Beləliklə, "kosmopolit kimlik nədir?"
sualı ilə çıxış edərək Haruki
Murakaminin kimliyini ortaya çıxarmaq məsələsi
meydana gəlir. Tədqiqatçı doğru olaraq qeyd edir ki,
"H.Murakami qəhrəmanlarının şəxsiyyət
axtarışlarını təsvir edərkən yapon tarixini
və coğrafiyasını qlobal (əsasən Qərb) mədəni
istinadları və ədəbi estetikası ilə birləşdirən
və inkişaf etdirən bir kosmopolit
yazıçıdır".
Tədqiqatçı daha sonra H.Murakaminin əsas əsərlərindən
biri - "Norveç meşəsi" romanında yapon
gerçəkliyi məsələsini qoyur.
Tədqiqatçı daha sonra H.Murakami
yaradıcılığında sürrealist metoddan istifadənin
şərtlərini şərh edir. Bu bölümdə tədqiqatçı
postmodernist estetika və texnikanın imkanlarını da sərf-nəzər
etmir və hardasa məhz bu prinsiplərə istinad edir. Məsələn,
"Postmodernizmin çoxluq prinsipinə əsasən,
H.Murakaminin ən yaxşı postmodern əsərlərindən
biri kimi dəyərləndirilən "Kafka sahildə"
romanında yazıçının dünyaya estetik
münasibətindəki sürrealist baxışları
açıq şəkildə izlənir."
"Haruki Murakaminin yaradıcılıq yolunda önəmli
keçidlər" adlı hissədə bütövlükdə
adıkeçən yaradıcılıqda postmodernizm hadisəsi
hərtərəfli öyrənilir. Bu fəsildə
yazıçının ən müxtəlif romanlarında
metaqurğu, tarixə yönəlmə və antiutopik şəhər
modelləri nəzərdən keçirilir.
H.Murakaminin detektiv janrından öz romanlarında
istifadə etməsi araşdırmada müəyyən yeri zəbt
edir. Bu arada hard-build üslubunun sirləri, pratoqonistin
düşdüyü cəncəlli vəziyyətdən necə
qurtulması da tədqiqatda şərh edilir. Bu üslub
yazıçıya bir sıra ədəbi vasitələri
qatışıq halından tətbiq etmək
üçün geniş imkanlar açır. Bədii mətndə
magik realizm ünsürləri ilə detektiv komponentlərinin
kəsişməsi üslub özəlliyini yaradır və
roman dünyasında ayrıca rəng qammaları inşa edə
bilir. Nəticədə (həm də mətnlə oyun sayəsində,
çoxluluq prinsipinə söykənərək...), vahid mətn
bölünür, vahid ideya və obrazlılıqdan uzaq bir aləmin
seyrinə dalınır...
Caz üslubunda romanlar icad edən Murakami bir təsadüfdə
belə yazırdı: Hadisələri həddindən
artıq ciddiyə alıb düşünməyin. Bizlər
qüsurlu bir dünyada yaşayan qüsurlu insanlarıq. Həyatımızı
bank hesablarının mexaniki dəqiqliyi ilə
yaşamırıq, xətlərimiz, bucaqlarımız da
transportir və xətkeşlə ölçüləcək
qədər düzgün deyil. Odur ki, daha çox, daha
çox xoşbəxt olun. Xoşbəxt olmaq
üçün yaşayın.
Ancaq caz melodiyaları sürətlə ölümə
aparır...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti .- 2025.- 25 iyul (№26).- S.22.