Müstəqillik dövrünün

ədəbiyyatını yaradanlar

 

Esse

 

Ümumdünya yazıçılar günündə bu sual (müstəqillik dövrünün ədəbiyyatını kimlər yaradır?) ətrafında düşünmək maraqlı olardı. Yəqin ki, bu əlamətdar gün təkcə 3 mart tarixi ilə məhdudlaşmır.

Şairlər günü var - dənizin göy sularına güllər atılır, dənizin mavi sinəsi qan qırmızı güllərə bələnir, dalğalar anidən keçmişə "axışır", keçmişdən pis niyyətləri silib-süpürür.

Dünyanı təmizləmək cəhdləri həmin dalğaları bu günə gətirir, sinəsi güllə açan şairləri pyedestaldan endirib dəniz kənarına aparır, orda bir daşın üstündə oturub səhəri diri gözlə açmaq var... Şairlər günü həmişə bizi keçmişə aparır ordan bu günə gətirir, keçmişin hər bir elementi yaxşıca təmizlənməli, tozu alınmalı, hər sözə ayna tutulmalıdır.

Yazıçılar günü həm gələcəyə aiddir, gələcəyi qurub-yaratmağa aiddir. Ona görə hər bir ədəbi nəsil bu quruculuqda çox böyük işlərin qulpundan yapışmalı olur; gücü çatdı, çatmadı. çox zaman buna görə onların nailiyyətləri çox az, qüsurları olduğundan artıq görünür. İndiki nəsil nasirlərdə olduğu kimi.

Fikrimizcə, dünya dillərinə, dünyanın aparıcı dillərinə məhz bu şair nasirləri çevirmək lazımdır. Milli ədəbiyyatın maksimum enerjisi, bu enerjinin milli duyğuları, bəşəri problem qayğıları göstərə bilən nüvəsi... məhz gənc ədəbi nəslə məxsusdur.

Gənclik enerjisi, onun əlahiddə xassəsi - kimisə təqlid eləsən belə, kimə heyran olsan belə, səni hər şeydən ayırıb xüsusi bir yerə qoyur, məhz bu enerji daha çox yaradıcıdır, dünya bu "nəfəs"likdən daha başqa cür görünür. Bu dövr çox az çəkir, yaz fəsli kimi, sonra qızmar yay, payız qış... Zamanla həmin enerjinin daha çox normativlərlə üst-üstə düşən komponentləri önə çıxır, sabitləşir yazmağın vərdişə dönmə riskini daşıyır. Gənclik çağında həmin enerji sənə təkrarsız şeylər yazdıra bilər, təkrardan, özünün ayaq izlərini tapdalamaqdan, onların üstü ilə getməkdən qorxunun dörd yanı dolaşdığı çevrədə sən ancaq özünsən.

Bədii tərcümə məsələlərində bu amili fikrimizcə, nəzərə almaq lazımdır. Şamxalın romanının Avropada, məlum müsabiqədə yer alması məhz bu amillə sıx surətdə bağlıdır.

Sənin ən çox özün olduğun bir fəsildə (...göz açıb yumunca keçən fəsildə...) içinə, ürəyinə ruhuna daman nəsnələrin "hərflərini" həmin o "quşbaxışı" zaman ötəndən sonra şeirə, nəsrə çevirmək, ümumən bədii mətn kimi ifadə etmək dəhşətli dərəcədə çox çətindir. Yaradıcılığın içində yazıçını ölümə intihara sürükləyən elə bu hissdir.

A.Kamünün avtomobil qəzasında dörd bir yana səpələnən romanının səhifələri həmin yaza bilmədiyi, yaxud yazsa da, hiss baxımından tamamlaya bilmədiyi nəsnədir.

Yazdıqlarımızın fonunda bunu deyə bilərik: Dino Bussatinin "Tatar çölü"ndən mükəmməl əsəri ola bilərdi, əgər...

Bu mənada, ilk gənclik yazıları həm kəsir qalan, tamamlanmamış mətnlərdir. Yaşamaq, həm uzun yaşamaq əzabına qatlaşan yazıçılarda bu, mütləq baş verir, sən o mətnlərin boş qalan hücrələrini doldura bilmirsən.

Amma həyatdan nakam köçmüş yazıçılarda həmin boşluqlar olmur, həmin saf, ilk gənclik yazıları ən mükəmməl nəsnələr sırasındadır. Məsələn, Fernando Pessoa Əli Kərimdə.

 

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti.- 2025.- 7 mart, №9.- S.29