Rəfail Tağızadə - ruhuyla yaşayan, ruhuyla yazan şair
Zamanın dönməsi varmış,
günlərin çönməsi varmış,
həsrətin sönməsi varmış,
Vətən, külün qırmızı...
Bu misralar şair-publisist Rəfail Tağızadənin bir şeirindəndir. O Rəfail
Tağızadə ki, Ağdamdan
didərgin düşəndən
sonra bu yurdun xiffətini təkcə yaddaşında
yox, sözündə,
şeirində yaşadıb.
Və söz elə bir sığınacaq
olub ki, Ağdam azad olunandan sonra da onun ruhunun
ən yaxın sirdaşı olub.
Rəfail
Tağızadə üçün
Ağdama səfər
- o yurdun torpağını
yenidən duymaq - böyük bir xoşbəxtlik idi. Axı doğmalarına qovuşmaqdan gözəl nə var ki?! O bu qayıdışı "Yoxluqda
var olan şəhərim"
adıyla yazıya çevirdi...
O, Ağdamda gördüklərini
belə təsvir edir: "Sanki başqa bir dünyadasan. Öz evinə baxırsan, daşların
içində tanış
bir barmaq izi axtarırsan. Tanıyırsan da - o uşaqlıq
dostunun, o ağsaqqal qonşunun izidir..."
28 il bu həsrəti çəkib Rəfail Tağızadə. O, təkcə
torpağı deyil, o torpaqda ilk addımlarını,
uşaqlığını, gəncliyini də itirib. O yerlərin üstünü ot basıb, cığırlar
itib. Sevincin də yolu itib.
Yazmaq istəyəndə
dərd bir əlini kürəyinə
qoyur, "mən buradayam" deyib.
Hər dəfə Ağdamın Dördyoluna çatanda üzünü başqa tərəfə çevirirdi;
Ağdam tərəfə
baxa bilmirdi. Havanın, kolun-kosun, uzaqda qalan, sanki
xiffətdən kiçilmiş
dağların ona dikilən, baxan, "sən də günahkarsan", - deyən
acı baxışlarından
utanırdı. O baxışlar
güllədən, bıçaqdan
da kəsərli idi. O
baxışlar birdəfəlik
öldürmür, daima
izləyirdi.
İtirməməli olduğun bir şeyi itirmək
çox ağır olur. O, bu ağırlığı
qəbul etməyib. Gözünü qayıdışa
dikib, 28 il səbirlə
o günü gözləyib.
Və nəhayət,
o gün gəlib...
"Ağdamın "Şur"
ansamblının bədii
rəhbəri olmuş
Fərhad Paşayev dağıntılara baxanda
baxışlarının dibi
görünmür. Nə
ev qalıb, nə məktəb, nə mədəniyyət
evi. Gözlər uçuq divarlarda ilişib qalıb..."
Adil Mirseyid bir dəfə
demişdi: "Bu şeirlər
qanla yazılıb". Rəfail Tağızadə isə belə yazırdı:
"Bu qanlı şeirləri
yozmaq mənlik deyil. Mən o qanla qarışıq böyük dərddən,
böyük ümiddən
danışmaq istəyirəm.
Cıdır düzünün
ilk bahar axşamlarından,
Qarqar çayının
musiqi kimi könlümüzə axan
səsindən, Qədir
Rüstəmovun yanıqlı
səsindən, Xarı
bülbüldən, Aşıq
Qurbaninin bənövşəsindən...
Amma yazmağa başlayanda göz yaşım gözümə sığmır,
içim dolur, sözüm donur".
Əslində, Rəfail Tağızadə
azadlıqdan, sevgidən,
gözəllikdən yazmaq
istəyirdi. Amma taleyinə
Qarabağın qara qışı, qara yazısı, qara dərdi düşdü...
Rəfail
Tağızadənin "Xocalı"
poemasını "oratoriya"
adlandırırlar. Onun
şeirlərində sadəcə
ağrı yox, içdən gələn
bir hayqırtı var.
Rəfail
Tağızadənin Xocalı
haraylı şeirlərində
xeyirlə şərin
daimi savaşı gedir. Şər ordu kimi yeriyir
bu sətirlərdə,
Xocalıdan qan qoxusu gəlir.
Bu gecə dünyanın son qəm gecəsi,
Bu gecə dərdlərın
ilk cəm gecəsi,
Bəşərin sonuncu matəm gecəsi,
Bizi qan içində batırıb gedir,
Gör neçə illərdi donub Xocalı.
Donmuş vaxt 28 ildən sonra hərəkətə
gəldi. Və qazi şair Ağdama qayıtdı:
"Sanki başqa bir aləmdəyəm. Bu bizim
evdimi?" Gömülmüş
daşların içində
axtarırdı tanış
əllərin izlərini.
"Şəhərlər viran
olub, yolların izi itib. Qarabağın
kosmosdan çəkilmiş
xəritəsindəki konturları,
bir də şəhidini ağlamaqdan
səsi batmış anaların üz cizgiləri qalıb..."
"Əzanı eşidilməyən,
duaya durulmayan, divarlarında Quran kəlmələrinin
əvəzinə yad yazılar
yazılmış məscidlər...
Allahın evi darmadağın..."
"Bütün bu allahsızlığa bir peyk baxır, bir də Allah... Biri sadəcə görür,
biri isə həm görür, həm də dözür..."
Rəfail
Tağızadə hər
il yaşını Qarabağ
dərdinə bağışlayır.
"Dərdimin kəsəri
mübarək" deyir...
Öz ömrünü
yox, dərdin ömrünü uzadır.
Qarabağa qayıtdıqdan
sonra isə zaman bir başqa axır. Dərd az da olsa, səngiyir.
Çünki bu ömrün 30 ili Qarabağ dərdiylə qol-boyun keçib...
Doğma torpaqlara sürtüb üzümü
təsəlli tapıram varlıq
adında,
bu yerdə, bu yurdda qalmaq adında.
Bizə
qalanlarsa xatirələrdi
olanla yoxluğun aralığında.
Yarı
uşaq kimi, yarı gənc kimi,
yaşadım dediyim, yaşam
dediyim
Sığınıb qalıram xatirələrə.
Sən ey uçuq şəhər, dağılan
kəndim!!!
Müharibə ona çox şey öyrədib. Ən əsas dərsi isə budur: insan ölümdən
qorxmadan da yaşaya bilər, amma yaşamaq üçün
ruhunun ayaqda qalması lazımdı.
"Mən qaranlıqda
daha yaxşı görürəm", - deyir.
Bu onun poeziyasında
da var.
Rəfail
Tağızadə bir
çox janrlarda yazır, müxtəlif mövzularda qələmə
alır. Yazdıqları
həm müasir dövrə, həm də klassik dəyərlərə söykənir.
Onun şeirlərində
insanın ruh dünyası, hissləri,
həyatdan aldığı
kiçik, amma dərin təəssüratlar
çox aydın görünür. Sadə
sözlərlə çox
zəngin bir mənzərə yaradır,
oxucunu öz duyğularına çəkir.
Adi bir kəlməni elə yerində işlədir ki, o söz içindən min mənaya
açılır. İnsanlar
arasında münasibətlər,
təbiətə bağlılıq,
həyatın öz axarı - hər şey şeirlərində
dolğun görünür.
Dili sadədi, amma hər sözün alt qatında böyük anlam yatır.
Gecənin sədası, səsi budursa,
yuxusu, xəbəri, sözü budursa,
gecənin mənası, özü
budursa,
daha darıxmağa dəyməz
bu gecə.
Onun şeirlərində payız
tez-tez gəlir qapını döyməyə.
Tənha dəniz sahilləri, içində
ağlayan bir səs, ya da bağlanmış bir qapı... Payız onun üçün həm hüzn, həm də yeni başlanğıcdı. Dəniz
isə suallarla dolu, amma cavab
verməyən, sükutu
ilə təsəlli verən bir sirdaşdır. Əgər
bir gün dənizlə danışsaydı,
ona "susqunluğun üçün sağ ol" deyərdi.
Üzünü ağaca söykəmə
elə...
Qurumuş ağac da unudar
özün.
O yerdən bir pöhrə pərvaz eyləyər,
içindən alışıb yanan
o ağac
baxıb
ağaclara, min naz eyləyər...
Rəfail
Tağızadənin əcnəbi
şairlərdən tərcümələri
də çox maraqlıdır. Polyak şairlərini Azərbaycan
dilinə çevirib,
xalqlar arasında mədəni körpü qurub. Onun "Şairlər eyni dildə danışırlar"
adlı antologiyası
bir çox dillərdə yazan şairləri bir araya gətirib. O, sübut edib ki, şeir - dil fərqi tanımır.
2010-cu ildə böyük polyak bəstəkarı Şopenin yubileyi ilə bağlı yazdığı "Şopenin
ürəyi" poemasına
görə Polşanın
Mədəniyyət Nazirliyindən
diplom alıb. 2011-ci ildə isə Nobel mükafatı laureatı Çeslov Miloşun yubileyində Azərbaycanı
təmsil edib. Şeirləri ingilis,
alman, italyan, rus, polyak, ukrayna, özbək dillərinə
tərcümə olunub.
Məsələn, məşhur polyak
şairi Adam Zaqayevskinin
bir şeiri Rəfail Tağızadənin
tərcüməsində belə
səslənir:
Həddindən çoxdu ölümlər,
kölgələr haqqında.
Həyat
haqqında,
adi günlər haqqında,
harmoniyanın təşnəsi haqqında
yaz...
...Həddindən
çoxdu ölüm,
həddindən çox qara ilham...
Ağıl - həddindən az...
Dostluq körpülərinin
ümidsizlikdən ümidli olan
dəqiqələri haqqında yaz...
Rəfail
Tağızadənin poetik
tərcümələri, sözün
əsl mənasında,
uğurlu ədəbi
nümunələrdi. Adətən
tərcümə şeirlər
dilimizdə "çəkingən"
səslənir, amma onun çevirdikləri doğma dilimizdə doğulmuş kimidi.
Rəfail
Tağızadə oxucusunu
düşündürən, ürəyinə toxunan və həyatın dərinliyinə aparan şairdi. Onun şeirlərindəki səmimi
insan sevgisi, vaxt keçsə də, dəyərindən
heç nə itirmir. Əgər bir cümlə ilə özünü ifadə etməli olsa, yəqin ki, belə deyərdi:
"Ruhumla yaşadım, ruhumla yazdım".
Günel NATİQ
Ədəbiyyat qəzeti. - 2025.- 26 iyun
(¹22).- S.21.