Nəsirin güzgüsü:
Tərəkəmə ilə lambada arasında
Hər özümüzlə rastlaşdığımız
güzgü. Biz özümüzü
məhz güzgüdə
səliqəyə salırıq.
Ağlayanda gözlərimizin
qızardığını da güzgüdə görürük,
saçlarımıza düşən
dəni də, üzümüzə düşən
qırışları da. Güzgü
bizi bizə olduğumuz kimi göstərən, müasir
dövrün saxta kameralarının ən təmiz, ən pak - ilkin halıdır.
Bəlkə də ailə quran qızlara da güzgü bir növ bu
təmizliyi, saflığı
önə çəkmək
üçün cehiz
verilir. Bəlkə də bəylə gəlinin yanında, bir qızın əlində gedən, özündə bu cütlüyün toyuna şahidlik edən adamları göstərən
bu güzgü həm də ona işarədir ki, bir ailənin möhkəm olması, həm də güzgüdə görünən
cəmiyyətin, mühitin
əlindədir.
1990-cı
ildə rejissor Fariz Əhmədovun çəkdiyi, ssenarisi yazıçı Anara məxsus
olan "Güzgü"
filmi də məhz bu fəlsəfi çalarları özündə
ehtiva edir. Rejissor Fariz Əhmədov kameranı bir silah kimi
deyil, bir güzgü kimi istifadə edir - məqsədi həqiqəti
vurmaq yox, göstərməkdir.
Nəsir
güzgü dalınca
kənddən şəhərə
gəlir. Şəhərə
öz qayda, adət, davranış tərzi ilə gələn Nəsirin burada kənddəki qəhrəman statusu itir. Nəsirin Bakıda qoltuğuna vurub gəzdiyi güzgü rejissorun kamerasına çevrilir.
Gəldiyi mehmanxanada salamını
almayan, onu tanımayan adamlar Nəsiri oğlunun yanında pərt etsə də, o buna əhəmiyyət vermir. Mehmanxananın, indiki dildə desək, "resepşın"ınına suallar
verir, amma qadın da onu tanımır. Nəsir otağa çəkilir,
"nətər yəni
tanımadı?" deyib
öz-özünə deyinir,
sonra otaqdan çıxır, yenidən
otağa qayıdanda oğluna "tanıdı,
tanıtdım, məni
də tanıdı, üstəlik, Qaraşı
da", - deyib sevinir. Nəsirin dərdi çarəsini tapır.
Rejissor bu qısametrajlı filmin kuliminasiya nöqtəsini restoranda qurur. Bəli, güzgü əsl kameraya məhz bu məqamda çevrilir. Nəsir oğlu Əlibalayla yemək üçün mehmanxananın restoranına
düşür. Əvvəlcə
hər şey sakit, həzin
"tans" oynayan insanların
müşayiəti ilə
baş verir. Nəsir xoşbəxt görünür. Kənd
estetikasını şəhər
estetikası əvəz
edir: zurnanı saksafon, bir-birindən utanan adamları qucaqlaşıb rəqs edən kişilərlə
qadınlar, ləmpələri
rəngbərəng işıqlar...
Nəsir
şad-xürrəm içməyə
davam edir, qonşu masalardan birində ona "bəlkə gedək" mesajı verən baxışlarına utanıb
üzünü çevirməklə
cavab verir və qəfil bir kişi səhnəyə
çıxıb deyir:
"İndi isə bir
lambada!"
Bəzənib süslənmiş qızlar
"lambada" oynayır, oğlu
Əlibala mat-məəttəl
onları izləyir, Nəsir eşidilməyən
suallar verir: "Ayə, neyniyirlər bunlar? Camaatın gözünün qabağındamı?
Dayanın, ay millət!
Ay qardaşlar, ay bacılar.
Dayanın, bu milləti niyə xarab eliyirsiniz? Nəsir onu eşitməyən adamları
dayandırmaq istəsə
də, heç kim ona məhəl
qoymur. "Ayə, kişi döyülmüsünüz?"
Nəhayət, mikrofonu
götürüb onları
dayandıra bilir.
"Tərəkəmə oynayın" deyib musiqiçilərə şabaş
da verir. O oynadıqca restorandakılar gülüşməyə
başlayır. Nəsir
qışqırır, gülüşən
insanlara "heç nəyimiz qalmayıb, bircə tərəkəməmiz
qalıb, onu da itirək?" deyib üsyan edir, amma ona məhəl
qoymayan insanlar bir ağızdan qışqırır: "Lambada, lambada,
lambada!"
Beləcə, "tərəkəmə"
"lambada"ya məğlub
olur, Nəsir isə öz otağında göz yaşlarına. O, ədyalı
başına çəkib
için-için ağlayır.
Nəsir
yuxusunda dar küçələrdə qaçır,
bütün küçələr
bir yerdə dirənir, çıxışı
olmayan labirintə dönür, hər dirənən küçənin
sonunda bir adam görünür, gah oteldəki onu tanımayan qadın, gah restorandakı kişi. Bir yandan da kinayəli gülüşlər.
Nəsir
nəhayət, kəndə
qayıdır. Avtobusdan
düşəndə əlindəki
güzgüyə baxır
və əlindən yerə salır. Nəsirin güzgüsü
çilik-çilik olur.
Və sanki bu, Nəsirin Bakıya qayıtmağına
bəhanə olur.
"Əlibala, kənddəkilərə
de ki, Nəsir məni
göndərdi, özü
Bakıda qaldı. Dostları buraxmadılar. Nəsir yaxşı bir güzgü tapıb özünü toya çatdıracaq".
...Filmdə tez-tez kötüyə vurulan balta təsvir olunur. Bu təsvir ilk baxışda sıradan bir detal kimi
görünsə də,
əslində, dərin
metaforadır. Kötüyə
vurulan balta - dəyişən zamanın,
pozulan dəyərlərin,
kəsilən köklərin
simvoludur. Hər baltanın səsi Nəsirin içində bir qırılmanın, bir xatirənin çiliklənməsinin səsidir.
Kötük - kökdür,
kənddir, ənənədir.
Balta isə şəhərdir,
modernlikdir, yadlaşmadır.
"Güzgü" filmi, əslində,
yalnız Nəsirin hekayəsi deyil. Bu film bir dövrün ruh halıdır:
1990-cı illərin əvvəli
- SSRİ-nin dağılması,
dəyərlərin pozulması,
kəndlə şəhər
arasında yaranan uçurum... Bu film həmin
keçid dövrünün
portretidir. Nəsir o dövrün köhnə adamıdır. O təkcə
restorandakı insanlara
yox, həm də zamanın özünə uduzur.
Restoranda
baş verənlər
yalnız bir fərdin deyil, bir toplumun əxlaq
baxımından hansı
mərhələyə gəlib
çıxdığını göstərir. Tərəkəmə
- kök, keçmiş,
milli olan - səsə,
gurultuya, süni işıqlara, "lambada"ya
uduzur. Qadın və kişi bir-birinin qucağında sərbəst şəkildə
rəqs edərkən,
bu mənzərəni
seyr edən bir kənd kişisinin
baş verənləri
anlamağa və durdurmağa çalışması,
əslində onun içindəki dəyərlərin
son üsyanıdır. Amma artıq çox gecdir.
Sonda güzgü çiliklənir.
Və bu çiliklər Nəsirin
iç dünyasının
dağıldığını göstərir. Amma bəlkə
də elə bu çiliklənmə, bu qırılma bir oyanışdır. Çünki güzgü
yalnız gözəlliyi
deyil, çatları
da göstərir. İnsanın
özünü görmək
üçün güzgüyə
ehtiyacı var, amma bəzən özünlə
üzləşmək, bütün
saflığınla parçalandığını
seyr etmək, insanın dözə bilməyəcəyi qədər
ağrılı ola bilər.
Fariz Əhmədovun kamerası
bu filmdə sadəcə hadisələri
qeydə almır - o, bir güzgüyə çevrilir. Və bu güzgü vasitəsilə biz yalnız
Nəsiri yox, özümüzü də
görürük; dəyişən
dəyərlər içində
sürətlə yol alan bir cəmiyyətin
harada dayandığını,
hansı dəyərləri
yol kənarına atdığını...
Çünki bəzən bir
güzgü, sadəcə
bir əşya deyil - bir çağırışdır:
"Özünə bax!"
Eminquey AKİF
Ədəbiyyat
qəzeti.- 2025.- 6 iyun, №20.- S.7.