Gözləntilər
və görülənlər
Unutmağa
kimsə var...
(Əvvəli
ötən saylarımızda)
2000-ci ildə
Xarici Dillər İnstitutunun kafedra müdirliyindən Rus dili və
Ədəbiyyatı İnstitutuna rektor təyin
olunmağım mənim üçün gözlənilməz
olmadı. Mən bu İnstitutda vaxtilə işləmişdim.
1992-ci ildə Azərbaycan Mədəniyyət Fondunun sədri
seçilərkən sədr vəzifəsi ictimai
olduğundan mən maaşlı bir yerdə fəaliyyət
göstərməliydim. Məsləhət belə oldu ki, Rus
dili və Ədəbiyyatı İnstitutunda kafedra müdiri vəzifəsini
icra edim, sonra da seçkidən keçim. Deməli, iki vəzifə
daşıyacaqdım. Bir, Rus dili və Ədəbiyyatı
İnstitutunda kafedra müdiri, bir də Azərbaycan Mədəniyyət
Fondunun sədri. İnstitutun kollektivini pis
tanımırdım. Burda dəyərli alimlər az deyildi.
Kafedra da mənim Xarici Dillərdə işlədiyim kafedra
kimi "Ümumi dilçilik" kafedrası adlanırdı.
İki il burda çalışdıqdan sonra mən yenidən
Xarici Dillərə, öz köhnə kafedrama müdir kimi
qayıtdım. Bu qayıtma da maraqlı oldu. Zemfira Verdiyeva
yenidən Xarici Dillərə rektor təyin edilmişdi. Mən
o zaman orada kafedra müdiri idim və yenidən ərizə
yazıb işdən çıxdım. Qısa müddətdən
sonra Zemfira Verdiyevanın əsl mahiyyəti barədə məlumatlandırılan
rəhbərlik onu rektorluqdan kənarlaşdırdı. Xarici
dillərə rektor dəyərli ziyalı, alim Qorxmaz Quliyev təyin
edildi. Onun da ikinci əmri mənim İnstituta kafedra müdiri
qayıtmağımla bağlı oldu.
Bilirdim
ki, mənim Rus dili İnstitutuna rektor olaraq təyinatım
üzərində Fraserər xeyli vaxt idi ki,
düşünür. Sadəcə, mənə səbirlə
gözləmək qalırdı. Nəhayət, vaxt gəlib
yetişdi və Prezident Aparatının Humanitar şöbəsinin
müdir müavini, şərqşünas alim, dostum Tariyel
müəllim mənə zəng edib dərin bir sevinclə
dedi ki, sabah ən qəşəng kostyumunu geyin, ən qəşəng
qalstukunu tax və Aparata gəl. Prezident səni qəbul edəcək.
Mən
Ulu Öndərlə ilk dəfə o, Naxçıvanda
işləyəndə görüşmüşdüm. O
zaman Azərbaycan Mədəniyyət Fondunun Naxçıvan
filialının seçki konfransını keçirmək
üçün mən Fondun sədri kimi Naxçıvana
getmişdim. Mədəniyyət Fondunun sədrinin müavini
Güllü xanım Əbilova da Naxçıvanda idi. Biz
onunla Naxçıvan teatrının baş rejissorunun
(Naxçıvan Mədəniyyət Fondunun sədrinin) evində
oturub çay içirdik. Darıxdırıcı bir gün
idi. Naxçıvan televiziyası ilə Naxçıvan Milli
Məclisindən canlı reportaj yayımlanırdı.
İclası Milli Məclisin sədri Heydər Əliyev
aparırdı. Mənə buradakı söhbətlər, əhval-ruhiyyə
çox maraqlı gəlirdi. İclas yenicə
başlamışdı. Birdən gördüm ki, zalda, arxa sıralarda
Akademiyanın müxbir üzvü, kimyaçı alim, atəşin
əliyevçi Ramiz Rizayev əyləşib. Biz onunla
çox yaxın idik. Həsənağa Turabovla bir yerdə
çox məclislərdə bir yerdə olmuşduq. Siyasi
baxışlarımız üst-üstə
düşürdü.
Mən
ayağa qalxıb dedim ki, Milli Məclisin binasına gedirəm.
Ramiz Rizayevi görməliyəm. Məni Milli Məclisin
binasının önünə qədər ötürdülər.
Orada mən başqa bir tanışımı gördüm.
Bu, polis zabiti Həsən Şirinov idi. O zaman Həsən Ulu
Öndərin mühafizə dəstəsində işləyirdi.
Məni görüb sevindi. Sorğu-sualsız məni Milli Məclisin
qapısından içəri keçirdilər. İclas
zalının açıq qapısından özümü
Ramiz Rizayevə göstərdim. Məni görcək yanıma
- vestübilə çıxdı. Artıq söz demədən
məni də özü ilə qaytarıb iclas zalına
apardı.
İclasın
şirin yeri idi. Müzakirənin mövzusu da mənim
üçün çox maraqlı idi. Ulu Öndər
çıxış edib zaldakılara başa salmağa
çalışırdı ki, türk dili ilə Azərbaycan
dili arasında qohumluq əlaqələri olsa da, bu dillər
bir-birindən kifayət qədər fərqli cəhətlərə
malikdirlər. Bu yaxınlarda Naxçıvan televiziyası ilə
bir türk filmi nümayiş etdirirmişlər, o filmi tərcümə
ilə efirə buraxıblar. İndi də buradakı
müxalifət sübut eləməyə
çalışırdı ki, bu, artıq işdir, tərcüməyə
ehtiyac yoxdur. Heç yadımdan çıxmaz, Ulu Öndər
bu adamlara sual verdi ki, "istiqrar" nə deməkdir?
Heç biri cavab verə bilmədi. Mübahisə uzanıb
getdi.
Ulu
Öndər sanki uzaqdan, iclası apara-apara
görmüşdü ki, zala kimsə kənar adam daxil olub və
bu adamı zala Ramiz Rizayev gətirib. İclasda fasilə elan
ediləndə biz öz tərəfimizdəki qapıdan
vestibülə çıxdıq və o biri qapıdan eyni
vestibülə çıxıb yavaş-yavaş bizə tərəf
gələn Məclis sədrini gözlədik. O bizim
yanımızdan ötüb pilləkənlərlə ikinci mərtəbəyə,
öz otağına qalxmalı idi.
Sədr
bizə yaxınlaşıb dayandı və Ramiz Rizayevlə
görüşdü. Sonra diqqətli
baxışlarını mənim üzümə yönəltdi.
Ramiz müəllim məni təqdim eləmək istədi:
- Heydər
Əliyeviç, bu, Kamal...
Ulu
Öndər əl verib mənimlə görüşdü,
sonra Ramizin sözünü tamamlamasına imkan vermədi:
- Siz
qalxın, mənim otağımın yanında bir az gözləyin.
Türkiyədən qonaqlar var, onları qəbul edim, sonra
sizinlə görüşərik.
Bunları
deyib geri çevrildi və arxadan gələn köməkçisinə
yavaş səslə nəsə dedi. Sonra pilləkənlərlə
yuxarı qalxdı.
Bizi
böyük hörmətlə Sədrin kabinetinin
yanındakı gözləmə otağına gətirdilər.
Çay içib söhbət eləməyə
başladıq. Ramiz mənə dedi:
- Səni
indi onunla yaxından tanış edəcəyəm. Qoy səni
yaxşı-yaxşı tanısın...
Təxminən,
10-15 dəqiqə sonra türkiyəli qonaqlar Sədrin
kabinetindən çıxdılar və Sədrin köməkçisi
bizi kabinetə dəvət elədi. Və mən həyatımda
ilk dəfə bu böyük insanla onun iş otağında
qarşılaşdım.
O təmkinlə
söhbətə başladı. Bizimlə nələrdən
danışmadı?! Naxçıvanın siyasi-iqtisadi
durumundan, Azərbaycanın keçmişindən və bu
günündən, Türkiyənin Naxçıvana yardımından,
rus generallarından, Moskvadakı illərindən... Məndə
bu boyda informasiya zənginliyinin bir adamın beynində necə
və nə şəkildə emal olunmasına heyrət etməklə
yanaşı, əlbəttə ki, bu ecazkar insana təbii bir pərəstiş
hissi yarandı. Amma hələ bu harasıydı?!
Ulu
Öndər nəfəs dərdi və Ramizə baxdı. Bu o
demək idi ki, indi sən danışa bilərsən. Ramiz
Rizayev sözünə məni təqdim etməklə
başladı. Aşağıda dediklərini bir daha təkrar
etmək, daha doğrusu, imkan edib demədiklərini indi burada
deməyə başlamaq istədi:
- Cənab
Sədr, bu, Kamal Abdulladır...
- Dayan. -
Ulu Öndərin qətiyyətli səsi ucaldı. - Dayan. - O,
üzünü mənə döndərdi:
- Sənin
baban... filankəs, sənin anan... filankəs...
dayıların... atan, əmin... qohumların...
Mən də,
Ramiz Rizayev də ağzımızı açıb
heyranlıqla onu dinləyirdik. Mən bilirdim ki, Ulu Öndər
mənim qohumlarımı yaxşı tanıyır. Amma bu qədər
insanın (vəfat etmişlərin və sağların) onun
yadında bu şəkildə qalmasını təsəvvür
edə bilməzdim. Ramiz Rizayev əməlli-başlı mat-məəttəl
qalmışdı.
Ulu
Öndər davam edirdi:
- Mən
səni bir dəfə televizorda çıxış edəndə
gördüm. Soruşdum ki, bu oğlan kimdir? Dedilər, Bətulə
xanımın oğludur. Sənin anan anamla, bacılarımla
yaxın olub. Onu biləndən sonra mənim sənin, eyni
zamanda sənin nəslin barəndə məlumatım
formalaşdı.
Ramiz
Rizayev hələ də təəccüb içində idi, mənə
müraciətlə dedi:
- Kamal, sən
özün bütün bu qohumlarını
tanıyırdın?
Təbii
ki, dedim, yox, hamısını tanımırdım. Ulu Öndərin
özü də mənim bu cavabımdan məmnun qaldı.
Heç
unutmaram, mehmanxanada qaldığımı biləndən sonra,
köməkçilərini çağırıb
tapşırıq verdi ki, məni xüsusi qonaq evində yerləşdirsinlər.
Heç bir etirazıma fikir vermədən bunu az qala zorla etdi.
Çox diqqət göstərdi.
Mən
onun Naxçıvanda Mədəniyyət Fonduna kimi sədr
görmək istədiyini soruşdum. Sabah seçki
olacaqdı. Onun mənə cavabı belə oldu:
-
İnsanlar kimi istərsə, onu da seçsinlər. Layiqli
adamlar çoxdur. Biləsən, mən belə işlərə
qarışmıram.
Bu, əsl
demokrat ruhlu bir rəhbərin cavabı idi.
Ulu
Öndərlə sonrakı görüşüm artıq onun
prezidentlik vaxtına təsadüf edir. Naxçıvana Cavidlə
bağlı tədbirə gedirdik - məqbərənin
açılışına. Böyük bir ziyalı dəstəsini
cənab Prezident bu səfərə öz təyyarəsində
özü ilə aparırdı. Mən də bu dəstədə
var idim. Gözəl bir tədbir oldu. Cavidin ailəsi ilə
bir yerdə məqbərədə, nəhayət, rahatlıq
tapmış ruhu indi də bizi rahatsız etmişdi. Onun nəşinin
Sibirdən gətirilməsi, Naxçıvanda evinin
qabağında həyat yoldaşı və övladı ilə
bir yerdə dəfn edilməsi hər kəsi kövrəldirdi.
Hər kəs sanki bu cəfakeş şairin belə bir
möhtəşəm dəfninə gecikmiş hörmət və
ehtiramını boğazına dolan qəhərlə ifadə
edirdi. Tədbir böyük ehtişamla keçdi.
Təyyarə
geri dönürdü. Biz hamımız hələ də Cavidə
olan məhəbbət hisslərimizin əhatəsindən
çıxa bilmirdik. Təyyarədə mən Turan xanım
və Əli Nağıyevlə (o vaxtın sosial məsələlər
üzrə naziri) yanaşı oturmuşduq. Belə bir təklif
gəldi və bir qalın dəftərə hamı bu tədbirdəki
hisslərini şeirlə ifadə etməyə başladı.
Bəkir Nəbiyev, Fəraməz Maqsudov, Əli
Nağıyev, Qabil, o vaxtın gənc şairi Salam,
başqaları hər biri bir bənd yazdılar. Mən də
bu işə qoşuldum.
Birdən
Ulu Öndər bizim salonun qarşısında
göründü. Öz oturduğu yerdən
çıxıb bizimlə görüşmək
üçün bizim salona gəlmişdi. Biz, deyəsən,
ikinci sırada əyləşmişdik. Birinci Turan xanım,
onun yanında mən, sonra Əli Nağıyev. Ulu Öndər
Turan xanımın yanında dayandı və onunla söhbət
etməyə başladı. Turan xanım Prezidentə bir daha səmimi
təşəkkürlərini bildirdi. Sözünün
sonunda dedi:
- İndi
təyyarədə Kamalın təşəbbüsü ilə
hər kəs bu hadisə ilə bağlı təəssüratını
şeirlə ifadə elədi. Gözəl bir mətn
alındı.
Ulu
Öndər mənə baxdı. Bu o demək idi ki, mən
davam edə bilərdim. Mən dedim:
-
Doğrudan da, möhtəşəm tədbir idi. Sizə Cavid
uğrunda çəkdiyiniz zəhmətə görə təşəkkür
edirik. Burada əyləşənlər hər biri ürəyindəkini
şeir şəklində dedi. Bizim arzumuz budur ki, bu şeiri
bir bütöv halında qəzetdə çap etdirək,
sizdən xahiş edək, siz də oxuyasınız.
Ulu
Öndər razılıqla başını tərpətdi:
- Siz
yazın, qoyun insanlar oxusun.
Salona
sükut çökdü. Hamı diqqətlə bu mükalimənin
necə bitəcəyini gözlədi. Mən onun isti
baxışından cəsarətlənib bir daha xahiş
etdim:
- Sizin də
oxumanızı xahiş edərdik.
O mənə
yenə də diqqətlə baxdı və dedi:
-
Yaxşı, mən də oxuyaram.
Hər kəs
dərindən nəfəs aldı. Ulu Öndərin Cavidə,
Azərbaycan ziyalılarına münasibəti bir daha, bu dəfə
göyün yeddinci qatında özünü bu cür
göstərdi.
Və nəhayət,
Rus dili İnstitutu ilə bağlı təkbətək
görüş baş tutdu. Tariyel müəllim deyən kimi,
ən qəşəng qalstukumu taxıb Prezident Aparatına gəldim.
Əvvəlcə Humanitar şöbənin müdiri Fatma
xanım Abdullazadə və sonra Aparatın rəhbəri Ramiz
Mehdiyev məni qəbul etdilər. Sonra Fatma xanımla bir yerdə
5-ci mərtəbəyə, Prezidentin iş otağına gəldik.
Təxminən, 5 dəqiqədən sonra Köməkçi məni
içəri dəvət elədi. Fatma xanım mənimlə
içəri girmədi.
Onunla bircə
dəfə təkbətək görüşüb ona
vurulmamaq mümkün deyildi. Biz çoxumuz son dərəcə
ciddi, hətta sərt, kəskin və zabitəli bir Prezident
tanıyırdıq. Bu Prezidenti biz televiziya ekranlarında
görmüşdük. Amma mən son dərəcə
mülayim, həlim, mehriban bir insanla qarşılaşdım.
Bir dəfə də olsun mənə demədi ki, belə
işləmə, belə işlə. Yenə də ancaq
Naxçıvandan, mənim qohumlarımdan danışdı.
Bu dəfə özü soruşdu ki, sən bu
qohumlarının hamısını tanıyırdın?!
Əlbəttə, mən də bir daha boynuma aldım və
dedim ki, xeyr, hamısı barədə eşitmişdim, amma
tanımağına tanımırdım. Mənə onlar barədə
suallar verdi, indi kimin harda və nə işlə məşğul
olduğunu soruşdu. Sonra elə həmən gün sərəncam
imzalayıb məni Rus dili və Ədəbiyyatı İnstitutuna
rektor təyin etdi.
Təxminən,
iki ay keçəndən sonra İnstitutun adı və statusu
dəyişdirildi. O, profilini genişləndirmək şərtilə
Bakı Slavyan Universiteti oldu. Bu universitet isə, artıq mən
belə başa düşdüm ki, ölkənin təkcə
tədris həyatında deyil, siyasi həyatında da müəyyən
rol oynamalıdır. Bizim borcumuz təkcə Rusiya ilə
deyil, bütün digər slavyan ölkələrinin elm və
tədris müəssisələri ilə də əlaqə
qurmaqdan ibarət olmalı idi. Belə də oldu. Heç bir
il keçmədi ki, Azərbaycana Rusiya Prezidenti kimi ilk səfərini
edən V.V.Putin və Ulu Öndər bir yerdə bizim
universitetin kollektivi ilə görüşdü. Mən də
cənab Rusiya Prezidentinə Bakı Slavyan Universitetinin
mantiyasını geyindirdim, fəxri doktor diplomunu təqdim
etdim.
Bu
görüş, həqiqətən, unudulmaz bir görüş
oldu. V.Putinin gəlişindən iki ay əvvəldən onun
cangüdənləri universitetə gəlməyə
başladılar. Giriş qapısından mənim iş
otağıma, oradan da akt zalına qədər mən və həmkarlarım
bunlarla bir yerdə günlərlə ayaq döydük. Sonunda
görüş yeri dəyişdirildi. Görüş
Prezident iqamətgahlarının birində baş tutdu.
Universitetin Elmi Şura üzvlərini, bir neçə tələbəmizi
avtobusla bu iqamətgaha gətirdilər. Görüşün
universitetdə olub-olmayacağına V.Putinin xüsusi
mühafizəçilər qrupu qərar verməli idilər.
Universitet ətrafında yeni tikilən və hələ ki
yarıyacan ucaldılmış binaların olması, o binalara
nəzarətin zəifliyi onlarda bu yerin namünasibliyi barədə
fikir formalaşdırmışdı.
Görüşə
Ulu Öndərlə bir yerdə gələn V.Putin
bütün görüş boyu Ulu Öndərə bir ustad
kimi münasibət bəslədi. Mən bir daha əmin oldum
ki, Prezident Heydər Əliyev nəinki köhnə SSRİ məkanında,
müasir Rusiyada, hətta dünyada ciddi qəbul edilən bir
liderdir. Görüşdən əvvəl mən onları
girişdə qarşıladım. Ulu Öndər məni təqdim
edərkən dedi ki, təəssüf ki, görüş
Universitetdə olmadı. Universitet sizin gəlişinizlə
bağlı böyük təmir işləri görüblər.
Putin gülümsəyib cavabında dedi:
- Heydər
Əliyeviç, biz gəldi-gedərik, təmir isə qalacaq.
Ulu
Öndərin ziyalılara doğma münasibəti bu
görüşdə bir daha özünü göstərdi. O
öz çıxışında Universitetin o zamankı Elmi
Şura üzvlərini nəzərə alaraq onları bizim
ölkəmizdə ictimaiyyətin qaymağı kimi qiymətləndirdi.
Universitetin yeni ad altında fəaliyyətinə yüksək
qiymət verdi.
V.Putin də
öz çıxışında Ulu Öndərin Azərbaycan
rəhbəri kimi yorulmaz və fədakar fəaliyyətindən
danışdı, onun bu gün Rusiyada olan nüfuzundan, xatirələrdə
yaşamasından bəhs etdi. Ulu Öndərin Leninqradda təhsil
aldığı tədris ocağından aldığı
attestatın orijinalını Putin özü ilə gətirmişdi,
onu hamıya göstərərək dedi:
- Əgər
sizin universitetinizin tələbələri Heydər Əliyev
vaxtında oxuyan kimi oxusalar, əmin ola bilərsiniz ki, Azərbaycanın
parlaq gələcəyi olacaqdır.
Attestatdakı
bütün qiymətlər "əla" idi.
V.Putinin
Universitetə gəlişindən sonra Rusiyadan Azərbaycana gələn
bütün yüksək dərəcəli məmurlar, iş
adamları, elm və mədəniyyət işçilərinin
sayı-hesabı olmadı. Patriarx 2-ci Aleksiy, Xarici İşlər
naziri Lavrov, Rusiya Dövlət Dumasının sədri
G.Seleznyov, sonrakı sədr Mironov, sonrakı sədr
Narışkin, Moskva meriyasının sədrinin 1-ci
müavini xanım Şvesova, Sədrin özü cənab
Lavrov, Moskva şəhər Pedaqoji Universitetinin rektoru professor
V.V.Ryabov, Yekaterinburqun Baş naziri, Astraxan, Kurqan vilayətlərinin
qubernatorları, senatorlar, deputatlar, teatr və kino xadimlərindən
Pankratov Çernıy, Natalya Varley, Svetlana Toma...
Bir
sözlə, qonaqların biri getməmiş, o biri gəlirdi.
Slavyan Universitetinin fəaliyyəti onları xeyli məmnun
edirdi. Tələbələrlə, müəllimlərlə
görüşlər hər iki tərəf üçün
son dərəcə faydalı olurdu. Maraqlıdır ki, Rus
dili və Ədəbiyyatı İnstitutu heç kimin
yadına düşmürdü. Artıq Slavyan Universitetində
rus dili tədris-mədəniyyət mərkəzi ilə
yanaşı, Ukrayna (mən gələndə yalnız Ukrayna
bazar günü məktəbi var idi), yunan, polyak, bolqar,
çex, belarus, türk araşdırmalar mərkəzlərinin
yaradılması hamının ürəyindən idi. Bunlarla
yanaşı, Azərbaycanşünaslıq mərkəzi də
yaradıldı. Bizi isə bu, xüsusilə, qane edirdi.
Çünki biz həmin ölkələrlə əlaqələrin
elmi-tədris tərəfi ilə yanaşı, mədəni,
ictimai tərəfini də inkişaf etdirməyi
düşünürdük. Və zaman keçdikcə bu
ideyamızı həyata keçirdik. O zaman Ukraynada (Kiyevdə
və Poltavada), Belarusda (Minskdə), Bolqarıstanda (Sofiyada),
Rusiyanın özündə (Yekaterinburqda, Moskvada) müxtəlif
universitetlərdə Azərbaycan dili və mədəniyyəti
mərkəzləri yaratdıq. Tərəf-müqabillərimizə
deyirdik ki, əgər biz burada sizin dilinizi, ədəbiyyatınızı,
tarixinizi, mədəniyyətinizi təbliğ ediriksə, siz
niyə öz ölkənizdə hansısa universitetdə Azərbaycan
dilini və mədəniyyətini təbliğ etməyəsiniz?!
Alt məqsədimiz vardı. Bu da o zaman üçün
xüsusi əhəmiyyət daşıyan Azərbaycan həqiqətlərini
həmin ölkə gəncləri arasında yaymaq idi. Mən
bunun üçün dəfələrlə Yekaterinburqa,
Moskvaya, Kiyevə, Poltavaya, Minskə, Sofiyaya, Varşavaya getdim.
Biz o zaman bu mərkəzləri yaratdıq, oralara müdirlər
təyin etdik. Mərkəzlər Azərbaycanı təbliğ
işində çox zəhmət çəkdilər. Bəzi
universitetlərdə Azərbaycan dilinin öyrənilməsinin
fakultativdən tədris proqramlarına salınmasına nail
olduq. Təəssüf ki, mən universitetdən ayrılandan
sonra bizim xarici ölkə universitetlərində
yaratdığımız "Azərbaycan dili və mədəniyyəti"
mərkəzləri öz fəaliyyətləri
üçün Slavyan Universiteti tərəfindən
lazımi dəstəyi almadılar və onların çoxu fəaliyyətini
dayandırdı. Xarici ölkələrdəki universitetlərdə
çalışan həmkarlarım mənə bu barədə
təəssüf dolu məktublar yazdılar. Deyəsən, təkcə
Bolqarıstanda belə bir mərkəz bu gün də fəaliyyətdədir.
Bunu da mərkəzin müdiri, bizim vaxtımızda ora işləməyə
göndərdiyimiz Sofiya xanımın şəxsi xidməti
kimi qiymətləndirmək lazımdır.
Qeyd etmək
lazımdır ki, o zaman yaradılan mərkəzlərin bəzisi
bu gün Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət
göstərir. Və onlar Dillər Universitetində
hal-hazırda yaradılmış mərkəzlərlə bir
yerdə Azərbaycan dilini, ədəbiyyatını,
multikulturalizmini, ümumiləşdirsək, Azərbaycan həqiqətlərini
xarici ölkələrdə uğurla təbliğ edirlər.
Bunlar əsl multikultural çalışmaların nəticəsidir.
Mənim
Slavyan Universitetində gördüyüm işin ən
böyük qiymətini Azərbaycan Prezidenti İlham
Əliyev verdi. O məni Multikulturalizm, dini və milli məsələlər
üzrə Dövlət müşaviri vəzifəsinə təyin
etdi və multikulturalizmi Azərbaycanın Dövlət siyasəti
elan etməklə, onun öyrənilməsi və təbliği
işini geniş bir miqyasda başlatdı.
Slavyan
Universitetindəki fəaliyyətimlə bağlı geniş
söhbət açmaq niyyətim yoxdur. Ən böyük
mükafatlardan biri tələbələrlə ayrılma məqamında
tələbələrin akt zalında qəhərlənməsi
və gözlərinə yaş gəlməsi və get-gedə
yüksələn "getmə!" nidaları idi. Bunlar
videoya çəkilib, qalıb və bunlar əsl qədirbilənlərin
verdiyi qiymət idi. "Getmə!" nidası deyənlərdən,
ləyaqətsizliyinə görə dekan olmaq arzusu
gözündə qalan və bu illər ərzində Kərbəla
müsibəti çəkdiyini fəryad edən
ağzıgöyçəyə qədər kimləri
görmədik?!
Mən
çox sadə bir şəkildə, qətiyyən
görülən işə özüm tərəfdən
qiymət vermədən Slavyan Universitetinə gəldiyim
zamankı vəziyyəti və mən ordan gedəndən
sonrakı vəziyyəti faktlar üzrə sadalamaq istərdim.
Görünür, "Kərbəla müsibəti"
çəkənlərin yadından bəzi şeylər
çıxıb. Onların yaddaşını təzələmək
lazımdır. Heç nəyi gizlətmək mümkün
deyil. Qiyməti, qoy oxucu özü versin. Onu da qeyd edim ki,
oxucunun indi tanış olacağı "Mən gələndə"
ilə "Mən gedəndə" bölgüsünün
qütbləri arasında cəmi 14 il vaxt var. Mən, sadəcə,
2000-ci ildən 2014-cü ilədək olan vaxt ərzində
görülən işlərdən danışıram. Bir də
onu demək istərdim ki, məsələyə bu cür
yanaşmama məni vadar etdilər. Mən, adətən
özüm öz işimə qiymət verən deyiləm. Beləliklə,
- Mən
gələndə, əslində, İnstituta yox, texnikuma gəlmişdim.
Burada texniki vəziyyət biabırçılıq idi.
Tualetdə elementar su yox idi. O biriləri bilmirəm, amma
yaxında yaşayan müəllimlər tualetə evlərinə
gedirdilər. Yəqin, bu vəziyyəti bəziləri bu
gün də unutmayıblar.
Mən
gedəndə təmir edilmiş müasir akt zalı, iclas
zalları, kitabxana, təmir edilmiş yataqxana və beşmərtəbəli
binada yerləşən məktəb-lisey kompleksi qoyub getdim. Hətta
kitabxana - görülməmiş bir iş - yeməkxananın
hesabına həcmcə böyüdülmüşdü.
Universitetdə mütəmadi su vardı, hələ təmir
olunmuş tualetləri demirəm.
- Mən
gələndə eyni ixtisası tələbənin hansı məktəb
(rus, yaxud Azərbaycandilli) qurtarmasına
uyğunlaşdıraraq iki fakültə yaradıb
aralarında bölmüşdülər. Əslində, bu, elə
1 fakültə idi və süni şəkildə iki yerə
bölünmüşdü.
Mən
gedəndə Bakı Slavyan Universitetində 6 tam
formalaşmış fakültə fəaliyyət göstərirdi.
Fakültə yaratmaq, sadəcə, əmrlə olmur. Bunun
üçün gərəkdir ki, normativə uyğun dərs
yükü, ixtisaslar, yeni kafedralar yaransın. Ştat cədvəli
paralel olaraq yeni müəllimlər götürməyə imkan
versin. Yadıma gəlir ki, rəhmətlik akademik Tofiq
Hacıyev biz Slavyanda türkologiya kafedrası və istiqaməti
açanda mənim təkidli xahişimlə özü gəlib
burada türkologiya dərsi deməyə başladı ki,
buradakı türkoloji istiqamət yaşasın. Yalnız bu
şərtlərə əməl edilərsə, hər
hansı bir fakültə açıla bilərdi.
Bütün bunları həyata keçirmək asan məsələlər
deyildi.
- Mən
gələndə Slavyan Universitetinin nəzdindəki lisey
ikinci korpusdakı binanın 4-cü mərtəbəsində
bir küncdə güclə yerləşirdi.
Mən
gedəndə ikinci korpusun qonşuluğundakı beşmərtəbəli
məktəb binası Slavyan Universitetinə
qatılmışdı. Və bu bina başdan-başa liseyin
istifadəsinə verilmişdi. Bina bizim tərəfimizdən
son dərəcə yüksək şəkildə təmir
edildi. Təmirdən sonrakı açılışı
ölkə Prezidenti möhtərəm İlham Əliyev həyata
keçirdi.
- Mən
gələndə Universitetin fəxri doktorlarının
sayı 0 (sıfır) nəfərdi.
Mən
gedəndə fəxri doktorların sayı 11 idi. Bunlar xarici
ölkə rəhbərlərinin universitetlə əlaqəsinin
nəticəsində mümkün olmuşdu. Bu əlaqələri
isə yaratmaq və inkişaf etdirmək lazım idi.
Universitetlərin
fəxri doktorları müxtəlif ölkə
başçıları və görkəmli ictimai-siyasi
liderlərin arasından seçilir. Bunun üçün gərək
onlar Bakıda Universitetdə olsunlar, müəllim-tələbələr
qarşısında çıxış etsinlər. İlk
belə fəxri doktorumuz Rusiya Prezidenti V.V.Putin oldu. Bu hadisə
Ulu Öndərin təşəbbüsü ilə baş
tutdu. Azərbaycan universitetləri arasında məhz Slavyan
Universitetinin belə bir mövqe üçün seçilməsi
bütövlükdə universitetin inkişafına verilən
qiymət və diqqətin təzahürü idi. Sonrakı fəxri
doktorlar İ.S.Plyuş, 2-ci Aleksiy, S.Mironov, J.Jelev,
K.Stefanopulos, G.Pırvanov, V.Yuşşenko, L.Kaçinski,
A.Lukaşenko, K.Papulyas oldular.
- Mən
gələndə Rus dili Universiteti nəinki xaricdən, hətta
Rusiyadan gələn qonaqların üzünə həsrət
idi.
- Mən
gedəndə onlarla rusiyalı və xarici ölkə rəhbərlərini
Slavyan Universitetində qəbul etmişdik. Rusiya
Dumasının sədri cənab Mironovun, Rusiya Dumasının
sonrakı sədri cənab Narışkinin, Rusiya Xarici
İşlər naziri cənab Lavrovun, Rusiya Pravoslav kilsəsinin
Patriarxı 2-ci Aleksiyin, Yunanıstanın Prezidenti cənab K.
Stefanapolusun, Yunanıstanın sonrakı prezidenti cənab
K.Populyasın, Ukrayna Ali Radasının spikeri cənab
V.Plyuşun, Bolqarıstanın eks Prezidenti cənab J.Jelyevin,
Bolqarıstanın Prezidenti cənab Pırvanovun, Çexiya
Respublikasının Prezidenti cənab V.Klausun, Belarusiyanın
Prezidenti cənab Lukaşenkonun, senatorların, deputatların,
qubernatorların, xarici ölkə dövlət xadimlərinin,
müxtəlif vəzifə sahiblərinin, siyasi, elmi və mədəni
dairələrin görkəmli xadimlərinin (Moskva Dövlət
Pedaqoji Universitetinin rektoru V.Ryabovun, Ankara Qazi Universitetinin
rektoru R.Ayxanın, Sofiya Universitetinin rektoru B.Biolçevin, Ural
Yekaterinburq Dövlət Universitetinin rektoru Kokşarov,
Fransanın İNALKO Universitetinin Prezidenti J.Leqran və
neçə-neçə başqa görkəmli xadimlərin
adını çəkmək olar. Sənədlər var, mən
onlara əsasən danışıram. Ölkə prezidentləri
arasında elələri vardı ki, ikinci (Ukrayna prezidenti cənab
V.Yuşenko), hətta üçüncü dəfə
(Polşa Prezidenti cənab L.Kaçinski) universitetə gəldilər.
Bu dövrdə bir sıra Avropa universitetləri ilə nəinki
bizim universitetimz, hətta bütün elm və təhsil
sistemimiz üçün faydalı proyektlər, müqavilələr
imzalandı. Onlarla belə proyekt arasından elə bircə Almaniyanın
Maynz Universiteti ilə 10 illik müddət üçün
imzalanmış "Dədə Qorqud" və
"Nibelunqlar nəğməsi" (müqayisəli
araşdırmalar) proyekti qeyd eləmək kifayətdir. Bu
proyektə görə iki dəfə Almaniyada, iki dəfə
Bakıda germanistlərin və türkoloqların elmi simpozium
və konfransları keçirildi. Müxtəlif tələbə
görüşləri baş tutdu. Müəllimlərimiz
almaniyalı və digər ölkələrdən olan
germanistlərlə əlaqələr yaratma imkanı əldə
etdilər. Bundan başqa, müxtəlif ölkələrin
universitetləri ilə dostluq memorandumlarına imza atdıq.
Bundan
başqa, müxtəlif ölkələrin universitetləri ilə
dostluq memorandumlarına imza atdıq.
- Mən
gələndə burada 17 kafedra var idi. Mən gedəndə 29
kafedra fəaliyyət göstərirdi.
- Mən
gələndə 14 ixtisas var idi. Mən gedəndə 26
ixtisas var idi.
- Mən
gələndə İnstitutda bir dənə olsun elmi-tədqiqat
laboratoriyası və yaxud dil-mədəniyyət mərkəzi
yox idi. Elmi işlər, demək olar ki, aparılmırdı.
Bəzi ayrı-ayrı mütəxəssislər elmi iş
yazırdılar, amma İnstitutun ümumi elmi addımları
atılmırdı.
Mən
gedəndə burada 6 elmi-tədqiqat laboratoriyası, 12 dil və
mədəniyyət mərkəzi, 1 İctimai-siyasi elmlər
institutu, 1 analitik- informasiya mərkəzi, "Kitab aləmi"
nəşriyyat-poliqrafiya mərkəzi, "Rus dili və ədəbiyyatı"
jurnalı yeni dizaynda, "Tələbə dünyası"
qəzeti yeni dizaynda, 24 illik fasilədən sonra 2004-cü ildən
Elmi əsərlərin dərci, 2003-cü ildən
"Mütərcim" Tərcümə Mərkəzi ilə
birlikdə "Mütərcim" ədəbi, elmi, tərcümə
jurnalı yaradılmışdı.
Laboratoriyalar
və mərkəzlər müvafiq ştatlarla təmin
edilmişdilər. Eyni zamanda Rusiyada Moskva Dövlət
Linqvistik Universitetində, Kiyevdə Xarici Dillər Universitetində,
Minskdə Belarus Dövlət Pedaqoji Universitetində, Poltavada
İqtisadiyyat və Ticarət Universitetində, Yekaterinburqda
Ural Federal Universitetində, Sofiyada Kliment Oxridski adına
Dövlət Universitetində Azərbaycan dili və mədəniyyət
mərkəzləri fəaliyyət göstərməyə
başlamışdılar.
Universitetdə
"Səfir saatı" adlı klub
yaradılmışdı. Azərbaycanda akkreditasiya olunmuş
səfirlərin, demək olar ki, hamısı bu klubda qonaq kimi
iştirak edib tələbə və müəllimlərlə
görüşürdü.
Azərbaycanın
futbol üzrə yığmasının baş məşqçisi
B.Foqts Universitetimizin dostuna çevrilmişdi. Onun təklifi ilə
unudulmaz bir görüş baş tutdu. Azərbaycan
yığması ilə Universitetimizin yığması
arasında yoldaşlıq görüşü keçirildi.
1 günlük xəlifə proyekti işə
düşdü. Tələbələr özləri,
heç bir təzyiq olmadan rektor, prorektorlar, dekanlar,
şöbə müdirləri vəzifəsinə seçki
ilə seçilir və 1 gün ərzində universiteti idarə
edirdilər. Bu proyekt indi Azərbaycan Dillər Universitetində
uğurla həyata keçirilir.
BSU-nun
qonaqlarından rusiyalı akademik N.Baybakovun, Rusiya təhsil
naziri V.Filippovun, Rusiya Sverdlov vilayətinin qubernatoru E.Rosselin,
Belarusun Baş naziri S.Sidorskinin, Moskva şəhəri meri Y.Lujkovun,
Azərbaycan Diplomatik Akademiyasının Prezidenti Hafiz
Paşayevin, Rusiyanın sonrakı təhsil naziri A.Fursenkonun,
Çexiya Respublikası Senatının sədri
P.Sobotkanın, rusiyalı aktrisalar N.Varleyin, S.Tomanın və
onlarla digər qonaqların Universitetlə tanışlıqdan
sonra "Qonaqların sözü" kitabına
yazdıqları rəyləri oxumaq xüsusi zövq verir. Bu rəyləri
oxuduqca Universitetin xarici ölkələrdə və eləcə
də Azərbaycanda necə bir imicə malik olmasını
görməmək mümkün deyil. BSU ilə bağlı
2012-ci ildə dərc edilmiş tanışlıq albomunda bu
dediklərim çap edilib. Yaddaşlarını təzələmək
istəyənlər üçün yaxşı imkandır.
(Davamı
var)
Kamal
ABDULLA
Ədəbiyyat
qəzeti.- 2025.- 13 iyun, №21.- S.4-6.